Tarixin sandığından: Türkmənçay gizlinləri - ARAŞDIRMA
01 iyul 2015 11:08 (UTC +04:00)

Tarixin sandığından: Türkmənçay gizlinləri - ARAŞDIRMA

 

 

 

 

 

XVIII-XIX əsrlərdə Xəzər regionu orta və yaxın Şərqdən gedən geosiyasi rəqabət arenasına çevrilir və bu orbitə Türkiyə və İranla bərabər Rusiya, İngiltərə və Fransa da cəlb olunurdu. Səfəvi dövlətinin zəifləməsi Xəzər regionunda hərbi-siyasi vəziyyəti gərginləşdirmişdi, bu da Türkiyə və Rusiyanın regionda möhkəmlənmək istəyindən irəli gəlirdi. Qara dənizə çıxışdan məhrum olan Rusiya Xəzər və Xəzəryanı bölgənin üzərində öz hakimiyyətini qurmaq və bütün Avropa-Asiya ticarətini Türk-Aralıq dənizindən Baltika-Volqa-Xəzər yoluna keçirmək arzusunda idi. Rusiyanın geosiyasi məqsədləri bu zaman I Pyotr tərəfindən dəqiq müəyyən olunmuşdu: "Bizim maraqlar heç bir dövlətin, hansı olursa-olsun, Xəzər dənizində möhkəmlənməsinə yol vermir".

 

O dövrdə Fransa və İngiltərə diplomatiyası Rusiyanın planlarını pozmaq üçün çalışırdı. Ən çox da İngiltərə bu məkanın tamamilə Rusiya təsirinə keçməsini əngəlləmək üçün bütün imkanlardan istifadə edirdi. Öz mənfəətləri uğrunda ikili oynama əsası üzərində qurulmuş siyasətini işə salaraq iqtisadi, siyasi və hərbi baxımdan zəifləmiş Osmanlı Dövləti və İranın torpaqları üzərində hesablaşma aparmağa başlamışdır.

 

Qısa tarixi arayış

 

Rusiya, İngiltərənin siyasi manevrlərinə səssiz qalmayaraq, şərq və cənub istiqamətində genişlənməyə çalışırdı. Bir tərəfdən Türküstan marşrutundan Çin, Əfqanıstan və Hindistana çatmaq istərkən, digər tərəfdən Gürcüstan və Dağıstan üzərindən İstanbul Boğazı və Fars Körfəzinə çıxmağı qarşısına məqsəd qoymuşdu. Rusiya, bu hədəflərində iqtisadi, siyasi və bəşəri olmaq üzrə başlıca üç yolu sınaqdan keçirmişdir. İqtisadi olaraq İngiltərənin şərqdə əlində tutduğu bazarlara girmək, siyasi olaraq cənubdakı dənizlərə enmək və bəşəri olaraq da Türküstanda etnik və dini yayılmanı başa çatdırmaq istəyirdi. Ancaq bu siyasətində onun yeganə rəqibi İngilətərə idi. (Pio-Carlo Terenzio, Rekabethayı Rus ve İngiliz Der İran ve Afganistan (terc. Abbas Azerin), Tahran 1363, s.25)

 

O dövrlər regionda olan amerikalı Morqan Şuster yazır: "İki güclü dövlətdən İngiltərə və Rusiya, Qafqaz regionunda və Təbrizə qədər olan coğrafiyada xalqlara zülm etməyə və onların həyatlarına müdaxilə etməyə başlayıblar" (Morgan Shuster, Mission in İran and The Persian Constitutional Revolution, Miniapolice 1974, s. 8 )

 

