Pənah Hüseyn: “Rüstəm İbrahimbəyovun seçkilərdə iştirakı Rusiya prezidentindən asılıdı”
16 iyul 2013 11:35 (UTC +04:00)

Pənah Hüseyn: “Rüstəm İbrahimbəyovun seçkilərdə iştirakı Rusiya prezidentindən asılıdı”

“İsa Qəmbərin və  Müsavatın prezidentliyə namizədlik məsələsində mövqeyi hələ Milli Şuranın vahid namizəd məsələsi müzakirə edildiyi və Rüstəm İbrahimbəyovun vahid namizəd kimi irəli sürülməsi zamanı yazılı şəkildə bəyan edilmişdi. Müsavat Partiyasının Məclisi sadəcə daha ali orqan kimi bu mövqeyi təsdiq edib. “Məclisin İsa Qəmbərin namizədliyi ilə bağlı 4 yanvar tarixli qərarının ləğv edilməsi gözlənilmirdi və heç gündəliyə də çıxarılmamışdı. Eləcə də İsa Qəmbərin namizədliyinin müdafiəsi haqqında bir sıra siyasi partiyaların, o cümlədən Xalq Partiyasının bu məsələdə mövqeyi dəyişməz qalır”. Bunu Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn deyib.   

 

P. Hüseyn bildirib ki, o, Milli Şurada təmsil olunmasa da, qurumun namizədi Rüstəm İbrahimbəyovun seçkilərdə iştirakı və dəstəklənməsi məsələsində İsa Qəmbərin bəyan elədiyi mövqeyə uyğun mövqe tutur.

 

P. Hüseyn Müsavata və İsa Qəmbərə hücumların əsasən qərəzdən, bir qisminin isə məlumatsızlıqdan və təsir altına düşməkdən irəli gəldiyini bildirib: “İndiki halda konseptual olan demokratik düşərgənin seçkidə iştirak məsələsidir. Yəni hakimiyyəti seçki yolu ilə dəyişməkdir. Bunun üçün də demokratik seçki mühitinin yaradılması vacibdir. Və ya seçkiləri boykot və demokratik düşərgənin seçkilərdən kənarda qalması ehtimalının, boykotun bu gün zərərli olmasının diqqətə çatdırılmasıdır, cəmiyyətin və müxalifətin elektoral bazasının boykot üzərində köklənməsinin qarşısının alınması cəhdidir. Konkret qərarlar isə seçki dövründə veriləcək. İsa Qəmbər də özünün çoxsaylı açıqlamalarında bunu açıq aşkar ifadə edir və bildirir ki, Rüstəm İbrahimbəyovla müzakirələrdən sonra yekun qərar veriləcək. Bir də axı hər şeyi bəsit şəkildə təsvir edib cılız məqsədli qaralama kampaniyası aparmaq olmaz. Məsələn, indi elə vəziyyət yaranıb ki, Rüstəm müəllimin seçkilərdə iştirakı Rusiya prezidentindən asılı vəziyyətə düşüb. Bu məsələni araşdıranların bildirdiyinə görə, Rusiya qanunlarına görə vətəndaşlıqdan imtina məsələsi bir neçə gündə də həll edilə bilər, ancaq altı ay da uzana bilər. Birdən Rusiya prezidenti Azərbaycan iqtidarının təzyiqi və ya təsiri ilə bu məsələni uzatdı, o halda necə olacaq? Açığı, məsələnin əksi də elə sadə deyil, ancaq bu, başqa bir mövzudur. Ən azı nəzəri baxımdan, bu məsələ diqqətə alınmalıdır, ya yox? Aydındır ki, bu məsələ həll olunsa və böyük ehtimalla həll olunacaq, Rüstəm müəllimin namizədliyini hansısa bəhanələrlə qeydə almayacaqları halda tamamilə yeni bir situasiya yaranacaq. O halda da həmin situasiya dəyərləndirilib müvafiq qərar veriləcək. Həmin situasiyada seçkidə iştirakın konseptual tərəfi yox, konkret siyasi tərəfi önə çıxacaq və əsas götürüləcək. Bir də ki, İsa Qəmbər harada iddia edib ki, o, Milli Şuranın əsas və ya ehtiyat namizədi olmaq istəyir? Əksinə, iddia etmədiyini qəti formada bəyan edib. Demək istəyirəm ki, bu gün boş-boş danışmaq əvəzinə, seçkiyə hazırlaşmaq lazımdır. Məncə, Rüstəm müəllimi səmimi müdafiə etməyin də testi odur ki, sən seçkiyə hazırlaşmaq istiqamətində nə iş görürsən və görəcəksən”.

 

musavat.com

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1004
avatar

Oxşar yazılar