Dövlət Vahid İstintaq Komitəsi və Andlılar Məhkəməsinin yaradılması istisna deyil
15 mart 2013 18:10 (UTC +04:00)

Dövlət Vahid İstintaq Komitəsi və Andlılar Məhkəməsinin yaradılması istisna deyil

Bu gün Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı ədliyyə naziri Fikrət Məmmədov millət vəkili Qüdrət Həsənquliyevin iradlarına münasibət bildirib.
Lent.az-ın verdiyi məlumata görə, Fikrət Məmmədov deyib ki, Azərbaycanda onlarla yeni məhkəmə yaradılıb. Ədliyyə naziri qeyd edib ki, 2010-2011-ci ildə 20 yeni məhkəmə, o cümlədən rayonlarda Ağır Cinayətlər üzrə Məhkəmələr də yaradılıb: “Artıq yüzlərlə, minlərlə şəxslər Bakıya üz tutmalı olmur”.


Fikrət Məmmədov məhkəmələr vətəndaşların, iş adamlarının hüquqlarının müdafiəsində durur: “Biz daim məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı sorğular keçiririk. Eyni zamanda hakimlərin məsuliyyətinin artırılması ilə bağlı xeyli tədbirlər görülüb. 60 hakimin səlahiyyətinə vaxtından xitam verilib, 148 hakim barədə ciddi intizam məsuliyyəti tətbiq olunub, 3 hakim aşağı vəzifəyə keçirilib. Hakimlərlə bağlı Avropa Şurası ilə birlikdə Azərbaycanda ən ədalətli seçim qaydası tətbiq olunub”.
 


Ədliyyə naziri 4 yeni məhkəmə binasının bu yaxınlarda istifadəyə verildiyini nəzərə çatdırıb: “Bu məhkəmələrdə yeni prinsiplərlə qurulub. Vətəndaşlarla hakimlər arasında qeyri-prosessual məsələlərlə bağlı ünsiyyətinin qarşısının alınması istiqamətində addımlar atılıb. Məhkəməyə gələ bilməyən şahidlərin dindirilməsi də artıq mümkündür. Dünya Bankı bununla bağlı layihəni uğurlu qiymətləndirib və işlərimizi davam etdirmək üçün bizə dəstəyini davam etdirir. Bizim üçün əsas odur ki, bunlar real məhkəmə proseslərində də öz bəhrəsini göstərsin. Apelyasyia və Ali Məhkəmə tərəfindən işlərin ləğv olunmasından söhbət getdi. Bu gün diqqət yetirsək, görərik ki, 97 faizə qədər belə hal yoxdur, işlərin cüzi miqdarı yuxarı məhkəmə instansiyalarında ləğv olunur. Bu da təbiidir, Azərbaycanda 3 pilləli məhkəmə sistemi var. 2003-cü ildən Avropa məhkəmə sisteminə qoşulmuşuq. Avropa Məhkəməsinə 150 min iş yığılıb, təkcə bu işlərə baxmaq üçün məhkəməyə 20 il lazımdır. Bu işlərin 55 faizi Rusiya, İtaliya, Rumıniya və Yunanıstana aiddir. Qəbul edilən qərarların Ukrayna, Yunanıstan, Türkiyə və Rusiya ya aiddir. Azərbaycanla bağlı bu göstəricilər 2 dəfə azdır. İşlər çox olduğu üçün Avropa Məhkəməsində yerli məhkəmələrin işinin təkmilləşdirilməsi müzakirə olunur”.

 


Fikrət Məmmədov Qüdrət Həsənquliyevin Dövlət Vahid İstintaq Komitəsi yaradılması ilə bağlı təklifinə də toxunub: “40 ilə yaxındır, praktika və nəzəriyyədə bu məsələ müzakirə olunur. Hələ ki, MDB ölkələrindən Rusiyada yaranıb. O da istintaqların hamısını ləğv etmir, digər qurumlarda da istintaq aparılır. Bu sahədə ilkin təcrübədə öyrənilir, gələcəkdə baxıla bilər. Digər tərəfdən, məhkəmə qərarlarının icrası ilə bağlı işlər aparılır və ildə iki dəfə prezidentə bununla bağlı məruzə edilir. Məhkəmə qərarlarının icra olunması üçün icra mexanizmləri təkmilləşdirilir. İl ərzində icraya yönəldilmiş 185 min iş olur, onların da 75 faizi müsbət həll olunur. Amma bəzi işlərin icrasında hələ də problemlər var. Bu, xüsusən də uşaqlarla bağlı alimentlərin verilməsi ilə əlaqədardır”.

 


Ədliyyə naziri aliment ödənilməməsinə görə qanunvericiliyin sərtləşdirilməsinin artıq nəticə verdiyini bildirib. Onun sözlərinə görə, qanun qüvvəyə minməməsə də, nəticə verir: “Bu yaxınlarda nazirliyinin geniş Kollegiya iclası keçirilib. İşdə qüsurlara yol vermiş 30-a qədər icra məmuru intizam məsuliyyətinə cəlb olunub. Bu sahədə mövcud olan imkanları səfərbər etməyə çalışırıq ki, işimizi daha da yaxşılaşdıraq”.


O, Andlılar Məhkəməsi məsələsinə də toxunub: “Hazırda islahatlar gedir. Qanunvericilikdə Andlılar Məhkəməsinin yaradılması məsələsi nəzərdə tutulub. Ancaq hələ ki, məhkəmə-hüquq islahatları başa çatmayıb, davam edir. İslahatlar yekunlaşandan sonra bu məsələyə baxılacaq”.

Qeyd edək ki, Qüdrət Həsənquliyev parlamentdəki çıxışında məhkəmələrdə bir çox hallarda ədalətsiz qərarlar qəbul edildiyini söyləyib: “Yaxşı ki, Bakı Apelyasiya Məhkəməsi var. Ancaq bu Apelyasiya Məhkəmənin qərarını da Ali Məhkəmə ləğv edir. Biz niyə andlılar məhkəməsi institutunu tətbiq etmirik? Hökumətin vəzifəsi təkcə iqtisadi göstəricilər barədə məlumat vermək deyil, vətəndaş cəmiyyəti quruculuğu da hökumətin üzərinə düşür. Ona görə də dünya ölkələrində özünü doğrultmuş andlılar institutunun artıq Azərbaycanda tətbiqi reallaşmalıdır”.


Millət vəkili Dövlət Vahid İstintaq Komitəsinin yaradılmasına da ehtiyac olduğunu vurğulayıb. O, qaçqın və məcburi köçkünlər üçün binaların tikilməsinin çox yaxşı olduğunu bildirib: “Ancaq niyə bu binalar Qusarda, Balakəndə tikilməsin? Axı onsuz da Bakıda kifayət qədər sıxlıqdır! Həmin rayonlarda qaçqın və məcburi köçkünlər üçün evlərin tikilməsi dediyim və demədiyim bir sıra problemlərin həllinə səbəb olar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1011
avatar

Oxşar yazılar