Rusiya bu bölgədə möhkəmlənməklə əsas hədəflərindən biri olan Hindistanı da təsir altına almaq niyyətində idi. Rus çarı I Pavel ataman Platova göstəriş vermişdi ki, paraddan birbaşa cənuba, Hindistanı tutmağa yollansınlar. Bu da İngiltərədə çox ciddi narahatlıqla qarşılanmışdı. Hətta İngiltərə Qafqaz, İran və Türkiyədəki maraqlarından əl çəkməyə belə hazır idi ki, Hindistan onun nəzarətindən çıxmasın. Məhz 1813-cü il oktyabrın 12-də Qarabağda Gülüstan müqaviləsinin imzalanması bu qorxudan irəli gəlirdi. Qeyd edim ki, İngiltərə indi İran adlandırdığımız coğrafiyada Qacarlar dövlətilə müxtəlif müqavilələr imzalamışdı ki, bu müharibədə qalib gəlmək üçün İrana kömək etsinlər. Ancaq müharibə elə bir vəziyyətə gəldi ki, onu davam etdirmək İran üçün təhlükə yaradırdı. Gülüstan müqaviləsinə gəldikdə, qısaca desəm, bu müqavilə ilə Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla Şimali Azərbaycan torpaqları Rusiyaya ilhaq edilir. (A. Dirr. “Gülistan”, İslam Ansiklopedisi (MEB), IV, İstanbul: Milli Egitim Basınevi, 1993 s. 834)

 

Lakin Rusiya bununla kifayətlənmirdi. Çünki onun regionda qorxusu var idi ki, iki türk xanədanı: osmanlılar və qacarlar öz aralarında birlik yaradıb, regionu tam nəzarətə alsınlar. Lakin Osmanlı dövləti ilə Qacarlar dövləti arasında gözlənilən ittifaq meydana gəlmədi. Bunu görən Rusiya təklikdə əvvəl Buxarestdə Osmanlı ilə məsələni həll etdi, Gülüstanda isə Qacarlarla məsələni aydınlaşdırdı. Yeni Rusiya-İran müharibəsi başlananda öz xanlıqlarını qoyub qaçan xanların 1826-cı ildə ümummüsəlman üsyanına qoşulmaları Rusiyanın yeni işğalına şərait yaratmış oldu. Rusiya tanınmış və böyük etimad sahibi, sərkərdə İvan Paskeviç Fyodorovu regiona göndərir. Paskeviçin gəlişi ilə Rusiya qüvvələri də artırıldı, Şəmkir və Gəncə altındakı gərgin döyüşlərdən sonra Abbas Mirzənin qoşunları məğlubiyyətə uğradı. Rus qoşunları Naxçıvan və İrəvanı tutaraq, Arazı keçdilər. Ruslar Təbrizə kimi gedərək, oranı da ələ keçirdilər.

 

1828-ci il fevralın 9-da Təbriz yolunun üç verstliyində yerləşən kiçik Türkmənçay kəndində ikinci sülh sazişinin sonuncu iclası keçirildi. Fevral ayının 10-da "İsanın anadan olmasının 1828-ci ilində" gecə münəccimin təyin etdiyi vaxtda, saat 12:00-da barışıq paktı imzalandı. Müqaviləni Rusiya tərəfindən İvan Paskeviç, İran tərəfindən isə Mirzə Əbdül Həsən xan imzaladılar. Elə həmin an müqavilənin bağlanması münasibətilə rus toplarından 101 yaylım atəşi açıldı. (Второе полн. собр. законов, т. III, № 1794, СПб, 1830; Акты, относящиеся до заключения мира с Персией. Изд. Лазаревского ин-та, Спб, 1828.)

 

Türkmənçay müqaviləsinin gizlinləri

 

Müqavilənin əsas müddəaları Peterburqda hazırlanmışdı. Onun hazırlanmasında Qafqaz ordularının komandanı olmuş Yermolov və Paskeviçin yazışmaları, hesabatları və sənədləri mühüm rol oynamışdır. İlk olaraq 1826-cı ildə ilk müddəalar yazılmış, daha sonra Cəlaloğlu lagerində 24 may 1827-ci ildə Qirboyedov və Obresk tərəfindən əlavələr edilmişdir.

 

Türkmənçay müqaviləsinin Peterburq variantında ermənilərin köçürülməsi və ümumiyyətlə, ermənilərə aid heç bir cümlə olmayıb. Müqavilənin orijinal nüsxəsi olan “1826,1827 və 1828-ci illər ərzində Paskeviç və onun yavəri Buturlin arasında gizli və hərbi yazışmalar” adlı sənəddə ermənilər haqqında bir cümləyə belə rast gəlinmir. (Л.С. Семенов, «О некоторых источниках по истории русско-персидских отношений первой трети XIX в.», «Вестник Ленингр. У-та \ 1959, У.)

