Müasir dövrdə dövlətlərin, xalqların inkişafını şərtləndirən amillər sırasında dövlətin beynəlxalq münasibətlər sistemində yeri və rolu xüsusi önəm kəsb etməkdədir. Bəs Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yeri və rolunu necə dəyərləndirmək olar?
Beynəlxalq münasibətlər və reallıq
Bu suala cavab vermək üçün öncə tarixə qısa ekskursiya və baş verən prosesləri təhlil etmək zəruridir. Milli Azadlıq Hərəkatı və SSRİ-nin dağılması ilə yaranan tarixi şəraitdə Azərbaycan Ali Soveti 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edib. Konstitusiya Aktında müstəqil Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğu əksini tapıb. 1991-ci il dekabrın 29-da keçirilən referendumda əhalinin 95 faizi iştirak edib və müstəqilliyimizə səs verib. Ancaq Rusiyadakı imperialist dairələr sovet imperiyasının dağılması, Azərbaycan və digər ölkələrin Moskvanın təsir dairəsindən çıxması ilə barışmadığını ortaya qoyub. ABŞ və Avropanın dəstəyi ilə yalnız Baltikyanı ölkələr – Latviya, Litva və Estoniya müstəqil dövlət quruculuğu və bazar iqtisadiyyatına keçid prosesini sürətlə və qısa müddətdə həyata keçirməyi bacarıblar. Digər postsovet ölkələrini Müstəqil Dövlətlər Birliyi və digər formatlara cəlb etməyə, bu ölkələri yenə də müxtəlif yollarla idarə etməyə çalışan şimal qonşumuz bu məqsədlə etnik münaqişə zonaları yaratmaq və onları alovlandırmaq yolunu da məqbul sayıb. Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya, Cənubi Osetiya, Moldovada Dnestryanı bölgələrdə yaradılmış münaqişələr bu gün də bu ölkələrə təsir etmək yönündə Rusiya üçün mühüm rıçaqlar sayılır. Günümüzdə tam müstəqilliyə və Qərbə inteqrasiyaya can atan Ukrayna xalqının üzləşdiyi problemlər, Ukraynanın ərazi bütövlüyünə qəsd edilərək Krım yarımadasının Rusiyaya birləşdirilməsi postsovet ölkələrindəki münaqişələrin mahiyyətini bir daha çılpaqlığı ilə ortaya qoyur. BMT də 23 ildir ki, müstəqil dövlət kimi üzvü olan Ukraynaya qarşı həyata keçirilən bu işğalçı siyasətin də qarşısının alınması istiqamətində real addım ata bilmir. Başqa sözlə, BMT dünyada sülh və sabitliyin qorunmasına məsul beynəlxalq mexanizm kimi özünü doğrulda bilmir. Ancaq Azərbaycan kimi yenicə müstəqillik qazanmış ölkələr üçün BMT-yə üzv qəbul olmaq bu müstəqilliyin təsdiqi üçün müstəsna şərtlərdən biridir. Azərbaycan 1992-ci il martın 2-də, Rusiyanın Xankəndindəki 366-cı motoatıcı alayının texnika və canlı qüvvəsinin dəstəyi və iştirakı ilə işğal edilən Xocalıda mülki əhalini qətlə yetirməsi ilə bağlı ölkəmizdə elan edilən üçgünlük rəsmi matəmin sonuncu günü BMT-yə üzv qəbul olunub. Başqa sözlə, BMT Azərbaycanı Dağlıq Qarabağ da daxil olmaqla, sahəsi 86.6 min km2 olan bir dövlət kimi öz sıralarına qəbul edib və beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu, Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində yerinin müəyyənləşməyə başlaması baxımından mühüm bir məqam idi. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Qarabağ münaqişəsinə dair 822, 853, 874, 884 saylı dörd qətnamə qəbul edərək Azərbaycanın ərazi toxunulmazlığını təsdiqləyib, işğalçı qüvvələrin tutduqları torpaqlardan qeyd-şərtsiz çıxmasını tələb edib. Lakin həmin sənədlərdə bu işğalın konkret olaraq Ermənistan dövləti tərəfindən həyata keçirilməsi faktı əksini tapmayıb, erməni qüvvələrindən bəhs edilib. Məcburi xarakteri və icra mexanizmi olmayan bu qətnamələr, illərdir ki, kağız üzərində qalmaqdadır. 2008-ci il martın 14-də BMT Baş Assambleyasının 62-ci sessiyasında qəbul olunan “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında” qətnamə barədə də eyni sözləri demək olar.
