- Hörmətli Aurelia xanım, Siz hazırda Azərbaycanda hər kəsin tanıdığı və rəğbət bəslədiyi bir insansınız. Ona görə də əvvəlcə ondan başlayaq ki, Siz özünüz Azərbaycan haqqında nə bilirsiniz və bizim ölkəmizə münasibətiniz necədir?
- Mən Azərbaycanı bütün qəlbimlə sevirəm. Bu, qürurlu və qonaqpərvər insanların yaşadığı möhtəşəm bir ölkədir. Azərbaycan qanunun aliliyini real olaraq, gündəlik tətbiq etməyə can atmaqla, demokratik inkişaf yolunu seçib. Xüsusilə də, Azərbaycan xalqının tolerantlığını, keçmişə həssas münasibətini və ölkənin proqressiv gələcəyinə inamla addımlamasını qeyd etmək istərdim. Əlbəttə ki, hər şey hamar deyil. Ancaq problemlərin, səhvlərin müəyyənləşdirilərək onların aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi sevindiricidir.
- Sizin Ermənistan parlamentinin tribunasından etdiyiniz çıxış Azərbaycan cəmiyyətində də məmnunluq qarışıq çaşqınlıqla qarşılandı. Çünki Dağlıq Qarabağ münaqişəsinin başlandığı vaxtdan indiyə qədər heç vaxt hər hansı xarici ölkənin və ya beynəlxalq qurumun təmsilçisi Azərbaycanın haqlı hesab edə biləcəyi mövqedən çıxış etməmişdi. Bu səbəbdən də, Sizin ədaləti və reallığı əks etdirən həmin çıxışınız, Azərbaycan cəmiyyəti üçün də gözlənilməz xarakter daşıyırdı. Həmin çıxışa ehtiyac duymanızın əsas səbəbləri bizim üçün də çox maraqlıdır.
- Azərbaycanı ziyarət etməklə mən Azərbaycanda insanların Dağlıq Qarabağ münaqişəsindən, qaçqınlardan və soyqırımdan ağrıyla bəhs etmələrinə şahid oldum və bundan çox təsirləndim. Təəccüblüdür ki, Azərbaycanda bu mövzularda danışılanda biz müxtəlif beynəlxalq nümayəndəliklərin təmsilçilərinin həyəcanlı reaksiyasını eşidirik. Ancaq sizin ölkənizin hüdudlarından kənarda bu mövzudan israrla yan keçməyə çalışırlar. Əlbəttə ki, bu fakt anlaşılmazlıq yaradır. Mən ombudsman olaraq, dondurulmuş münaqişələr mövzusuna insan haqlarının pozulması prizması üzərindən nəzər salmağa çalışdım. Mənim tərəfimdən, dondurulmuş münaqişə zonalarında insan haqlarının pozulmasına dair konkret faktlar səsləndirilmişdi. İnsan haqlarının pozulması hallarına daha çox məhz Ermənistan tərəfindən yol verildiyindən mən də həmin faktlar üzərində geniş təfsilatı ilə dayandım. Əlbəttə ki, bu, tədbirin ev sahiblərinin xoşuna gəlmədi. Amma mən əminəm ki, hüquq pozuntularının identifikasiyası olmadan yola davam etmək mümkün deyil. Eyni zamanda, BMT-nin Təhlükəsizlik Şurasının və BMT-nin Baş Assambleyasının Dağlıq Qarabağla bağlı qətnamələri Ermənistan tərəfindən qeyd-şərtsiz yerinə yetirilmədən Qafqazda demokratiyanın insan haqlarının mütləq şəkildə qorunmasıyla inkişaf etdirilməsi də qətiyyən mümkün olmayacaq.
- Sizin Ermənistan parlamentinin tribunasından etdiyiniz çıxışdan sonra baş verən xoşagəlməz olaylar Azərbaycan cəmiyyətində ciddi narahatlıqla qarşılandı. Həmin günlərdə Azərbaycanda hər kəsin diqqəti Sizin taleyinizin necə olacağına yönəlmişdi. Hər kəs böyük həyəcanla və səbirsizliklə Ermənistandan sağ-salamat çıxarılmanız barədə məlumatı gözləyirdi. Aurelia xanım, tribunaya qalxmazdan öncə söylədiklərinizin belə qorxulu nəticələr verə biləcəyini nəzərə almışdınızmı?
- İrəvanda, 40-dan artıq ölkənin nümayəndələrinin iştirakıyla keçirilən bir beynəlxalq forumda çıxış edərkən mən hətta təsəvvür belə etməzdim ki, bu il Avropa Nazirlər Kabinetinə sədrlik edən Ermənistan tərəfindən mənim ünvanıma belə güclü hədə-qorxu hücumu olacaq. Halbuki beynəlxalq konfransın mövzusu da elə məhz qanunun aliliyinin Avropa standartlarının müzakirə edilməsi ilə bağlı idi. Ancaq Ermənistan nümayişkaranə şəkildə göstərdi ki, onun üçün beynəlxalq sənədlərin və İnsan haqları barədə Konvensiyanın tələbləri deyil, məhz milli ambisiyalar əsas prioritetdir.