 

Türkmənçay müqaviləsi Peterburqdan Qriboyedov və digər rus hərbçi və diplomatlara çatandan sonra 4-cü və 13-cü maddələr tamamilə dəyişir, 14-cü maddəyə ermənilərin (əslində cümlədə “erməni” sözü yoxdur. Tam cümlə belədir: “hər iki tərəfin bir dövlətdən o birinə keçmiş və ya bundan sonra keçəcək təbəələri onların keçdiyi hökumətin icazə verdiyi hər yerdə yurd sala və yaşaya bilər”.  Bu isə  sırf qaçqınlarla bağlıdır ki, qaçqınların az hissəsi ermənilər idilər. Qalanı xanlıqlardan İrana köçən türklər idi) hüquqları əlavə edilir. 12-ci və 15-ci maddələr isə Peterburq nüsxəsində yox idi. (ЦГИАЛ, ф. 1018, оп. 2, д. 81, ll. 343 - 343 об.)

 

Ermənilər haqqında bəndlərin müqaviləyə əlavə edilməsi erməni keşişi Nersesin sayəsində baş tutdu. Nerses Aştaraklı 60 min nəfərlik bir erməni ordusu ilə 1827-1828-ci illərdə Rus-İran savaşında ruslar tərəfdən müharibəyə qoşuldu. Bundan başqa, Eçmiədzin kilisəsinin çağrışı ilə Osmanlı erməniləri də rusların tərəfini tutdular. Nerses, Qafqazdakı rus komandanlığı ilə danışıqlar aparıb, Rusiyanın qalib gələcəyi təqdirdə, ərazidə ermənilər üçün dövlət yaradılması və bu dövlətin Rusiyaya birləşdirilməsi barədə razılığa belə gəlmişdi. (Тайные исвестия ог 13. 15, 17 ноября 1827 г. ЦГВИА, ф. 476, а. 1, л. 5.)

 

Nerses Aştaraklı ermənilərin zəbt olunmuş qədim Azərbaycan torpaqlarına mərhələlərlə köçürülməsi planını da hazırlamışdı. Həmin planın ərsəyə gətirilməsində və həyata keçirilməsində Rusiyanın İrandakı səfiri A.S.Qriboyedov yaxından iştirak etmişdi.

 

Keşiş Nerses 1827-ci ilin noyabr ayında Lazarev (Lazaryan) adlı bir imkanlı məmuru Peterburqdan Təbrizə çağırıb, ondan ermənilərin Azərbaycan torpaqlarında məskunlaşdırılmasına yardım göstərməyi xahiş etmişdi.

 

1827-ci ilin 9 noyabrında Dehqarqanda keçirilən danışıqlar vaxtı Qriboyedovla Paskeviç görüşərkən keşiş Nersesin Xoydan göndərdiyi nümayəndələr onlardan ermənilərin köçürülməsi qayğısına qalmağı xahiş etmişdilər. Bu xahişin məzmunu aşağıdakı kimidir: “İndi bizim erməni millətinin sədaqətli müdafiəçisi cənab A.S.Qriboyedovdan əsir düşmüş xristianlar haqqında mənim xahişimi unutmamasını və onları rus ağalığının qüdrətli bayrağı altına qəbul etməsini rica etdim. Mən həmçinin İranda olan bütün ermənilər haqqında zati-alidən xahiş etdim və indi cənaba bu barədə yazaraq cənabınızdan da rica edirəm: İvan Fyodoroviç Paskeviçi lütfən sövq edəsiniz ki, barışıq zamanı İranın şəhər və kəndlərində yaşayan ermənilərin böyük Rusiya imperiyası himayəsi altında azad surətdə öz vətəni (?) Ermənistana qayıtması haqqında maddəni müqaviləyə daxil etməyi unutmasın.”( Allen-Paul Muratoff, Kafkas Harekâtı, 1828-1921 Türk-Kafkas Sınırındaki Harplerin Tarihi, Ankara 1966, s. 3-17.)

