Türkiyə Böyük Millət Məclisi(TBMM) xarici işlər komissiyasının sədri, Ədalət və İnkişaf Partiyasının İstanbul millət vəkili Əhməd Berat Çonkarın APA-ya müsahibəsi
- ABŞ Konqresinin 44 üzvü “erməni soyqırımı” ilə bağlı qanun layihəsini yenidən gündəmə gətirib. Ənənəvi 24 aprel mesajında prezident Barak Obamanın “soyqırım” deməsi üçün erməni lobbisi bu il daha çox çalışır. Komissiyanız bu məsələ ilə bağlı hansı işlər görür?
- Biz bu işlərlə sadəcə 24 aprel yaxınlaşdığına görə deyil, illərdən bəri sistemli və ardıcıl şəkildə məşğul oluruq. Hal-hazırda TBMM sədri ABŞ-da səfərdədir və keçirdiyi yüksək səviyyəli görüşlərdə məsələni obyektiv şəkildə izah edir. Məclis sədrimizin bu işdə marağı olan başqa ölkələrə səfərləri zamanı da məsələ bütün gerçəkliyi ilə həmin ölkələrin liderlərinə çatdırılacaq. Mən və komissiyamızın üzvləri xarici ölkələrə səfərlərimizdə, habelə xarici ölkələrdən qonaqlar gələndə, bu məsələni tarixi həqiqətlər prizmasından onlara başa salırıq. İkitərəfli münasibətlər çərçivəsində fəaliyyətimizdən başqa üzv olduğumuz beynəlxalq təşkilatlarda da bu məsələ ətrafındakı həqiqətlərin çatdırılması sistemli şəkildə çalışırıq.
- Yəqin ki, bu məsələni gündəmdə saxlamağa çalışanların indiyədək istədikləri kimi hay-küy qopara bilməmələrinin əsas səbəblərindən biri sizin sistemli və ardıcıl çalışmalarınız olub...
- Biz bu işləri Türkiyə Xarici İşlər Nazirliyi ilə birlikdə həyata keçiririk. Bu işdən Türkiyəyə təzyiq vasitəsi kimi istifadə etməyi düşünənlər Türkiyənin heç bir reaksiya göstərə bilməyəcəyinə inanaraq çox yanılıblar. Türkiyə bu məsələdə öz haqlı mövqeyini soyuqqanlı şəkildə dünyaya çatdırır və bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Biz özümüzə son dərəcə güvənirik. Yadınızdadırsa, hələ 2005-ci ildə o vaxtkı baş nazirimiz Rəcəp Tayyib Ərdoğan Ermənistan prezidentinə məktub yazaraq bu işin obyektiv şəkildə araşdırılmasını tarixçilərdən ibarət komissiyanın öhdəsinə buraxmağı təklif edib və komissiyanın hazırlayacağı hesabatın Türkiyə tərəfindən qeyd-şərtsiz qəbul ediləcəyini vurğulayıb. Təəssüf ki, o gündən bəri Ermənistan bu təklifə cavab verməyərək, Türkiyəyə qarşı subyektiv mövqeyindən əl çəkməyib. Bölgədə sülh və əmin- amanlıq olmasını istəyən Türkiyə başqa məsələlərdə olduğu kimi, bu məsələdə də özünə güvənir. Biz ölkələrin siyasi qurumlarının tarixi məsələlərlə bağlı qərar qəbul etməsinin əleyhinəyik. Biz Osmanlı imperiyasının varisi olan ölkəyik, Osmanlı imperiyasının ən çox önəm verdiyi arxiv işi olub. Arxivlərimizin hamısı açıqdır, hər kəs gəlib bu sahədə istədiyi materialla tanış ola bilər. Biz qonşularımızla sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyirik. Bunun yolu əsli-astarı olmayan tarixi iddialarla Türkiyəyə qarşı təzyiq göstərməkdən yox, tarixi hadisələrin araşdırlmasını elm adamlarının öhdəsinə buraxaraq, daha pozitiv düşüncələr təməlində gələcək inşa etməkdən keçir. Bu məsələdən Türkiyəyə qarşı istifadə etməyə çalışan ölkələrə daim xəbərdarlıq edib deyirik ki, haqsız və subyektiv mövqeyiniz ikitərəfli münasibətlərin zədələnməsinə yol açacaq. Bu yaxınlarda ABŞ Senatının Xarici işlər komitəsinin sədri Robert Corkeri qəbul edərkən bu məsələni də gündəmə gətirdim. Cənab Corker dedi ki, mən də bu məsələnin tarixçilər tərəfindən araşdırılmasının tərəfdarıyam, siyasi qurumlar bu məsələ barədə qərar qəbul etməməlidir. Komitə sədri “soyqırım” məsələsi ilə bağlı qanun layihəsinin senatın gündəliyinə salınmasına mane olacağını da deyib. Biz bu məsələdə səmimiyyətin, obyektivliyin və ədalətin hakim olmasını istəyirik və nəticədə mövqeyimizin qalib gələcəyinə əminik. Bölgə ölkələri arasında bunu anlamağa ən çox Ermənistanın ehtiyacı var. Çünki xeyli müddətdir Azərbaycan torpaqlarını işğal altında saxlamaqla, Ermənistan bölgədə sülh, rifah və əmin-amanlığın bərqərar olmasını əngəlləyir. Əgər bölgə ölkələri olaraq gələcəyə pozitiv duyğularla baxırıqsa, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalı, Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli şəkildə həll edilməlidir.
