Yolun açıq olsun, Şuşa!
29 yanvar 2021 18:18 (UTC +04:00)

Yolun açıq olsun, Şuşa!

“Bu müharibə bir daha Azərbaycan xalqının əyilməz ruhunu göstərdi və bir daha göstərdi ki, nəyi demişəmsə, onu da etmişəm. Təsadüfən demirdim ki, mən bilirəm nəyi, necə, nə vaxt etmək lazımdır. Azərbaycan xalqına kiçik də olsa, siqnal verirdim ki, hər şey yaxşı olacaq. İstədiyimizə nail olacağıq, sadəcə olaraq, hər şeyin vaxtı var. Müharibə dövründə, sadəcə olaraq, bir dəfə Şuşa haqqında demişdim, o da müxbir soruşdu ki, bəs Şuşa nə vaxt alınacaq? Əlbəttə ki, bunu biz deyə bilməzdik, dedim ki, Şuşasız bizim qələbəmiz yarımçıq olacaq. Ancaq heç şübhə etmirdim ki, biz əziz, doğma Şuşamızı erməni əsirliyindən xilas edəcəyik, Azərbaycan bayrağını qaldıracağıq. O vaxt demişdim ki, Azərbaycan bayrağı Şuşada qaldırılacaq. Bu gün isə deyirəm ki, biz hamımız, bütün xalqımız Şuşanı dirçəldəcəyik!”.

 

Bunu Prezident İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar video-formatda qəbul edərkən deyib. Dövlət başçısı həmin görüşdə onu da bildirib ki, artıq Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib.

Bərpadan sonra Şuşada həyat qaynamalıdır. Prezident əminliyini bildirib ki, Şuşa tez bir zamanda bərpa ediləcək. Artıq dövlət başçısı¬nın sərəncamı ilə şəhərə yol çəkilir. Füzuli Hava Limanı inşa edilir və bu ilin sonuna qədər istifadəyə verilməlidir. Ondan sonra beynəlxalq uçuşlar təşkil edilməlidir. Xüsusi nümayəndəyə tapşırıq verildi ki, Şuşa ilə bağ¬lı indidən müxtəlif ölkələrdə təqdimatlar və sərgilər keçiril¬sin. Dövlət Turizm Agentliyi və Mədəniyyət Nazirliyi ilə birlikdə proqram işləyib hazırlamalıdır. Dünyanın müxtəlif ölkələrində Şuşanın tarixi, işğal dövrü, bugün¬kü bərpa işləri ilə bağlı təqdimatlar keçirilməlidir. Həm Azərbaycan ictimaiyyəti, həm də beynəlxalq ictimaiyyət bərpa işlərinin gedişi ilə bağlı məlumatlandırılmalıdır. Eyni zamanda, şəhərsalma işləri düzgün aparılmalı, tarixi, dini abidələrimizin bərpası ilə bağlı konkret proqram işlənməli olduğu barədə göstəriş verildi. Bu da reallıqdır ki, ermənilər şəhərdəki bütün tarixi abidələri dağıdıblar, talayıblar, Azərbaycanın izlərini itirməyə çalışıblar. Şəhərin tarixi, mədəniyyət abidələri və ənənələri həssaslıqla bərpa olunmalıdır.

 

Millət vəkili Ceyhun Məmmədov maraqlı bir məqama toxunur: “Türkiyə televiziyalarına müsahibə verərkən Prezident İlham Əliyev xüsusi vurğulamışdı ki, Şuşasız bizim qələbəmiz tam sayılmaz. Ermənistan rəsmiləri də xüsusi vurğulamışdılar ki, Şuşa kimdədirsə Qarabağ onundur. Bu bir daha Şuşanın strateji və siyasi əhəmiyyətini göstərir. Şuşanın Azərbaycan tarixindən özünəməxsus yeri var. Şuşa tarixən Azərbaycan mədəniyyət paytaxtı və məbədi olub. Bura Azərbaycana bir çox tarixi şəxsiyyətlər və simalar bəxş edib. Bu ənənə davam Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” Bəli, Azərbaycan dövləti qısa müddətdə Şuşanı bərpa edəcək, buranı dünyanın abad və ən gözəl şəhərlərindən birinə çevirəcək. Ermənilər isə “dəmir yumruğ”u heç zaman unutmasınlar. Bir də unutsalar, bu, onlara çox baha başa gələcək”.

 

Politoloq Aydın Quliyev deyir ki, Şuşanın alınması tariximizin ictimai qürur mənbələrindən biri olduğu kimi, azadetmə əməliyyatı da öz növbəsində milli hərbi taktika tariximizin şərəfli səhifələrindəndir. Prezident İlham Əliyev erməni təbliğatçılarının “Şuşa alınmayıb, onu elə belə vermişik” kimi hay-küylərini “ağ yalan” adlandırmaqda tam haqlıdır.