- Aurelia xanım, əgər ehtiyac duysanız, eyni məzmunlu çıxışı bir daha təkrarlayarsınızmı? Çünki etiraf etmək lazımdır ki, çox cəsarətli və cəsur bir çıxış idi. Yaxşı xatırlayıram, Sizin dostunuzla - cənab Todur Zanetlə Ermənistandakı vəziyyətiniz barədə məlumat alarkən, o, böyük həyəcanla mənə Sizin həyatınızın ciddi təhlükədə olduğunu bildirmişdi.
- Birincisi, mənim üçün narahat olan, həyəcan keçirən bütün dostlarıma təşəkkür etmək istəyirəm. Əlbəttə ki, mən dostum Todur Zanetə də mənə göstərdiyi öz dəstəyinə görə minnətdaram. Mənim o çıxışımı təkrarlamağıma gəldikdəsə, dediklərimin hamısı BMT-nin qətnamələrinə əsaslanır. Və mən BMT-nin qətnamələrini müdafiə edirəm. Ona görə də, şübhəsiz ki, mən həmin çıxışımı təkrarlayardım. Təəssüfləndiyim yeganə məqam ondan ibarətdir ki, öz çıxışımı orada tam şəkildə səsləndirə bilmədim. Çünki iclasa sədrlik edən şəxs mənim sözümü kəsdi və mən öz çıxışımın son hissəsini ixtisar etmək məcburiyyətində qaldım. Ona görə də, sonradan mən Dnestryanı bölgədə insan haqlarının qorunması barədə danışmadığıma görə dəfələrlə öz ünvanıma iradlar eşitməli oldum. Bununla belə, mən məmnunam ki, dondurulmuş münaqişələr zonalarında insan haqlarının qorunması qarşısındakı problemlərə, o cümlədən də Dağlıq Qarabağ və işğal edilmiş ətraf ərazilərlə bağlı problemə dünya ictimaiyyətinin diqqətini cəlb etməyə nail ola bildim. Rumıniyanın xarici işlər naziri, Avropa Parlamentinin Rumıniyadan olan deputatı və Almaniya Bundestaqının bir neçə deputatı Ermənistanın BMT Baş Assambleyasının Dağlıq Qarabağla bağlı qətnamələrini yerinə yetirməsi tələbi ilə çıxış etdilər. Və hesab edirəm ki, bunda mənim fəaliyyətimin də payı var.
Mənə Apostola bərabər Böyük Knyaz Vladimir pravoslav ordeni təqdim olunarkən, Ukrayna Kilsəsinin mitroforu Vitaliy Ata (Dançak) mənim üçün unudulmaz nitq söylədi. Nitqində Vitaliy Ata qeyd etdi ki, həmin orden mənə insan haqlarının müdafiəsi sahəsində göstərdiyim cəsarətə və Moldova Respublikasının Ombudsmanı mandatının sona çatmasıyla bağlı verilir. Çıxışının davamında o, “Hörmətli Aureliya Andreyevna, Sizin məhz həmin vaxtda, məhz İrəvanda olmanız və məhz həmin çıxışı etməniz Tanrının istəyinə uyğun idi. Və insanlar buna görə Sizə çox minnətdardırlar. Sizin qarşınızda baş əyirəm” dedi.
- Aurelia xanım, Ermənistanda Sizinlə bağlı baş verənlər haqqında təfsilatı ilə bizə məlumat versəydiniz, bu, çox maraqlı olardı. Sizə qarşı təzyiqlərin, hətta təhdid olunmanızı bilirik. Ancaq Ermənistan parlamentinin tribunasından etdiyiniz çıxışdan sonra Sizə qarşı baş verənlər haqqında geniş məlumatımız yoxdur. Həmin hadisələr haqqında Sizin vasitənizlə Azərbaycan cəmiyyətini məlumatlandırmaqdan məmnun olardıq...
- Etdiyim çıxışdan sonra başıma gələnlər haqqında artıq bir neçə dəfə müsahibələrimdə danışmışam. Həmin hadisələr məndə dərin psixoloji sarsıntı, zədə buraxıb. Düzünü desəm, mən həmin hadisələri daha çox mümkün qədər tez bir zamanda unutmaq istərdim. Ancaq sualınızı cavabsız da buraxmaq istəməzdim və bu, doğru olmazdı.
