"Bu uğurda bizə etimad göstərən hər kəsin payı var" - <span style="color:red;">MÜSAHİBƏ
12 noyabr 2014 00:53 (UTC +04:00)

"Bu uğurda bizə etimad göstərən hər kəsin payı var" - MÜSAHİBƏ

Onlar gəldilər. Gəldilər ki, Azərbaycanın media həyatında yeniliklər etsinlər. Gəldilər ki, internet mediasında sağlam rəqabət yaratsınlar. Bacardılar desək yanılmazıq. 2004-cü ilin noyabrın 16-da yarandığı gün cəmi 4-5 informasiya yaya bilmişdilərsə, indi gün ərzində müxtəlif dillərdə yüzlərlə informasiya istehsal edirlər. APA informasiya agentliyindən baş direktor kimi başlayan, indi isə “APA Holdinqin” prezidenti kimi fəaliyyət göstərən Vüsalə Mahirqızının bu uğurlarda xüsusi əməyi var. Xanım baş redaktor rəhbərlik etdiyi qurumun 10 illiyi ərəfəsində Trend-in suallarını cavablandırıb.

- İlk mətbuat sevginiz nə zaman yaranıb və buna səbəb nə olub?

- Orta məktəbdən jurnalist olmaq istəyirdim. Ədəbiyyata, sözə olan sevgimdən bu peşəni seçmək istəyirdim. Və belə oldu ki, mən filoloq kimi təhsil almağa başlasam da, peşə olaraq jurnalist kimi çalışdım.

- Nə zaman sözə ehtiyacınız olur və Sizin üçün sözün bitiyi an olubmu?

- Biz sözlə işləyirik. Adam həm güclü, həm də kövrək vaxtında söz eşitmək istəyir. Yəqin ki, rastlaşdığım bəzi hadisələr, gerçəklər qarşısında sözün bitdiyi an olub. Amma böyük mənada hələ ki mənim üçün sözün bitdiyi an olmayıb.

- Bu gün cəmiyyət jurnalistinə hansı formada inanır və ya jurnalistin cəmiyyətdə nüfuzu nə dərəcədədir?

- Məncə, inanır. Çünki xəbər cəmiyyətin, insanların zəruri ehtiyaclarından biridir. Adamların qidalanmaq, geyinmək, gəzmək kimi məlumat almaq ehtiyacları da var. Ona görə də jurnalistika istənilən cəmiyyətdə məşhur, nüfuzlu peşələr sırasındadır. Azərbaycanda isə internet azadlığının olması, sosial şəbəkələrdən sərbəst istifadə imkanları mediaya olan marağı artırıb. Hansı sahə insanların maraq dairəsindədirsə, o sahədə çalışanlar da cəmiyyət üçün maraqlı olurlar.

- Bu gün doğurdanmı Azərbaycan mətbuatı dördüncü hakimiyyətdir, yoxsa...?

- Əlbəttə. Media Azərbaycanda ictimai rəyin formalaşdırılmasında ciddi rol oynaya bilir. Medianın gündəmə gətirdiyi məsələlərə əksər hallarda rəsmi qurumlar reaksiya verir, qaldırılmış problemlər həllini tapır. Məncə, Azərbaycan mediası bu gün tam olmasa da, əksəriyyətlə öz funksiyasını yerinə yetirə bilir. Bu, həm əhalinin məlumatlandırılması, həm ölkənin ən böyük problemi olan Dağlıq Qarabağ problemi ilə bağlı məsələdə özünü göstərir.

- Siz APA-ya qədər mətbuat sahəsində böyük bir yol keçmişdiniz? Buna baxmayaraq, APA-nın qazandığı uğurunun sirri nədədir?

- APA yaranana qədər bir neçə media orqanında çalışmışam, "Xalq Cəbhəsi" qəzetinin ilk baş redaktoru olmuşam. Amma mən buna böyük təcrübə deməzdim. APA-nın uğur qazanmasının səbəbi əlbəttə ilk növbədə ölkədə olan media mühiti, medianın inkişafına yaradılmış şəraitdir. Bu uğurda bizə etimad göstərən hər kəsin payı var.

- Geriyə baxanda və gələcəyə yollananda APA-nı necə dəyərləndirirsiniz?

- APA yarandığı dövrdən indiyə qədər Azərbaycanda əsas xəbər istehsalçılarından biri kimi fəaliyyət göstərib. Bundan sonra fəaliyyətimizi daha da genişləndirmək, ölkədəki və regiondakı mövqeyimizi qoruyub saxlamaq, eyni zamanda analitik informasiya mərkəzi kimi də inkişaf etmək planlarımız var.

 
# 594
avatar

Oxşar yazılar