Azərbaycan azad mətbuatın inkişaf etdiyi ölkələr sırasındadır
19 iyul 2013 18:50 (UTC +04:00)

Azərbaycan azad mətbuatın inkişaf etdiyi ölkələr sırasındadır

 

 

Dövlət başçısı İlham Əliyevin Azərbaycan jurnalistlərinin VI qurultayının iştirakçılarına təbrikində səsləndirdiyi “Bu gün ölkəmizin artan imkanları kütləvi informasiya vasitələrinin, o cümlədən milli mətbuatımızın inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsinə şərait yaratmışdır... Kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda, milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə mətbuatımız Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir” fikirləri Azərbaycan mətbuatının dünəninə, bu gününə və gələcəyinə baxış olmaqla yanaşı, qarşıda duran vəzifələrə də işıq salır.

 

Demokratik cəmiyyətin varlığını təsdiqləyən əsas amillərdən biri söz, mətbuat azadlığının yüksək səviyyədə təmin olunmasıdır. Mətbuat azadlığı hər bir ölkənin inkişafı üçün vacib amil kimi önə çəkilir. Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan və bu istiqamətdə inamlı addımlar atan, demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilən Azərbaycanda azad mətbuatın inkişafı daim diqqətdə olan məsələlərdəndir. Dövlət başçısı İlham Əliyevin böyük əminliklə qeyd etdiyi kimi, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçib. Bunu təsdiq edən çoxsaylı faktlar mövcuddur.

 

Azərbaycan milli mətbuatının 138 illiyi ərəfəsindəyik. Hər bir bayram tədbiri bir hesabatdır. Keçilən yola nəzər salınır, qarşıda duran vəzifələr müəyyənləşdirilir. Müstəqil Azərbaycanımızın hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirdiyini, qarşıya yeni hədəflər qoyduğunu nəzərə alsaq, hesabat xarakterll bayram günündə arxada qalan illərin uğurlarını bir yazıda qeyd etmək mümkünsüzdür. İnkişafın Azərbaycan modeli beynəlxalq səviyyədə təqdir olunub, öyrənilməsinin vacibliyi vurğulanırsa, təbii ki, bu, Azərbaycan dövlətinin uğurlu siyasətinin nəticəsidir. Bu siyasətin möhkəm təmələ əsaslanması, Azərbaycanın bu təməl üzərində daha sürətli inkişafı hər bir Azərbaycan vətəndaşında böyük qürur hissi yaradır.

 

Bu gün hansı sahənin inkişafından bəhs ediriksə, uğurlarımız ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz dahi şəxsiyyətin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın tarixində yeni bir səhifə açdı. Bu səhifəni vərəqlədikcə ulu öndərin Azərbaycan dövlətinin, xalqının qarşısındakı xidmətlərinin miqyasının genişliyi daha aydın nəzərə çarpır, böyük fəxr hissi yaradır. Ulu öndər Heydər Əliyevin “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi də onun bu sahənin inkişafına dəstəyindən və qayğısından qaynaqlanıb.

 

Qeyd etdiyimiz kimi, milli mətbuatımızın 138 illiyini bayram edirik. 1875-ci il iyulun 22-də görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan «Əkinçi» qəzeti ilə əsası qoyulmuş milli mətbuatımız ötən dövr ərzində mürəkkəb, eyni zamanda şərəfli yol keçərək, bütün dövrlərdə cəmiyyətin güzgüsü olub. Ölkə reallıqlarına bələdçilik funksiyasını yerinə yetirən mətbuatımızın Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra inkişafı istiqamətində atılan biri-birindən əhəmiyyətli addımlar məlumdur. Müstəqilliyimizin ilk illərində ölkədə mövcud olan xaos, anarxiya, özbaşınalıq digər sahələr kimi, mətbuatın inkişafına da öz mənfi təsirini göstərib. Mətbuat azadlığından söhbət belə gedə bilməzdi. Hər addımda söz, fikir azalığı boğulur, azad sözün müdafiəsində dayanan jurnalistlər mənəvi və fiziki təzyiqlərə məruz qalırdılar. Demokratiyanı xaos, anarxiya kimi dəyərləndirən həmin dövrün iqtidarını yalnız və yalnız öz şəxsi ambisiyaları düşündürürdü.

Dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövr digər sahələr kimi, mətbuatın inkişafında da yeni mərhələnin başlanğıcı oldu. Ulu öndər Heydər Əliyev bildirirdi ki, respubilkamızda hüquqi dövlət qurulması, demokratik, sivilizasiyalı cəmiyyət yaradılması, insan hüquqlarının qorunması, mətbuat azadlığının, plüralizmin təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar olması bizim əvvəlcədən qəbul etdiyimiz prinsiplərdir. Eyni zamanda bu fikir də önə çəkilirdi ki, dövlət siyasətinin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, KİV-in maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsidir.

 

Ümummilli lider Heydər Əliyevin atdığı bütün addımlarda KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsini, onlara dövlət qayğısının artırılmasını, söz, məlumat azadlığının qorunmasını, siyasi plüralizm prinsiplərinə dönmədən əməl edilməsini təmin edən tədbirlər proqramının həyata keçirilməsi xüsusi diqqət çəkirdi. Mətbuata dövlət nəzarəti olan senzuranın aradan qaldırılması, beynəlxalq tələblərə cavab verən “Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında” qanunların qəbulu, Mətbuat və İnformasiya Nazirliyinin ləğvi və s. kimi biri-birindən əhəmiyyətli addımlar bu sahəyə diqqət və qayğıdan qaynaqlanırdı. Ümummilli lider Heydər Əliyev söz və mətbuat azadlığı sahəsində məhdudiyyətlərin aradan qaldırılmasını təmin etməklə cəmiyyətdə qarşılıqlı anlaşmanın, səmimiyyətin dərinləşməsini, insanların öz fikir və mülahizələrini azad, maneəsiz çatdırma imkanlarının genişləndirilməsini başlıca məqsəd kimi qəbul edib. “Kütləvi informasiya vasitələri haqqında” qanunda da bu fikirlər öz əksini tapır ki, KİV-in təsis olunması, ondan istifadə, onun idarə edilməsi qanunvericilikdə nəzərdə tutulan hallardan əlavə məhdudlaşdırıla bilməz. Mətbuat azadlığı vətəndaşların qanuni yolla informasiya əldə etmək, hazırlamaq, ötürmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır. Ulu öndər Heydər Əliyevin 11 may 2002-ci il tarixli “Kütləvi informasiya vasitələri haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi haqqında” fərmanı yazılı mətbuatın təsis edilməsini və ondan istifadə imkanlarını asanlaşdırmaqla, mətbu nəşrlərin dövlət qeydiyyatı ilə bağlı icazə sistemini aradan götürüb. Təbii ki, bu kimi təkmilləşmələr dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsaslanır. Daim yeniliyə, müasirliyi önəm verən dövlətimiz bu və ya digər sahələrin inkişafına xidmət edən qanunların təkmilləşdirilməsinə səy göstərir. Milli Konstitusiyamıza bir neçə dəfə edilən əlavə və dəyişikliklər də buna əyani sübutdur. Ali qanunumuzda bütün azadlıqlar öz əksini tapıb.

 

İnsan huquq və azadlıqlarının qorunmasını dövlət siyasətinin əsas tərkib hissəsi kimi dəyərləndirən ümummilli lider Heydər Əliyev bildirirdi ki, yaradılan demokratik şəraitdən sui-istifadə edib, şər, böhtan yazmaq cinayətdir. Jurnalist məsuliyyətli olmalı, mətbuatın qarşısında dayanan əsas prinsiplərə yüksək səviyyədə əməl etməlidir. Onun bu tələbi təbii ki, göstərilən diqqət və qayğıya əsaslanırdı. Mütəmadi olaraq jurnalist kollektivləri ilə görüşlər keçirən ulu öndər Heydər Əliyev onların problemləri, qayğıları ilə yaxından tanış olur, həlli istiqamətində zəruri addımlar atırdı. Dahi şəxsiyyət bildirirdi: “Jurnalistin əməyi qeyri-adi əməkdir, olduqca böyük zəhmət tələb edən əməkdir, çox səylər göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq tələb edən əməkdir, öz peşəsinə vurğunluq tələb edən əməkdir”.

