Bu günlərdə qonşu Türkiyə Respublikasından maraqlı xəbər aldıq. “Ergenekon” əməliyyatı ilə bağlı həbs edilmiş İşçi Partiya üzvü Fərid Elsevər səhhətinin ağırlaşması səbəbindən azadlığa buraxılıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, F.Elsevərə ağciyər xərçəngi diaqnozu qoyulub.
Bizim ölkədə də onkoloji xəstəliyi olan məhbusların azadlığa buraxılması məsələsi bir zamanlar Milli Məclisdə müzakirəyə çıxarılmışdı. Amma hələ ki, bu barədə hər hansı konkret qərar qəbul edilməyib. Onu da qeyd edək ki, 23 may 2006-cı ildə onkoloji xəstələrə ixtisaslaşdırılmış tibbi və sosial yardımın göstərilməsinin hüquqi əsaslarını müəyyən edən qanun qəbul edilib. Bu qanuna əsasən Azərbaycan Respublikasının bütün vətəndaşlarına tibbi yardım edilməlidir. Məhbuslar da vətəndaşdırlar. Bəs bu cür ağır xəstəliklə məhbəs şəraitində nə qədər ciddi mübarizə aparmaq olar?
Qanunun 5.0.2-ci maddəsində onkoloji xəstələrə göstəriləcək tibbi yardımın həcm və keyfiyyət standartlarının beynəlxalq tələblərə uyğun olmasından söhbət gedir. Qanun, eyni zamanda, onkoloji xəstələrə bəzi hüquqlar verir. Belə ki, onkoloji xəstələrin tibbi göstərişlər əsasında ambulator və stasionar şəraitində tam həcmdə mümkün olan müalicə növlərini almaq, müayinə və müalicə üçün zəruri müddətdə stasionarda qalmaq və s. hüquqları var. Bundan başqa, onkoloji xəstələrin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi üzrə tədbirlər dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir.
İndi gələk əsas məsələyə. Qanun 13-cü maddəsi məhz azadlıqdan məhrum edilmiş şəxslərə onkoloji yardım göstərilməsindən bəhs edir. Sitat:
“13.1. Azadlıqdan məhrum olmuş şəxslərə onkoloji yardım müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada göstərilir.
13.2. Onkoloji xəstəliyin terminal mərhələsində olan şəxslər cəzaçəkmə müəssisələrindən azad olunurlar”.
Demək, əslində, yeni qanun qəbul etməyə o qədər də ehtiyac yoxdur. Mövcud qanunvericilik bizdə də xərçəng xəstəliyi olan insanların həbsdən azad edilməsinə imkan verir. Bundan başqa, hüquqşünaslarla söhbətimiz zamanı məlum oldu ki, ölkədə qəbul edilən digər normativ hüquqi aktlar da onkoloji xəstəliyi olan məhbusların azad edilməsi üçün nəzərdə tutulub. Bəs bu mexanizm işləyirmi? Hazırda - xeyr. Bu barədə bizə hüquq müdafiəçisi Murad Saddədinov bildirdi. Bəs səbəbi nədir? Bu suala cavab verməzdən əvvəl Milli Məclisdə onkoloji məhbuslarla bağlı ayrıca qəbul edilməli olan qanun layihəsinin nə vəziyyətdə olması ilə maraqlandıq.
Xüsusi qanun qəbul ediməsi vacibdirmi?
Millət vəkili Fazil Qəzənfəroğlu deyir ki, bu barədə müzakirələr elə müzakirə səviyyəsində də qalıb. Millət vəkilinin sözlərinə görə, parlamentin payız sessiyasında qanun layihəsinin aqibətinə aydınlıq gətiriləcək. İxtisasca hüquqşünas olan millət vəkili deyir ki, onkoloji xəstəliyi olan məhbuslara münasibətdə müəyyən addımların atılması vacibdir: “Məhbus da insandır. Bu insanın həbsxanada həyatını daha əzablı şəkildə sona verməsinə tamaşa etmək nə qədər doğrudur? Daha çox onun müalicəsini düşünmək lazımdır. İmkan vermək olar ki, onun yaxınları son fədakarlıqlarını edə bilsinlər. Bu baxımdan da onkoloji xəstələrin azadlığa buraxılmasını normal qəbul edirəm”.
