Xalid Əlimirzəyev: “Həyata bir də gəlsəydim, yenə mübariz olardım” - MÜSAHİBƏ
25 yanvar 2009 22:06 (UTC +04:00)

Xalid Əlimirzəyev: “Həyata bir də gəlsəydim, yenə mübariz olardım” - MÜSAHİBƏ

Lent.az-ın “Sən haradasan” rubrikası ilə yenə hüzurunuzdayıq. Bu dəfəki qonağımız isə BDU-nun filologiya fakültəsinin professoru Xalid Əlimirzəyevdir. Onu təkcə universitet auditoriyalarında yox, siyasi meydanda, ictimai hərəkatlarda, ictimai və mədəni həyatda, gündəlik mətbuatda, qızğın mübahisələr məkanında, bir sözlə... çox yerdə görmək olardı. Bir zamanlar aktiv ictimai fəaliyyətlə məşğul olan müsahibimiz son zamanlar bu qaynar həyatdan bir qədər kənarlaşıb. Beləliklə, “Sən haradasan, Xalid Əlimirzəyev?”

- Hazırda Bakı Dövlət Universitetində professor kimi fəaliyyətimi davam etdirirəm. “Azərbaycan ədəbiyyatı” kafedrasındayam. Belə deyək, müəllimliklə məşğulam. Eyni zamanda, elmi işlərimi də davam etdirirəm. Son illərdə 5-6 böyük kitabım çıxıb. Mircəlal Paşayev, Axundov haqqında kitablarım nəşr olunub. Bununla belə, dərslik də yazmışam. İndi həyatımı elə qurmuşam ki, oturub-durduğum kitablar, elm, təhsildir.

- Bəs bu həyat tərzindən, məşğuliyyətinizdən məmnunsunuzmu?


- Çox məmnunam. Xoşbəxtəm ki, belə bir peşənin sahibi olmuşam. 50 ildən çoxdur, tədrislə, gənclərimizin tərbiyəsi ilə məşğulam. Bu, hər adama qismət ola biləcək şərəfli iş deyil. Bu işi necə başa çatdırmaq isə şəxsiyyətin mənəviyyatından, dünya görüşündən, həyat tərzindən, Vətəninə, xalqına, insanlığa olan məhəbbətindən asılıdır. Mən çalışmışam ki, böyük müəllimlərimin öyrətdiyi kimi gənclərin təhsilində və tərbiyəsində obyektivliyi gözləyim. Klassiklərin bildirdiyi kimi, oxuyub alim olmağı yox, əsasən oxuyub insan olmağı öyrətməyə çalışıram.

- Tələbələrinizdən biri sonralar yazdı ki, Xalid Əlimirzəyev universitetin filologiya fakültəsinə bu qədər tələbənin qəbul edilməsindən narazıdır. Yenə də elə düşünürsünüz?


- Bəli. Əvvəlcə müəyyən etmək lazımdır ki, bizdə nə qədər filoloqa ehtiyac var? Ehtiyac olanları da əsl filoloq səviyyəsində hazırlamaq lazımdır. Etiraf edək ki, hazırda bu fakültəyə qəbul olunanlar, ədəbiyyatı, sənəti dərk eləmək anlayışından çox-çox uzaqdırlar. Əksəriyyəti balı çatışmadığından filologiyaya düşür. Həmin uşaqlar sonradan heç oxumurlar da. Qəbul və tədris prosesində bunlar mütləq nəzərə alınmalıdır. Mən gənclərin ali təhsil ocaqlarına qəbul edilməsinə qarşı deyiləm. Əksinə istərdim ki, bütün gənclərimiz ali təhsil alsın. Bəs bu təhsili hansı səviyyədə alırlar? Məni ən çox narahat edən məsələlərdən biri də məktəblərdəki rüşvət məsələsidir. Bunu rəsmi şəxslər, ali məktəblərdə yuxarı pillədən tutmuş müəllim heyətinə, valideynlərə qədər hamı etiraf edir. Əgər bir təhsil rüşvət hesabına başa gəlirsə, onda biz nədən danışa bilərik? Axı təhsil alverə, bazara çevrilə bilməz. Bununla biz həm də tərbiyəmizi, mədəniyyətimizi, bütün amalımızı korlayırıq. Bazar iqtisadiyyatı adı altında təhsilə bazar psixologiyası gətirmək olmaz. Bu bizə çox böyük zərbədir və bunun acısını millət sonradan görəcək.

