- Rüstəm müəllim, sizin Rusiya vətəndaşlığı ilə bağlı probleminiz həll olundumu?
- Mən hələ məhz bu işlə məşğulam. Bildiyiniz kimi, Rusiya vətəndaşlığından məhrum edilməyim mənim özümün də bu prosesdə fəal iştirakımı tələb edir. Ona görə də Bakıya yalnız bu məsələ həll ediləndən sonra qayıdacağam. Hələliksə bu məsələ mənim Azərbaycandan kənarda olmağımı tələb edir. Dəfələrlə demişəm ki, bütün bu prosedur məsələlərin həlli mənim iştirakım olmadan mümkün deyil. Belə bir ehtimal var ki, bütün bu proseslər uzana bilər.
- Bunda Rusiyanın hakimiyyət orqanları da maraqlı ola bilərmi?
- Haqlısınız. Bu proses bir çox vacib amillərdən asılıdır. Ona görə də bu proses uzana bilər. Bildiyiniz kimi, vətəndaşlıqdan çıxmaqla bağlı müraciət Rusiyanın Vətəndaşlıq Məsələləri üzrə Komissiyasının müvafiq qərarından sonra baxılıb təsdiqlənmək üçün Rusiya prezidentinə göndərilir. Burada isə siyasi iradə amili var. Söz yox, mənim bu müraciətimi rədd edə bilməzlər, amma burada söhbət müddət məsələsindən, onun uzadılmasından gedir. Mən də ona görə Moskvadayam ki, bu prosesi sürətləndirim. Bu məsələ baxış mərhələsində olduğu müddətdə mən öz sənədlərimi prinsip etibarilə Azərbaycan MSK-sına təqdim edə, imza toplamağa başlaya bilərəm. Biz hazırda bütün bu məsələlər üzərində işləyirik.
- Dünən bir sıra müxalifət liderləri İctimai Palatanın dirildilməsi və fəaliyyətinin canlandırılması təşəbbüsü ilə çıxış ediblər. Siz necə düşünürsünüz, bu, Azərbaycan müxalifətinin parçalanmasına səbəb ola bilərmi?
- İctimai Palata Milli Şuradan xeyli əvvəl yaradılmışdı. Milli Şura müxalifət qüvvələrinin daha geniş koalisiyasıdır. Lakin mən həmişə demişəm ki, Milli Şuranın öz vahid namizədinin olub-olmamasından asılı olmayaraq heç kim digər partiyaların, ittifaq və birliklərin öz namizədini irəli sürməsinə mane ola bilməz. Ona görə də mənim fikrimcə, əgər mənim namizədliyimi qeydə almasalar, müxalifət nümayəndələrini seçkilərdə iştirak etmək hüququndan məhrum etmək olmaz. Biz onların namizədliyinin irəli sürülməsinə mane olmamalıyıq. Bu halda əgər Milli Şura bunu vacib bilsə, digər namizədi də dəstəkləyə bilərik.
- Siz nəzəri baxımdan, məsələn, Müsavat başqanı İsa Qəmbərin namizədliyini dəstəkləyə bilərsinizmi?
- Bu mövzuda artıq dəfələrlə danışmışam, fikirlərimi bildirmişəm. Mən İsa Qəmbərə həm bir siyasətçi, müxalifət lideri, həm də sadəcə bir insan kimi hörmət edirəm və onun namizədliyini dəstəkləyə bilərəm. Əgər vahid namizəd qeydiyyata alınmayacaqsa, niyə də yox, İsa Qəmbəri niyə də dəstəkləməyim?! Bu halda onun namizədliyini niyə dəstəkləməməliyik? İsa bəydən əlavə orada vahid namizəd olmağa layiqli insanlar var. Məsələn, Mehman Əliyev, Mirmahmud Fəttayev, Lalə Şövkət. Mən bunu mümkün sayıram.
Virtualaz.org