Beynəlxalq təşkilatların da onkoloji xəstələrlə bağlı qanun qəbul edilməsi sahəsində rəy və tələbləri var. İndi Azərbaycanda bəzi ekspertlər elə düşünür ki, hakimiyyət bu qanun layihəsini ortalığa atmaqla, sadəcə, beynəlxalq təşkilatların sözünü kəsməyə çalışır. Fazil Qəzənfəroğlu deyir ki, beynəlxalq təşkilatların rəyi də nəzərə alınır, amma Milli Məclis xəstə məhbuslarla bağlı bir humanist addım atmaq niyyətindədir: “Prinsip budur ki, məhbuslar azadlıqdan məhrum ediliblər, sağlamlıq və yaşamaq hüququndan yox”.
Hüquq müdafiəçisi Murad Saddədinov isə fərqli düşünür. Onun sözlərinə görə, ayrıca qanun qəbul etməyə ehtiyac yoxdur: “Mövcud qanunvericilik sayəsində də Ədliyyə Nazirliyi xəstənin diaqnozunu dəqiqləşdirib, sənədləri məhkəməyə göndərə və bununla da məhbusu azad edə bilərlər. Bugünkü qanunvericiliklə bu mümkündür. Özü də bir neçə il əvvəl xərçəng xəstəliyi olan məhbuslar azad edilirdilər. Təəssüf ki, son illərdə bu mexanizm işləmir”.
Mexanizm niyə işləmir?
Hüquq müdafiəçisi bildirir ki, 3-4 il əvvəl xərçəng xəstəliyi olan bir məhbus azadlığa çıxandan sonra növbəti cinayəti törədib. Hətta məlum olub ki, əslində, o, heç xərçəng xəstəsi də deyilmiş. Məhbusu azad etmək üçün hansısa yollarla ona yalan diaqnoz qoyublar. Hüquq müdafiəçisi hesab edir ki, məhz bu hadisənin üstü açıldıqdan sonra hakimiyyət tərəfindən mexanizmin fəaliyyəti dayandırılıb. Saddədinov bu qərarın da doğru olmadığını bildirir.
Vəkillər Kollegiyasının üzvü Elton Quliyev də bildirir ki, hazırkı qanunvericiliklə ağır xəstəliyi olan məhbuslar azadlığa çıxa bilər: “Xəstə məhbusların azad olunması başqa bir normativ sənəddə təsbit olunub. Düzdür, bu sənədi hamıdan gizlədirlər. Nədənsə bunu sirr təşkil edən məlumatlar sırasına daxil ediblər. Bu sənədin nədən sirr sayılması isə bizə məlum deyil. Məhkəmə qərarlarının icrası qaydasında məsələni həll edə bilərlər”.
Hüquqşünas bildirir ki, bu məsələnin həlli mexanizmi çox sadədir. Belə ki, Ədliyyə Nazirliyi xüsusi komissiya yaradıb, məsələ də həmin komissiyanın səlahiyyətinə aiddir. Hazırda xəstə məhbusların azad edilməsi praktikasının dayandırıldığını Elton Quliyev də təsdiqləyir: “Bildiyimizə görə, bir siyahı var ki, burada insanın məhbəsdə saxlanılmasını istisna edən xəstəliklər qeyd olunub. Amma çox qəribədir ki, bu siyahını da hamıdan gizlədib, sirr olaraq saxlayırlar. Yəqin hesab edirlər ki, bu ortalığa çıxsa bəzi məhbuslar öz hüquqlarını tələb etməyə başlayacaqlar. Bir dəfə bir neçə vəkillə birlikdə müraciət etdik, lakin siyahı təqdim edilmədi”.