 

Məhz bu sahədə görülən işlərin uğurlu nəticəsidir ki, bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan azad mətbuatın inkişaf etdiyi ölkələr sırasındadır. Ölkəmizdə internet istifadəçiləri 70 faizdən çoxdur. Bu günün əsas tələbi budur ki, hansı ölkə informasiya bolluğuna malikdirsə, daha güclü, varlı dövlət kimi qəbul olunur və dəyərləndirilir. Təbii ki, faktlara əsaslanan, reallığı özündə əks etdirən informasiyanın təsir imkanları daha geniş olar. Bir sözlə, ulu öndər Heydər Əliyev söz, mətbuat azadlığının inkişafına əngəl olan, süni maneələrin aradan qaldırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etdi, vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli seçən ölkəmizdə KİV-lərin rolunun artırılmasını başlıca məqsəd kimi qarşıya qoydu.

 

Ümummilli liderin mətbuatın inkişafına yönələn xidmətlərindən bəhs edərkən hər zaman bir fakt önə çəkilir ulu öndər peşə etikasını kobud şəkildə pozan, faktlara deyil, şəxsi mülahizələrə söykənən «yazarlar»ın cəzalandırılmasına yol vermir, dövlət məmurlarına dözümlü olmağı tövsiyə edirdi. O, ölkədə söz və mətbuat azadlığının qarantı olduğunu daim bildirirdi: “Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir”.

 

Mətbuata dövlət nəzarətini həyata keçirən Mətbuat və İnformasiya Nazirliyinin ləğv edilməsi mətbuatın özünütənzimləməsi mexanizminin tətbiqinə şərait yaradıb. 2003-cü ilin martın 15-də Azərbaycan jurnalistlərinin I qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Qurumun qarşısında dayanan əsas məqsədlərdən biri jurnalistlərin peşə etikası Kodeksinin tələblərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsidir. Qurum fəaliyyətə başladığı gündən KİV-lərin saflaşdırılması istiqamətində mühüm addımlar atıb, jurnalistlərin peşəkarlığının artırılması üçün müsbət nəticələr əldə edib. Dövlət başçısı İlham Əliyev Azərbaycan jurnalistlərinin VI qurultayının iştirakçılarına ünvanladığı təbrikində də qeyd edib ki, Azərbaycan jurnalistlərinin I qurultayında mətbuatın özünütənzimləmə orqanı kimi yaradılmış Mətbuat Şurası media-dövlət, media-cəmiyyət münasibətlərinin müasir beynəlxalq təcrübəyə uyğun nizamlanmasında əhəmiyyətli rol oynayıb. Mətbuat Şurasının fəaliyyəti bütövlükdə Azərbaycan jurnalistikasının inkişafına, dövlət orqanları, vətəndaşlarla mətbuat arasında münasibətlərin tənzimlənməsinə, jurnalistlərin peşəkarlığının yüksəlməsinə, söz və məlumat azadlığından sui-istifadə hallarının qarşısının alınmasına xidmət edib.

Azad mətbuatın inkişafı sahəsində beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası və ATƏT-lə sıx əməkdaşlıq əlaqələri qurulub. Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsi, Azərbaycanın dünya informasiya məkanına daxil olması və informasiya cəmiyyətinə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və müasir dövrün tələblərinə uyğunlaşmasına ehtiyac yaradır. Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi illərində həyata keçirdiyi çoxşaxəli islahatların və onların son on ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi olaraq bu gün ölkəmizdə söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər. Azərbaycan KİV-lərin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqedə dayanır. Ölkəmizdə 5 mindən artıq kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb. Xeyli sayda jurnalist təşkilatları və ictimai birilklər fəaliyyət göstərir. Yuxarıda da qeyd etdiyimiz kimi, sürətlə inkişaf edən internet resursları vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayır. Ölkəmizdə internet azaddır, heç bir məhdudiyyət yoxdur.

