Morninqstar: “Azərbaycan və Türkmənistan kompromis əldə etməlidir”
24 may 2013 12:08 (UTC +04:00)

Morninqstar: “Azərbaycan və Türkmənistan kompromis əldə etməlidir”

“Xəzərin hüquqi statusu ilə bağlı məsələ müəyyənləşərkən əvvəlcə Xəzərin dəniz və ya göl olması məsələsində dəqiqləşmə aparılmalıdır. Bundan çıxış edərək məsələyə hansı qanunların şamil edilməsi bəlli olacaq. Əslində Xəzərin açıq dənizə, yəni okeana çıxışı yoxdur. Belə olan təqdirdə Xəzər göl kimi nəzərə alınmalıdır”. APA-nın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar “Azərbaycanda enerji və dəniz hüququ: Milli və beynəlxalq perspektivlər” mövzusunda keçirilən konfransda deyib.

 

Səfir bildirib ki, Xəzər göldürsə, o zaman kondominium yanaşması (bir ərazi üzərində bir neçə dövlətin suverenlik hüququ) tətbiq edilə bilər: “Kondominium deyəndə biz birgə idarəçiliyi nəzərdə tuturuq. Ruslar və iranlılar əslində Xəzərin birgə idarəçiliyi təşəbbüsü ilə çıxış edirlər. Onlar deyirlər ki, Xəzər dənizi hamımızındır və Xəzərin sahilində yerləşən ölkələr dənizin dibindən hər hansı boru kəmərlərinin çəkilməsi təşəbbüsündən çəkinməlidirlər. Azərbaycan və Türkmənistan isə fərqli mövqedən çıxış edirlər və dənizdə müvafiq istismar işləri aparırlar. Azərbaycan və Türkmənistan öz sularında boru kəmərlərinin çəkilməsi hüququna malikdir. Ümumən biz bununla razıyıq. Onda baxışlarımızı dəqiqləşdirək. Azərbaycanla Türkmənistan arasında dəniz sərhədlərinin müəyyənləşdirilməsi necə olmalıdır? 1990-cı illərdə mən ABŞ adından bu kimi sərhədlərin müəyyənləşdirilməsi üçün vasitəçi vəzifəsinə təyin edilmişdim. İndiyə qədər Türkmənistanla Azərbaycan arasında dəniz sərhədləri müəyyən edilməyib. Çox zaman insanlar orta xəttin müəyyən edilməsindən danışırlar. Amma bu zaman Abşeron yarımadasını nəzərə almalıyıq. Yarımada Xəzərə doğru irəli gedib. Sanki dənizi yarır. O zaman Azərbaycana məhz Abşeron yarımadasına görə dənizin daha böyük hissəsi düşəcək. Bu zaman Azərbaycana düşən faiz müəyyənləşməlidir. Türkmənistan isə buna etiraz edir. Əslində isə Türkmənistan başqa məsələdən danışır. Onlar deyirlər ki, bizdə sahil qayalıqdır və buradan başlayaraq, sahil ölçülməlidir. Bu da artıq başqa məsələləri gündəmə çıxarır. Biz burada “Kəpəz”dən – “Sərdar”dan danışırıq. Bu neft yatağının istismar edilməsi məsələsi bir narahatlıq mənbəyidir. Çünki azərbaycanlılar bu yatağa “Kəpəz”, türkmənlər isə “Sərdar” deyir. Türkmənlər orta xəttə öz maraqları kontekstindən yanaşırlar. Onların fikrincə, “Azəri-Çıraq” neft yataqları da Türkmənistan sektoruna düşür. Azərbaycan isə yerində olaraq bu məsələyə məhəl qoymur və artıq bu yataqlar istismardadır”.

 

Səfir qeyd edib ki, Azərbaycanla Türkmənistan Xəzərdə sərhədlərini müəyyənləşdirməlidir: “ABŞ-ın mövqeyinə görə, iki ölkə arasında razılıq əldə olunarsa, boru kəmərlərinin çəkilməsinə heç bir maneə olmayacaq. Burada bir kompromis olmalıdır. Bu məsələnin arbitraj məhkəməsində müzakirə edilməsinə dair təkliflər oldu. Amma bu, heç kimi razı salmadı. O zaman hər iki tərəf öz arasında razılığa gəlməlidir. Biz ölkələri danışıqlardan çəkinməməyə və bu məsələni dərindən müzakirə etməyə çağırmalıyıq. Son 15-20 il ərzində Azərbaycanla Türkmənistan arasında bu məsələyə dair danışıqlar tam sistemləşdirilməyib. Vaxtaşırı bu və ya digər ölkə arasında hansısa məsələ yaranır və cücərti səviyyəsində olan danışıqlar irəliyə doğru getmir. Əgər belədirsə, bəlkə yataqlardan gələn gəlirlərin bölüşdürülməsi ilə bağlı danışıqlar aparılsın? Ən azından iqtisadi baxımdan bu məsələlər öz həllini tapa bilər. Həm Azərbaycan, həm Türkmənistan boru kəmərlərinin çəkilməsi ilə bağlı irəliyə doğru addım atmaq istəyir. Çünki sonda bu boru kəməri Xəzərin dibi ilə hər iki ölkənin sektoru boyu tikiləcək. Ona görə də biz artıq hüquq siyasətindən danışırıq və siyasi kursun bu baxımdan formalaşması məsələsini gündəmə gətiririk”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 598
avatar

Oxşar yazılar