Azərbaycanın Sankt-Peterburqdakı sabiq baş konsulu Qüdsi Osmanov yeni vəzifəyə təyin olunub.
19 aprel 2013 19:11 (UTC +04:00)

Azərbaycanın Sankt-Peterburqdakı sabiq baş konsulu Qüdsi Osmanov yeni vəzifəyə təyin olunub.

Baş Konsulluqdan APA-ya verilən məlumata görə, Qüdsi Osmanov Azərbaycanın Rusiyadakı səfirinin müavini təyin edilib. Azərbaycan prezidentinin müvafiq sərəncamı konsulluğun internet səhifəsində yerləşdirilib.  

 

APA-nın Moskva müxbirinə açıqlama verən Qüdsi Osmanov yeni təyinatı ona göstərilən böyük etimad kimi dəyərləndirib: “Dünən Azərbaycan prezidenti müvafiq sərəncam imzalayıb. Bir sərəncam Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu vəzifəsindən geri çağırmağım, digəri isə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfirinin müavini vəzifəsinə təyin olunmağımla bağlıdır. Diplomatik sahədəki uğurlarım nəzərə alınaraq mənə daha yüksək vəzifə etimad olunub. Bundan sonra Azərbaycanın Rusiyadakı səfirinin müavini vəzifəsində çalışacağam. Bu, mənim üçün böyük şərəfdir. Qarşıma nə tapşırıq qoyulubsa, onu yerinə yetirəcəyəm”.

 

Q. Osmanov Rusiyanın regionları ilə Azərbaycan arasında iqtisadi və mədəni əlaqələrin inkişaf etdirilməsində böyük təcrübəyə malik olduğunu söyləyib: “Səfir müavini kimi də Rusiya-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi üçün əlimdən gələni edəcəyəm. 25 ildən artıqdır ki, Rusiya Federasiyasında yaşayıram. Əvvəl fəxri konsul, daha sonra isə uzun müddət baş konsul kimi fəaliyyət göstərmişəm. Mənə göstərilən bu etimadı doğruldacağıma əminəm”.

 

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Qüdsi Osmanov dünən Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu vəzifəsindən azad edilib.

 

Qeyd edək ki, Qüdsi Osmanov 1966-cı ildə Ermənistan Respublikasının Noyemberyan rayonunda anadan olub. 1998-ci ilin aprel ayından 2004-cü ilin dekabr ayınadək Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Fəxri Konsulu vəzifəsində çalışıb. Azərbaycan prezidentinin 16 dekabr 2004-cü il tarixli sərəncamına əsasən, Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulu vəzifəsinə təyin olunub, ona fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib. 

 

# 1577
avatar

Oxşar yazılar