 

Erməni varlı ailələri ilə Tiflisdə tanış olan, onlardan böyük miqdarda pul alan Qriboyedov da erməni katolikosunun bu xahişinə əməl etməyi unutmamışdı. Türkmənçay müqaviləsinin 15-ci maddəsi bütünlüklə ermənilərin xeyrinə yenidən yazılmışdı. (Sir Percy Sykes, A History of Persia, c.II, London, 1921, s. 314)

 

Müqavilənin əsas orijinalı fransız dilində yazılıb, onun sonradan rus və fars dillərinə tərcüməsində çoxsaylı səhvlər var idi.

 

Elə IV bəndə yazılır: “sərhəd xətti Türkiyə torpaqlarının ucundakı kiçik Araratın zirvəsindən aralıda düz istiqamətdə ən yaxın nöqtədən başlayaraq, o dağların zirvəsindən keçir....” Lakin fars və fransız variantında  yazılır: “sərhəd xətti Türkiyə torpaqlarının ucundakı kiçik Ağrı zirvəsindən...”

 

İkinci müqavilənin orijinal Peterburq nüsxəsində yazılır: “İran və Türkiyə sərhədində kazaklar yerləşdiriləcək” (ЦПИАЛ, ф. 1018, оп. 2, д. 248, л. Содержание письма неустановленного лица к Аббасу Мирзе с предложением мира. Без даты).

 

Təəssüf ki, burada tarixçilərin çox az diqqət etdiyi bir məqam da var. Bu da Türkmənçay müqaviləsinin mətnində coğrafi yer adlarımızın bilərəkdən təhrif edilməsi, onların əsl adlarının dəyişdirilərək tarix səhnəsindən silinib çıxarılmasıdır. Hər halda Türkmənçay müqaviləsində Azərbaycan yer adlarının saxtalaşdırılması istiqamətində araşdırmaların aparılması tarixçilərimiz üçün bir mövzudur…

 

Bu bəndin müqavilədə olması ilə  Rusiya istəyirdi ki, İran və Türkiyə sərhədini xristianlaşdırsın və yuxarıda deyildiyi kimi, bu ərazilərə kütləvi şəkildə kazakların köçürülməsi planlaşdırılırdı. Ermənilər olmasaydı, ora kazaklar gətiriləcəkdi. Ermənilər yaxında olduğu üçün onlardan istifadə olunması daha sərfəli sayılırdı. Ermənilərin bu tarixi hadisəni də özününküləşdirməyə çalışması, çoxəsrlik arzuları kimi qələmə vermələri əslində başdan-ayağa yalanlardan ibarətdir.

 

Müqavilənin orijinal və sonradan dəyişikliyə uğrayan maddələrində “Ermənistan” sözü yoxdur. Və ola da bilməzdi. Çünki o zaman Cənubi Qafqazda “Ermənistan” adlanan ərazi və ya dövlət yox idi. Erməni “tarixçiləri” bütün real tarixi faktları saxtalaşdıraraq, İrəvan və Naxçıvan xanlıqlarının Rusiya tərəfindən işğal olunması faktını bütün dünyaya guya “Ermənistanın Rusiyaya birləşdirilməsi” kimi təqdim edirlər.

 

Erməni vilayəti

 

II Rus-İran müharibəsi 1828-ci il fevralın 10-da Türkmənçay müqaviləsinin imzalanması ilə başa çatdı. İşğal olunmuş İrəvan və Naxçıvan xanlıqlarının Rusiyaya birləşdirilməsi rəsmiləşdirildi. Martın 21-də Rusiyaya ilhaq edilmiş iki Azərbaycan xanlığı - İrəvan və Naxçıvan xanlıqlarının "erməni vilayəti" adlandırılması haqqında çar fərmanı verildi. (Полное собрание законов Российской империи. Собр. второе, т. III. 1828. СПб., 1830, с. 272-273)

 

Gürcü knyazı, general-mayor Çavçavadze bu vilayətə rəis təyin olundu. (sonradan Çavçavadze yazacaqdı: "Onlar bizim adımızı biabır etməklə, bizi milli ləyaqətimizdən məhrum etməklə kifayətlənməyib, bizi dünyadan sıxışdırıb çıxarmaq üçün qanla boyanmış tariximizi də, salnamələrimizi də, tarixi xatirə və abidələrimizi də, tarixi sərvətlərimizi də danırlar, müxtəlif fırıldaqlarla öz adlarına çıxırlar".)

