Qüdrət Həsənquliyev:”Ayaz Mütəllibov bu gün yenə də Moskvanın tapşırıqlarını yerinə yetirir, təxribatla məşğul olur”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyevin APA-ya müsahibəsi
- Eks-prezident Ayaz Mütəllibov parlamentdə ona qarşı məlum çıxışınızdan sonra sizi təxribatçı adlandırıb...
- Onunla bağlı parlamentdə söylədiklərimi bir daha təsdiq edirəm və son müsahibəsi də bir daha göstərir ki, o, həqiqətən təxribatçıdır. Mütəllibovun heç vaxt öz fikri olmayıb, həmişə Moskvada deyilən sözləri burada təkrarlamaqla məşğul olub və Moskvanın dəstəyi ilə Azərbaycanda hakimiyyətə gətirilib. Elə o zaman onun zəifliyindən istifadə olunaraq Azərbaycan torpaqlarının işğalına başlanılıb. Hətta o, istefa verərkən də Moskvanın tapşırığı ilə istefa verib. Ayaz Mütəllibov yenə üzərinə öhdəliklər götürərək Azərbaycana qayıdıb və Moskvadan hansı tapşırıqlar gələcəksə, onu yerinə yetirəcək. Onun axırıncı müsahibəsi də dediklərimi bir daha təsdiq edir. Bəyan edir ki, Rusiya ilə hesablaşmalıyıq, Moskva haqqında ən adi tənqidi fikirləri belə söyləməyək və s... Bu müsahibəsini oxumaqla onun əsl simasını müəyyən etmək mümkündür. Mütəllibov bildirir ki, guya referendum keçirərək Azərbaycanın SSRİ-nin tərkibində qalmasına səs verməklə Dağlıq Qarabağın azad olunmasına nail ola bilərmiş. Amma bunun arxasınca söyləmir ki, nə oldu bəs, niyə buna nail ola bilmədi? Axı o, prezident olaraq qalırdı. Əgər doğurdan da Qorbaçovla razılıq var idisə, bəs bunun arxası niyə olmadı? Axı biz bilirik ki, o vaxt aprel ayında Rusiya istəsəydi, bir həftənin içində Dağlıq Qarabağdan erməniləri təmizləmək mümkün idi. Mütəllibov onu da deyir ki, “Ter-Petrosyan mənə zəng eləyib bildirdi ki, bu, sənə baha başa gələcək, mən bunu sənə bağışlamayacağam”. Arxasınca da əlavə edir ki, Xocalı faciəsi və vertolyotun vurulması da Ter-Petrosyanın əməli olub. Amma hamımız bilirik ki, məhz o dövrdə Moskvanın birbaşa nəzarəti altında olan 366-cı alay Xocalıdakı soyqırımın törədilməsində yaxından iştirak edib.
A. Mütəllibov bu gün məsuliyyətdən kənarda qalaraq, yenə də Moskvanın tapşırıqlarını yerinə yetirir və təxribatla məşğul olur. Mən parlamentdə də söyləmişdim ki, eks-prezidentlərlə bağlı qanun ona şamil oluna bilməz. Qanunda açıq formada yazılıb ki, yalnız şəxs prezident seçilənə qədər və prezident olduğu dövrdə törətdiyi cinayətlərə görə məsuliyyətdən azad olunur. Amma bilirik ki, Ayaz Mütəllibov 1992-ci il martın 6-da istefa verib, məhz Moskvanın təhriki ilə mayın 14-də yenidən hakimiyyəti zəbt etmək istəyib. Amma onu da bilirik ki, yenə də Moskvanın göstərişi ilə o, prezident postunu buraxdı və Moskvaya qaçdı. Bunu Rəhim Qazıyev də çox açıq şəkildə söyləyib. Daşkənddə keçirilən toplantı zamanı R. Qazıyev Boris Yeltsinə yaxınlaşıb və deyib ki, o vaxt Moskvada Yanayevin başçılığı ilə təşkil olunmuş qiyamı Ayaz Mütəllibov dəstəkləyib, amma Xalq Cəbhəsi ona qarşı olub. Bundan sonra Yeltsin Qraçovu (müdafiə naziri) çağırıb və deyib ki, “Paşa, otstavit!” Bununla da, Mütəllibovu Bakıdan götürüb aparıblar. Yəni bunu etiraf eləmək olar ki, Mütəllibov Xalq Cəbhəsinin Prezident Aparatına doğru təşkil elədiyi yürüşün nəticəsi olaraq çıxıb getmədi. Onu Moskva qaytarmışdı, Moskva da götürüb apardı. O dövrdə Moskvada da bilirdilər ki, Azərbaycanda Xalq Cəbhəsi hakimiyyətə hazır deyil və Cəbhəni vaxtından əvvəl hakimiyyətə gətirməklə xalqın gözündən salmaq lazımdır. Moskva həm də buna nail oldu. Eyni zamanda Mütəllibovun özünün də bir qorxaq imici vardı və bu gün də o qorxaq bir adamdır. O, mayın 14-də hakimiyyəti zəbt etmək istəyərkən prezident deyildi və eks-prezidentlərlə bağlı qanundakı status ona şamil oluna bilməz. Mən parlamentdə millət vəkili və hüquqşünas kimi bunu deyib, əsaslandırmışam.
- Həmin qanun qəbul olunanda səs vermişdiniz?
- Əlbəttə, qanuna səs vermişdim. Amma qanun qəbul olunarkən çıxışım zamanı da Müəllibovla bağlı fikrimi demişdim. Çünki bilirdim ki, bu adam Azərbaycana gəlib sakit dayanmayacaq. Çünki bu adam gənclik illərindən Moskvaya bağlı adamdır. O, Azərbaycan xalqının qanı üzərində hakimiyyətə gəlmiş şəxslərdən biridir, onun çirkin oyunları üzərində 20 Yanvar faciəsi baş verdi. Ona görə də Mütəllibov kimi adamların bu gün üzü olmamalıdır ki, Azərbaycana yenidən gəlsinlər. Özünüz də görürsünüz ki, siyasətlə məşğul olmayacağını desə də, bu gün hansısa siyasi partiya lideri heç onun qədər bəyanatlar vermir. Hər gün hansı qəzeti açsan, görürsən ki, Ayaz Mütəllibovun orada açıqlamaları var...
- Amma onun ünvanına ittihamlar səslənir. Sizcə, adam ona ünvanlanan ittihamlara cavab verməməlidir?
- Yox, söhbət cavab verməkdən getmir. Məsələn, axırıncı müsahibəsində bildirir ki, Rusiyanın Azərbaycanla bağlı heç bir planı yoxdur və ya “milyarderlər ittifaqının” missiyası barədə danışır, ölkədə aparılmalı olan islahatlara münasibət bildirir. Mütəllibov bu gün ölkədə baş verən bütün hadisələrə münasibət bildirir. Daha siyasətlə məşğul olmaq necə olur ki?
O, heç kimi dəstəklədiyini də birmənalı açıqlamır. Ona görə də mən deyirəm ki, bu insan sonda Moskvadan ona hansı tapşırıq gəlsə, həmin tapşırığı yerinə yetirəcək. Mən düşünürəm ki, o ölkələrinki Azərbaycanda xüsusi siyasi marağı var, Azərbaycanı öz geosiyasi nüfuz dairələrinə daxil olan ölkə hesab edirlər, həmin ölkəyə bağlı adamların Azərbaycanda bu qədər geniş fəaliyyət göstərməsi ölkə suverenliyi üçün təhlükədir.
- Ayaz Mütəllibovun Rusiyadan idarə olunması ilə bağlı çox ciddi ittihamlar səsləndirdiniz. Bununla bağlı faktınız var?
- Onun son günlər səsləndirdiyi bəyanatlar, açıqlamalar bunun göstəricisidir. Başqa bir fakt da söyləyim. Mütəllibov çox əminliklə deyir ki, “Milyarderlər İttifaqı”nın fəaliyyəti Rusiyadakı azərbaycanlıların hüquqlarının qorunması ilə bağlıdır. Haradandır onda bu əminlik? Sonra deyir ki, Moskvanın Azərbaycandakı seçkilərdə öz nümayəndəsi olmayacaq. Soruşmaq lazımdır ki, səndə bu məlumatlar haradandır? Məgər sən Rusiyanın siyasətini müəyyənləşdirənsən, yoxsa onlardan birbaşa tapşırıq alırsan? Bax, açıq formada bu fikirləri söyləyir. Azərbaycanı qanlı inqilablarla hədələyən Rüstəm İbrahimbəyova hörmətini bəyan edir, ona etirazını bildirmir, sadəcə deyir ki, “təəssüf edirəm ki, İbrahimbəyov siyasətə gəlir”. A. Mütəllibov haradan bilir ki, Rusiyanın burada namizədi olmayacaq?
İndi bir qrup insanlar da Mütəllibov haqqında ona görə danışmır ki, iqtidar əgər onu əfv edibsə, biz danışmayaq, bir qrupu fikirləşir ki, “özümüzü pis adam etməyək” və sair. Özünü AXC-nin varisi elan edənlər indi bu barədə quzu kimi susublar. Mütəllibov hər gün onların ünvanına ittihamlar səsləndirməsinə baxmayaraq, həmin o dediyim adamlar- AXCP və Müsavatdakılar quzu kimi susub baxırlar. Ona görə cavab vermirlər ki, gözəl bilirlər ki, bu adamın Moskvada dostları var, öz qəzetlərində də yazırlar ki, “bahar bu dəfə Azərbaycana Şimaldan gələcək və s”. Öz ağılları ilə guya Moskva ilə münasibətləri gərginləşdirmək istəmirlər. Hətta Azərbaycanda hakimiyyət çevrilişi etmək üçün Moskvadan dəstək almağa hazır olduqlarını da bəyan edirlər və Moskvanın adamının qarşısında bu cür məlun bir görkəm alırlar. Halbuki bu gün məndən çox daha çox onların borcudur ki, Ayaz Mütəllibovun o vaxtla bağlı dediklərinin doğru olmadığını söyləsinlər.
- Azərbaycanda klassik partiyalardan başqa yeni gənclər hərəkatı da formalaşır. İndiki gənclərin sosial şəbəkələrdəki fəaliyyətinə, icazəsiz aksiyalar keçirməsinə və həbs faktlarına münasibətiniz necədir?
- Əvvəla, gənclərin öz siyasi hüquqlarından istifadə etməsini təqdir edirəm. Sadəcə, reallıq ondan ibarətdir ki, maraqlı dövlətlər burada həmin razılaşdırılmamış aksiyalardan istifadə edərək müxtəlif təxribatlar törədə bilərlər. Bu da Azərbaycan üçün çox ağır nəticələr verə bilər. Nəinki demokratiyanı inkişaf etdirmək, əksinə onillərlə geri düşə bilərik...
- Yəni bu aksiyaların əleyhinəsiniz?
- Bəli, bu aksiyaların əleyhinəyəm. Ümumiyyətlə, razılaşdırılmamış aksiyaların əleyhinəyəm. Mən gənclərin “Əsgər ölümünə son!” şüarını dəstəkləyirəm və onlardan əvvəl parlamentdə ən çox bu məsələnin üzərinə gedən, orduda nizam-intizamın gücləndirilməsini, ordu rəhbərliyinə milli kadrların cəlb edilməsini tələb edən millət vəkillərindən birincisi mən olmuşam. Amma hesab edirəm ki, gənclərin bu barədə aksiyası razılaşdırılmalıdır. Biz hər zaman Bakı Şəhər İcra Hakimiyyətinə çağırış edirik ki, şəhərin mərkəzində, məqsədəuyğun yerdə aksiyaların keçirilməsinə icazə verilməlidir. Amma bu olmursa, o zaman hüquqi müstəvidə gənclər öz mübarizələrini davam etdirməlidirlər. Lakin icazəsiz aksiyalardan xarici qüvvələrin istifadə etməsi təhlükəsi də var. Biz onu da qətiyyətlə pisləyirik ki, hakimiyyət vəziyyətin bu ağırlığından istifadə edib müxtəlif bəhanələrlə sərbəst toplaşma azadlığını məhdudlaşdırır. Məsələn, hansısa sürücülük məktəbinin həyətində aksiya keçirməyə icazə verirlər. Axı bu, məntiqə uyğun deyil. Hökumət birbaşa demək istəyir ki, biz sizə icazə vermirik. Yaxud yazırlar ki, aksiya keçirilməsini məqsədəuyğun saymırıq. Axı bu adamlardan soruşmurlar ki, siz məqsədəuyğun sayırsınız, ya yox?
- Yeni yaranan EL Hərəkatı barədə nə deyə bilərsiniz? Necə hesab edirsiniz, bu hərəkat Azərbaycanın siyasi həyatında nə qədər dəyişikliyə nail ola biləcək?
- Mən əvvəllər də söyləmişdim ki, bundan əvvəl yaranan Ziyalılar Forumu da, bu da sırf siyasi məqsədlər üçün yaranmış forumdur. Ona görə ki, onun əsas təşkilatçıları siyasi iddiaları olan şəxslərdir. Hamı bilir ki, EL Hərəkatına Rüstəm İbrahimbəyovla Eldar Namazov liderlik edir. Mən dəfələrlə demişəm ki, İbrahimbəyov bura Moskvadakı yüksək vəzifəli dostlarının tapşırığı ilə gəlir və açıqlamalar verir. İndi bəziləri deyir ki, guya İbrahimbəyov burada incidilir və ona görə belə edir. Amma onu heç kim incitməyib. R. İbrahimbəyov bu gün Azərbaycanda demokratik seçki keçirilmədiyini söyləyir, amma onun qardaşı millət vəkili seçilmişdi. Onun özünə Kino Evi üçün torpaq sahələri ayrılmışdı və hər cür şərait yaradılmışdı. Bəs nə baş verdi ki birdən-birə R. İbrahimbəyovun “vicdanı oyandı” və Azərbaycandakı problemlərdən danışmağa başladı? Ölkə əgər indiyə qədər belə acınacaqlı durumda idisə, niyə vicdanı olan İbrahimbəyov indiyə kimi susurdu? Yaxud niyə bu problemlər barədə ilk dəfə Moskva qəzetlərinə müsahibə verir? Bu, onu göstərir ki, Moskvanın planıdır və o da Moskvanın planını gizlətmək üçün “ziyalı incidilir” görüntüsü yaratmaq istəyir.
Eldar Namazov da kifayət qədər siyasi iddiası olan adamdır. Hərəkatda iştirak edən digərləri də ictimaiyyətdə indiyə qədər tanınan adamlardır və orada yeni isimlər yoxdur. Bu baxımdan yeni nəsə gözləmək olmur. Bu, eyni adamların müxtəlif təşkilatlardan bölünüb yeni təşkilat yaratmasıdır, yeni qüvvə deyil. Çünki “üçüncü qüvvə”dən söhbət gedirsə, gərək oradakı adamların böyük çoxluğu tamamilə yeni adamlar olsun. Burada isə bir nəfər də yeni adam yoxdur. Orada eyni zamanda baza da yoxdur, geniş xalq kütlələrinin dəstəyi də yoxdur. Ümumiyyətlə, son zamanlar gənclərin müəyyən hissəsinin siyasətə marağı artsa da, geniş anlamda xalqın böyük əksəriyyəti siyasətdən kənardadır. Ona görə də hesab edirəm ki, islahatları yuxarıdan aparmaqla demokratiyanı daha da genişləndirmək mümkündür.
- “Facebook”da varsınız?
- Yox.
- Niyə?
- Hesab edirəm ki, bu, vaxtımı çox ala bilər.
- Bir deputat həmkarınız isə hesab edir ki, Azərbaycanda “Facebook”u bağlasalar yaxşıdır, çünki bu, ümumiyyətlə, Azərbaycan xalqının vaxtını alır...
- (Gülür). Mən belə düşünmürəm. Hesab edirəm bu şəbəkədən gənclər ünsiyyət vasitəsi kimi çox geniş istifadə edirlər. Bunun nəinki bağlanması haqqında danışmaq, ümumiyyətlə, bu barədə müzakirə aparmaq düzgün deyil. Düşünmürəm ki, hökumət də buna getsin. Çünki dövlət hər zaman bəyan edir ki, Azərbaycanda internet azaddır. Bu Azərbaycan hökumətinin uğurlu addımlarından biridir ki, ölkədə internetin azadlığını təmin edib. Ona görə də bu barədə müzakirə aparıb, təklif vermək həm də dövlətin imicinə zərbədir.
- Bu il seçki ilidir. Bölgələrə çıxmaq fikriniz var?
- Mütləq çıxacağıq. Biz artıq xeyli sayda partiya fəalını bölgələrə göndəririk. Bildiyiniz kimi, dövlət tərəfindən cüzi də olsa partiyalara vəsait ayrılır və biz bu vəsaiti də bu işlərə sərf edəcəyik.
- Bölgələrə səfərlər zamanı Sizə mane olmurlar ki?
- Hələlik bir dəfə belə səfər təşkil etmişik və heç bir şikayət yoxdur.