Gövhər Baxşəliyeva Lent.az-a yazır: İnkişafımız yolundakı maneələr
13 fevral 2013 16:51 (UTC +04:00)

Gövhər Baxşəliyeva Lent.az-a yazır: İnkişafımız yolundakı maneələr

Müasir dövrün tələbləri ilə ayaqlaşmağı bacarmayan, bu yöndə maneələrlə üzləşərək onu dəf etməyən xalq inkişaf edə, böyük nailiyyətlərə imza ata bilməz. Bu zaman bir məsələni də xüsusi nəzərə almaq lazımdır. Bizim qədimdən qalmış çox gözəl adət-ənənələrimiz var. Ancaq gərək bu adət-ənənələrin müasir həyatla səsləşən məqamlarını daha çox əxz edək. Çünki bəzi məqamlar var ki, artıq onlar öz dövrünü yaşayıb. Onları bu gün süni şəkildə yaşatmağa nə ehtiyac var?! Xüsusən də nəzərə alsaq ki, ümumiyyətlə, müsəlman aləmini bir qədər inkişafdan saxlayan, ləngidən vaxtı keçmiş adət-ənənələrin yaşadılmasıdır. Bu, düzgün deyil. Xristian aləmi nəyə görə bu qədər inkişafa nail olub? Çünki əsrlər boyu praqmatik, yəni cəmiyyətin bugünkü inkişafına uyğun olan, inkişafına təkan, stimul verən adət-ənənələri yaşatmağa çalışıblar. Bəli, xristianların orta əsrlərdə ağır dövrləri, inkvizisiya olub, insanları  tonqallarda yandırır, cadugər axtarışına çıxırdılar. Amma Avropa həmin hadisələrdən çox böyük dərs aldı və Reformasiya, islahatlar dövrü başladı və din də vaxtaşırı cəmiyyətin inkişafına uyğunlaşdırıldı. Yəni din inkişaf qarşısında maneəyə çevrilmədi. Ağıllı dindarlar özləri də bunu dərk edərək cəmiyyətin mütərəqqi insanlarının səslərinə səs verdilər. Beləliklə, reformasiya prosesi getdi və dini ehkamlar cəmiyyətin sosial-iqtisadi və mədəni inkişafına uyğunlaşdırıldı. Bu gün xristian dini Avropada xalqların inkişafına təkan verir.  

 

 

 

Ruhanilərin missiyası

 

Mən ömrümün çox illərini müsəlman mədəniyyətinin öyrənilməsinə, tədqiqinə sərf etmişəm və bu fikirləri də bir müsəlman təəssübkeşi, müsəlman aləminin qədim mədəniyyətinin vurğunu kimi söyləyirəm. Dünyəvi liderlər daim modernləşməyə, yeniləşməyə can atıblar, ancaq müsəlman cəmiyyətinin başında duran ruhanilərin də bunu başa düşmələri və buna dəstək vermələri lazımdır. Mən demirəm ki, Qərbdə bu gün hər şey idealdır. Yox. Qərbdə bu gün çox xoşa gəlməyən hallar var. Məsələn, Fransa Senatı eynicinslilərin izdivacına icazə verən qanun qəbul etdi. Bu, biabırçılıqdır. Bəşəriyyət yaranandan bu kimi hallara böyük ikrah var. Hətta Bibliyada “Sadom günahı”ndan bəhs edilir. Sadom bir şəhər olub, Allah eynicinsli insanların izdivaca girdiyi üçün bu şəhəri bir gecədə dağıdıb.

Bununla belə Qərbdə inkişafı stimullaşdıran müsbət cəhətlər çoxdur, həmin cəhətləri öyrənmək, götürmək lazımdır. Öz cəmiyyətlərimizin inkişafını stimullaşdıran, cəmiyyətimizin inkişafına təkan verən cəhətləri istənilən cəmiyyətdən əxz etməliyik. Həmin o Avropa vaxtilə Şərqdən nə qədər müsbət məsələləri öyrəndi?! Səlib yürüşləri zamanı avropalılar nə vəziyyətdə idilər? Şərqə gəlib böyük mədəniyyət gördülər və ondan çox şey əxz etdilər. Müsəlman aləmi də bu gün Qərbin mütərəqqi nailiyyətlərindən istifadə etməli, yeniləşməyə can atmalıdır. Bu fikirlər Şərqdə zaman-zaman mütərəqqi ziyalılarının, yazıçılarının əsərlərində öz əksini tapıb. Elələri olub ki, xalqının inkişafına, maarifləndirilməsinə, müasir dünyaya qədəm qoymasına ömürlərini həsr ediblər. Amma təəssüf ki, Şərqdə mühafizəkarlar güclü olub. Bu cəmiyyətlərdə daima islahatçılarla mühafizəkarlar arasında mübarizə gedib və Şərqdə həmişə mühafizəkarlar üstünlük əldə edə biliblər. Ona görə də cəmiyyətlərin inkişafı ləngiyib.