 

Çavçavadzenin qızı Rusiyanın İrandakı səfiri və ermənilərin Cənubi Qafqaza köçürülməsi planının əsas müəlliflərindən biri olan A. Qriboyedovun həyat yoldaşı idi.

 

Qeyd edim ki, “Erməni vilayəti”ndə olan 1125 kəndin 1111-də Azərbaycan türkləri yaşayırdı. Süni ərazi bölgüsü ilə, əslində azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. “Erməni vilayəti”nin tərkibinə daxil olan ərazilər İrəvan əyaləti, Naxçıvan əyaləti və Ordubad dairəsi adlanırdı. “Erməni vilayəti”nin ümumi sahəsi 24 min kvadrat verst (təxminən 27 min kvadratkilometr) idi.

1828-ci ildə "erməni vilayəti" adlandırılan bu qurum 1840-cı ildə ləğv olundu və 1849-cu ildə keçmiş İrəvan və Naxçıvan torpaqları əsasında İrəvan quberniyası təşkil edildi.

 

Qriboyedov amili

 

Ermənilərin ideoloqlarından sayılan Zori Balayan “Ocaq” kitabında yazır: “1828-ci ildə məşhur “Türkmənçay” müqaviləsi olmasaydı, Qriboyedov və Abovyan olmasaydı, rus əsgərləri olmasaydı, bu gün müasir kənd və şəhərlərə çevrilən yüzlərlə yeni yaradılan erməni ocaqları olmayacaqdı… Təkcə son onillikdə (60-70-ci illərdə) vətənə iki yüz mindən çox erməni köçmüşdür”.

 

Bəli, Qirboyedov ermənilərin tarixi qəhrəmanı kimi bu gün də onların yaddaşlarında qalır. XIX əsr Rusiya ədəbi mühitində yetişmiş yazıçı, eyni zamanda siyasətçi Aleksandr Sergeyeviç Qriboyedov 1795-ci ildə polyak əsilli zabit ailəsində anadan olub. Təhsil aldığı müddətdə fransız, ingilis və italyan, alman, daha sonra yunan, latın, fars, ərəb və türk dillərini öyrənir. 1818-ci ildə rus missiyasının katibi kimi İrana göndərilir və burada iki il işləyir. Onun İranda yaşadığı həyat, əsərləri və gündəliklərində yer alır. 1821-ci ildə İrandan qayıtdıqdan sonra Qafqaz generalı A.Yermolovun rəhbərlik etdiyi ordunun diplomatik katibi vəzifəsinə təyin edilir.

 

Müraciət etdiyimiz mənbələrdə görürük ki, Qriboyedovun ermənilərə xüsusi sevgisi və pərəstişi olmayıb. O, Rusiya təəssübkeşi idi. Onun üçün Rusiyanın cənubunda iki böyük müsəlman ölkəsi sayılan Osmanlı və İranla sərhəddə xristianlardan ibarət bufer zonanın olması vacib idi və o, bu planı canla-başla yerinə yetirirdi.

 

A.S.Qirboyedov təkcə Cənubi Qafqazda və İranda deyil, Yaxın və Orta Şərqdə Rusiyanın mövqelərinin möhkəmlətmək üçün dəridən-qabıqdan çıxırdı. Onun tərtib etdiyi “Təlimat layihəsi” də bu məqsədlərə xidmət edirdi. A.S.Qirboyedov Cənubi Qafqazın, o cümlədən Şimali Azərbaycanın zəngin yeraltı və yerüstü sərvətlərini Rusiya müstəmləkəçilərinin malı etmək məqsədilə 1827-ci ildə Tiflisdə Rusiya – Zaqafqaziya kompaniyası yaradılması haqqında təkliflər vermiş və bu işə Rusiyanın tanınmış iş adamlarını, sahibkarları cəlb etmişdi. Gələcəkdə tanınmış gürcü və erməni iş adamlarının da bura cəlb olunması nəzərdə tutulmuşdu. Onun bu layihəsində yerli müsəlman iş adamlarının nəzərə alınmaması bu əhaliyə qarşı düşmən mövqeyindən irəli gəlirdi.

