Qurultay iştirakçıları prezidentə və beynəlxalq təşkilatlara müraciət etdilər
14 iyun 2013 18:05 (UTC +04:00)

Qurultay iştirakçıları prezidentə və beynəlxalq təşkilatlara müraciət etdilər

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “İnkişaf naminə birlik” devizi altında keçirilən Azərbaycan Respublikası Qadınlarının IV Qurultayı başa çatıb.


APA-nın xəbərinə görə, qurultayın ikinci hissəsində çıxış edən Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva bildirib ki, vətənini sevən hər bir adam, vətəninə bağlı olan adam həmişə ailəsini sevir: “Belə adamlar həmişə öz yaxınlarını sevir, həmişə öz qohum-qardaşını sevir, həmişə öz dostlarını sevir və əlbəttə ki onun üçün ana və Vətən məfhumları  ömrünün axırına müqəddəs və dəyişməz qalır: “İstərdim ki, Azərbaycan vətəndaşı olan hər bir qadın yaşından, millətindən, tutduğu vəzifədən, peşədən, siyasi baxışlarından asılı olmayaraq həmişə sağlam olsun, uğurlu olsun, onun ruhu həmişə yüksəkdə olsun, canı isə salamat olsun”.

 

Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova da Azərbaycan qadınlarının qurultayının keçirilməsini yüksək qiymətləndirib. O bildirib ki, Azərbaycanın müstəqilliyinin bərpa edilməsində, beynəlxalq münasibətlərin bərpa olunmasında qadınlar yüksək təşəbbüskarlıq və fəallıq göstərib.

 

Azərbaycanın İnsan Haqları üzrə Müvəkkili Elmira Süleymanova da qadınların ölkənin ictimai-siyasi həyatındakı rolundan danışıb. Onun sözlərinə görə, qadınların hüquqlarının qorunması, onların sosial vəziyyətinin yaxşılaşdırılması dövlətin əsas prioritetlərindən biridir.

 

Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının sədri Nurlana Əliyeva bildirib ki, Azərbaycan qadını özünü heç vaxt görülən işlərdən kənarda hiss etməyib. N. Əliyeva qeyd edib ki, qadınlar bu il ölkədə keçiriləcək prezident seçkilərində yaxından iştirak edərək layiqli namizəd olan İlham Əliyevə səs verəcəklər.

 

Bakı şəhər Səhiyyə İdarəsinin sədri Elmira Əliyeva ana və uşaq sağlamlığı işinə göstərdiyi diqqətə görə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya səhiyyə işçiləri adından təşəkkür edib. Onun sözlərinə görə, qadınlara qarşı zorakılıq, qadın və hamiləlik, reproduktiv sağlamlıq kimi məsələlər daim Səhiyyə Nazirliyinin diqqət mərkəzindədir. E. Əliyeva qeyd edib ki, ölkədə görülən işlər nəticəsində Azərbaycanda ana və uşaq ölümü faktları  azalıb, sağlamlığın qorunması istiqamətində mühüm işlər görülüb. 

 

APA Holdingin prezidenti Vüsalə Mahirqızı isə tədbirdə çıxışı zamanı bildirib ki, Azərbaycan mətbuatında qadınlar kifayət qədər təmsil olunurlar. Onların əsasən işçi səviyyələrində olduğunu deyən V. Mahirqızı qeyd edib ki, mətbuat sahəsindəki rəhbər vəzifələrdə qadınların sayı çox deyil. Onun sözlərinə görə, buna rəğmən həmin xanımlar ictimai rəy formalaşdırlması prosesində kifayət qədər aktiv iştirak edirlər: “Bu gün Azərbaycanda 4500-ə qədər KİV, 20-dək agentlik, 9 respublika, 15 regional televiziya, 11 radio, 50-dən artıq sayt, portal fəaliyyət göstərir. 300 milyondan çox internet istifadəçisi var ki, onun da yarıya qədəri qadınlardır. Sosial şəbəkələrdən də 1 milyona yaxın insan istifadə edir ki, onun da böyük əksəriyyətini 35 yaşına kimi olan gənc xanımlar təşkil edir. Azərbaycan Mətbuat Şurası və Milli Televiziya və Radio Şurasının rəhbər heyətində bir qadın təmsilçisi var. Amma Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunda qadın təmsilçi yoxdur”.

 

Daha sonra tədbirdə çıxış edənlər də qadınların ölkənin ictimai-siyasi həyatındakı rolundan danışıblar.

 

Qurultayda işçi orqanlarının tərkibinə, katiblik komissiyasına, mandat komissiyasına və redaksiya komissiyasına üzvlər seçilib.  Qurultayın sonunda Azərbaycan Respublikası Qadınlarının IV Qurultayı nümayəndələri tərəfindən prezident İlham Əliyevə müraciət ünvanlanıb. Azərbaycan Respublikası Qadınlarının IV Qurultayının iştirakçıları BMT-yə, Avropa Şurasına və digər beynəlxalq təşkilatlara ünvanlanmış müraciət də qəbul ediblər. Sonda Azərbaycan Respublikası Qadınlarının IV Qurultayının qətnaməsi qəbul olunub.

 

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  təşkilatçılığı ilə keçirilən qurultay “İnkişaf naminə birlik” devizi altında təşkil olunub. Qurultayın məqsədi qadınların hüquq bərabərliyi, iqtisadi, ictimai, sosial-mədəni, tərəqqi işində onların geniş şəkildə təmsil olunmasını, gender bərabərliyinin təmin edilməsində qadınların rolunu gücləndirməkdən ibarətdir. Qurultayda Azərbaycanın bütün şəhər və rayonlarından seçilmiş 2000-ə qədər nümayəndə, xarici ölkələrin, dövlət və hökumət orqanlarının, qeyri-hökumət təşkilatının nümayəndələri iştirak edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 502
avatar

Oxşar yazılar