Xarici siyasətdə ən böyük uğur
Yeri gəlmişkən, BMT Nizamnaməsinin 2-ci maddəsində yazılıb ki, təşkilata üzv dövlətlərin bir-birinin suverenliyinə, sərhəd toxunulmazlığına qəsd etməsi yolverilməzdir. 6-cı maddədə isə yazılıb ki, BMT Nizamnaməsinin prinsiplərini sistematik olaraq pozan ölkə Təhlükəsizlik Şurasının təqdimatı və Baş Assambleyanın qərarı ilə təşkilatdan xaric edilə bilər. BMT Nizamnaməsinin 51-ci maddəsinə görə, Azərbaycana məruz qaldığı işğala son qoymaq üçün hərbi gücə əl atmaq hüququna malikdir. Ancaq ötən dövrün təcrübəsi göstərir ki, BMT Təhlükəsizlik Şurasında hər hansı bir məsələ ilə bağlı böyük güclərin geosiyasi maraqları üst-üstə düşdükdə, yaxud bu güclərin əksəriyyətinin maraqlarının üst-üstə düşüb, digərlərinin neytral mövqe tutması halında BMT-nin qətnamələri dərhal yerinə yetirilir. BMT Təhlükəsizlik Şurasında qərarların qəbulu veto hüququna malik ABŞ, Rusiya, Böyük Britaniya, Çin və Fransanın iradəsindən asılıdır. Liviya ilə bağlı yaxın keçmişdə baş verənlər də bunu bir daha təsdiqlədi. Bu baxımdan Azərbaycan 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini BMT Təhlükəsizlik Şurasında təmsil edən qeyri-daimi üzvü seçilməsi və rotasiya prinsipi əsasında Təhlükəsizlik Şurasına sədrlik etməsi böyük diplomatik uğur idi. BMT baş katibi Paq Gi Mun da 2013-cü ilin oktyabr ayında Təhlükəsizlik Şurasının sədri kimi səmərəli fəaliyyətinə görə Azərbaycana təşəkkür edib və Azərbaycanın BMT ilə birgə sülh, təhlükəsizlik və davamlı inkişaf sahəsində qlobal çağırışların həllinə vacib töhfələrini yüksək qiymətləndirib. Azərbaycan 155 ölkənin səsini alaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməklə artıq İslam aləmi və Türk Dünyasında, o cümlədən Qərbdə böyük hörmət və nüfuz qazandığını ortaya qoyub. Bu, həm də sabiq prezident Heydər Əliyev tərəfindən əsası qoyulan və prezident İlham Əliyev tərəfindən davam etdirilən xarici siyasət kursunun rasional əsaslara malik olduğunu təsdiqləyib. Başqa sözlə, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında ortaya qoyduğu fəaliyyətlə özünə inam, islam dövlətləri arasında nüfuz qazanmasaydı, Türk Dünyasının inteqrasiyası, Türkdilli Dövlətlərin Parlament Assambleyası kimi qurumların yaradılması, türk diaspor təşkilatlarının birgə fəaliyyəti ilə bağlı təşəbbüslərə öncüllük etməklə Türk Dünyasında diqqət mərkəzində olmasaydı, Avropa Şurası, ATƏT və digər Avropa strukturları ilə münasibətləri rasional əsasda qurmasaydı, müstəqilliyinin 20-ci ildönümündə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçkisində Macarıstan və Sloveniyanı üstələyə bilməzdi. Bu uğur Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yeri və rolunu göstərdi.