 

Mən vaxtı ilə bir hekayə tərcümə etmişdim. Əbdülsəlam əl-Uceyli adlı Suriya yazıçısıdır. Mən onun yaradıcılığını öyrənib, bir sıra əsərlərini tərcümə etmişəm. Əbdülsəlam əl-Uceylinin “Sevilya lampaları” əsəri var. İrihəcmli hekayədir. İdeyası nədir? Bəli, Şərqin keçmişi çox gözəl, möhtəşəm olub və biz haqlı olaraq o keçmişlə fəxr edir, onu dəyərləndiririk. Eyni zamanda biz bu gün həmin keçmişimizin əsirinə çevrilməməliyik. Biz o keçmişin əsirliyində qalsaq, müasir həyatla, inkişafla ayaqlaşa bilmərik. O zaman biz aparıcı inkişaf qüvvəsinə yox, yalnız və yalnız Qərbin xidmətçisinə çevriləcəyik, gərək biz bu əsarətdən qurtulaq. Keçmişin əsarətində qalmayaq, dünya xalqlarının keçdiyi inkişaf yolunu biz də keçək, dünya xalqları ilə eyni səviyyədə addımlayaq. Əsərin ideyası budur.

 

Dünyaya töhfəmiz

 

İstənilən xalqın dəyəri, qiyməti həmin xalqın bəşəriyyətin inkişafına hansı töhfələr verdiyi ilə ölçülür.  Azərbaycanın keçmiş mədəni nailiyyətlərinə nəzər salsaq, görürük ki, xalqımız bəşəriyyətin inkişafına intellektual baxımdan heç də Avropanın istənilən xalqından az töhfə verməyib. Biz Nizami, Məhsəti Gəncəvi, Əfzələddin Xəqani Şirvani ilə fəxr etməliyik. Hansı Avropa xalqı fəxr edə bilər ki, 12-ci əsrdə hansısa şairi Nizami kimi əsərlər yazıb? Nizami çox böyük şair olub, düşünürəm ki, hələ bu günə qədər onun qiyməti tam verilməyib. Nizaminin əsərləri orta məktəblərdə tədris olunur, dərsliklərə salınır, bu, öz yerində. Amma Nizami elə bir şairdir ki, zaman-zaman ona yenidən qayıtmaq lazımdır. Məsələn, 15 yaşın intellektual yükü, bilikləri 55 yaşlı insanın intellektual səviyyəsi ilə fərqlidir. 55 yaşında insan, xüsusilə yaradıcı insanlar, elm adamları bir çox əsərləri oxuyur, əxz edir, bilik ehtiyatı da böyük olur. Yəni yeni zirvədən də Nizaminin yaradıcılığına nəzər salanda görürük ki, Nizami sonsuz dərəcədə böyük şairdir. Nizami 12 əsrə qədər bəşər sivilizasiyasının yaratdığı bilikləri mənimsəmiş və həmin bilgilərdən məharətlə istifadə etmiş şairdir. 12 əsrdə Gəncədən çıxmayasan, qərb, yunan, şərq, hind  və çin mədəniyyətlərinin bütün nailiyyətlərini qavrayasan, bu, görünməmiş bir haldır. 21-ci əsrdə yaşayırıq, informasiya texnologiyaları inkişaf edib, bilikləri əxz etmək üçün vasitələr çoxalıb. Amma bu gün Nizami səviyyədə insan, yəni bütün bəşər sivilizasiyasının yaratdığı intellektual sərvəti özündə cəmləşdirən, onu yaradıcı şəkildə işləyib yeni əsər yaradan insan yoxdur. Çünki sivilizasiyanın bu qədər nailiyyətlərini əxz etmək mümkün deyil. Amma Nizami o qədər dahi insan olub ki, 12-ci əsrdə o dövrün verdiyi məhdud imkanlarından istifadə edərək, əlyazmaları oxuyaraq bu qədər böyük biliklər əxz edib. Dünyanın heç bir xalqı Nizami qədər böyük dahi  yetişdirə bilməyib.

