Bu barədə APA-ya hüquq müdafiəçisi Səadət Bənənyarlı məlumat verib. S. Bənənyarlı bildirib ki, bütün görüşlərdə jurnalist Xədicə İsmayıl, vəkil İntiqam Əliyev, hüquq müdafiəçiləri Rəsul Cəfərov, Leyla Yunus və digər təqsirləndirilən şəxslərlə bağlı müzakirələr aparılıb: “Ədliyyə Nazirliyində olarkən xüsusilə Leyla Yunusun saxlanma şəraiti və həkim müayinəsindən keçirilməsi məsələsini müzakirə etdik. Yəqin ki, yaxın vaxtlarda yaxınlarından bir nəfərin iştirakı ilə Leyla Yunus yenidən həkim müayinəsindən keçiriləcək. Görüşlər zamanı digər saxlanılan şəxslərlə bağlı da söhbətlərimiz oldu. Biz bu görüşlərin müsbət nəticələrinin olacağına ümid edirik”.