“5 hərfli adında 3 səhv buraxanlar vəkil oldu” – İmtahan qalmaqalı məhkəmədə davam edir
28 noyabr 2019 16:27 (UTC +04:00)

“5 hərfli adında 3 səhv buraxanlar vəkil oldu” – İmtahan qalmaqalı məhkəmədə davam edir

Azərbaycanda vəkilliyə qəbulla bağlı keçirilən son imtahanlar bir çoxlarının narazılıqlarına səbəb olub. Vəkilliyə namizədlər bu məsələni hələ də gündəmdə saxlayır. İmtahanlardan narazı qalan bir neçə hüquqşünas artıq məhkəməyə müraciət edib. Onlardan biri də hüquqşünas Ramil Süleymanovdur.

 R.Süleymanov bu məsələlərlə bağlı Lent.az-a geniş açıqlama verib. O, bildirir ki, hazırda Vəkillər Kollegiyasının gördüyü işlər görüntü xarakteri daşıyır: 

 “Hazırda vəkillik institutunun təkmilləşməsi istiqamətində görülən işlər, sadəcə görüntü xarakterlidir. Azərbaycanda vəkillik institutu kəsici, baltalayıcı yöndən inkişaf edib. İndiki Vəkillər Kollegiyasını belə təsəvvür edin: sanki sovet maşınına bahalı bər-bəzək, qızıldan təkər vurulub, ancaq içərisi elə sovet stilindədir. Düzdür, sədr cavandır, üzündən enerjili olduğu görünür. Lakin təəssüf ki, bu gün kollegiya özünün ən uğursuz dövrünü yaşayır. Vəkillik institutu hər hansı bir dövlətin təməl strukturlarında onun qəbul etdiyi qərarları mübahisələndirə biləcək ilk qurumdur. Vətəndaş hansısa dövlət qurumunun qarşısında əzilməyə, sıxılmağa məruz qalanda vəkil onun yanında olmalıdır. Vəkil isə özünü məmur kimi aparır. Dövlətin vəkilliklə bağlı istəyi bu deyildi. Kollegiyanın Rəyasət Heyətinin fəaliyyətinə baxanda yalnız təəssüf etmək olar”.

 

Hüquqşünas son illər baş verən dəyişikliklərdən söz açıb. O, kollegiyanın azad fikirli vəkilləri müdafiə etməməsinə və vəkilin ictimai fikir yaratmaq azadlığına məhdudiyyət qoymasına da münasibət bildirib:

 “Bu gün kollegiya ancaq üzvlərin sayını artırmaqla məşğuldur. Son dəyişiklikləri 3 yerə bölə bilərik: yeni binaya köçürülüb, artıq beynəlxalq konfranslara gedirlər və təbəssümlü şəkillər çəkdirməklə məşğuldurlar, keyfiyyət isə yoxdur. Vəkillərin son dönəmlərdə məruz qaldığı basqılar Azərbaycanın müstəqil vəkillik dönəmində olmayıb. Bu gün kollegiya hüquqşünasları keyfiyyətinə baxmadan üzvlüyə qəbul edir. Sözsüz, tanıdığım namizədlərin bəziləri həqiqətən möhtəşəm idi. Amma 5 hərfli adında 3 səhv buraxan namizədlər tanıyıram ki, vəkil andı içib, sonra sovet vəkil institutunun davamçısı olurlar. Kollegiya azad fikirli vəkilləri müdafiə edə bilmir. Əksinə, dövlət tərəfindən verilən bütün təqdimatlar təmin edilib. Hətta kollegiya üzvlərindən bir vəkil hansısa polis bölməsində döyülmüşdü. Lakin kollegiya rəhbərliyi ona elə don geyindirdi, elə təqdim etdi ki, nəticə etibarilə DİN əməkdaşları cəzalandırılmadı. Sadəcə, yerləri dəyişdirildi. Digər vəkillərə isə bununla gözdağı verildi. Ona görə ki, vəkil polis bölməsində öz müştərisini müdafiə edə bilməsin. Həmçinin azad fikirli vəkillərimiz də var, onların müdafiə etdiyi şəxslər istintaq təcridxanalarında Penitensiar Xidmətin əməkdaşları tərəfindən qanunsuz cəzalara məruz qalır. Vəkil həmin problemi ictimaiyyətə çatdırmalıdır, lakin buna da icazə verilmir. Halbuki Avropa İnsan Haqları Konvensiyasını qəbul etmişik və Avropa İnsan Haqları Məhkəməsinin ölkəmiz daxilində icrasını təsdiqləmişik. Bu qanunlarda da birmənalı olaraq vəkilin müdafiə etdiyi şəxsin problemlərini hüquqi cəhətdən həll etmədiyini görüb ictimaiyyətə məlumat vermək ixtiyarı var. Lakin kollegiya Azərbaycanda həmin vəkilin arxasında durmur və deyir ki, vəkil müdafiə etdiyi şəxsin mətbuat katibi ola bilməz. Vəkili bu qədər aşağılamaq olmaz. Daim onu kollegiyadan çıxarmağa, qorxutmağa və basqı altında saxlamağa meyllidirlər”.

