“Azərbaycanda xalqla iqtidar arasında birlik var. Bizim bütün təşəbbüslərimiz Azərbaycan xalqı tərəfindən dəstəklənir”. Lent.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyinə həsr olunmuş paradda çıxışı zamanı bildirib.
Dövlət başçısı bəyan edib ki, Azərbaycan iqtisadiyyatı yüksək sürətlə inkişaf edir: “Bu ilin 5 ayında qeyri-neft sektoru 11% artıb, ümumi iqtisadiyyatın həcmi isə təxminən 5% artıb. Azərbaycanda işsizlik, yoxsulluq problemi aradan qaldırılır, böyük infrastruktur layihələri icra edilir, o cümlədən bütün hərbi şəhərciklər bərpa edilir. Mən vəzifə qoymuşdum ki, növbəti 2 il ərzində Azərbaycanda bir dənə də olsun təmirsiz hərbi hissə, hərbi şəhərcik və hərbi baza olmasın. Müvafiq göstərişlər verilib, vəsait ayrılıb və proses uğurla gedir. Yəni biz bütün istiqamətlər üzrə fəaliyyətimizi uğurla və inamla aparırıq. İnsanların rifah halı yaxşılaşır, ölkənin nüfuzu artır, iqtisadiyyat, sənaye inkişaf edir və Azərbaycan çox dinamik şəkildə qabağa gedir. Cəmi 20 ildən bir qədər çox müstəqil yaşı olan Azərbaycan sübut edib ki, azad ölkə kimi yaşaya, öz müstəqilliyini qoruya bilər”.
Ali Baş Komandan bildirib ki, Azərbaycan hakimiyyətinin güclü siyasi iradəsi, dövlətin güclü iqtisadiyyatı, güclü ordusu var: “Ordu dövlətçiliyi, müstəqil siyasətimizi qoruyur. Xalq isə ordunu qoruyur və qorumalıdır. Mən həmişə deyirəm ki, güclü dövlətin güclü ordusu olmalıdır. Azərbaycan qısa bir müddət ərzində güclü dövlətlərin sırasına daxil olub. Biz indi böyük layihələri icra edirik, böyük investisiyalar yatırırıq. Biz beynəlxalq müstəvidə çox böyük nüfuza malikik. Əlbəttə ki, bu gün Azərbaycan ordusu hərbi potensialına, döyüş qabiliyyətinə, təchizatına görə nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır. Əminəm ki, Azərbaycan gücləndikcə, ordumuz da güclənəcək. Artıq ordumuz istənilən vəzifəni həll etməyə hazırdır. Mən Ali Baş Komandan kimi bundan sonra da ordu quruculuğuna, ordunun inkişafına öz dəstəyimi verəcəyəm. Əminəm ki, Azərbaycan qarşıda duran bütün vəzifələri uğurla icra edəcək. Bu gün demək olar ki, Dağlıq Qarabağ problemindən başqa heç bir məsələ həll olunmamış qalmır. Bütün istiqamətlər üzrə inkişaf var, konkret siyasət və gözəl nəticələr var. Əminəm ki, münaqişənin həllində də biz istəyimizə nail olacağıq. Biz tarixi ədaləti bərpa edəcəyik. Öz doğma torpaqlarımıza qayıdacağıq. Bunun başqa yolu yoxdur. Tarixin gedişatı, dünyada gedən proseslər, güclənən Azərbaycan və zəifləyən, yoxsullaşan Ermənistan. Bütün bunlar reallıqdır və bu reallıqları siyasətimizlə, iradəmizlə biz yaratmışıq. Ermənistanı bundan sonra da bütün beynəlxalq və regional layihələrdən təcrid edə bilərik. Azərbaycanı bundan sonra da gücləndirəcəyik. Güclü dövlətimiz bu münaqişənin həllində öz sözünü deyəcək və Azərbaycan ordusu Ali Baş Komandanın əmrini icra edəcəkdir. Eşq olsun Azərbaycan ordusuna, yaşasın Azərbaycan!”