Avropa Şurasının hər zaman üzv ölkələrə “demokratiya dərsi” keçdiyinin şahidi olmuşuq. Bəzi ölkələrdə insan hüquqlarının səviyyəsinin aşağı olması, demokratik prinsiplərin kobud şəkildə pozulmasının Avropa Şurasının sessiyalarında, iclaslarında kəskin tənqid olunduğunu çox gözəl bilirik. Amma yuxarıda da vurğuladığımız kimi bəzi ölkələrdə ... . Hansı ölkələr ki, onların maraq dairələrindədir, onlar hər zaman belə ciddi “tənqidlər”dən yaxa qurtara bilir.
Biz Avropa Şurasının son sessiyasında bunun bir daha şahidi olduq. Bədnam qonşumuz olan Ermənistanda 2013-cü il fevral ayının 18-də keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı müzakirələr zamanı bir daha Avropa Şurasının ikili standartlardan çıxış etməsi açıq-aydın hiss olunurdu. Ermənistanda demokratiya və insan hüquqlarının səviyyəsi hər kəs tərəfindən bilinir. Bunu Avropa Şurasının rəhbərliyi də çox gözəl bilir. Lakin məsələ rəsmi mövqeyə gəldiyi zaman işlər dəyişir. Başqa vaxt demokratiya dərsi keçən bu təşkilat Ermənistanla bağlı məsələlərin müzakirəsi zamanı nədənsə demokratiyanın prinsiplərini sanki unudur. Bütün bunlar, əlbəttə ki, təsadüfi deyil. Hətta iş o yerə çatıb ki, beynəlxalq müşahidəçi qismində bu seçkilərdə iştirak edən AŞ PA nümayəndəsi xanım Karin Voldsetin fikirləri belə bu sessiyada gedən müzakirələrdə nəzərə alınmayıb. Halbuki, seçkilərdən sonra Yerevanda keçirilən mətbuat konfransında o qeyd etmişdi ki, seçkilər bəzi qanun pozuntuları ilə keçib, xüsusilə inzibati resursların sui-istifadəsi qeydə alınıb. Buna baxmayaraq, biz Avropa Şurası Parlament Assambleyasının aprelin 22-də keçirilən yaz sessiyasının gedişində tamamilə bunun əksinin şahidi olduq.
Azərbaycanın nümayəndə heyəti bu cür ədalətsizliyə qarşı hər zaman olduğu kimi öz haqlı etirazını açıq şəkildə bildirmişdir. Nümayəndə heyətimizin başçısı Səməd Seyidov öz çıxışında Ermənistanda keçirilən seçkilərin saxtalaşdırılması, seçki məlumatlarının hakimiyyətdə olan müəyyən qüvvələrin maraqlarına uyğun dəyişdirilməsinə toxunaraq vurğulamışdır: “Məruzədə əvvəlki seçkilərlə müqayisədə bu il keçirilən prezident seçkilərində mühüm proqres əldə edildiyinə dair fikirə də rast gəlinir. Yəqin ki, məruzədə bu ilki seçki ötən seçkiyə etiraz əlaməti olaraq keçirilən nümayişdə 20 nəfər öldürülməsi ilə müqayisədə proqres kimi qiymətləndirilir. Bu məruzədən belə nəticə çıxarmaq olar ki, sabah Avropa Şurasının başqa bir ölkəsində seçki keçiriləcəkdir. Belə çıxır ki, həmin ölkədə seçki zamanı prezidentliyə namizədə odlu silahdan atəş açılırsa, hədələnirsə və siyahıda dəyişiliklər edilirsə, beynəlxalq müşahidəçilər bunu Avropa Şurasının qiymətli dəyərlərinin qorunub saxlanması istiqamətində irəli atılan addım kimi dəyərləndirəcəklər? Biz Ermənistanda demokratik proseslərin tərəfdarıyıq. Biz Avropa Şurasında obyektiv olmağı və hər bir məsləyə açıq gözlə baxmağı xahiş edirik. Bu gün Almaniya prezidenti açıq şəkildə bildirdi ki, ikili standartlardan uzaq olmaq lazımdır. Məruzədə ikili standartlara yol verdiyini aydınca görmək olur. Gözlərinizi açın! Obyektiv olun! Bu, yalnız Ermənistanda deyil, Avropa Şurasının bütün üzv ölkələrində yaranmış vəziyyəti aradan qaldırmaq üçün yeganə yoldur".
Buradan belə bir nəticəyə gəlmək olar ki, Avropa Şurası üçün demokratiyanın prinsipləri, azad seçkilər, insan hüquqları kimi demokratik dəyərlər heç də birinci dərəcəli amillər deyil. Onlar öz maraqlarına uyğun olduğu zaman demokratiyanın prinsiplərini xatırlayır və başqalarına qarşı bir silah kimi bunlardan istifadə edir. Azərbaycana qarşı siyasi məhbuslar məsələsi üzrə xüsusi məruzəçinin təyin edilməsi, Ermənistanda keçirilən qeyri-demokratik seçkilərə demokratiya donun geyindirilməsinə cəhd edilməsi faktı bir daha Avropa Şurasının iç üzünü açıb göstərir.
Hörmət Qulamova
"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar"
İctimai Birliyinin fəalı