 

Kazakların bu əraziyə köçürülməsi planı pozulduqdan sonra onun erməni varlı ailələri ilə tanışlığı, onlardan aldığı külli miqdarda pullar Türkmənçay müqaviləsinə məhz  ermənilərlə bağlı müddəaların əlavə edilməsinə şərait yaratdı.

 

Türkmənçay müqaviləsinin hazırlanmasında danışıqların aparıldığı və yazıldığı sənədlərin redaktoru idi. Demək olar ki, müqavilənin yazılı formada hazırlanması onun işi idi. Paskeviçin Çara yazdığı məktubda qeyd edilir ki, Türkmənçay müqaviləsinə 12, 14 və 15-ci bəndləri məhz Qirboyedov özü əlavə edib. Onların hüquqi və bədii yazılması prosesində məhz erməni məsələsi onun sayəsində baş vermişdir. (О.И.Попова, Грибоедов в Персии в 1818-23 гг., М. (1929), стр. 73-74.)

 

Sonradan Tehranda diplomat kimi vəzifə daşıyan Qriboyedov elə ingilis kəşfiyyatına xidmət edən ermənilər tərəfindən qətl edildi. 1829-cu il yanvar ayının 30-da Tehranın din xadimi Mirzə Məsihin Adinə məscidində camaatı cihada çağırmağından sonra başlanan hadisələr zamanı erməni əsilli Mirzə Yaqub, İran şahının sarayında xacə, onu mühafizə edən iki erməni zabitin birliyi sayəsində səfirlikdə Qriboyedovla birlikdə olan 37 nəfər vəhşicəsinə qətlə yetirildi.

 

Türkmənçay müqaviləsinin hüquqi qüvvəsi

 

Türkmənçay müqaviləsi Rusiya və Qacarlar arasında 90 il müddətinə bağlanıb. Artıq 200 ilə yaxın bir dövr keçməkdədir. Müqavilə hüquqi qüvvəsini itirib. Müqaviləni bağlayan dövlətlər - Rusiya imperiyası və Qacarlar dövləti artıq yoxdur. Təbii ki, Rusiya bu dövrdən sonra Türkmənçay və Gülüstan müqavilələrindən əl çəkmiş sayılır. Azərbaycanın İrandakı keçmiş səfiri Əlyar Səfərli hesab edir ki, hazırda Şimali Azərbaycanda müstəqil Azərbaycan Respublikası yaradılıb, Azərbaycan xalqı müstəqil dövlət qurub. Güney isə İranın himayəsi altındadır. Əgər müqaviləni bağlayan tərəflərdən biri öz müqaviləsindən əl çəkmişsə, avtomatik olaraq digər tərəf də əl çəkməlidir.

 

Beynəlxalq hüquqa görə Türkmənçay müqaviləsi ölü müqavilə və ölü imzalara əsaslandığından hüquqi qüvvəsini çoxdan itirib. Məsələyə hüquqi varislik nöqteyi-nəzərindən baxanda Rusiyada 1917-ci ilin sosialist inqilabı həmin ildə olan burjua inqilabından fərqli olaraq özünü Rusiya imperiyasının varisi elan etməyib. Müqavilənin hüquqi tərəfini incələdikcə məlum olur ki, İran da gərək bəzi əraziləri Azərbaycana qaytarmalı olsun. Əgər bu gün Xəzər dənizi Rusiyanın daxili dənizi hesab edilmirsə, bu məntiqlə, müqavilədə adı keçən Azərbaycan əraziləri üzərində hər iki dövlətin hüquqi sahibliyi avtomatik olaraq itirilir və mahiyyət etibarı ilə bu iki iştirakçı dövlət yad ərazilər üzərində ancaq işğalçı statusu ilə qalmış olur.

 

 

Zaur Əliyev

Siyasi elmlər üzrə fəlsəfə doktoru

AMEA Fəlsəfə və Hüquq İnstitutu

# 747
avatar

Oxşar yazılar