- Uzun müddətdir, teatrdan da uzaqlaşmısınız. “Daşa dönmüş ürəklər”dən sonra səhnələşdirilən əsəriniz var?


- Yox, hələ yoxdur. Bir əsərimi yaxın vaxtlarda teatrlara təqdim edəcəm. Görək qəbul edəcəklərmi?

- Bu hansı əsərdir?


- Hələ bu əsərin mövzusunu açmaq istəmirəm, amma bizi ciddi şəkildə narahat edən bir problemə həsr olunub. Bundan başqa klassiklərimizin sənət dünyası barədə iki cildlik kitab üzərində işləyirəm.

- Həmişə ictimai hərəkatlarda olmusuz. “Amal” Ziyalı Hərəkatına rəhbərlik etmisiz. Amma xeyli vaxtdır, bu istiqamətdə fəaliyyətiniz yoxdur. Gələcəkdə bu fəaliyyətə qayıtmağı düşünürsüzmü?


- Etiraf edim ki, nə yaşım, nə də fiziki vəziyyətim bu cür həyəcanlı, mürəkkəb, çevik ictimai işlərdə iştirak etməyə imkan vermir. O mənada bir qədər uzaqlaşmışam. Amma ruhum, xəyalım, idealım həmişə ictimai işlə bağlı olub. Uzun müddət bu sahədə gərgin işlərimiz olub. Lakin təəssüflənirəm ki, bizim bu qədər səmərəsi olmadı. Bu gün məni bir ziyalı, bir müəllim, bir insan, bir ata kimi ən çox narahat edən odur ki, Qarabağ problemini həll edə bilmədik. Qarabağı verməyimiz bizə nə qədər töhmət, xəcalət gətirdisə, bu qədər uzun müddətdə geri ala bilməmək bu töhməti iki dəfə artırdı. Bu, mənim ən böyük dərdimdir. Sonrakı böyük dərdim isə Azərbaycanda milli burjuaziyanın formalaşması ilə bağlıdır. Milli sözünü ona görə işlədirəm ki, bu burjuaziyada millilik, vətənpərvərlik, xalqa hörmət yüksək dərəcədə olsun. Çox təəssüf ki, indi bizim varlı adamlarımız bu qayğılardan çox uzaqdır. Bunun axırı hara gedib çıxacaq? Axı Azərbaycan bütün münasibətləri yeni formada, kapitalist sistemi üzərində qurur. Bunda başqa, narahatlığıma səbəb olan məsələlərdən biri də milli ideologiyanın hələ aydın şəkildə formalaşmamasıdır. Hətta indi elə adamlar var ki, onların düşüncəsinə görə, bizə milli ideologiya lazım deyil. Onlar bizə Fransa, Almaniya, İngiltərə kimi ölkələri misal gətirərək, milli ideologiyanın lazımsızlığından danışırlar. Amma başa düşmürlər ki, adı çəkilən ölkələrdə milli şüur 300, 500 il bundan əvvəl formalaşıb. Milli şüur, milli ideologiya, milli mənlik olmadan biz məhv olacağıq. İqtisadiyyatın inkişafı ilə bərabər milli varlığımızı da qorumalıyıq. İctimai fəaliyyətlə məşğul olan bütün dostlarımıza məsləhət görərdim ki, bu sahəyə ciddi fikir versinlər.

Təhsil məsələsi də öz yerində qalır. 50 il dərs demiş, bu yolda canını qoymuş bir adam kimi deyirəm ki, belə getsə, çox şey itirəcəyik. Nəhayət, son vaxtlar televiziyalarda verilən şou verilişlərdən danışmaq istərdim. Şou adı altında son dərəcə bayağı, məzmunsuz, ifrat dərəcədə aşağı səviyyəli verilişlər gedir. Bununla millətin əxlaqı aşılanır. Evlərə soxulmuş bu ideologiya bizi məhv edəcək. Bəs haradadır bizim ağıllı adamlarımız, ziyalılarımız, vətənpərvər şəxsiyyətlərimiz, dövlət xadimlərimiz? Bunun qarşısını almasaq, artıq bir qaydaya, həyat tərzinə çevriləcək. Bu işlər bir-iki günün işi deyil artıq. Bu proqramlar bizim gənclərimizə olduqca mənfi təsir göstərəcək.

