"Anamın qızıma aldığı yeməkləri  aptekə satıb, narkotik alırdım" - MÜSAHİBƏ
07 may 2026 14:09 (UTC +04:00)

"Anamın qızıma aldığı yeməkləri aptekə satıb, narkotik alırdım" - MÜSAHİBƏ

0

“Anam qızıma uşaq yeməyi alırdı, onları aparıb aptekə verib, puluna narkotik alırdım”

“Atam anamı, qardaşımı, məni küncdə oturdub, başımızda lampa sındırırdı”

“Sovetskidə ağsaqqal kişilər narkoman əmimdən məsləhət alırdılar”.

"Yerdə yatmayaq deyə evdə bircə divan, acından ölməmək üçün də soyuducu qalmışdı. Qalan hər şeyi satmışdım”.

Bu sözləri uzun müddət narkotik istifadəçisi olan, dəəfələrlə oğurluq etdiyi üçün həbsə düşən, hazırda “12 Addım Reabilitasiya Mərkəzi”ndə reabilitasiya keçən  Qocı Həsənov Lent.az-a müsahibəsində bildirib.

- Narkotikə qədərki həyatınız necə idi?

- Həyatımda hər şey yaxşı idi. Ramanada 90 saylı məktəbdə oxuyurdum. 3 motosikletim varıydı, kuryer işləyirdim, günə 150-160 manat qazancım olurdu. Həmin işlədiyim yerə tanınmış adamlar - bir sıra dövlət qurumlarının vəzifəli şəxsləri, eləcə də Tahir və Cabir İmanov qardaşları zəng edirdilər. Çatdırılmalarda yaxşı bəxşiş verirdilər. Sonra birdən 1000 manata qədər borca düşdüm, ödəyə bilmədiyim üçün stress çəkirdim. Məcbur qalıb motosikletimin birini satdım. Mənə dedilər ki, bir dərman var, stressdən qurtulmağın üçün sənə o kömək edə bilər. Razılaşdım, iki il hər gün o “dərman”ı qəbul elədim. Baxırdım ki, bu çox ucuzdur, amma insana kömək edir, sakitləşdirir. İki ildən sonra fərqinə vardım ki, günə 70 manatdan çox bu dərmana pulum çıxır, pulu tapmayanda evdəki əşyaları satırdım.

- Belə başa düşürəm ki, sizin hekayə də dərman adı altında başlayıb.

- Adını qoyaq ki, stressə görə dərman qəbul edirdim, amma bugünkü təcrübəmə baxanda anlayıram ki, əslində məsələ stress deyilmiş.

-Bu qədər qazancla 1000 manatı ödəmək daha asan olmazdı, nəinki stressə düşüb, narkotik qəbul etmək?

- Mən 1000 manatı motosikletimin birini satıb, ödəyə bilərdim. Amma narkotik “stressdəyəm”, sözünün bəhanəsi idi. 40 aydır reabilitasiyadayam, dərk edirəm ki, məsələ uşaqlıq travamalarım imiş.

- Uşaqlıq travması nəyə deyirsiniz? Ailədə istifadəçi olub, yoxsa ailədaxili şiddət, dəyərsizlikmi var idi?

- Hər ikisi var idi. Atam yox, əmim istifadəçi idi. Mən əmimi özümə kumir götürmüşdüm. O vaxtın kişiləri belində tapança ilə gəzirdi. Onun yerişi, duruşu, hörməti məni cəlb edirdi. Adam narkotik istifadəçisi idi, amma məhləyə çıxanda başına fırlanırdılar. “Sovetski” kimi yerdə ağsaqqal kişilər gəlib, narkotik istifadə edən əmimdən məsləhət alırdılar. Elə ən böyük səhvlərimdən biri də əmimi kumir seçməyim idi. Digər travmam isə ailədaxilidir. Atam anamı gözümüzün önündə döyürdü. Mən uşaqlıq necə olur, necə yaşanır onu bilməmişəm.

