“Hərbi baza komandanının sözləri Moskvanın rəsmi mövqeyi deyil ”
14 noyabr 2013 18:58 (UTC +04:00)

“Hərbi baza komandanının sözləri Moskvanın rəsmi mövqeyi deyil ”

Andrey Kazantsev: “Dağlıq Qarabağ Gömrük İttifaqında heç cür yer ala bilməz”


 

“Rusiya Silahlı Qüvvələrinin hər hansı bir hərbi münaqişəyə müdaxilə etməsi kimi çətin və vacib qərarı hərbi baza komandanı vermir”. Bu sözləri APA-nın Moskva müxbirinə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq analitik-tədqiqat mərkəzinin direktoru, Marşal Fondunun (Almaniya) elmi əməkdaşı, siyasi elmlər doktoru, politoloq Andrey Kazantsev deyib. Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının komandanı Andrey Ruzinskinin “Krasnaya Zvezda” qəzetinə verdiyi müsahibəni şərh edən politoloq bildirib ki, belə bir qərar ancaq prezident Vladimir Putin tərəfindən verilə bilər: “Bu barədə Konstitusiyada da yazılıb və belə qərarların verilməsində həlledici fiqur Rusiya prezidentidir”.

 

“Rus komandanın bu çıxışı Rusiya ali hakimiyyətinin rəsmi Bakıya hansısa işarəsi, xəbərdarlığı kimi qiymətləndirilə bilərmi” sualını cavablandıran A. Kazantsev, Azərbaycanın da Ermənistan kimi Rusiyanın strateji tərfdaşı olduğunu söyləyib: “Bir müddət əvvəl Vladimir Putin Bakıda səfərdə olub. Əgər Putin bu barədə işarə vermək istəsəydi, bunu o zaman şəxsən özü edərdi. Bundan başqa, Rusiya Azərbaycana böyük həcmdə silah satır. Ona görə də Moskvanın Dağlıq Qarabağda müharibə başlayacağı təqdirdə hərbi müdaxilə edəcəyi barədə deyilənlər məntiqsiz görünür. Belə çıxır ki, özümüz öz silahlarımıza qarşı vuruşacağıq? Fikrimcə, baza komandanı öz şəxsi mövqeyini bildirib, bunun Moskvanın rəsmi mövqeyinə heç bir aidiyyəti yoxdur. Rusiya rəhbərliyi silahlı qüvvələri diqqətlə nəzarətdə saxlayır və onlar müharibə başlayacağı təqdirdə Kremlin qəbul etdiyi qərarları birmənalı şəkildə həyata keçirəcəklər. 90-cı illərin əvvəllərində SSRİ-nin dağıldığı vaxtlarda silahlı qüvvələrdə də parçalanma hökm sürürdü. Bu cür hallar Rusiyanın təkcə Cənubi Qafqazdakı qoşunlarında deyil, Tacikistan və Dnestryanıda olan hərbi qüvvələrində də müşahidə olunurdu. Onlar öz istədiklərini edə bilirdilər. O dövr artıq keçib”.

 

A. Kazantsevin sözlərinə görə, Serj Sarkisyanın Ermənistanın Gömrük İttifaqına qoşulması ilə bağlı qərarından sonra Moskva ilə İrəvanın yaxınlaşması müəyyən eyforiya yaradıb və baza komandanı öz dəstəyini bu şəkildə ifadə edib: “Fikrimcə, bu, düzgün deyil. Ola da bilsin ki, onun mövqeyini müsahibəni götürən jurnalist düzgün ifadə etməyib. Çox güman ki, komandan ali baş komandan tərəfindən konfliktə müdaxilə etmək haqqında əmr olacağı təqdirdə bunu edəcəklərini demək istəyib. Təəssüflər olsun ki, digər ölkələrdən fərqli olaraq, Rusiyada hərbçilərin şəxsi siyasi mövqelərini ifadə edəcək bir kodeks mövcud deyil. Bu da onun nəticəsidir”.

 

Siyasi ekspert “noyabrın sonlarında keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən nəsə gözləmək olarmı?” sualına cavabında bildirib ki, bu görüşdən çox şey gözləməyə dəyməz: “Mən şəxsən müsbət nəticə kimi heç olmasa gərginliyin azaldılmasını gözləyərdim. Hal-hazırda hər iki tərəf silahlanmış vəziyyətdədir. Tarixdən məlumdur ki, silahlanma yarışı avtomatik olaraq müharibəyə gətirib çıxarır. Əgər çoxlu itkilərin olacağı müharibə baş verəcəksə, bundan sonra on illərlə sülh müqaviləsi bağlamaq mümkün olmayacaq. Ona görə də, danışıqlar prosesini davam etdirmək lazımdır ki, gələcəkdə münaqişə həll olunsun. Bu, minimum proqramdır. Tərəfləri sülh razılığına gətirmək isə maksimum proqramdır. Təəssüf ki, bu, hələ mümkün deyil.