- Yanvarın 15-də Ankarada Türkiyə və Azərbaycan prezidentləri türklərin Çanaqqalada imperialistlərə və işğalçılara qarşı tarixi qələbəsinin birlikdə qeyd ediləcəyini açıqladılar. Türkiyə bir çox dünya liderini 24 aprel mərasiminə dəvət edib. TBMM-in Xarici işlər komissiyası 24 aprel Çanaqqala mərasiminə necə hazırlaşır?
- İki qardaş ölkənin prezidentlərinin Ankarada açıqladıqları bu qərar son dərəcə yerinə düşdü. Birinci dünya müharibəsində Osmanlı imperiyası bir neçə cəbhədə vuruşarkən imperialistlərin təhrik ilə bölücülük fəaliyyətinə cəhd edib ölkəmizi parçalamağa çalışanlara Çanaqqala zəfərimiz ən yaxşı dərsdir. Əlbəttə ki, mərasimin Çanaqqala zəfərinin ruhuna yaraşan şəkildə keçməsi üçün biz də əlimizdən gələn hər şeyi edəcəyik. Osmanlı imperiyasının son dönəmlərində ölkəmizin müxtəlif bölgələrində çox acı hadisələr yaşanıb. İmperialistlərin təhriki ilə cərəyan etmiş proseslərdə ermənilər kimi türklər də çox acı çəkib. Çanaqqala zəfərimizin 100 illiyinin birgə qeyd edilməsi ermənilər qədər türklərin də çəkdiyi acıları birlikdə yaşamağın və acıları geridə qoyaraq, pozitiv duyğu və düşüncələrlə gələcəyə irəliləməyin ən doğru ünvanı olacaq. İmperialistlərin təhriki ilə daşnak terrorçuları tərəfindən qətlə yetirilmiş 100 minlərlə türkü necə unutmaq olar? 100 il əvvəl yaşanmış acı hadisələr hamımıza aiddir, ancaq erməni diasporu kimi biz də hər şeyi 100 il əvvəl yaşanmış ağrı-acılara indeksləşdirsək, pozitiv duyğu və düşüncələr təməlində gələcəyi necə inşa edə bilərik? 24 apreldə Çanaqqala zəfərimizin 100-cü ilini birlikdə keçirməyimiz bölgədə və dünyada sülhün bərqərar olmasına xidmət edəcəkdir.
- Türkiyənin dəfələrlə xoş niyyətli addımlar atmasına və pozitiv təşəbbüslər göstərməsinə baxmayaraq, erməni diasporu və Ermənistan rəhbərliyi öz neqativ düşüncələrindən əl çəkməyib. Çanaqqaladan veriləcək sülhsevər mesajları Ermənistan rəhbərliyinin qəbul edəcəyinə inanmaq olarmı?
- Çanaqqalada savaşan tərəflər sonra dost oldular. Bunu 18 martda orada keçirilmiş mərasimlərə xaricdən gələn qonaqların siyahısına baxan hər kəs görə bilər. Bu gün bölgədəki vəziyyəti təhlil edərkən görürük ki, sülhsevər mesajları qəbul etmək Ermənistanın da faydasına olacaq. Türkiyə Cümhuriyyəti Osmanlı imperiyasının varisidir və 100 il əvvəl yaşanmış ağrı-acılar təkcə ermənilərə yox, eyni dərəcədə biz türklərə aiddir. Biz bunu müştərək ağrı-acımız hesab edirik. Ancaq Ermənistan Türkiyəyə qarşı neqativ düşüncələrindən əl çəkməsə, işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxıb bölgədə sülh, əmin-amanlıq və rifah yaradılmasına xidmət etməsə, tarix bunun da qiymətini obyektiv şəkildə verəcək. Bir daha təkrar edirəm ki, erməni diasporunun və Ermənistanın ittihamlarına qarşı Türkiyənin sağlam, obyektiv və güclü mövqeyi mövqe dəyişməyəcək.