Murtuz Ələsgərov haqqında keçmiş zamanda danışmaq çox ağırdır. Çünki o, çağdaş Azərbaycan tarixində silinməz iz qoymuş şəxsiyyətlərdən biridir. Bu adın tarixə düşməsi hər şeydən əvvəl Murtuz Ələsgərovun görkəmli siyasi xadim olması ilə bağlıdır: O, Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri olmuşdur. Murtuz Ələsgərov çox parlaq və mənalı ömür yaşayıb, həyatında böyük uğurlara imza atıb, çox titullara sahib olub. Bu nailiyyətlərdən ən böyüyü isə – və o, bunu həmişə böyük fəxrlə qeyd edirdi – onun ulu öndər Heydər Əliyevin yaxın silahdaşı və əqidə yoldaşı olması idi.
Murtuz Ələsgərovun tarixi nailiyyətlərindən biri odur ki, o, Azərbaycan beynəlxalq hüquq elminin banisidir. Ölkəmizdə ilk dəfə beynəlxalq hüquq sahəsində elmlər doktoru alimlik dərəcəsini hələ 1968-ci ildə məhz Murtuz Ələsgərov alıb. Mən özüm vaxtilə Ukraynada təhsil almışam, beynəlxalq hüquq ixtisasına orada yiyələnmişəm, amma həmişə özümü Murtuz müəllimin tələbəsi saymışam. Həmişə də fəxr etmişəm ki, Murtuz müəllim məni hər yerdə öz tələbəsi kimi təqdim edib.
Murtuz Ələsgərov beynəlxalq hüquqla yanaşı hüquq elminin digər sahələrinin – konstitusiya hüququ, inzibati hüquq və ekologiya hüququ elmlərinin inkişafına da əhəmiyyətli töhfə verib, bu sahələrdə çoxsaylı sanballı elmi əsərlər yazıb.
Mənə həyatımda iki dəfə Murtuz müəllimin rəhbərliyi altında çalışmaq şərəfi nəsib olub. Murtuz müəllim Bakı Dövlət Universitetinin rektoru işləyəndə mən Universitetin hüquq fakültəsi dekanının müavini olmuşam. İkinci dəfə isə Murtuz Ələsgərovun Milli Məclisin sədri işlədiyi illərdə olub. Məni bu gün çalışdığım yüksək vəzifəyə – Milli Məclis Aparatının şöbə müdiri vəzifəsinə məhz Murtuz müəllim dəvət edib. Bugünkü kimi yadımdadır: 2001-ci il yanvarın 13-də o, məni öz kabinetində yüksək səviyyədə qarşıladı, doktorluq dissertasiyasımı müdafiə etməyimlə bağlı məni ürəkdən təbrik etdi, xeyli söhbət apardı, bilik və bacarığımın Azərbaycan dövlətçiliyinin inkişafı üçün sərf etməyimin zəruriliyini mənə izah elədi.
Qeyd edim ki, mən həmişə Murtuz müəllimdən özümə qarşı özəl münasibət hiss etmişəm, xüsusi qayğı görmüşəm. O, böyük insan idi, böyük alim idi, elm adamını həmişə yüksək qiymətləndirirdi, bu cür adamları məmnuniyyətlə dinləyirdi, onları qabağa çəkirdi. O, rəhbər kimi yüksək dərəcədə tələbkar və ciddi idi, lakin eyni zamanda təbiətcə olduqca mülayim, ürəyiyumşaq və xeyirxah insan idi.
Digər tərəfdən, Murtuz müəllimi hər hansı prinsipial bir məsələ ilə bağlı tutduğu mövqedən çəkindirmək qeyri-mümkün idi. Dəfələrlə Murtuz müəllimin keçirdiyi rəsmi görüşlərin bilavasitə iştirakçısı olan bir şəxs kimi onun prinsipiallığının, möhkəm iradəsinin, xalqın mənafeyini, xüsusən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın maraqlarını necə qətiyyətlə müdafiə etdiyinin canlı şahidi olmuşam.
Murtuz müəllimin bir cəhətini də deyim: o, sadə və səmimi insan idi. Qeyri-rəsmi situasiyalarda, xüsusilə uzaq səfərlər zamanı Murtuz müəllimin bu yüksək insani keyfiyyətini açıqca hiss etmək olurdu. Bir dəfə Murtuz müəllimi Fransa səfərində müşayiət edərkən mən bunun bilavasitə şahidi oldum. Bizimlə təmasda o, bütün rəsmiyyəti, yaş, vəzifə, mövqe ilə bağlı sədləri tamamilə aradan götürmüşdü. Murtuz müəllim əslində əlçatmaz olduğu qədər yaxın, böyük olduğu qədər sadə idi.
Allah rəhmət eləsin, ruhu şad olsun!
Lətif Hüseynov,
Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, professor, Azərbaycan Hüquqşünasları Konfederasiyasının İdarə heyətinin üzvü