 

Mən keçən il Oksford Universitetində oldum, kataloqlara baxırdım. İnanın ki, Əfzələddin Xəqani Şirvaninin qiymətini biz o qədər vermirik. Xəqaninin orada əlyazmalarının nə qədər nüsxələri var?! Xəqani Böyük Britaniyada yaradıcılığının fəlsəfi məzmununa görə çox yüksək qiymətləndirilir.

 

Bütün bunlar xalqımızın keçmişdə çox böyük potensialının olmasından xəbər verir. Bu gün də xalqın yaradıcı ziyalıları önə çıxmalı, xalqı zaman-zaman irəli aparmalıdır.

 

Ziyalının atmalı olduğu addım

 

Mən bu aspektdə bir məsələyə də xüsusi diqqət çəkmək istəyirəm. Söhbət bugünkü yas mərasimlərimizdən gedir. Düzdür, əvvəlkinə nisbətən yas mərasimləri zamanı küçələrdə qurulan çadırlar azalıb, çünki Təzəpir məscidində yas mərasimlərinin keçirilməsi üçün şərait yaradılıb. Ancaq küçələrdə qurulan çadırlar əvvəlki illərə nisbətən azalsa da, problem hələ də ciddi olaraq qalmaqdadır. Şəhərin küçələrində çadır qurub, antisanitariya şəraitində insanlara yemək vermək nə dərəcədə düzgündür? Ümumiyyətlə, Azərbaycanda yas mərasimləri indiki vəziyyətə ona görə çatıb ki, sovetlər dönəmində dövlət vətəndaşın məscidlərlə ünsiyyətini minimuma endirib, məscidlərdə yas mərasiminin keçirilməsinə qadağa qoyulub. Ona görə də insanlar məcburən yas mərasimlərini evlərə keçirib, evlərində rəhmətə gedən yaxınları üçün ehsan veriblər.

 

Yeri gəlmişkən, ərəb ölkələrində dünyasını dəyişmiş insanlar üçün bu şəkildə ehsan vermək ənənəsi yoxdur. İranda yas mərasimləri məscidlərdə keçirilir. Ehsanın mənası nədir? Yaxınları dünyasını dəyişən insanın xatirəsini yad etmək, onun o dünyada rahatlıq, rəhmət tapması üçün ehsan verirlər. Yəni ehsan ehtiyacı olan insanlara çatmalıdır. Madam ki, ehsanın mənası bundan ibarətdir, ailə üzvünü itirmiş vətəndaşlar tərəfindən  ehsana sərf olunan vəsait uşaq evinə, əlillər evinə, qocalar evinə çatdırılsa daha məqsədəuyğun olmazmı?

 

Bu zaman başqa bir problemi də həll edərik. İndi az qala insanlar ehsan verilməsini məcburiyyət kimi qəbul edirlər. Halbuki heç də hamının ona imkanı çatmır. Bəzən imkanı olmayan insan da məcburən xərcə, borca düşüb ehsan verməli olur. Halbuki imkanın yoxdursa, heç də bunun üçün borca düşmək lazım deyil.

 

Başqa çıxış yolu da var. Məsələn, Azərbaycanın bəzi rayonlarında axundlar tərəfindən tövsiyə edilib ki, rəhmətə getmiş insan üçün ehsan bir, ya iki dəfə verilsin. Çünki birinin imkanı var, ehsan verə bilir, o birinin imkanı yoxdur, amma özünü buna məcbur edir. O baxımdan mən də ehsan verilməsinin minimuma endirilməsini təklif edirəm. Yaxud öncə də qeyd etdiyim kimi, həmin ehsana xərclənən vəsait həqiqətən də ehtiyacı olana çatdırılsın.

 

Bu məsələlərdə ziyalı ailələr qabağa düşməlidir və bu addımı atmaq lazımdır. Allah hamıya ömür versin. Amma, məncə, ehsana ayrılan vəsaitin yetim uşaqlara, kimsəsiz insanlara, qocalara, həqiqətən ehtiyacı olanlara xərclənməsi mərhumun ruhuna daha böyük rəhmət oxutdurar.

 

Ümumiyyətlə, bir qədər özümüzdə cəsarət tapıb cəmiyyətin bugünkü inkişafı ilə uzlaşmayan adət-ənənələrdən uzaqlaşmalıyıq...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1226
avatar

Oxşar yazılar