 

İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən “Azərbaycanın hərtərəfli inkişafı üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir” söyləyərək, atdığı biri-birindən əhəmiyyətli addımları ilə bu vədin konkret əməli işdə öz təsdiqini tapdığını sübut etdi. 2003-cü ildən sonrakı dövr Azərbaycan tarixində Böyük Yolun davamı kimi dəyərləndirilir. Demokratikləşmə prosesinin sürətləndirilməsini Azərbaycanın hərtərəfli inkişafında vacib amil kimi önə çəkən dövlət başçısı İlham Əliyev atılan addımların hansısa beynəlxalq təşkilata, dövlətə xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçün olduğunu qeyd edir: “Siyasi islahatlar iqtisadi islahatları qabaqlamamalıdır, eyni zamanda, geridə də qalmamalıdır. Mən hesab edirəm ki, biz Azərbaycanda elə bir model yarada bildik ki, həm iqtisadi islahatlar, həm siyasi islahatlar paralel şəkildə aparılır və ölkəmizin hərtərəfli inkişafını təmin edir”.

Görülən işlərin fonunda mətbuata diqqət və qayğısı daha aydın görünən dövlət başçısı İlham Əliyev bütün çıxışlarında mətbuatın üzərində düşən vəzifələrdən bəhs edir, onların icrasında dövlətin hər bir dəstəyi göstərməyə hazır olduğunu diqqətə çatdırır.

Son on ildə dövlət başçısı İlham Əliyevin bu sahənin inkişafına xidmət edən addımlarına qısaca nəzər salaq. 2005-ci ildə “Əməkdar jurnalist” adının bərpa olunması, “Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, “Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında” sərəncamlar imzalanıb. Həmin ildə mətbuatın 130 illik yubileyinin respublikanın bütün bölgələrində yüksək səviyyədə qeyd olunması, jurnalistlərin fəxri adlarla mükafatlandırılması, bir neçə peşəkar jurnalistin Prezident Təqaüdünə layiq görülməsi də atılan addımlar sırasındandır.

Azərbaycan milli mətbuatının 135 illik yubileyi də dövlət başçısının bir-birindən əhəmiyyətli sərəncamları ilə yadda qaldı. Belə ki, Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinə birdəfəlik yardımın göstərilməsi, bir qrup jurnalistin fəxri adlar və “Tərəqqi” medalı ilə təltif edilməsi barədə sərəncam imzalamaqla yanaşı, dünyada analoqu olmayan bir addımı da atdı. Mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı sərəncam ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Sərəncama uyğun olaraq, mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. Artıq 22 iyul- Milli mətbuatın 138 illiyində binanın açılışı olacaq.

 

Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında”, eləcə də “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi də diqqət və qayğının bariz nümunələrindəndir. Konsepsiyada qeyd edildiyi kimi, dövlətin informasiya siyasətinin başlıca vəzifələrindən biri kütləvi informasiya vasitələrinin fəaliyyətində şəxsiyyət, cəmiyyət və dövlət maraqlarının tarazlaşdırılmasına yönəlmiş hüquqi, iqtisadi, təşkilati və texnoloji tədbirlərin müəyyən edilməsidir. Milli mətbuatın mütərəqqi ənənələrinin qorunub saxlanılması, müasir dövrün tələblərinə uyğunlaşdırılması, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi prioritet məsələdir. Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi şəffaflıq, əməkdaşlıq, qarşılıqlı məsuliyyət prinsipləri əsasında həyata keçirilir. Eyni zamanda, sənəd mətbuata dövlət dəstəyi, kütləvi informasiya vasitələrinin müstəqilliyinin qorunması, onların fəaliyyətinə hər hansı müdaxilənin istisna edilməsi, yayılması qanunla qadağan olunmuş informasiyadan cəmiyyətin qorunması, kütləvi informasiya vasitələrinin inhisarlaşmasının qarşısının alınması, ictimai maraqları əks etdirən layihələrə üstünlük verilməsi, regional kütləvi informasiya vasitələrinin inkişafının dəstəklənməsi kimi prinsipləri özündə ehtiva edir.