İndi başqa uşaqlarla danışanda deyirəm ki, nə probleminiz varsa, atanızla danışın. Mən özüm atamla heç vaxt dərdimi bölüşə bilməmişəm. O mənimlə maraqlanmırdı. O qədər qayğısız idim ki, küçədəki avaralarla danışıb, vaxt keçirərək o boşluğu doldururdum. 11 yaşımdan siqaret çəkirəm.

- Atanız maraqlanmırdı, bəs ananız necə? O yaşda siqaret çəkməyinizə niyə icazə verdilər?

- Gizli çəkirdim. Mən hələ siqaretə başlamamışdan qabaq 6-7 yaşımda da başqa pis vərdişlərlə məşğul idim. Atamın cibindən pul oğurlayıb, kompüterdə oyun oynayırdım. O vaxtdan asılılıq formalaşmışdı.

Anam o qədər ağrı, əzab çəkirdi ki, bütün diqqətini bizə ayıra bilmirdi. Evdə üç uşaq idik – 2 qardaş, 1 bacı. Anamla atam ən çox bacımla maraqlanırdılar. Amma qısqanırdım, mən də nəvaziş istəyirdim. Bu boşluqlar, evdə “heç kim” kimi mövcud olmaq, məni ailədən xaric edirdi. Siqaretə başlayandan sonra dərslərdən də geri düşdüm. Məktəbdə 12 dənə “2” almışdım. Məktəbə qarşı nifrət oyandı məndə. Daxilimdə bir aqressiya var idi. İndi baxanda nə qədər səhv olduğumu görürəm...

- Atanız necə adam olub?

- Atam bilirsiniz necə insan idi? Bacımı öz yanına çəkib, oturdurdu ki, ona heç nə olmasın. Anamı, ardaşımı, məni küncə qoyub, bıçağı evdəki lampaya atırdı. O lampanın qırıqları anamın qoluna, qardaşımın dizinə, mənim üzümə, gözümə tökülüb, bədənimizi kəsirdi.  

- İki il dərman kimi qəbul etdiniz, bəs sonra?

- O dərmanı qəbul eləməyəndə saçımın, tüklərimin dibi ağrıyırdı. Tanıdığım bir nəfər əlini çəkiclə əzik-əzik etmişdi ki, dərmanın ağrısını hiss eləməsin. Bəzən apteklərdə reyd olurdu, o dərmanlar satışdan yığışdırılırdı. Əldən-ələ satanlar da həbs olunurdular. Bir gün ağrılarım çıxdı, zəng elədim uşaqlara ki, mən ağrıyıram, niyə belə olur? Dedilər ki, o dərmandan sonra həmişə ağrı olur, sadəcə sən dayanmadan qəbul etdiyin üçün o ağrını bilmirdin, ya 1 həftə ağrıya döz, ya da iynəyə keç. Razılaşdım, ilk dəfə o mənə vurdu iynəni. Bir saniyə içərisində bütün ağrılarım keçdi. Beynimdə bir lampa yandı ki, sənin indiyə qədər axtardığın bu imiş. Amma az-az edib, tərgitməyi fikirləşirdim.

- Özünüzü aldadırdınız, yoxsa tam səmimi şəkildə tərgitmək istəyirdiniz?

- İnanın ki, hər gün istəyirdim tərgidim. Amma narkotiksiz də qala bilmirdim. Deməli, 3 il iynə vurdum. Həmin müddətdə 8 dəfə Maştağada, 20 dəfə evdə müalicə almışam. 8 gedişimin ikisi sağalmaq, bundan xilas olmaq məqsədi daşıyırdı. Amma qalan 6 gedişim ölməmək üçün idi. “Lomka”dan çıxandan sonra yenə başlayırdım. Sonra “patı” deyilən, şüşə yarandı. Dedilər ki, bunu da qarışdır, maraqlı hiss yaşayacaqsan. Elə bilirdim ki, bundan sonra mənə ölüm yoxdur. Heç bir halda ölə bilmərəm. Onun təsiri ilə özümü dünyanın ən yaraşıqlı oğlanı hiss edirdim, gedib qızlara yaxınlaşırdım, klublarda gəzirdim, əylənirdim, şir kimiydim. İnsan kimi yaşamaq üçün hər səhər 30 manata ehtiyacım var idi. Əl-üzümü yumağımın qiyməti 30 manat idi.