Dəqiq statistikanı öyrənmək də müşkülə dönüb. Nə Ədliyyə Nazirliyindən, nə də Statistika Komitəsindən hazırda məhbəslərdə nə qədər onkoloji xəstənin olmasını dəqiqləşdirə bilmədik.
Diaqnoz düzgün qoyulsa...
Məsələnin başqa bir tərəfi də var. Təbii ki, çoxları onkoloji xəstəliyi olan məhbusların azad olunmasını istəyər. Bəs azad edilən bu məhbuslar cəmiyyət üçün nə qədər təhlükə təşkil edir? F.Qəzənfəroğlu deyir ki, cinayət törədən şəxs onkoloji xəstə olsa belə onun azadlıqdan məhrum edilməsi doğrudur: “Amma xəstə ağır vəziyyətdədirsə, ciddi müalicəyə ehtiyacı varsa, bu məsələnin həlli barədə düşünmək lazımdır. Əks halda, ölümlə nəticələnəcək. Təkcə bu insanın yox, eyni zamanda onun yaxınlarının da vəziyyətini başa düşmək gərəkdir. Belə xəstələrin yenidən cinayət törətməsi ehtimalı isə çox azdır”.
Murad Saddədinov deyir ki, düzgün diaqnoz qoyulan xəstə məhbuslar hətta istəsələr belə cəmiyyət üçün təhlükə təşkil edə bilməzlər. Çünki buna onların səhhəti imkan verməyəcək.
Vəkil Elton Quliyev deyir ki, latent cinayətkarlıq deyilən bir anlayış var: “İnsanlar müəyyən təhdidlər altında hansısa cinayətləri etməkdən çəkinirlər. Əslində isə sırf psixoloji baxımdan bu cinayətləri törətməyə potensialları var və buna hazırdırlar. Cəmiyyətin, dövlətin fəaliyyəti əsas ona yönəlir ki, latent cinayətkarlığın qarşısı alınsın. Təbii ki, bir çox insanlarda əlverişli şəraitdə cəzasızlıq hissindən irəli gələrək cinayət törətmək istəyi var və bundan sonra da olacaq. Amma söhbət xəstə məhbuslardan gedir. Onlar bilirlər ki, düçar olduqları xəstəliklə bir də cinayət törədib məhbəsə düşsələr daha geri dönüş yoxdur. Çünki onlar xəstəliklərinin məhbəs şəraitində müalicə edilə bilməməsini anlayırlar”.
Tibbi elmləri doktoru, professor Adil Qeybulla isə deyir ki, qətl hadisəsi törədən, Vətənə xəyanət və ya casusluq edən məhbusun onkoloji xəstə olması vəziyyəti dəyişə bilməz: “Ancaq bu xəstə məhbuslar daim diqqətdə olmalıdır. Penitensiar Xidmətin xüsusi klinikalarında saxlanılmalı və ya poliklinikaların nəzarətində olmalıdır. Məndə olan məlumata görə, hətta lazım olanda mülki mütəxəssislər də dəvət edilir. Amma onu da qeyd edim ki, yüngül, ehtiyatsızlıqdan olan cinayətlər zamanı, eyni zamanda cəzasını müəyyən müddətdə çəkən onkoloji xəstələrin azad edilməsi doğru olardı”.
Elton Quliyev isə bildirir ki, son illərdə məhbəsdə ölüm hallarının artması göstərdi ki, Penitensiar Xidmət ağır xəstələrin müalicəsini təmin etmək üçün yetərli səviyyədə təchiz edilməyib. Bu vəziyyətdə isə məsələyə yeni baxışın vacibliyi bir daha aktuallaşır.
Səbinə Əvəzqızı
Xərçəng xəstəsi olan dustaqları qanun azad edəcək
2261