“Öz torpaqlarında ikinci erməni dövlətinin qurulmasına Azərbaycan icazə verməyəcək. Dağlıq Qarabağ tarixi və əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu bizim xalqımız o torpaqlarda yaşayıb. Bu gün də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bütün dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir”. Lent.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyinə həsr olunmuş paradda çıxışı zamanı bildirib.
Ali baş Komandan deyib ki, hazırkı Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb: “İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi diyarımızdır. İkinci Ermənistan dövlətinin Azərbaycan ərazisində yaradılmasına Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt icazə verməyəcək. Biz çalışaçağıq ki, məsələ tezliklə öz həllini tapsın. Məsələnin həlli əlbəttə ki, siyasi yollardan keçir və danışıqlar prosesi hələ də davam edir. Bizim ordumuz, hərbi potensialımız Azərbaycanın mövqeyini möhkəmləndirir. Bizim mövqeyimiz tarixi ədalət üzərində qurulub. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var ki, erməni işğalçı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edir. Azərbaycanın mövqeyi güclü ordu ilə tamamlanır. Bu məqsədlə son illər ərzində ordu quruculuğuna çox böyük diqqət göstərilib. Ordumuz inkişaf edir, bu inkişaf daimi prosesdir. Mən hərbi hissələrdə tez-tez vəziyyətlə tanış oluram və görürəm ki, ordumuzun döyüş qabiliyyəti artır. Azərbaycanın nizami ordusu var. Ordumuzun peşəkarlığı artır, orduda bütün cəmiyyətdə olduğu kimi vətənpərvərlik ruhu yüksək səviyyədədir. Mən fəxr edirəm ki orduda xidmət edənlər öz vətəninə, xalqına bağlı olan vətənpərvər insanlardır”.