Dövlət dəstəyi Konsepsiyasına uyğun olaraq, möhtərəm Prezidentimiz İlham Əliyevin 3 aprel 2009-cu il tarixli sərəncamı əsasında Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Ölkə Prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı əsasında isə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru və Müşahidə Şurasının üzvləri təyin edildi. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması dövlətin mətbuata hərtərəfli qayğısının daha bir əyani təzahürü kimi dəyərləndirildi. Fondun yaradılmasında əsas məqsəd məhz azad mətbuatı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını, o cümlədən jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət göstərməkdir. Fondun və Mətbuat Şurasının müxtəlif nazirliklərlə birlikdə günümüzün reallığını əks etdirən ayrı-ayrı mövzulara aid yazı müsabiqələri keçirmələri, qaliblərin pul və diplomlarla mükafatlandırılması müstəqil mətbuatın inkişafına, jurnalistlərin peşəkarlığının artırılmasına, yaradıcılıq imkanlarının genişləndirilməsinə yönəlmiş ən mütərəqqi addımlardır. Fond yazı müsabiqələrinin keçirilməsinə xüsusi önəm verməklə jurnalistlərin fərdi peşəkarlığına, redaksiyalarda yaradıcılıq mühitinin inkişafına dəstək olur. Dövlət başçısı İlham Əliyev 2010-cu ildə Mətbuat Şurasının yeni binasının açılışında bildirib: “Hesab edirəm ki, peşəkarlıq artdıqca, jurnalistikada bax, qeyd etdiyiniz, bu reket məsələləri də aradan qaldırılacaqdır. Ondan sonra bizim milli adət-ənənələrimizə xas olmayan başqa məqamlar da aradan qaldırılacaqdır. Təhqirlərə, böhtanlara, yalanlara son qoyulacaqdır. Mən hesab edirəm ki, bunun vaxtı çatıb”.

 

Xatırladaq ki, 2009-cu ilin martında keçirilən referendumda da Konstitusiyanın 29 maddəsinə edilən 40-a yaxın əlavə və dəyişikliklər arasında mətbuat azadlığının yüksək səviyyədə təmin olunmasına xidmət edən əlavələr də olub. “Şəxsiyyət toxunulmazlığı hüququ” maddəsinə edilən əlavəyə görə, qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Heç kəs onun xəbəri olmadan və etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Həmçinin “Məlumat azadlığı” maddəsinə edilən əlavə də demokratik prinsiplərin inkişafına yönəlib. Əlavəyə əsasən, hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir.

 

Mətbuat Şurasının yeni binasının açılışında bu məsələyə də xüsusi diqqət yönəldilərək, yazılı və elektron KİV-lərin qarşısında duran vəzifələri də diqqətə çatdırıb. Azərbaycanın müharibə şəraitində yaşayan ölkə olduğunu, eyni zamanda mətbuatın ictimai fikrə təsir imkanlarının böyüklüyünü nəzərə alsaq, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması işində medianın xidmətləri aydın şəkildə görünür.

Məlum olduğu kimi, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” məqaləsində də Azərbaycan oxucusunun, tamaşaçısının yazılı və elektron KİV-lərdən gözlədikləri öz əksini tapıb.  Məqalədə bildirilirdi ki, kütləvi informasiya vasitələri ölkəmizdə və dünyada baş verən hadisə və proseslər haqqında obyektiv, hərtərəfli informasiya çatdırmalı, onları yüksək peşəkarlıqla şərh etməli, maarifləndirici yazılara, verilişlərə geniş yer verməlidir. Milli mənəvi dəyərlərimizin qorunmasında, azərbaycançılıq ideyasının təbliğində, dilimiz, mədəniyyətimiz, tariximizlə bağlı həqiqətlərin ölkə və beynəlxalq ictimaiyyətə çatdırılmasında yazılı və elektron KİV-lərin üzərinə böyük məsuliyyət düşür. Təbliğat xarakterli, vətənpərvərlik ruhunda yazılar dövrün tələbidir.

 