- Siz həmişə problemlərimizi, qayğılarımızı yada salmısınız. Bir zamanlar isə bunları sərt şəkildə dilə gətirirdiniz. Həmin günlər barədə nə düşünürsüz, bir də imkan olsaydı, elə o cür davranardınızmı?


- Eynilə o cür olardım. Bala, mən müharibə illərini görmüşəm. O vaxtlar gördüyüm əzab-əziyyət, mən də insanlığa qarşı olan ədalətsizliyə, ümumiyyətlə, haqsızlığa qarşı çox böyük nifrət yaradıb. Bundan başqa, mənim ailə tərbiyəm bu cür olub. Böyüklərim son dərəcə xalqını, ədaləti sevən insanlar olublar. Xoşbəxtlikdən, dövlət universitetinin filologiya fakültəsində təhsil alanda o dövrün ən işıqlı adamları bizə dərs veriblər. Onlar bizə təkcə elmi yox, həm də vətəndaş, insan olmağı, ləyaqətlə yaşamağı öyrədirdilər. Sonradan tale o vaxt üzümə güldü ki, mən Mircəlal müəllimin təkidi ilə Cəlil Məmmədquluzadəni araşdırıb, elm pilləsində irəlilədim və bu barədə çoxlu kitablarım, məqalələrim çıxıb. Bütün klassiklərimizi oxuya-oxuya onlara qarşı böyük bir məhəbbət hissi yarandı. Ona görə deyirəm ki, əgər bir daha həyata gəlsəydim, ancaq və ancaq bu yolu seçərdim. Sizə bir söz də deyim. Mən təzədən cavan olmaq istəməzdim. Niyə? Çernışevskinin gözəl sözü var, ondan soruşurlar ki, sən təzədən cavan olmaq istərdinmi, deyir yox. Deyir, mən müdrik qocalığımı, nadan cavanlığımla dəyişmək istəməzdim. Ondan soruşurlar ki, sən yenə həyata gəlsəydin inqilabi, mübariz yolu seçərdinmi, deyir bəli. Hətta söyləyir ki, səylərini daha da artırardı. Çünki gördüyü işləri insanlığa xidmət kimi bilib və inanıb ki, bunun nəticələrini bəşəriyyət görəcək.

- Bəzən jurnalistlərin sualından “mən siyasətə qarışmıram” deyərək yayınırsınız. Onda bunu necə izah edək?

- Mən siyasətə qayıtmıram deyirəm. Bunu o mənada söyləyirəm ki, bu saat siyasətə qayıtmağın mənası yoxdur. Mən hələ “Amal”dan əvvəl Demokratik Qüvvələr Birliyinin rəhbərlərindən biri olmuşam. Bu daha böyük bir təşkilat idi. Azərbaycanın demək olar ki, bütün tanınmış insanları orada idi. Sonrakı vaxtlar da çox görkəmli ziyalılarımızla birlikdə ümumi problemlərimizin, Qarabağ dərdimizin həlli ilə bağlı dəfələrlə təkliflər vermişik. Bu təkliflərin heç biri keçmədi. Bu mənada, adam bəzən siyasi aləmdən ikrah hissi ilə ayrılır. Mən siyasətlə bağlı yazdığım kitabımda da qeyd etmişəm ki, millət, Vətən haqqında ziyalılarla, siyasət qazanında bişmiş, şöhrət axtaran insanların düşüncələri arasında yerlə-göy qədər fərq var. Bu ziddiyyət bəşər tarixi boyunca olub və heç indi də həll olunmayıb. Bunlara görə də siyasətə qayıtmaq istəmirəm. Bununla yanaşı, klassiklərimiz barəsində dərs demək, onların təbliğini aparmaq özü də bir siyasətdir. Mən indi də tələbələrimə dərs deyərkən, kitablarımı yazarkən siyasətin içindəyəm. Bu, siyasətin ən ümdə, ən mədəni, ən humanist, ən əxlaqi formasıdır. Ziyalı bax bu cür düşünməli, bu cür hərəkət etməlidir. Daha ziyalı eşqə düşməməlidir ki, onun ordeni, vəzifəsi olsun. Bu cür insanlar ziyalı yox, dəllaldır. Bizim böyük ziyalılarımız amal uğrunda mübarizə aparıb, heç nəticəsini də görməyiblər, amma usanmayıblar. Bax, əsl ziyalı onlardır.

Səbinə Əvəzqızı

# 3190
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar