"Rusiyada ordinaturanı bitirən həkimlərin mütəxəssis sertifikatı tanınmalıdır" - Azay Quliyev
24 aprel 2020 19:11 (UTC +04:00)

"Rusiyada ordinaturanı bitirən həkimlərin mütəxəssis sertifikatı tanınmalıdır" - Azay Quliyev

Milli Məclisin deputatı Azay Quliyev Rusiyanın tibb universitetlərində baza və 2 illik ordinatura təhsili almış Azərbaycan vətəndaşlarına verilən  “mütəxəssis sertifikatının”  səhiyyə nazirliyi tərəfindən tanınmaması ilə bağlı məsələyə toxunub.

Lent.az-ın məlumatına görə, o bildirib ki, Nazirlər Kabinetinin 18 mart 2010-cu il tarixli 50 nömrəli qərarına əsasən nazirlik 2011-ci ildən etibarən Rusiyada ordinatura təhsili almış Azərbaycan vətəndaşlarına verilən “mütəxəssis sertifikatını” tanımır.

Qərara görə Rusiyada “mütəxəssis sertifikatı” alan həkimlər Azərbaycanda seçdikləri ixtisas üzrə işləmək üçün Rusiyada aldıqları ordinatura təhsilindən əlavə olaraq bura da rezidentura təhsili  almalıdırlar. 

“Belə çıxır ki, vətəndaş 6 il universitetdə baza təhsili və 2 il ordinaturada ixtisas təhsili, yəni toplam 8 il tibb təhsili aldıqdan sonra gəlib Azərbaycanda da  ixtisasdan asılı olaraq  2 ildən 5 ilə kimi əlavə rezidenturada təhsil almalıdırlar. Bu da edir 13 il. Yəni, vətəndaş seçdiyi ixtisas üzrə ölkədə həkim işləmək üçün 13 il oxumalıdır”, - Azay Quliyev vurğulayıb. 

Deputat onu da qeyd edib ki, bir çox Avropa və Yaxın Şərq ölkələrində Rusiyada alınan “mütəxəssis sertifikatlarının” tanınmasında heç bir problem yoxdur, ordinatinaturanı bitirən həkimlər həmin ölkələrin sertifikat imtahanını verərək seçdikləri ixtisaslar üzrə həkim işləyə bilirlər.

Digər bir məsələ ondan ibarətdir ki,  Nazirlər kabineti tərəfindən  2010-cu ildə qəbul edilən qərar keçid müddəti nəzərə alınmadan dərhal 2011-ci ildən etibarən qüvvəyə minib. Nəticədə 2004 və ya 2005-ci illərdə universitetlərə daxil olan tələbələr də bu qərarın təsiri altına düşüb. Çox böyük əziyyətlə tibb təhsili alıb vətənə dönən həkimlərimiz belə bir məhdudiyyətlə üzləşməli olublar.

Azay Quliyev bildirib ki, Nazirlər Kabinetinin bu qərarının  2003-cü ildə  “Azərbaycanla Rusiya arasında təhsil haqqında sənədlərin qarşılıqlı tanınması barədə imzảlanan sazişin 7-ci maddəsinə uyğunluğu məsələsini mübahisələndirmək üçün kifayət qədər əsaslar da var.

Nəticədə yüzlərlə həkimlik ixtisasına yiyələnmiş vətəndaşımız bu məhdudiyyətə görə ya seçdikləri ixtisas üzrə işləyə bilmirlər, ya da müxtəlif yollarla xaricə getmək məcburiyyətində qalırlar. Koronavirus pandemiyasının yayıldığı və ixtisaslı həkimlərə ciddi ehtiyacın olduğu bir vaxtda bu itkinin nə demək olduğunu anlamaq o qədər də çətin deyil.

“Ona görə də düşünürəm ki, bu ciddi problemdir və onun həlli üçün Nazirlər Kabinetinin 2010-cu il tarixli 50 saylı qərarına müvafiq dəyişikliyin edilməsi məqsədəmüvafiqdir.

Fikrimcə məsələnin həlli üçün  bir neçə variantı nəzərdən keçirmək mümkündür:

1. Bu qərar ən azından 2012-ci ilə kimi  Rusiyanın tibb universitetlərinə daxil olanlara şamil edilməsin.

2. Dünya praktikasına uyğun olaraq Rusiyada ordinaturanı bitirənlər  sertifikat imtahanlarına buraxılsın və imtahan yolu  onların mütəxəssis dərəcəsi müəyyən edilsin.

3. Rusiyadakı ordinatura ilə Azərbaycandakı rezidentura təhsili arasındakı saat fərqi olduğu halda, yalnız o fərqi aradan qaldırmaq üçün həmin həkimlərin  rezidenturada təhsilini davam etdirmək üçün müvafiq şərait yaradılsın”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3359
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar