Qüdrət Həsənquliyev: “Sərkisyan bir də hərbi vertolyotla Azərbaycana uçsa, vurulmalıdır”
20 noyabr 2014 12:37 (UTC +04:00)

Qüdrət Həsənquliyev: “Sərkisyan bir də hərbi vertolyotla Azərbaycana uçsa, vurulmalıdır”

Noyabrın 12-də Ağdam səmasında düşmənin hərbi vertolyotunun Azərbaycan ordusu tərəfindən məhv edilməsindən sonra Qarabağ cəbhəsindəki gərginlik artıb. İndiki halda ermənilərin hədə bəyanatlarına Azərbaycan artıqlaması ilə cavab verir və növbəti zərbənin daha sarsıdıcı olduğunu bəyan edir. Bəs bundan sonrakı vəziyyət nə vəd edir? Lent.az Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, BAXCP sədri Qüdrət Həsənquliyevin son hadisələrlə bağlı musavat.com-a verdiyi müsahibəsini təqdim edir.

 

 

- Qüdrət bəy, düşmən vertolyotunun vurulmasından sonra rəsmi Bakının növbəti addımlarının nə ola biləcəyi müzakirə mövzusudur. İndiki situasiyada hansı yol Azərbaycan üçün ən optimal sayıla bilər?

 

- Azərbaycan problemin sülh yolu ilə həllini istəyir. Mən inanmıram ki, ağlı başında olan insan dağıntı, fəlakət, insan həyatının itirilməsinə gətirən müharibə istəsin. Amma bəzən xalqlar elə bir duruma salınır ki, artıq onun müharibə etməkdən başqa yolu qalmır. Bir ölkənin əhalisini öz ev-eşiyindən didərgin salıblar və acınacaqlı şəraitdə yaşamağa məhkum ediblər. Belə olan halda isə münaqişənin sülh yolu ilə həlli üçün işğalçıya heç bir təzyiq edilmir. Kadrlardan da gördük ki, bizim hərbçimiz əvvəl vertolyotu vurmağa tərəddüd edir və ikincini də vura bilərdi, amma vurmur. Yəni bir növ Ermənistana xəbərdarlıqdır ki, torpaqları azad elə! Lakin düşmən o qədər həyasızdır ki, nəinki torpağı azad etmək barədə düşünür, hətta bizi hədələyir ki, əgər belə şey təkrar olunsa, çox sərt cavab veriləcək və bizi qisasla hədələyirlər. Beynəlxalq birlik bu hadisədən sonra yenə də Ermənistandan tələb etmədi ki, işğalçılıq siyasətinə qon qoyulmalı, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Yəni Minsk Qrupunun həmsədrləri də nümayiş etdirir ki, bu münaqişənin ədalətli həllində maraqlı deyil. 

 

- Bəs Ermənistanın hədələri bəyan etdikləri kimi, Azərbaycana sarsıdıcı zərbə vurulmasına gətirib çıxara bilərmi?

 

- Mən düşünmürəm ki, onların bu imkanları var. Sözsüz ki, Rusiya onların hərbi-siyasi müttəfiqi kimi düşmən ölkəyə yardım edərsə - Rusiyanın hərbi potensialı Azərbaycanın hərbi potensialından dəfələrlə böyükdür - o halda Ermənistan Azərbaycana ciddi zərbə vura bilər. Amma indiki mərhələdə, Rusiyanın özünə qarşı sanksiyaların tətbiq olunduğu dövrdə, Ukraynada faktiki surətdə müharibə gedir və Rusiya burda tərəfdir, özünün iştirakından imtina etsə də. Məncə, Rusiya hazırda istəməz ki, yeni bir münaqişə ocağı yaransın. Rusiyada da fərqindədirlər ki, Azərbaycan son illər ərzində böyük hərbi potensial yarada bilib. Yəni bütün nöqsanlarına baxmayaraq, Ermənistandan çox güclü ordu qura bilib. Ona görə də düşünmürəm ki, Rusiya Ermənistanı növbəti dəfə müharibəyə başlamağa təhrik eləsin. Əksinə, fikrimcə, Azərbaycan Rusiya ilə danışıqları intensivləşdirməyə çalışmalıdır. Rusiyanı hansısa formada bu münaqişənin həllinə razı salmağa çalışmalıyıq. Əgər Rusiya ilə belə bir anlaşma olarsa, biz qan tökmədən, yenidən müharibə etmədən öz ərazimiz üzərində suveren hüquqlarımızı bərpa edə bilərik. 

 

- Siz bundan əvvəl demişdiniz ki, Azərbaycan hətta Gömrük İttifaqına da daxil ola bilər, bir şərtlə ki, Rusiya torpaqlarımızı azad etsin. Necə bilirsiniz, özünün indiki halında Rusiyanın belə bir istəyi varmı?

 

- Rusiyanın qorxduğu ondan ibarətdir ki, əgər birdən bunlar Azərbaycanla yaxınlaşarlarsa, o halda Ermənistanı itirmiş olarlar və bu zaman ABŞ Türkiyəyə təzyiq edəcək və Ermənistanla sərhədlərin açılmasına nail olacaq. Beləliklə də Avropa Birliyi, ABŞ Ermənistanı bir növ Rusiyadan ayıracaq. Onsuz da Ermənistanın Rusiya ilə sərhədləri yoxdur və Moskvanın ora müdaxilə imkanları çətin olacaq. Amma mən düşünürəm ki, bu, çox da ciddi arqument deyil. Əlbəttə, ABŞ və Avropa Birliyi Türkiyəni məcbur edə bilər ki, “sərhədləri aç!” Əgər belə bir sərt təzyiq olsa, Türkiyə tərəddüd etmədən sərhədləri açacaq. Amma o halda Ermənistanın cəsarət edib Rusiyadan uzaqlaşacağı, Avropa Birliyi və Amerikaya meyllənəcəyi az inandırıcı görünür. 

 

Çünki onların iqtisadiyyatının əsas sahələri faktiki surətdə Rusiya tərəfindən özəlləşdirilib, alınıb. Üstəlik, Rusiyanın bu ölkədə çox güclü hərbi bazası var, hansı ki, 49 illiyə qalmaq hüququ qazanıb. Ermənistanın bu müqaviləni vaxtından əvvəl birtərəfli qaydada ləğv edəcəyi inandırıcı görünmür. Rusiya istəyərsə, biz bu problemi qısa müddətdə həll edə bilərik. Ermənistan onsuz da Avrasiya İttifaqının üzvüdür. Azərbaycan da bu qurumun üzvü ola bilər. Bu, Azərbaycan üçün çox uğurlu bir variant olar, yetər ki, Rusiya öz tərəfindən Qarabağla bağlı addımlar atsın. Amma sözün doğrusu, mənim şübhələrim var. Rusiyanın indiki iqtidarının müdrikliyi çatarmı ki, bu addımı atsın?

 

 

- Amma maraqlısı budur ki, vertolyot olayına Moskvadan kəskin reaksiya olmadı. Hətta ermənilər vertolyotun Rusiya tərəfindən vurulduğu barədə absurd iddia da səsləndirdilər...

 

- Mən düşünürəm ki, ümidlər var. Putinlə bizim prezidentin şəxsi münasibətlərindəki yaxınlıq, o cümlədən Rusiya hökumətinə daxil olan, üstəlik, Putinə təsir etmək imkanında olan bəzi nazirlərin Azərbaycanla yaxın münasibətlərdə olması və Azərbaycanın artan iqtisadi gücü və regiondakı rolu bunu gerçəkləşdirə bilər. Hazırda Rusiya Azərbaycan üzərindən İranla dəmir yolunun çəkilməsində çox maraqlıdır Asiyadan yüklərin Rusiyadan keçməklə Avropaya daşınmasına nail olmaq üçün. Bunu da Azərbaycansız etmək mümkün deyil. Bu baxımdan Azərbaycan Rusiya ilə danışıb anlaşa bilər və biz Rusiyanın müəyyən maraqlarını nəzərə ala bilərik. Xatırlayırsınızsa, Azərbaycan MDB-yə daxil olanda içi mən qarışıq, bir çoxlarımız bunu dövlət suverenliyinin ciddi şəkildə məhdudlaşdırılması, bəzilərimiz hətta itirilməsi kimi təqdim edirdik. Hətta 1994-99-cu illərdə Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının da üzvü oldu, sonra müqavilə müddətini uzatmadı. Biz 5 il ərzində təşkilat üzvü olsaq da, bu, münaqişənin həllinə müsbət təsir göstərmədi. Ona görə də indi bəziləri köhnə təcrübədən çıxış edib deyirlər ki, biz Avrasiya İttifaqına üzv olandan sonra problemin həllində yardımçı olmasını istəyəcəyik. Yox, əgər Rusiya ciddi addımlar atmayacaqsa... 

 

Bu, qarşılıqlı müqavilələrlə tənzimlənməlidir. Yəni Rusiya bəyan etməlidir ki, problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Belə olduğu halda Azərbaycan Avrasiya İttifaqının üzvü ola bilər. Bu, Rusiya üçün də, Azərbaycan üçün də faydalı olar. Amma Rusiya bundan artığını istəyəcəksə, tamamilə Azərbaycanın öz suveren hüquqlarından imtinasını istəyəcəksə, buna getmək olmaz. Məsələn, mən mümkün sayıram ki, Qəbələ RLS kimi hətta Rusiyanın burda hərbi bazası da olsun, əgər bu, Moskva üçün önəmli psixoloji məsələdirsə. Yox, sabah Rusiya deyəcəksə ki, sərhədinizi mən qoruyacağam, artıq burda dövlətin suverenliyindən söhbət gedə bilməz. 

 

- Sizcə, Rusiya nə istəyə bilər?

 

- Biz dəqiq deyə bilmərik. Bilmirik ki, bağlı qapılar arxasında nələr müzakirə olunur, Azərbaycanın cavabları nədən ibarətdir. Ona görə mən mütəmadi şəkildə mətbuatda çıxış edirəm ki, Azərbaycan iqtidarı xalqı, siyasətçiləri, ekspertləri məlumatlandırmalıdır, deməlidir ki, Rusiyanın bizdən istədiyi nədir. Yaxud biz hara qədər güzəştə gedə bilərik.

 

- Xüsusilə də düşmən vertolyotunun vurulmasından sonra əsəblərin gərildiyi, təxribat gözləntilərinin olduğu bu situasiyanın müzakirəsi üçün təhlükəsizlik və müdafiə komitəsinin iştirakı ilə hökumət səviyyəsində qapalı da olsa, Qarabağ müzakirələrinin aparılmasını zəruri sayırsınızmı?

- Əlbəttə zəruri sayıram. Bizim Müdafiə Nazirliyinin son bəyanatı oldu ki, “əgər Ermənistan bizim neft kəmərlərinə hücum edərsə, biz öldürücü zərbə vura bilərik”. Bizim üçün neft kəmərləri strateji cəhətdən nə qədər həyati əhəmiyyət kəsb edirsə, Ermənistanda da Atom Elektrik Stansiyası o qədər əhəmiyyətlidir. Ermənilər düşünməlidir ki, onların da ərazisində strateji obyektlər var və onların dağıdılması Ermənistan üçün hansı nəticələr verə bilər. Faktiki surətdə Ermənistanı həmin AES təmin edir, ermənilər də bu barədə düşünməlidir. Bizim rəsmilər açıq demir, amma fərqi nədir, mən söyləyirəm. 

 

- Yəni düşmənin zərbəsinin qarşısında Azərbaycan Ermənistan AES-i vura bilər?

 

- Əlbəttə. Necə ki, düşmən neft kəmərləri ilə bağlı hədələyir. Mən də Ermənistan AES-ini xatırladıram. Əlbəttə, söhbət nüvə reaktorunu bombalamaqda, radiasiyanın yayılmasına bais olmaqdan getmir. Nüvə reaktorlarından kənardakı sistemləri, enerji təmin edən qurğuları sıradan çıxarmaqla Ermənistanı bütünlüklə zülmətə qərq etmək olar. Azərbaycanın bu imkanları var. Bizim çoxlu sayda hərbi vertolyotlarımız və təyyarələrimiz var. Müasir qırıcıların Ermənistana uçması, düşmən obyektlərini vurmaq üçün 10-15 dəqiqə tələb olunur. Ermənistanın Hava Hücumundan Müdafiə sistemi Rusiya tərəfindən qurulsa da, bütün təyyarələri, raketləri tutmaq imkanında olması mümkün deyil. 

 

- Ermənistanın işğal olunmuş ərazilərdə genişmiqyaslı hərbi təlimləri oldu. Necə bilirsiniz, növbəti dəfə düşmən ölkə bu təxribatını təkrar edərsə, Azərbaycanın mövqeyi necə olmalıdır? O halda konkret hədəflərin bombalanması qərarını vermək olarmı?

 

- Yuxarıdan dediyim kimi, düşmənin ikinci vertolyotunun vurulmaması, sadəcə, Ermənistana bir siqnal idi. Azərbaycan tərəfi bəyan etdi ki, növbəti təxribatlar olacaqsa, daha sərt cavab veriləcək. Bundan sonra Ermənistan işğal olunmuş ərazilərimizdə təlim keçsə, ya da onların vertolyot və qırıcıları Azərbaycan üzərindən uçsa və Azərbaycan buna reaksiya verməsə, bu, bizim orduya, dövlətə xalqın inamını xeyli sarsıdar, həm bundan sonra Ermənistan və dünya birliyi bizi ciddi qəbul etməz. Ermənistan nə qədər sərt bəyanat versə də, artıq düşmən ölkə reallığı hiss etdi. 

 

- Bəs Sərkisyanın Azərbaycana qanunsuz səfərlərinə qadağa qoyulmasının vaxtı çatıbmı?

 

- Mən çox təəssüf edirəm ki, o vaxt Azərbaycana çox böyük təzyiqlər oldu və Azərbaycan işğal olunmuş ərazilərin hüququ statusu ilə bağlı qanunu qəbul etmədi. Hansı ki, eyni qanun Gürcüstanda qəbul olunub. Bu qanun təcili qəbul olunmalıdır və işğal altındakı torpaqlar üzərindəki hava məkanı uçuşlara qadağan olunmalıdır. Qadağan olunmuş zonaya daxil olan bütün obyektlər vurulmalıdır. Əgər bu, sərnişin təyyarəsidirsə, sözsüz ki, o zaman bunun vurulması yox, yerə endirilməsi istiqamətində addımlar atılmalıdır. Əgər Sərkisyan bir də hərbi vertolyotla, özü də hərbi geyimdə Azərbaycana uçarsa, onun uçduğu vertolyot dərhal məhv edilməlidir. Mülkü aviasiya ilə uçduğu halda bizim qırıcılar onun yerə məcburi enişini təmin etməlidir. Sonuncu gəlişinə gəldikdə, Ermənistanda açıq panika əhval-ruhiyyəsi yaranmışdı. O, həmin psixoloji durumu dəyişmək üçün Qarabağa gəldi.

 

- Rəsmi Bakı vertolyotda məhv edilən ermənilərin cəsədlərinin Xankəndində saxlanılan Kəlbəcər girovları ilə dəyişdirilməsi tələbini qoymalıdırmı? 

 

- Birmənalı şəkildə. O cəsədləri elə-belə vermək olmaz. Yalnız və yalnız girovlarımız qaytarılandan sonra düşmən hərbçilərinin də cəsədlərinin götürülməsinə imkan vermək olar. Mən başqa variantı sadəcə təsəvvür etmirəm və düşünmürəm ki, ayrı qərar vermək olar. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 851
avatar

Oxşar yazılar