“Bizim ölkəmizdə koronavirus infeksiyasının yayılması intensivliyi ciddi nəzarət altındadır”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Azərbaycanda koronavirusla mübarizə ilə əlaqədar fövqəladə vəziyyət elan edilməsinə ehtiyac olub-olmamasına gəlincə, R. Bayramlı deyib ki, bu, vəziyyətdən asılıdır: “Əgər belə bir təhlükə görsək, dərhal müvafiq qurumlara, hökumətə müraciət edərik. Ancaq bu gün infeksiyanın yayılma intensivliyi və prosesi nəzarətdə saxlamalığımız buna qəti surətdə əsas vermir. Avropanın bir sıra ölkəsi fövqəladə vəziyyət elan edib, amma Azərbaycanda koronavirusla bağlı intensivlik o həddə deyil, ona görə də buna ehtiyac yoxdur”.
R. Bayramlı qeyd edib ki, karantində saxlanılanların bir qismi Bakı, digərləri rayonlardakı xəstəxanalarda yerləşdirilib: “Ağır halda olanlar Bakıda müvafiq xəstəxanalarda, daha yüngül vəziyyətdə olanlar isə rayonlardakı xəstəxanalardadır”.