Vardanyanın cinayətləri yenidən gündəmdə: Bu dəfə onu dünya şöhrətli mühəndis ifşa etdi
06 avqust 2026 11:20 (UTC +04:00)

Vardanyanın cinayətləri yenidən gündəmdə: Bu dəfə onu dünya şöhrətli mühəndis ifşa etdi

0

Ruben Vardanyanın müxtəlif cinayət əməlləri, o cümlədən maliyyə fırıldaqları bütün dünyaya çoxdan məlumdur. Türk əsilli amerikalı mühəndis, tədqiqatçı və yazıçı Ergün Kırlıkovalının livan əsilli amerikalı yazıçı və iqtisadçı Nassim Nikolas Talebə ünvanladığı açıq məktub Vardanyanın beynəlxalq səviyyəli cinayətkar olmasına dair faktları bir daha yada saldı.

Kırlıkovalı məktubunda Talebi Ruben Vardanyanı müdafiə etməkdə tənqid edir və bildirir ki, "xeyriyyəçi" və "humanitar fəaliyyət göstərən iş adamı" obrazı ilə tanınan Vardanyanın adı əslində uzun illərdir transmilli maliyyə şəbəkələri, ofşor şirkətlər, çirkli pulların yuyulması ilə bağlı araşdırmalar və müxtəlif hüquqi mübahisələrdə hallanır. Dünya şöhrətli mühəndis hesab edir ki, Vardanyan haqqında formalaşdırılmış ictimai imic onun ətrafında illərlə toplanmış faktların kölgədə qalmasına səbəb olub.

Türk əsilli Amerika mühəndisi, tədqiqatçı və yazıçı Ergün Kırlıkovalı

Əslində bu məktub yeni ittihamlar irəli sürmür. O, beynəlxalq jurnalist araşdırmalarında və məhkəmə materiallarında yer alan faktları yenidən gündəmə gətirərək Ruben Vardanyan fenomeninə daha geniş maliyyə və geosiyasi prizmadan baxmağın vacibliyini ön plana çıxarır.

"Digimarket" işi Vardanyanın maliyyə imperiyası ilə bağlı yeni suallar doğurur

Ruben Vardanyanın adı Rusiyada davam edən maliyyə qalmaqalı ilə bu günlərdə də yenidən gündəmə gəlmişdi.

Söhbət "Digimarket Holdings Limited" adlı ofşor şirkət ətrafında gedən məhkəmə prosesindən gedir. Məlumata görə, həmin şirkət hələ 2013-cü ildə Moskvada yerləşən və "Avtokontsept KO" MMC tərəfindən idarə olunan "DoubleTree by Hilton" otel layihəsinə 35 milyon ABŞ dolları məbləğində kredit ayırıb. Borcun ödənilməməsi səbəbindən məsələ illərlə uzanıb və nəhayət, 2024-cü ildə məhkəmə mərhələsinə keçib.

2026-cı ilin əvvəlində Rusiya Ali Məhkəməsi kredit vəsaitlərinin xarici yurisdiksiyada qeydiyyatdan keçmiş kreditora köçürülməsini qadağan edib. Bundan sonra ofşor şirkətin qanuni şəkildə vəsaiti tələb edə bilməsi üçün onun Rusiya yurisdiksiyasında yenidən qeydiyyatdan keçirilməsi zərurəti yaranıb.

Nəticədə 2026-cı ilin yazında "Digimarket Holdings Limited" Kalininqrad vilayətində yerləşən xüsusi inzibati rayonda "Digimarket" MMC kimi qeydiyyatdan keçirilib. Rusiya Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrində (EGRUL) şirkətin sahibi kimi Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend göstərilib.

Qeydiyyatdan dərhal sonra "Digimarket" MMC "Avtokontsept KO" şirkətindən 5,1 milyard rubl – təxminən 64 milyon ABŞ dolları məbləğində borcun tutulması tələbi ilə məhkəməyə müraciət edib. Hazırda iş üzrə hüquqi proses davam edir və yekun qərar hələ açıqlanmayıb.

Bu proses diqqəti bir daha Vardanyanın illər ərzində qurduğu maliyyə strukturlarına və onların fəaliyyət mexanizmlərinə yönəldib.

"Troika Laundromat" – beynəlxalq araşdırmaların mərkəzindəki maliyyə şəbəkəsi

"Digimarket" işi Ruben Vardanyanın adı ilə bağlı ilk maliyyə qalmaqalı deyil.

Əksinə, onun adı beynəlxalq jurnalist araşdırmalarında ən çox 2019-cu ildə Organized Crime and Corruption Reporting Project (OCCRP) və tərəfdaş media qurumlarının həyata keçirdiyi "Troika Laundromat" layihəsi ilə gündəmə gəlib.

