Avropa parlamentində Xocalı ilə bağlı dəyirmi masa
27 fevral 2013 13:49 (UTC +04:00)

Avropa parlamentində Xocalı ilə bağlı dəyirmi masa

Avropa Azərbaycan Cəmiyyətinin Belçika ofisinin İctimai Əlaqələr üzrə Meneceri Filipp Kuylarts: “Bugünkü müzakirələr bizə dəhşətli bir faciəni xatırladır, lakin eyni zamanda bu bir dərs ola bilər”


 

 

 Avropa Parlamentinin üzvü Xocalı soyqırımının 21-ci ildönümü ərəfəsində Avropa Birliyini Azərbaycan və Ermənistan arasında sülhü təmin etmək üçün daha çox səy göstərməyə çağırıb. Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, AAC-ın Belçika nümayəndəliyi Xocalı qətliamının 21-ci ildönümü münasibətilə Avropa Parlamentində dəyirmi masa təşkil edib. Anım tədbirinin aparıcısı, Avropa Parlamentinin Estoniyadan olan üzvü Kristiina Ojuland bildirib ki, Avropa Birliyinin əlində Azərbaycanla Ermənistan arasındakı münaqişənin sülh yolu ilə həllinin tapılmasında daha yaxından iştirak etməsi üçün tarixi fürsət var: “İyirmi ildən artıqdır Azərbaycan ərazisi Ermənistan tərəfindən işğal olunub, 875 000 insan qaçqın və məcburi köçkünə çevrilib. Xocalıda törədilən qətliam bu münaqişənin elə dəhşətli bir mərhələsidir ki, bu cür konfliktlərin hansı vəhşiliklərə səbəb ola biləcəyini göstərdi. Bu münaqişənin tez bir zamanda sülh yolu ilə həllinə nail olmaqla Avropa İttifaqı Nobel Sülh Mükafatına layiq olduğunu nümayiş etdirməlidir”.

 

Azərbaycanın Belçika Krallığında və AB-dəki səfiri Fuad İsgəndərov bildirib ki, 1992-ci ildə baş verən hadisələr tanınmamış vəhşilik kimi qalır: “Bu hadisəni törədənlər mühakimə olunmalıdır. Artıq 20 ildən çox vaxt keçəndən sonra AB baş verənləri tanımalıdır”.

 

Gent universitetinin professoru Bruno De Cordier isə bildirib ki, Xocalı hadisələri Srebrenitsa hadisələrinin Azərbaycan variantıdır: “Bu, azərbaycanlıların yaddaşında yaşamağa davam edir. Bəşəriyyət əleyhinə törədilmiş bu cinayət hazırda çox həssas ümummilli məsələdir, Azərbaycanda həyatın ayrılmaz bir hissəsinə çevrilib. O vaxtdan bəri ailələri doğma yurd-yuvalarından qaçmağa məcbur ediləndən sonra öz ana torpaqlarını heç zaman görməyən gənc nəsil yetişib”.

 

Brüsseldə dəyirmi masada çıxış edən həmin gənc nəslin nümayəndələrindən Ülfət Hacıyev Avropa Parlamentinin üzvlərinə, akademiklərə və həmvətənlərinə müraciət edərək bildirib ki, 613 insanın taleyi unudulmamalıdır: “Mən Dağlıq Qarabağdanam və artıq böyüyən, lakin hələ də münaqişənin kədərini hiss edən bir nəslə məxsusam. Biz Xocalıda baş verənləri heç bir zaman unutmamalıyıq.”

 

AAC-ın Belçika ofisinin İctimai Əlaqələr üzrə Meneceri Filipp Kuylarts da tədbirdə çıxış edib: “Bugünkü müzakirələr bizə dəhşətli bir faciəni xatırladır, lakin eyni zamanda bu bir dərs ola bilər. Bu bizə münaqişələr həll olunmadıqda necə dəhşətli hadisələrin baş verəcəyini öyrətməlidir və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həllində Avropanın daha çox səy göstərməsi üçün katalizator rolunu oynamalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 923
avatar

Oxşar yazılar