İyulun 4-də mənim facebook səhifəmə təhdidlər daxil olmağa başladı. Həmin təhdidlərdə deyilirdi ki, “Xocalını bütün xırdalığına qədər sənə göstərərik”, “Saçlarından tutub meydana sürüyərik” və s. Eyni zamanda, həmin təhdidlər mənə otel otağındakı telefon vasitəsilə deyilmişdi. Məndən erməni xalqı qarşısında üzr istəməyi tələb edirdilər. Telefon zənglərinin hər birində ünvanıma söylənən çoxsaylı senzuradankənar təhqiramiz ifadələr haqqındasa heç xatırlamaq belə istəmirəm. Təşkilatçılar mənə israrla şam yeməyi ilə müşayiət ediləcək qəbula gəlməməyi məsləhət görürdülər. İyulun 5-də mətbuatda mənim şəklimlə yanaşı, Ermənistana gələn bütün hüquq müdafiəçilərinin, vəkillərin və ombudcmanların güllələnməklə fiziki cəhətdən məhv edilməsinə dair çağırışlar çap edilmişdi. Fotonu və çağırışı elə yerləşdirmişdilər ki, buna cəhd edənlər, yəqin ki, səhv salmayacaqdılar. Otelin girişində bir neçə qrupdan ibarət karabinçilər gəzişirdilər. Mənə Ermənistan ombudsmanının təşkil etdiyi şam yeməyinə də getməməyi məsləhət gördülər. Telefonla və sosial şəbəkələr üzərindən edilən təhdidlər isə ara vermədən daxil olmaqda davam edirdi. Bütün bunların fonunda üstəlik, məni hava limanına çatdırmaqdan da imtina etmişdilər. Moldova Konstitusiya Məhkəməsinin sədri Viktor Popa məni otelin kandarında buraxaraq, hava limanına getdi. Bundan dərhal sonra facebookda mənə xəbərdarlıq mesajı göndərildi ki, “Bu, məni gözləyən sonuncü ”sürpriz" deyil". Yalnız Avropa Birliyi ölkəsinin - Rumıniyanın diplomatlarının müdaxiləsindən və Gürcüstanın konsulunun birbaşa köməyindən sonra mənim Ermənistanı tərk edə bilməyim mümkün oldu.
- Həmin çətin və ağır günlərdə ailənizin reaksiyası necə olub. Moldovaya döndükdən sonra ailəniz və dostlarınız Sizinlə bağlı baş verənləri necə dəyərləndirdilər?
- Mən ərim Dmitriyə və anama çox minnətdaram. Çünki onlar mənim həmin çıxışla bağlı bir saniyə belə, təəssüflənməyim üçün heç bir, hətta ən xırda əsas belə, vermədilər. Mənim bütün çoxsaylı doğmalarımın, yaxın və uzaq qohumlarımın hamısı məni dəstəklədilər. Hətta mənim çoxdan xarici ölkələrdə yaşayan qohumlarım və dostlarım da zəng edərək hər birisi məndən öz mövqeyimdən geri çəkilməməyi xahiş edirdilər.
- Beynəlxalq qurumlar Sizi Ermənistanda düşdüyünüz situasiyadan xilas etmək üçün hansı tədbirləri gördülər?
- Beynəlxalq təşkilatlar yalnız mənim ərimin onlardan mənim Ermənistanı əngəlsiz və təhlükəsiz şəkildə tərk etməyimə yardım göstərilməsi xahişi etməsindən sonra müdaxilə etdilər. Qeyd etməliyəm ki, Rumıniya səfirliyi kömək barədə xahişə dərhal reaksiya verdi. Halbuki həmin vaxt Moldiva uzun müddət hər hansı konkret fəaliyyət barədə qərar verməkdə tərəddüd etmişdi. Əvvəl də qeyd etdiyim kimi, mənə real diplomatik kömək yalnız Rumıniya və Gürcüstan tərəfindən göstərildi.
- Azərbaycan dövlətinin Sizin çətin günlərinizdə göstərdiyi fəaliyyət Sizi qane etdimi?
- Sizin özünüzün də qeyd etdiniz kimi, mənim çıxışım sizin ölkəniz üçün tamamilə gözlənilməz xarakter daşıyırdı. Azərbaycan hökuməti tərəfindən reaksiya bir neçə gündən sonra, yəni mənə qarşı təqiblər və pozuntular Moldovada da davam etdirilərkən verildi. Qeyd etmək lazımdır ki, Azərbaycanın xarici işlər nazirinin mənim Ermənistandan qayıtmağımdan sonrakı taleyimin sizin hökumətiniz tərəfindən diqqətlə izlənildiyi barədə çıxışı mənə real dəstək xarakteri daşıdı. Çünki məhz həmin ərəfədə çıxışım zamanı söylədiyim mövqe ilə bağlı mənə qarşı təqiblər təşkil olunmuşdu və əsassız əks-təbliğat başladılmışdı. Bundan əlavə, Azərbaycanın insan haqları üzrə müvəkkili Elmira Süleymanova Avropanın və dünyanın ombudsman strukturlarına mənim müdafiə edilməyimlə bağlı müraciət ünvanlamışdı.
- Aurelia xanım, Sizin vaxtilə Bakıda səfərlərdə olduğunuz məlumdur. Maraqlıdır, növbəti dəfə Azərbaycana nə vaxt səfər edəcəksiniz?
- Mən bu il oktyabrın sonları və noyabrın əvvəllərində Bakını ziyarət etməyi planlaşdırıram. Məni 31 oktyarb-1 noyabr 2013-cü il tarixində Bakıda keçiriləcək beynəlxalq humanitar forumda iştirak etmək üçün rəsmən dəvət ediblər. Proqram üzrə 3 noyabr tarixinə qədər Bakıda səfərdə olmağım nəzərdə tutulub.