- Narkotik qəbul edə-edə necə işləyirdiniz bəs?

- Mən ancaq dərman qəbul edəndə işləyirdim. İynə vurandan sonra işi buraxıb, ancaq oğurluqla məşğul oldum.

- Həbsə düşmüsünüz?

- Oğurluğa görə 2 il 5 ay 27 gün şərti ev həbsim olub.

- Haradan, nə oğurlayırdınız?

- Çox yerdən çox şey oğurlamışam. Amma siftəsi evdən olub. Yerdə yatmayaq deyə bircə divan, acından ölməmək üçün də soyuducu qalmışdı. Qalan hər şeyi “aparmışdım”.

Maqazinlərdən, evlərdən oğurluq edirdim. Kirayə qaldığım mənzildən 3 kondisioner oğurlayıb satmışam. Amma məndən şikayət edib, həbs etdirən insana təşəkkür edirəm. O olmasa idi, mən reabilitasiyaya gəlməyəcəkdim. Bir nöqtədə dayanmalı idim.

- Ailəniz var?

- Bir qızım var.

- Evdəki əşyaları satanda bəs ailəniz, yoldaşınız nə dedi?

- Ailəm məni evdən qovdu, 3 ay Maştağadakı mərkəzdə saxladı. Əslində yaxşılığım üçün edirdilər, amma o vaxt düşünürdüm ki, məndən beziblər, sevmirlər.

Rəhmətlik anam bizə gələndə qızıma 5 qab uşaq yeməyi alırdı. Mən onun 4 paçkasını aparıb satıb, narkotik alırdım, bir paçkasını da qızım yeyirdi. Həmin vaxt evdə kiminsə acından ölməsinin mənə aidiyyatı yox idi. Təki mənim bədənim ağrımasın...

Mən ailəmə deyirdim ki, yaxşı olmağımı istəyirsinizsə, pul verin gedim narkotikimi alım. Anam gördü ki, mən oğru olmuşam, hər gün mənə 20 maant gətirib verirdi ki, bircə sən oğurluq eləmə, evdə istifadə et, həbsə düşmə, ölmə. Vaxt olurdu ki, anam qonşudakı narkomanlara 100-150 verirdi ki, onlardan narkotik alıb, mənə az-az versin ki, ölməyim.

- Qolunuzdakı döymələrin (rəqəmin) mənası var?

- 27 aprel 2021-ci ildə bildim ki, mənim qızım olacaq, o, bu tarix idi. Amma həm də bu tarixin səhəri gün atam rəhmətə getdi.

- Atanızla uşaqlıqdan münasibətiniz sınıq idi. Onun ölümü necə təsir etdi?

- Mən heç nə hiss etmirdim. Atamı aparıb, yuyub, basdırdıq. Sual verdilər ki, atan ölüb niyə ağlamırsan? Mən sadəcə dedim ki, Allahın yanına getdi, nəyə görə ağlayım? Üstündən bir il keçməmiş, 16 aprel 2022-ci ildə anam 47 yaşında ürəyi partlayıb, rəhmətə getdi. Onda özümü günahlandırdım, çünki mənim dərdimi çəkirdi. Evlənmişdim, ailəmə də, övladıma da o baxırdı. Bunlar bəs eləmirmiş kimi hər gün mənə 20-30 manat verirdi. Evdəki hər şeyi, televizoru, mikrodalğalı sobanı satırdım, o, təzəsini alırdı. Elə fikirləşirdim ki, mən satım deyə alır.

- Bəs kirayə qaldığınız evdəki oğurluqlara görə nə vaxt həbs olundunuz?