 

Sitat: “Prezident onda da haqlıdır ki, Ermənistan Şuşa həqiqətlərini ictimaiyyətdən gizlətmək istəyir. Şuşanın böyük bir əməliyyatla alınmasını etiraf etmək yox, hansısa oyunla geri verilməsi formasında nağıl uydurmaq bu gün Ermənistanın iç siyasi qüvvələrinin mütləq əksərinin mənafelərinə cavab verir. Məsələ burasındadır ki, Şuşa faktoruna 1992-ci ildə də, indi də Ermənistanda əsasən daxili siyasi maraqlar prizmasından baxılır. Ermənilər Şuşa məsələsindən daxili siyasətdə silah kimi istifadə praktikasından əl çəkmirlər. 92 -ci ildən başlayaraq düz 28 il Şuşadan hakimiyyətdə möhkəmlənmək faktoru kimi bəhrələndilər, indi də revanşist Qarabağ platformasının hakim siyasi mövqedə möhkəmləndirilməsi üçün istifadə edirlər. Azərbaycanın hərbi-texniki, hərbi-texnoloji və hərbi-taktiki üstün gücünü görünməz etmək, habelə Ermənistan rəhbərliyinin hərbi quruculuqda fərsizliyini və mənasız şüarçılığını gizlətmək üçün nağıl uydururlar ki, "Şuşa alınmayıb, elə belə verilib". Prezident Əliyev xüsusi nümayəndə ilə söhbətində Şuşa mövzusunun bu istiqamətini yenidən önə çəkməklə əslində həm siyasi tariximizə, həm də hərb tariximizə təftişçi və  qərəzli yanaşmaların yolverilməz olduğuna bir daha diqqət çəkdi.

 

Politoloqun fikrincə, Şuşanın azad edilməsi təklikdə ətraf 7 rayonun azad edilməsi qədər önəmli tarixi hadisədir. Hətta təklikdə Şuşanın azad edilməsi İlham Əliyevə tariximizdə şəriksiz yer təmin edə bilən fakt olardı. “O, üstəlik ətrafdakı 7 rayonu, Ağdərənin, Xocavəndin və Hadrutun bir hissəsini də azad etməklə ermənilərin rəsmi alışıb yandıqları keçmiş DQMV hüdudlarında hansısa inzibati ərazi vahidinin bərpa edilməsi xülyalarını əbədi olaraq məhv etdi”. Prezidentin bir neçə dəfə əsas detallarla açıqladığı Şuşanın azad olunması əməliyyatının tam kompozisiyasını bilən peşəkar hərbçilər təbii ki var. Onlar nə vaxtsa ən geniş ictimai, elmi-araşdırmaçı və əcnəbi həvəskarlar auditoriyası üçün açıqlanacaq. Ancaq indi də əsas məsələ bəllidir. Prezidentin əvvəlki çıxışlarındakı mətləbləri də bir yerı toplamaq şərəfli Şuşa əməliyyatının tam çərçivəsini çəkmək üçün yetərlidir.

 

Aydın Quliyevin deyir ki, Şuşanın azad edilməsi əməliyyatının əhəmiyyətini və Ali Baş Komandanın haqqını aşağı tutanlar üçün bu sualın cavabı daha düşündürücü olmalıdır. “Paşinyan və bütün erməni komandanlığı Şuşanın döyüşlə alına bilməsinin mümkünküyünü sona qədər yaxına buraxmadı. O, iki şeyə güvənirdi. Birinci, Şuşanın dağlar başında alınmaz qala relyefinə. İkinci, Şuşaya girişin ancaq Laçın və Xankəndi yolu ilə mümkün olmasına. Hər iki yol da erməni qüvvələrin əlində idi. O, hardan bilərdi və ya bilə bilərdi ki, Azərbaycanın xüsusi təyinatlıları Şuşaya girişin İlham Əliyevin tam ehtivalı şəkildə "Zəfər yolu" dediyi üçüncü qapısını də tapa biləcəklər. Həqiqətən də xüsusi təyinatlılarımız noyabrın 8-də Şuşanı tam ələ keçirəndən sonra ermənilər "bu necə oldu" sualı ilə baş sındıra-sındıra təslim oldular. Şuşanı dincliklə verməyən Ermənistan üstəlik Agdamı, Kəlbəcəri və Laçını da xoşluqla qaytarmağa razılaşdı”.

İndi isə biz Şuşaya “Zəfər yolu” çəkirik. Yolun açıq olsun, Şuşa!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3126
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar