“İran bu hərəkəti ilə özü-özünü ifşa etdi”.
Bu sözləri Milli Məclisin deputatı, professor Hikmət Babaoğlu Lent.az-a açıqlamasında bildirib.
“İranın Naxçıvana raket hücumları şiddətlə qınanılır və qətiyyətlə rədd edilir. Bu, Azərbaycanın suverən hüquqlarının pozulmasə və ölkəmizə qarşı hücum kimi qiymətləndirilməlidir. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyənatında qeyd edildiyi kimi Azərbaycan bu cür addımlara qarşı adekvat cavab vermək hüququnu özündə saxlayır. Lakin bu məsələnin rəsmi tərəfidir.
Azərbaycan hər zaman İrana dost münasibəti bəsləyib, öz ərazisindən İranı təhdid edəcək hərəkətə yol verməyib. Buna baxmayaraq Azərbaycan daim İrandan aqressiv münasibət görüb. İranın etdiyi hərəkətlər nankorluq hesab edilməlidir. Biz İranın bu və ya digər formada bənzər davranışlarını çox gördük, lakin İranda yaşayan soydaşlarımızın mövcudluğunu nəzərə alaraq molla rejiminin ifşa edilməsi üçün çox addımlar atmadıq. Amma bu gün İran özü özünü ifşa edir. O təkcə Azərbaycana yox, İranda yaşayan 30 milyondan çox azərbaycanlıya da izahat verməlidir ki, hansı cəsarətlə və nə üçün azərbaycanlıların ödədiyi vergilərlə formalaşan büdcəsi ilə silah alıb Azərbaycana hücum edir?! Məsələnin mahiyyəti həm də bundan ibarətdir. İranın ətrafında bir çox qonşu ölkələr var. Onların lideri öldürüldü, Azərbaycandan başqa heç kim baş sağlığı vermədi, heç bir dövlət başçısı İran səfirliyinə gedib başsağlığı yazmadı. Onun müqabilində İranın bu addımı həm nankorluq, həm də özünüifşadır. Bu rejimin siyasəti nə İran xalqına, nə də qonşu xalqlara heç vaxt xeyir gətirməyib, hamı bundan əziyyət çəkib. Bu rejim öz sonunu özü gətirəcək”.