- 2023-cü ilin yanvarın 19-u polis məni saxladı, 7 gün bölmədə qaldım. Mən də 8 aydır ki, oğlumun doğulmasını gözləyirdim. Bölməyə zəng gəldi ki, doğuşda oğlun da, yoldaşın da rəhmətə getdi. Həmin vaxt yenə də hiss eləmədim. Beynim pis olmağa imkan vermirdi, əksinə yenə də fikirləşirdim ki, Allahın işidir. Bölmədən məni buraxdılar ki, get 40-ı yola ver gəl. Gedirəm ki, həyətdə 7-8 maşın var. Evə girmədən gedib narkotik alıram. Narkotik istifadə eləyib, uşaqlarla gəzəndən sonra yenə qayıdıram bölməyə ki, məni həbs edin.

- Evə getmədiniz?

 -Yox, evə girmədim. Narkotik qəbul edib, qayıtdım. Mən ondan əvvəl də 2-3 dəfə həbs olunmuşdum, amma bəraət aldım. Bilirdim ki, bu dəfəkində 100% həbs olunacam. Amma hakim bu dəfə də məni buraxdı. Həmin vaxt nə evə gedə bilirəm, nə də qala. Narkotikim olmadığı üçün beynim oyanıb, dərk edirəm ki, heç kimim yoxdur, hamı ölüb. Qardaşım da mənim ucbatımdan bacımı apardı Rusiyaya, orada yaşayırlar. Qorxurdu, ən düzgün addımı atmışdı, narkotik istifadə edən adam hər şeyi edə bilər. Ölkədə sağ qalan bircə qızım var idi. Oğlumla yoldaşımın öldüyünü demişdilər. O vaxt qızım da qaynatamgildə qalırdı.

- Bəs məhkəmədən sonra nə oldu?

- Məhkəmədən məni buraxandan sonra gəldim aptekə. Şpris alanda həmişə dərman, şpris aldığım əczaçı qız mənə bu reabilitasiya mərkəzinin vizit kartını verdi, dedi ki, bu sənə lazım olacaq. Həmin vizit kartını narkotiki əzib, arasına doldurmaq üçün götürdüm. Rəngi qırmızı idi, üstündəki nömrə gözümə sataşdı. Aptekdən çıxıb taksafona yaxınlaşıb, baldızıma zəng elədim. Dedim ki, məni buraxıblar, amma bu vəziyyətdə yaşamaq istəmirəm. Sağalıb, qızıma yiyə çıxmaq istəyirəm. Dedi ki, bəs nə etmək fikrin var? Dedim ki, qardaşıma de mənimlə əlaqə saxlasın. Beləcə, getdim baldızımın telefonu ilə qardaşımla görüntülü danışdım. Dedi ki, dayımla gedin mərkəzə. Gəldik, reabilitasiyadan keçdim. Fevralın 10-u qızımın ad günü idi. Onun şəklini görmək istəyirdim. Göndərdilər, həmin şəkli iri ölçüdə çıxardıb, çarpayıma yapışdırdım. Birdən şəklə diqqətlə baxanda gördüm ki, uşağın yanında bir barmaq, bir də saç görünür. O dəqiqə bildim ki, bu yoldaşımdır, o, ölməyib. Sadəcə məndən uzaqlaşdırmaq üçün  belə bir yalan uydurublar. Həmin gündən bəri beynimdə bir qığılcım yandı, deməli, mənim artıq yaşamaq üçün səbəblərim – qızım və yoldaşım var idi. O gün bu gündür, hələ də reabilitasiyadayam, heç nə istifadə etmirəm. 

- Münasibətiniz normala qayıtdı bəs?

- Şükür Allaha yaxşıdır, indi ancaq iş, ev, dost-tanış, ailə. Buraya xidmət üçün gəlirəm. Həm özümə, həm də uşaqlara yaxşı təsir edir.

- Bu qədər hadisədən sonra bir də narkotikə qayıtmazsınız yəqin ki.

- İnşallah ki, qayıtmaram, amma zəmanətim də yoxdur. Bu elə bir xəstəlikdir ki, insanın özündən asılı olmadan onu məhv edir.

Foto: Rüfət Mustafayev ©️ APA GROUP.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 642

Oxşar yazılar