Hər bir dövlət öz azadlıq arzularını, qurmaq istədiyi cəmiyyətin strateji xəttini öz konstitusiyası ilə müəyyənləşdirir. Keçən əsrin sonlarında yenicə müstəqilliyini bərpa etmiş Azərbaycan üçün konstitusiyanın hazırlanması zəruri addım idi. Lakin Azərbaycanın ana qanununun hazırlandığı ərəfədə ölkədə konstitusiya qəbulu üçün əlverişli şərait yox idi. Dövlət çevrilişi cəhdləri ara verməmiş, vətəndaş müharibəsi təhlükəsi hələ sovuşmamışdı. Konstitusiyanın uğurunu istiqamətləndirən yeganə qüvvə məhz Heydər Əliyev şəxsiyyəti idi.
1995-ci il may ayının 2-də Azərbaycan Respublikasının Milli Məclisi yeni konstitusiya layihəsini hazırlayan komissiyanın tərkibini təsdiq etdi. Heydər Əliyevin sədr olduğu komissiyanın ilk iclasında dövlət başçısı tərəfindən qəbul ediləcək konstitusiyanın parametrləri açıqlandı. Ulu Öndər qeyd etdi ki, “ ... Biz elə bir konstitusiya qəbul etməliyik ki, o müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Ona görə də üzərimizə düşən vəzifə həm şərəflidir, həm də çox çətindir... Konstitusiyamız Azərbaycanda məhz demokratik, hüquqi, dünyəvi, sivilizasiyalı bir dövlət qurmaq üçün əsas yaratmalıdır, onun əsas qanunu olmalıdır”.
Konstitusiya mövzusuna son dərəcə ciddi yanaşaraq ona öz həyatının ən mühüm hadisələrindən biri kimi baxan Heydər Əliyev məhz qarşıdakı nəsilləri düşündüyü üçün özündən sonra xalqına fəaliyyəti uzun illərə hesablanmış ali bir Konstitusiya miras qoydu. 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsiylə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası demokratik, dünyəvi, hüquqi və unitar respublika kimi dövlət mexanizmini təsdiqlədi. Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək: “Bu Konstitusiyanın əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikasının tam müstəqilliyini təmin edir, ölkəmizin ərazi bütövlüyünü təmin edir, Azərbaycan xalqının hüquqlarının toxunulmazlığını təmin edir, vətəndaşlarımızın hər birinin hüquqlarının toxunulmazlığını təmin edir və Azərbaycan xalqının, respublikamızın bölünməzliyinin, hakimiyyətin heç bir qüvvə tərəfindən mənimsənilə bilməzliyini təmin edir". Bu tarixdən etibarən hər il 12 noyabr ölkəmizdə Konstitusiya günü kimi qeyd olunur.
Dövlətin suveren bir təsisat olaraq mövcudluğunun hüquqi əsaslarını müəyyənləşdirən Konstitusiya Azərbaycanın hüquqi-siyasi inkişafına təkan verməklə yanaşı, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatları da sürətləndirmiş oldu. 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilən referendumlarla qüvvədə olan Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunmuşdur. Qeyd edək ki, 2016-cı il 26 sentyabr tarixli referendumla Azərbaycan hüquqi dövlət quruculuğunun yeni mərhələsinə daxil oldu. Belə ki, referendum aktı layihəsi ilə təklif edilən dəyişikliklər hüquqi dövlət quruculuğu, sosial rifahın yaxşılaşdırılması, dövlət idarəetmə orqanlarında qərarların operativ qəbulu, habelə dövlət-vətəndaş, bələdiyyə-vətəndaş münasibətlərinin daha əlverişli formatda təşkili, vətəndaşlarımıza layiqli həyat səviyyəsinin təmin edilməsinə xidmət edir.
Müstəqilliyimizin əsas atributlarından olan Konstitusiyamıza davamlı olmasını, hər bir Azərbaycan vətəndaşına isə Konstitusiyamıza sadiq və layiq olmasını arzulayırıq.
Nailə Məmmədova
“Azerbaijan Realities”