 

Ramil Süleymanov vəkilin müdafiə edəcəyi şəxslə ancaq hüquq bürosunda müqavilə imzalamaq tələbinin vətəndaşı keyfiyyətli hüquq yardımından uzaqlaşdırmaq məqsədi daşıdığını deyib:

 

“Niyə vəkil müdafiə edəcəyi şəxslə müqaviləni hüquq bürosunda imzalamalıdır? Niyə müştərinin verdiyi pulu, arada olan sirri büronun rəhbəri bilməlidir? Kollegiya deyə bilər ki, həmin müqavilə zamanı qonorarını gizlədilə bilər. Ancaq xeyr, apardığımız müşahidələr sayəsində çox gözəl bilirik ki, burada məqsəd vəkilləri bir qarmaqda saxlamaq, inzibati təsirləri maksimum artırmaq və maksimum dərəcədə kənara qoymamaqdır. Bu gün müstəqil hüquqşünasları bürolara yığmaq istəyirlər. Çünki büroda order almaq uzun vaxt alır. Təsəvvür edin, kimsə özünə gecə yarısı vəkil tutmaq istəyir. Bu zaman vəkil büroya getməli, növbətçi vəkili gözləməlidir. Bunlar heç biri vətəndaşa xidmət etmir. Əksinə, vətəndaşı keyfiyyətli hüquqi yardımdan uzaqlaşdırmaq məqsədi daşıyır. Kollegiyanın beynəlxalq tədbirlərdə iştirakına görə kimsə onlara təşəkkür etməyə borclu deyil. Mən 2018-ci il yanvarın 28-də vəkilliyə test imtahanı verib, birinci hissədə kompüter yoxlanışı ilə keçmişəm. Ancaq ikinci imtahanda kəsildim. Niyə? Çünki fərqli siyasi baxışlarım var. Həmçinin, mən və bir sıra vəkillər nümayəndəlik institutunun ləğv olunmasına etiraz etmişdik”.

 

“Bu gün Vəkillər Kollegiyasının sədrini topu olan uşağa bənzədirəm”.

 

Həmsöhbətimiz nümayəndəliyin ləğv edilməsinin düzgün qərar olmadığını da dilə gətirib. Onun sözlərinə görə, bu qərar vəkilləri kollegiyadan asılı etmək məqsədi daşıyır. Hüquqşünas vəkillərin imtahan prosesindən, kollegiya rəhbərliyinin ayrıseçkilik etməsindən də söhbət açıb:

 

“Hazırda elə bir sistem qurulub ki, kollegiyadan uzaqlaşdırılan vəkil kənarda VÖEN açıb hüquqi xidmət göstərə bilməz. Ancaq əvvəlki zaman olsaydı, vəkil gedib azad hüquq xidməti göstərə bilərdi. Bu gün 50-ə yaxın kollegiya üzvü olan vəkil var, trolluq edirlər. Ancaq onun təbliğatı ilə məşğuldurlar. İmtahandan isə yalnız trollar deyil, hüquqşünaslar da keçir və ya keçirdilirlər. Vəkillər Kollegiyası deyir ki, əgər məni tərifləyirsənsə dostumsan, əleyhimə çıxmayıb, tərifləməsən, deməli dolayı yolla düşmənsən. Kollegiya bu gün tapşırıqla çalışan qurumdur. Kimisə pisləmək üçün kənardan təqdimatlar gəlir və ilk olaraq intizam komissiyası araşdırma aparır. Müdaxilələr imtahanlardan sonra baş verir. Öz adımdan and içib deyərəm ki, Dövlət İmtahan Mərkəzi tam şəffaf işləyir və heç bir müdaxilə yoxdur. Ancaq ikinci mərhələdə namizəd gəlir komissiya üzlərinin qarşısında imtahan verib gedir.

 

Hesab edirəm ki, haqsız yerə kəsildim. Bu məsələni ictimailəşdirəndə, təsəvvür edin ki, çörək kəsdiyim vəkillər də məndən üz döndərdilər, dostluqdan çıxardılar. Ona görə də bu gün Vəkillər Kollegiyasının sədrini topu olan uşağa bənzədirəm. Bu gün top ondadır, hamını yığır başına və gedir kənarda oynayır. Məndən bəzi vəkillərin üz döndərməsi ürəkağrıdıcıdır. Çünki vəkil yaltaq olmaz. Vəkil ittihamçı orqan qarşısında vətəndaşı müdafiə etməlidir. Ancaq təəssüf ki, bəzi vəkillər dövlət orqanı ilə vətəndaş arasında maklerlik edir”.