 

Ermənistanın Gömrük Birliyini seçməklə Avropa Birliyini tamamilə itirməsini şərh edən politoloq qeyd edib ki, Ermənistan onsuz da AB-nin azad ticarət haqqında iqtisadi müqaviləni imzalaya bilməzdi: “Ona görə də, İrəvan öz strateji seçimini etdi, Rusiya ilə yaxınlaşmaq və Gömrük İttifaqına qoşulmaq haqqında qərar verdi. Fikrimcə, vaxt keçdikcə Avropa Birliyi-Rusiya münasibətləri yaxşılaşacaq. Rusiyanın da xarici siyasət doktrinasında qeyd edildiyi kimi, Avrasiya inteqrasiyası üzv ölkələrin Avropa Birliyi ilə ümumi məkan yaratmasına qarşı çıxmır. Doktrinada deyildiyi kimi, gələcək “böyük Avropa”, ümumi prinsip və normaları birləşmiş iki hissədən ibarət olacaq. Bunlar Avropa Birliyi və Avrasiya İqtisadi Birliyidir. Avropa Birliyi rəhbərliyinin bəyanatında bu prinsip dəstəklənib. Avrasiya İqtisadi Birliyinin bütün üzvləri, Rusiya və Ermənistan da daxil olmaqla, “Böyük Avropa”nı qurmağa davam edəcək. Vilnüs sammitində və bu sammitdən sonra Avropa Birliyi ola bilsin ki, İrəvanla qarşılıqlı anlaşma və gələcək əməkdaşlıq məsələləri haqqında memorandum imzalasın. Vilnüs sammitində imzalanmalar AB-nin üzvlük perspektivinə ümid etmək deyil. Bunu biz Türkiyə ilə Avropa Birliyinin təcrübəsində də gördük. Bu məsələ on illərlə donmuş şəkildə qala bilər. Nəzərə almaq lazımdır ki, cənubi Avropada iqtisadi böhran hökm sürür, miqrasiya ilə bağlı və yeni qoşulan ölkələrin iqtisadi vəziyyətləri ilə bağlı böyük problemlər mövcuddur. Xüsusilə də “Şərq tərəfdaşlığı” ölkələrinin AB-yə tamamilə inteqrasiyası üçün vəsait yoxdur. CAR və Mərakeş AB ilə 2000-ci ildə assosiativ saziş haqqında müqavilə bağlayıb. Bundan sonra onlar avropalı olmayıblar ki? Vilnüsdə Moldova və Gürcüstanla razılıq dəqiq paraflanacaq. Ola bilsin ki, Ukrayna ilə də assosiativ saziş imzalansın, lakin bu son dəqiqədə pozula bilər. (Timoşenkonun həbsdən azad olunaraq müalicəyə göndərilməsi ilə bağlı.) İmzalanmalardan sonra razılıqların həyata keçirilməsi sahəsində problemlər yaşanacaq. Azərbaycanla da bir sıra sənədlər imzalanacaq. Misal üçün, viza rejiminin sadələşdirilməsi haqqında sənəd. Sammitdə Azərbaycanın avrointeqrasiya səyləri alqışlanacaq və Azərbaycan-AB arasında azad ticarət zonasının yaradılması haqqında danışıqlara başlamaq təklif olunacaq. Bundan sonra seçim artıq Bakının olacaq. Lakin bu mərhələ Moskva ilə münasibətlərdə soyuqlaşmaya gətirib çıxara bilər”.

 

A. Kazantsev Ermənistanın Gömrük İttifaqını seçməsindən sonra Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsinin həllində İrəvana təzyiq edəcəyini düşünmədiyini də söyləyib. O, Gömrük İttifaqında Dağlıq Qarabağa münasibətin necə olacağını isə belə şərh edib: “Dağlıq Qarabağ Gömrük İttifaqında heç cür yer ala bilməz. Ona görə ki, Gömrük İttifaqı ölkələrindən heç biri onun müstəqilliyini rəsmən tanımır”. 

 

# 1141
avatar

Oxşar yazılar