Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Rusiya Azərbaycan Təşkilatları İttifaqı Koordinasiya Şurasının üzvü, Ziyalılar Forumunun təsisçilərindən olan yazıçı Rüstəm İbrahimbəyov “Media forum” saytının suallarını cavablandırıb.
- Siz Azərbaycanda bütün demokratik qüvvələri birləşdirəcək Milli Şuranın yaradılması ideyasını irəli sürmüsünüz. Bu günlərdə mətbuatda bir məlumat, daha doğrusu, siyahı yayılıb və həmin siyahıda adı keçən şəxslərin Milli Şurada təmsil olunacağı, eyni zamanda siyahını sizin hazırladığınız iddia edilir. Siz belə bir siyahı hazırlamısınızmı?
- Məlumatda qeyd olunub ki, guya bu siyahını mən hazırlamışam. Amma bu, doğru deyil, siyahının mənimlə bağlılığı yoxdur. Onu kimin yazdığı da bilinmir. Belə bir siyahı hazırlayıb yayanların bunu niyə etdiklərini və məqsədlərinin nə olduğunu anlaya bilmirəm. Artıq EL hərəkatından Eldar Namazov açıqlama verib və siyahını mənim hazırlamadığımı bildirib. Adları orada qeyd olunan şəxslər də bunu təkzib ediblər.
Ola bilər ki, bizim gələcəkdə hazırlayacağımız siyahıda da bu adlar olsun. Çünki orada elə insanların adları var ki, Azərbaycanda doğrudan da onlara hörmətlə yanaşırlar, çoxu tanınmış adamdır və Milli Şurada təmsil oluna bilərlər. Lakin bu siyahının heç birinci variantı da mövcud deyil. Hazırda müzakirələr gedir. Eyni zamanda nəzərdə tutduğum elə insanlar var ki, o siyahıda adları yoxdur. Mən indi ad çəkmək istəmirəm, onlar da çox tanınmış, Azərbaycanda böyük hörməti olan şəxsiyyətlərdir. Onları böyük məmnuniyyətlə Milli Şuranın siyahısına daxil edərdim.
Milli Şuranın yaradılması mənim ideyamdır. Çalışıram ki, partiyaların, Ziyalılar Forumunun, EL hərəkatının orada konkret üstünlüyü olmasın. Şura həqiqi mənada cəmiyyətin ümumi rəyini, mövqeyini ehtiva etməlidir. Orada elə insanlar olmalıdır ki, ictimaiyyət və demokratik qüvvələr Milli Şuranı hərtərəfli qəbul etsin. Bir-iki partiyanın, təşkilatın, şəxsin fikri ilə nəsə etmək mümkün deyil. Ümumi rəy, vahid mövqe olmalıdır. Bu da çox incə və vaxt aparan işdir. İndi çox fəal iş gedir, partiyalarla, hərəkatlarla, ictimai birliklərlə, ziyalılarla, gənclərlə görüşlər keçirilir, geniş müzakirələr, söhbətlər aparılır. İstəyirəm ki, təklif edəcəyim və Milli Şuraya daxil edəcəyim adlar hamını razı salsın. İndi əsasən buna çalışıram.
- Milli Şurada kimləri, hansı təbəqənin təmsilçilərini görmək istəyirsiniz? Hazırda hakimiyyətdə vəzifə tutan, iqtidarı dəstəkləyən şəxslərin də şurada təmsil olunması mümkündürmü? Bununla bağlı müzakirələr varmı?
- Bu, çox çətin məsələdir. Həqiqətən də hökumətdə ağıllı fəaliyyəti ilə seçilən, hərtərəfli işləyən, özünü yaxşı mənada göstərən insanlar var. Düzdür, yuxarı səviyyələrdə belə insanlar olmasa da, əsasən nazirliklərdə müxtəlif vəzifə tutan çox qabiliyyətli insanlar işləyir. Mən istərdim ki, onlar da Milli Şurada təmsil olunsunlar. Amma onların buna razı olub-olmadıqlarını bilmək lazımdır. Razılıqlarını almadan ad çəkmək olmaz.
- Milli Şuranın sədri kim olacaq? Şuraya özünüzün sədrlik etməyiniz mümkündürmü?
- Bunu şurada təmsil olunacaq insanlar həll edəcək. Əgər təklif olsa, etiraz etmərəm. Amma bu, seçki ilə olmalıdır.
- Rüstəm müəllim, Rusiya Azərbaycan Təşkilatları İttifaqı Moskvada Novruz bayramı mərasimi keçirib. İştirak etmisinizmi?
- İştirak etmişəm. Tədbir çox gözəl, səviyyəli keçdi. Rusiya hökumətindən, cəmiyyətindən də adlı-sanlı, görkəmli qonaqlar vardı, mərasimdə xeyli insan iştirak edirdi. Tədbir məşhur oteldə təşkil olunmuşdu. Rusiya Azərbaycan Təşkilatları İttifaqı fəaliyyət göstərir və işini davam etdirəcək. Rusiyadakı Azərbaycan Federal Milli-Mədəni Muxtariyyəti - “Azər-Ross” da işini davam etdirir, çox əhəmiyyətli və faydalı işlər görür. Yaxın zamanlarda Rusiyanın bir neçə bölgəsində təşkilatın yeni qurumları yaradılacaq. Hazırda bununla bağlı ciddi iş gedir.
- İttifaqın gələcək fəaliyyəti ilə bağlı Koordinasiya Şurasının sədri Abbas Abbasovla müzakirələriniz oldumu? Təşkilatın gələcək planları nədir?
- Koordinasiya Şurası bir müddət əvvəl geniş bəyanatla çıxış etmişdi. Orada təşkilatın yaranma səbəbləri, məqsədləri və planları tam açıqlanmışdı. Rusiya Azərbaycan Təşkilatları İttifaqı hazırda həmin bəyanatda qeyd olunanlar əsasında, onları reallaşdırmaq istiqamətində fəaliyyətini davam etdirir. Hesab edirəm ki, çox uğurlu və əhəmiyyətli təşkilat yaranıb, görəcəyi işlərlə də bunu təsdiqləyəcək.
- “Azər-Ross”un keçmiş prezidenti, Rusiya Azərbaycan Təşkilatları İttifaqının Koordinasiya Şurasının üzvü Söyün Sadıqovla bağlı fikirlərinizi bir neçə dəfə bildirmisiniz, onun fəaliyyətini təqdir etmisiniz. Son zamanlar Söyün Sadıqovun Azərbaycanda yaşayan etnik azlıqların hüquqlarının pozulması, onların təzyiqlərlə üzləşməsi haqda bəyanatlar verdiyini deyirlər…
- Söyün Sadıqovun belə bəyanatlar verməsini eşitməmişəm, oxumamışam və bunları bilmirəm. Amma deyə bilərəm ki, Azərbaycanda onun haqqında yazılanların 99 faizi yalandır, böhtandır. Mən bu insanla yaxından tanışam, mövqeyini, dünyagörüşünü bilirəm. O, vətənpərvər insandır. Lakin nəzərə almaq lazımdır ki, Söyün Sadıqov Gürcüstanda anadan olub. Gənc yaşlarında Rusiyaya gəlib, burada yaşayıb, işləyib və indi də fəaliyyətini davam etdirir. Onun əsas maraqları Rusiya ilə bağlıdır. Eyni zamanda Rusiya ilə Azərbaycanın dostluğu, yaxınlığı ona çox vacibdir. İki ölkənin bir-birinə yaxın, dost olmasını, geniş əməkdaşlıq etməsini istəyir. Amma yenə də böyük qardaş-kiçik qardaş münasibətləri kimi yox, bərabər hüquqlu əməkdaşlığın olmasına çalışır. Azərbaycanın öz maraqları var, heç vaxt Rusiyaya bu barədə güzəştə getmək olmaz. Rusiyanın da öz məqsədləri var. Biz bilməliyik ki, bəzi hallarda maraq və məqsədlərdə ziddiyyətlər yaranacaq. Biz həmişə bu məsələlərdə Azərbaycanın tərəfini saxlamalıyıq.
- Qohumlarınızdan, yaxınlarınızdan hakimiyyətdə vəzifə tutanlar varmı? Sizə qarşı təzyiqlərdən sonra onlar öz işlərində qalırlarmı, yoxsa vəzifədən azad ediliblər? Mətbuat tez-tez yazır ki, xarici işlər naziri Elmar Məmmədyarov sizin bacınız oğludur. Bu doğrudurmu?
- Xeyr, doğru deyil. Elmar Məmmədyarov mənim əmim qızının oğludur. Atası Məhərrəm Məmmədyarov çox görkəmli alimdir. Naxçıvanlıdır, orada işləyib, uzun müddət Naxçıvanda Elmlər Akademiyasının rəhbəri olub. Gözəl insandır. Anası isə mənim əmim qızıdır. Elmar Məmmədyarovla qohum olsaq da, dünyagörüşlərimiz, mövqeyimiz tam fərqlidir, bir-birinə ziddir. Elmar yaşda məndən çox balacadır. Onun valideynləri ilə yaxın ünsiyyətdə idim, özüylə yox. Amma hesab edirəm ki, çox bacarıqlı, işgüzar nazirdir. İnanmıram ki, mənə görə ona nəsə etsinlər. Çünki son illər biz heç ünsiyyət saxlamamışıq, üç ildir bir-birimizi görmürük. Elmar Məmmədyarov Azərbaycan prezidentinə çox sadiq adamdır. Ona görə bizim görüşməyimizin heç bir mənası yoxdur, görüşmürük də.
Vəzifə tutan başqa qohumlarım, yaxınlarım yoxdur. “Şərq-Qərb” Kino Festivalının direktoru Lalə Əfəndiyeva barəsində əsassız cinayət işi açıblar, heç bir günahı olmadığı halda məsuliyyətə cəlb edilib. Guya vergi ödənmədiyini əsas gətirirlər. Burada da mübahisəli məsələ çoxdur. Vergilər Nazirliyinin bir nümayəndəsi deyir ki, bu vergi verilməliydi, başqası bildirir ki, vergini Azərbaycan Kinematoqrafçılar İttifaqı deyil, başqa qurum ödəməliydi.
Bundan başqa, rəhbərlik etdiyim Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvlərini məcburən təzə ittifaqa dartıb aparırlar. Onlara təzyiq göstərirlər, iş verməyəcəkləri ilə hədələyirlər. Son zamanlar təzyiqlər bir qədər azalıb, iki-üç ay əvvəl daha güclü idi. Mən hamıya dedim ki, ailəniz, uşaqlarınız var, işləməlisiniz, yaşamalısınız. Əgər görsəniz ki, sizə ziyan olur, keçin təzə ittifaqa ki, yaşaya biləsiniz. Mən buna görə heç kimdən incimərəm.