Son missiya
Xarici siyasətdəki uğurların əsası isə daxil siyasi və iqtisadi amillərə əsaslanır. Sabiq prezident Heydər Əliyev tərəfindən 1994-cü ildə geosiyasi güclərin maraqlarının və Azərbaycanın mənafeyinin tarazlaşdırılmasına nail olunaraq “Əsrin Müqaviləsi”nə imza atılması, çökmüş iqtisadiyyatın inkişafı üçün bazis yaradılması, bunun davamı olaraq 1995-ci ildən ölkədə hərbi çevrilişlərə birdəfəlik son qoyularaq daxili siyasi sabitliyə nail olunması, bu siyasi və iqtisadi kursun prezident İlham Əliyev tərəfindən davam etdirilməsi qeyd edilməlidir. Məhz iqtisadi və siyasi amillər Azərbaycanın güclü ordu qurmasını şərtləndirib. Görülən işlər həm də Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsinə hazırlıq istiqamətində atılan addımlardır. Çünki işğal altındakı torpaqları azad etmək üçün güclü iqtisadiyyata və orduya malik olmaq vacibdir.
Bu gün dünyada heç bir iqtisadi, analitik mərkəz Azərbaycan və Ermənistan iqtisadiyyatlarını müqayisə etmir. Çünki bu ölkələrin iqtisadiyyatları arasında fərq on dəfələrlə çoxdur. Digər tərəfdən, hazırda Azərbaycan neft-qaz sektorunda qazanılan uğurlar əsasında formalaşmış bazisə əsasında qeyri-neft sektorunun inkişafı istiqamətində addımlar atmaqdadır. Sənaye parklarının yaradılması, daxili və xarici investorların qeyri-neft sektoruna sərmayə qoymağa təşviq edilməsi istiqamətində işlər görülür. Qeyri-neft sektorunda kənd təsərrüfatının inkişafı da xüsusi diqqət mərkəzindədir. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu, Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə fermerlərə böyük həcmdə güzəştli kreditlər ayrılır. Qarşıya qoyulan əsas məqsəd Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Dövlət başçısı da çıxışlarında dəfələrlə bəyan edib ki, Azərbaycan əsas ərzaq məhsulları ilə özünü tam təmin etməyə nail olmalıdır. Görülən işlər yaxın illərdə Azərbaycanın güclü qeyri-neft sektoruna, inkişaf etmiş kənd təsərrüfatına malik bir ölkəyə çevriləcəyini proqnozlaşdırmağa əsas verir. Ermənistan isə iqtisadiyyatını inkişaf etdirmək üçün belə imkanlardan məhrumdur. Azərbaycanın işğalçı ölkəni iqtisadi baxımdan dünyadan təcrid etmək istiqamətində apardığı uğurlu siyasət də bunu deməyə əsas verir.
Güclü iqtisadiyyata malik Azərbaycanın ordusu da işğalçı ölkənin ordusu ilə müqayisədə bundan sonra da daha güclü olacaq. Bu iki ölkənin hərbi potensialı arasında fərq kəskin şəkildə artmağa davam edəcək. Bu gün hərbi ekspertlərin, analitik mərkəzlərin Cənubi Qafqazda ən güclü ordusu saydığı Azərbaycan ordusu bundan sonra da Cənubi Qafqazın ən güclü ordusu olaraq qalmaqda davam edəcək. Mübariz İbrahimov, Fərid Əhmədovun Vətən uğrunda fərdi qəhrəmanlıqları Azərbaycan gənclərinin hərbi-vətənpərvərlik ruhunun çox yüksək səviyyədə olduğundan, hərbi əməliyyatlar başlayarkən ən müasir silahlarla öz torpaqları uğrunda döyüşə atılacaq vətənpərvər gənclərin qarşıya qoyulan məqsədə qısa müddətdə nail olacağından xəbər verir. Sadəcə, bu gün Ukraynanın ərazi bütövlüyünə qəsd və dünya birliyinin bunun qarşısında real addımlar atmaması göstərir ki, Azərbaycanın torpaqlarını azad etmək üçün indiyə qədər hərəkətə keçməməsi, əlverişli beynəlxalq şəraiti, zamanı gözləməyə üstünlük verməsi rasional seçimdir. Bu, son və əsas missiyanı həyata keçirmək üçün Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində yeri və rolunun daha da artırılması, möhkəmləndirilməsi və əlverişli beynəlxalq şəraitin yetişməsini sürətləndirmək vacibdir ki, bu da bu gün Azərbaycanın xarici siyasətində qarşıya qoyulan əsas vəzifələrdən biridir.
Qeyd: Yazı Azərbaycan Mətbuat Şurasının «Azərbaycan beynəlxalq münasibətlər sistemində” mövzusundakı müsabiqəsinə təqdim etmək üçün hazırlanıb.