ATƏT PA-nın vitse-prezidenti: “Azərbaycanda keçirilmiş seçkiyə mənfi rəy verməsi məni heyrətləndirdi”
14 oktyabr 2013 13:59 (UTC +04:00)

ATƏT PA-nın vitse-prezidenti: “Azərbaycanda keçirilmiş seçkiyə mənfi rəy verməsi məni heyrətləndirdi”

“ATƏT PA-nın qısamüddətli missiyasının tərkibində Azərbaycanda keçirilmiş prezident seçkilərini izləmişəm. Parlament Assambleyasındakı digər həmkarlarım kimi, mən də bir çox seçki məntəqəsində oldum, Bakı və ətraf ərazilərdə yerləşən məntəqələrdə Slovakiyadan olan nümayəndə heyəti ilə birgə müşahidələr apardıq, səslərin hesablamasında da iştirak etdik. Şəxsən məndə yaranmış təəssürat çox müsbət oldu”.

 

Bu sözləri Monteneqronun Budva şəhərində ATƏT-in Parlament Assambleyasının sessiyasında iştirak edən qurumun vitse-prezidenti, Gürcüstan parlamentinin üzvü Georgi Sereteli APA-nın Avropa müxbirinə açıqlamasında deyib.

 

G. Seretelinin sözlərinə görə, bu, yalnız onun deyil, başqa dairə və məntəqələrdə müşahidə aparmış digər həmkarlarının da qənaətidir: “Hesab edirəm ki, seçkilər yaxşı təşkil olunmuşdu, komissiyalar dəqiq işləyirdi. Bizim müşahidə sahəsində yaxşı təcrübəmiz var, çox vaxt komissiya işini düzgün qurmayanda suallarımıza cavab verə bilmir. Burda isə vəziyyət tam əksinə idi, onlar bizim bütün suallarımıza dəqiqliyi ilə cavablandırdılar. Bundan başqa, müşahidə apardığım məntəqələrin hamısında bir neçə müxalifət partiyasını təmsil edən müşahidəçilər gördüm, çoxu ilə də söhbət etdim. Görünən o idi ki, onların da prosesə nəzarət etməsi üçün kifayət qədər imkanları var idi. Məntəqələrdə kameralar quraşdırılmışdı, bu da bir növ nəzarət formasıdır və pozuntular olan zaman, kameralar vasitəsilə görmək olur”.

 

Ümumilikdə prosesi müsbət dəyərləndirdiyini qeyd edən ATƏT PA-nın vitse-prezidenti ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan (DTİHB) olan həmkarlarının kəskin dərəcə mənfi bir rəy vermələrinin onu heyrətləndirdiyini vurğulayıb: “Başa düşürəm ki, seçkilərdə hansısa pozuntular olub, hər şeyi dəqiqliyi ilə bilmək mümkün deyil. Əsasən, səslərin hesablanmasında hansısa prosedurları yaxşılaşdırmağa əlbəttə ki, ehtiyac var, mən də bunu qəbul edirəm. Amma bu o demək deyil ki, bütün seçki prosesi mənfi tərzdə keçirilib. Dünənki iclasımızda da Almaniya və Fransadan olan həmkarlarımız bu haqda geniş şəkildə məruzələrini etdilər, onlar da bu və ya digər formada hansısa pozuntuların olduğunu istisna etmədilər, amma onlar da prosesin ümumilikdə müsbət şəkildə keçdiyini vurğuladılar.

 

ATƏT PA-nın bu sessiyasının əsas məsələlərindən biri əlbəttə ki, təşkilat daxilində qısamüddətli və uzunmüddətli iki müşahidə missiyasının fərqli mövqe ortaya qoymasıdır. Bizim bu məsələni müzakirə etməyimiz birinci dəfə deyil, təəssüflər olsun ki, əvvəllər də belə fərqli qiymətləndirmə olub. Ümumiyyətlə DTİHB həmişə kəskin tənqidi ilə seçilib, həmişə nədənsə yalnız mənfini görmək siyasətini yürüdüb. Bizim qısamüddətli missiyamızda isə bu məsələ belə formada qoyulmur. Biz siyasətçiyik və gördüyümüzü də obyektiv şəkildə deməliyik, həm mənfisini, həm də müsbət tərəflərini... Ona görə də fikrimcə, Azərbaycanda seçkilərə qiymət verdikdə, təbii ki, burada hansısa pozuntular olduğunu deməliyik. Ola bilsin, həm seçkidən əvvəl, həm seçki günü hansısa pozuntular olub və bunları aradan qaldırmaq lazımdı. Amma yalnız seçki gününü mənfi və sərt tənqid etmək düzgün addım deyildi. Həm müsbət addımları qeyd etmək, həm də nöqsanları göstərmək lasımdır. Düzgün və obyektiv yanaşma bu cür olmalıdır. Bizdə - ATƏT PA üzvlərində Azərbaycanda keçirilmiş seçkilərlə bağlı çox müsbət təəssürat yarandı və biz bu seçkiləri növbəti irəliləyiş kimi qiymətləndiririk”. 

# 912
avatar

Oxşar yazılar