İlqar Orucov, fəlsəfə doktoru
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri
Dünyada gedən siyasi konfliktlər və bunun nəticəsi olaraq iqtisadi sahədə geriləmə, milli valyutaların dollar qarşılığında dəyərdən düşməsi, süni şəkildə yaradılmış ajiotaj demək olar ki, bütün milli iqtisadiyyatlara təsirini göstərməkdədir. Ən iri transmilli şirkətlər belə işçi qüvvələrini ixtisar etmək, xərcləri minimuma endirmək barədə qərarlar qəbul edirlər. Bu proseslərin təsirinə məruz qalan və ciddi itkilər verən ölkələr sırasında ön yerdə olanlardan biri dünyanın nəhəng iqtisadiyyatları üçlüyündə qərarlaşan Çin Xalq Respublikasıdır. Bu onu göstərir ki, mövcud maliyyə böhranı inkişaf tempi yüksək olan dövlətlərin iqtisadiyyatında daha ciddi izlər buraxır.
Dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi təbii ki, neft ixrac edən ölkə kimi Azərbaycandan da təsirsiz keçə bilməzdi. Amma bu qlobal iqtisadi böhran süni şəkildə, məqsədli olaraq yaradıldığından situasiya gözlənilən deyildi. Dövlət manatın birinci devalivasiyasına gedəndə sonra neftin hazırkı qeyri-müəyyən səviyyəyədək ucuzlaşdırılacağını heç kim proqnozlaşdıra bilməzdi. Birinci devalvasiyadan sonra dövlət manatın dəyərini tənzimləməyə cəhdlər etsə də, bu istiqamətdə kifayət qədər vəsaitlər xərcləsə də, nəhayətdə ikinci məcburi devalvasiya tədbirləri qaçılmaz oldu və Mərkəzi Bank manatın “üzən məzənnə” kursuna keçməyə məcbur oldu.
Əlbəttə ki, Azərbaycanın ehtiyatları hələ kifayət qədər var, vəziyyət ölkəmiz üçün kritik deyil, amma narahatedicidir. Belə ki, neftin ucuzlaşması büdcəmizə güclü zərbə vurur, ölkəyə valyuta axını kəskin azalıb və sonda dolların məzənnəsindəki artım istehlak məhsullarının qiymətlərinə təsir göstərir. Ölkə rəhbəri artıq böhranın aradan qaldırılması üçün iqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi, iqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsi, əlverişli biznes mühitinin yaxşılaşdırılması kimi kompleks islahatlara start verib.
Cənab Prezident İlham Əliyev “Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası”nda antikrizis proqramının tezislərini ortaya qoydu. Müşavirədən keçən bir həftəlik zaman çərçivəsində biz paralel şəkildə aparılan olduqca ciddi islahatları hiss etdik və islahatlar hələ davam edəcəkdir. İlk növbədə insanları narahat edən ərzaq və gündəlik tələbat mallarında süni qiymət artımı edən bəzi işbazların sərt inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı tədbirlər həyata keçirildi və nəticələri qənaətbəxşdir. Digər tərəfdən əlverişli biznes mühitinin yaradılması ilə bağlı hələ ilin sonlarında ciddi islahatlar həyata keçirilmişdi. Artıq sahibkarlıq obyektlərinin qanunsuz yoxlanması, sahibkarların işlərinə yersiz və qeyri-qanuni müdaxilələr birmənalı olaraq aradan götürülüb. Bir çox sahələrdə lisenziya alınması tamamilə aradan qaldırılmış, zəruri hallarda lisenziyaların verilməsi prosesi isə daha da sadələşdirilərək şəffaflığın təmin edilməsi məqsədilə ASAN xidmətə verilib. Sonuncu müşavirədən sonra gömrük sahəsində mövcud olan problemlər qısa vaxtda həllini tapdı və inhisarçılıq tamamilə aradan qaldırıldı, azad rəqabət mühiti tam olaraq bərqərar edildi.