Bu gün Cənubi Qafqazın parlayan ulduzu, dünyanın ən xoşbəxt ölkəsi kimi tanınan, yeni iqtisadi və sosial çağırışların müzakirsi üçün əsas məkan seçilən Azərbaycanın yeganə problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Problemin həllində Azərbaycan dövlətinin dəyişməz mövqeyi dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından bəyan edilir. Dağlıq Qarabağ problemi ümummilli məsələdir. Möhtərəm Prezidentimizin bəyan etdiyi kimi, bu məsələdə siyasi maraqlar kənara qoyulmalıdır. Bu məsələdə ümumiyyətlə, iqtidar-müxalifət münasibətləri olmamalıdır. “Bütün Azərbaycan xalqı birləşərək bu məsələni həll edə bilər” söyləyən dövlət başçısı İlham Əliyev, eyni zamanda bildirir ki, həm ölkə daxilində, həm də beynnəlxalq media nümayəndələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində fəal iş aparılmalıdır. Dağlıq Qarabağ problemi gündəlik işimiz olmalıdır. Azərbaycan həqiqətlərinin faktlar əsasında beynəlxalq ictimaiyyətə çatdırılması ölkəmizin diplomatik mübarizədə qələbəsini şərtləndirən əsas amillərdəndir. Buna görə də mətbuat bu istiqamətdə səylərini daha da artırmalıdır. Hazırlanan hər yazıda jurnalist peşəkarlığı ilə yanaşı məsuliyyəti də unudulmamalıdır.

2010-cu ildə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğuya əsasən, Prezident İlham Əliyevin “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi azad mətbuatın inkişafına diqqət və qayğısına verilən dəyərdir. “Jurnalistlərin dostu olmaq mənim üçün böyük şərəfdir” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, aldığı bu mükafatdan asılı olmayaraq, bundan sonra da Azərbaycanda bu sahədə daha da böyük addımlar atılacaq: “Ölkədə müasir jurnalistikanın formalaşması işində Azərbaycan dövləti və Prezident kimi mən səylərimi əsirgəməyəcəyəm”.

 

Dövlət başçısı İlham Əliyev bir daha sübut edir ki, dövlətimiz demokratiyanın əsas atributlarından olan söz və məlumat azadlığının inkişaf etdirilməsində, KİV-lərin iqtisadi müstəqilliyinin gücləndirilməsində, ölkədə azad və plüralist medianın inkişafında maraqlıdır və qarşıda duran vəzifələri tam məsuliyyətlə və yüksək səviyyədə yerinə yetirir.

Azərbaycan jurnalistlərinin VI qurultayında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov milli mətbuatımızın inkişafı fonunda dövlətin Azərbaycan jurnalistikasından gözləntisini də diqqətə çatdırıb: “Hökuməti, icra strukturlarını, məmurların fəaliyyətini tənqid etmək olar. Dəfələrlə ölkə Prezidenti məmurları müxalifət mətuatından da sərt tənqid etmişdir. Amma Azərbaycan Prezidenti bütün addımlarında dövlətin maraqlarından çıxış edir, onu rəhbər tutur. Buna görə də jurnalistlər vətənpərvərlik hissini, məsuliyyətlərini unutmamalıdırlar”.

 

Bir daha qeyd olunub ki, medianın konsepsiyası abad və firavan Vətən, nizam-intizamlı hökumət, dövlətin və hər bir vətəndaşının maraqlarının qorunması prinsipləri üzərində qurulmalıdır. Uğurlarımız yeni hədəflərin müəyyənləşdirilməsində stimul rolunu oynayır. Dövlət başçısı İlham Əliyevin Azərbaycanın 20 illik müstəqillik tarixində qazandığı uğurların fonunda təsdiqlədiyi “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası beynəlxalq səviyyədə yol xəritəsi kimi dəyərləndirilir. Başlıca hədəf Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir. Təbii ki, bu inkişaf, tərəqqi dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, digər sahələr kimi mətbuatın da qarşısında yeni imkanlar açır.

 

Bir daha bayram münasibətilə media nümayəndələrini, oxucuları təbrik edir, onlara yaradıcılıq uğurları arzulayıram. Tezliklə yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapsın, soydaşlarımız doğma yurd-yuvalrına qayıtsın, bu sevincimiz mətbuat səhifələrini bəzəsin. Mən buna inanıram. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu məsələ tezliklə öz ədalətli həllini tapacaq, işğal altında olan Azərbaycan torpaqları işğaldan azad olunacaq, qaçqın və məcburi köçkünlər yurd-yuvalarına qayıdacaq və biz hamılıqla bu qələbəni bayram edəcəyik.

 

Vüqar Rəhimzadə,

YAP Siyasi Şurasının üzvü,

“İki sahil” qəzetinin baş redaktoru,

Mətbuat Şurası İdarə Heyətinin üzvü,

Əməkdar jurnalist

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 602
avatar

Oxşar yazılar