 

Maddəni əzbər bilənin deyil, çıxış yolunu tapanın yaxşı hüquqşünas olduğunu deyən Süleymanov imtahanın ikinci hissəsinin keçirilmə qaydasının məntiqə uyğun olmadığını diqqətə çatdırıb:

 

“İmtahanla bağlı məhkəməə müraciət etmişəm. Apelyasiya Məhkəməsində vəsatət qaldırdım ki, qiymətləndirmə meyarını təqdim edin. Ancaq kollegiyanın nümayəndəsi onu təqdim edə bilmədi. İmtahandan kəsiləndən sonra Anar Bağırovla görüşdüm, dedim ki, kollegiyanın keçirdiyi imtahanlar qeyri-obyektivdir. Həmin görüşdə Aydın Axunodv və keçmiş sədrin müavini Fərhad Nəcəfov da var idi. İmtahandan kəsilsəm də, vəkilliyin inkişafı üçün ikinci mərhələdə təkrar nəzəri imtahanın deyil, təcrübi sualların qoyulmasını təklif etdim. Sanki özləri birinci imtahana güvənmirlər. Mənə ikinci mərhələdə Qəmzə xanım belə bir sual verdi: "Cinayət işi zamanı məhkəmə hansı həddə qədər baxa bilər?" Mən də başladım bildiklərimi danışmağa. Dedi ki, xeyr, Cinayət Prosessual Məcəlləsinin 318-ci maddəsində açıq nə yazılıb, onu danış. Halbuki, maddəni əzbərləyib bilən yox, prosesin hansı istiqamətdən həll yolunu bilən hüquqşünas yaxşı hüquqşünasdır”.

 

Ramil Süleymanov kollegiyaya sədr seçilmə prosesinin də şəffaf olmadığını qeyd edib. O, seçki konfranslarında bütün vəkillərinin iştirakının vacibliyini vurğulayıb və kollegiyanı vəkillərin hesabatına açıq olmağa səsləyib:

 

“Əvvəla, kollegiyanın konfransının keçirilməsi özü qüsurludur. Çünki namizədlər orada olur və bu seçkidə bir namizəd vardı. O da Anar Bağırov idi. Ancaq sədrliyə namizəd olan şəxs əvvəlcədən müəyyən inkişaf təklifləri ortaya qoymalı idilər. Halbuki, bu da Anar Bağırovda yox idi. Birdən-birə təqdim etdilər ki, Anar Bağırov namizəddir, vəkillər də hamısı seçkidə iştirak etmirdi. Hesab edirəm ki, "Vəkillik haqqında" qanun özü bürokratik və admisitrativ təzyiqlərlə yazılan bir qanundur. Bu yaxınlarda kollegiya üzvləri Filarmoniyanın həyətində şəkil çəkdirib, yalan olmasın, 300-400 vəkil də var. Bundan əlavə, tədbiri keçirmək üçün otellərin zallarını da sifariş vermişdilər... Təklif edirəm ki, hər həftənin bazar günü ölkə üzrə bütün vəkillər gəlib həmin konfransda iştirak etsin. Açıq şəkildə əvvəlcədən təşviqat və təbliğatı aparılan sədrliyə namizədi seçsinlər. Çünki tədbirə hər bürodan bir-iki nəfər gəlir və bu da qaranlıq qalır. Özləri aşkara çıxarmırlar. Hesabat istəyəndə isə əllərində bayraq ediblər ki, kollegiyadan hesabat sorula bilməz. Yaxşı, onda vəkillərin hesabat istəməsinə mane olmayın. Adil İsmayılov kollegiyadan hesabat istəmişdi, onu nə günə qoydular. Hələ də cavab ala bilməyib”.

 

Anar Bağırovun polis bölmələrinə “vizitka” paylamasının və hamıya şirinlik etməsinin yanlış olduğunu deyən Ramil Süleymanov, bu əmələ görə kollegiyanın Avropa Hüquqşünaslar Birliyi və Assosiasiyasına qəbul edilmədiyini qeyd edib:

 

“Dövlətdə təmsil olunan iki-üç nəfər siyasi maraqlarına görə kollegiyadan istifadə edir. Təkcə vəkillər kollegiyası yox, ümumən hüquq sistemini bu vəziyyətə salan adamları hər kəs bilir. Anar Bağırov indi hamıya şirinlik edir. Polis bölmələrinə vizitka paylayır ki, hansı vəkil problem yaratsa ona deyilsin. Ancaq bu şirinliyi beynəlxalq hüquq qəbul etmir. Avropa Hüquqşünaslar Birliyi və Assosiasiyası Vəkillər Kollegiyasını üzvlüyə qəbul etməyiblər. Kollegiya isə istənilən zaman üzvlüyə qəbul olmaq üçün hər şey edir. Ancaq assosiasiya məhz kolelgiyada olan basqılara, asılılığa, dövlət qurumundan seçilmədiyinə görə onu qəbul etmir”..

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3859
avatar

Mehman Nəbiyev

Oxşar yazılar