Həmçinin cənab Prezident mövcud resurslardan səmərəli istifadə və sərt qənaət tədbirləri ilə bağlı tapşırıqlarını verdi. Artıq bir-birini təkrarlayan sahələr, qurumlar ləğv edilir, birləşdirilir, çevik və şəffaf idarəetmə mexanizmi yaradılır, insanları narazı salan, bürokratik əngəllərlə mübarizə aparılır və yaxın gələcəkdə daha ciddi və sərt tədbirləri görüləcək. Cənab Prezident hər bir məmurun ən başlıca vəzifəsinin insanlarla ünsiyyətdə vicdanlı və səmimi olmasını, buna əməl etməyən və insanları narazı salacaq məmurların ciddi cəzalanacağını qəti şəkildə bəyan etdi. Cənab Prezident ictimai nəzarət mexanizminin həyata keçirilməsi ilə bağlı cəmiyyətə ciddi çağırış etdi və insanları fəal olmağa səslədi. Sosial cəhətdən daha çox ehtiyaclı kəsimə və təqaüdçülərə ünvanlanmış tədbirlərin hazırlanması və ölkə başçısına təqdim edilməsi Nazirlər Kabinetinə tapşırıldı.
Dövlət maliyyə böhranı ilə mübarizə aparmaqla bərabər ən yaxın perspektivdə iqtisadiyyatın digər sahələrinin sürətli inkişafını təmin etməyi qarşısına məqsəd qoyub. Belə ki, ölkə Prezidenti həm özəl biznes üçün yeni imkanlar açır, həm aqrar sferanın bütün istiqamətlərinin inkişafını əsas prioritetlərdən biri kimi görmək istəyir, həm ölkəmizin beynəlxalq yükdaşımalar uğrunda rəqabətdə xüsusi yer almasını vacib hesab edir, həm də alternativ iqtisadi resursları daha da işlək vəziyyətə gətirməkdə qətiyyətlidir.
Təəssüf ki, görülən işlərə qara yaxmaq istəyən, cəmiyyətimizdə süni olaraq narazılıq hissi yaratmaq istəyən qüvvələr daha da fəallaşıblar. Yanlış informasiya ilə insanlarda çaşqınlıq hissi formalaşdırmaq, dövlətə qarşı inamsızlıq yaratmaq cəhdləri vardır. Amma hər bir vətəndaşımız əmin ola bilər ki, ölkəmiz üçün vəziyyət narahatedici olsa da kritik deyil və insanlarımızı da heç bir təhlükə gözləmir. Taxıl Fondumuzda kifayət qədər taxıl ehtiyatımız vardır, Dövlət Neft Fondunun valyuta ehtiyatları hələ ki, toxunulmaz olaraq qalır. Eyni zamanda neft vəsaitlərimizin bir hissəsi valyutada deyil, digər aktivlərdə cəmləşdirilib. Yəni istifadə edə biləcəyimiz kifayət qədər ehtiyat mövcuddur. Bugünkü reallıq ondan ibarətdir ki, bu gün regionda ən ucuz taxıl məhsulları bizim ölkəmizdə satılır. Biz böhrandan çıxmaq üçün heç bir ölkədən borc istəməmişik və istəməyəcəyik də. Bu proseslərin öhdəsindən gəlməyə dövlət başçısının möhkəm siyasi iradəsi və dövlətimizin iqtisadi qüdrəti var. Böhrandan çıxmaq, insanların sosial problemlərinə kömək istiqamətində çevik proqramlar üzərində iş gedir, təsirli qərarlar qəbul edilir və bundan sonra da qəbul ediləcəkdir. İnsanların ilk növbədə səbrli olması lazımdır. İnsanlar dərk etməlidirlər ki, kənar təsirlər, radikal çağırışlar, insanlarda dövlətə və dövlətçiliyə qarşı inam hissini aradan qaldırmaq kimi siyasi bəyanatlar prosesdən çıxış yolu deyil. Müvəqqəti çətinlik bizə daha da sıx birləşməyi diktə edir, situasiyadan çıxış yolu dövlətə güvənməkdən, dövlətin və dövlətçiliyin yanında olmaqdan, ölkə başçısının anti-krizis islahatlarına dəstək olmaqdan, ölkənin siyasi rəhbərliyi ilə xalqın birliyindən keçir.