Troika Laundromat reveals Russian bank's $8.8b offshore scheme - ICIJ

Araşdırmada bildirilirdi ki, Ruben Vardanyanın uzun illər rəhbərlik etdiyi "Troika Dialoq" investisiya bankı təxminən 75 ofşor şirkətdən ibarət mürəkkəb maliyyə sisteminin əsas iştirakçılarından biri olub.

Araşdırma müəlliflərinin qənaətinə görə, 2006-2013-cü illər ərzində həmin şəbəkə vasitəsilə təxminən 4,6 milyard ABŞ dolları müxtəlif ölkələr arasında köçürülüb.

OCCRP-nin araşdırmasına əsasən, bu məqsədlə saxta ticarət müqavilələri, formal mal dövriyyəsi, süni fakturalar və çoxpilləli korporativ strukturlardan istifadə olunurdu. Əməliyyatların sənədlərdə "ərzaq məhsulları", "metal məmulatları", "avtomobil ehtiyat hissələri" kimi göstərildiyi, əsl maliyyə axınının isə bu formal sənədlər vasitəsilə gizlədildiyi iddia edilirdi.

Jurnalistlər 1,3 milyondan çox bank əməliyyatını, 238 min şirkət və fiziki şəxs haqqında məlumatı, minlərlə elektron məktubu və müqaviləni təhlil etdiklərini bildirirdilər. Məhz buna görə layihə "Troika Laundromat" – yəni "Troika çamaşırxanası" adlandırılmışdı.

Milyardlarla dolların hərəkət etdiyi iddia olunan sxemlər

Araşdırmalarda yalnız ofşor şirkətlərdən deyil, həm də həmin maliyyə şəbəkəsi vasitəsilə həyata keçirildiyi iddia olunan iri əməliyyatlardan bəhs edilirdi.

Onlardan biri "Şeremetyevo fırıldağı" kimi tanınan yanacaq sxemi idi. OCCRP yazırdı ki, 2003-2008-ci illərdə aviasiya yanacağının qiymətinin süni şəkildə artırılması nəticəsində Rusiya büdcəsinə on milyonlarla dollar zərər dəyib və həmin sxemdə iştirak edən şirkətlərdən 27 milyon dollardan çox vəsait "Troika Dialoq"la əlaqəli hesablar vasitəsilə hərəkət edib.

Araşdırmada, həmçinin, vergidən yayınmaqda ittiham olunan sığorta şirkətlərinin bank vasitəsilə təxminən 17 milyon dollar köçürdüyü iddia olunurdu.

Diqqət çəkən digər məqamlardan biri rusiyalı tanınmış violonçel ifaçısı Sergey Rolduqinlə əlaqələndirilən şirkətlərə 69 milyon ABŞ dolları həcmində vəsait köçürülməsi barədə məlumat idi.

Bundan başqa, hüquqşünas Sergey Maqnitskinin ifşa etdiyi və beynəlxalq səviyyədə geniş rezonans doğuran 230 milyon dollarlıq vergi fırıldağı işi üzrə adı hallanan şirkətlərdən 130 milyon dollardan artıq vəsaitin də "Troika Dialoq" şəbəkəsinə daxil olduğu bildirilirdi.

Bu iddiaların hər biri müxtəlif hüquqi qiymətləndirmə predmetidir. Bununla belə, onların hamısının eyni maliyyə şəbəkəsi ətrafında cəmləşməsi Vardanyanın adının illərdir beynəlxalq maliyyə qalmaqalları ilə birlikdə çəkilməsinin səbəblərindən biri kimi göstərilir.

Araşdırmalarda Vardanyanın şəxsi maliyyə əməliyyatları da yer alıb

"Troika Laundromat" layihəsinin diqqət çəkən hissələrindən biri də Ruben Vardanyanın və ailəsinin həmin maliyyə sistemindən istifadə etməsi ilə bağlı iddialar idi.

Ruben Vardanyan

Araşdırma müəlliflərinin təqdim etdiyi sənədlərə əsasən, Vardanyanın "American Express" kartı üzrə 3,2 milyon ABŞ dollarından çox vəsait müxtəlif ofşor şirkətlər tərəfindən maliyyələşdirilib.

Bildirilirdi ki, bu pullar ailənin şəxsi hesablarına köçürülüb, Böyük Britaniyada təhsil alan övladlarının təhsil haqlarının ödənilməsinə, daşınmaz əmlak alınmasına və digər şəxsi xərclərə yönəldilib.

Araşdırmada, həmçinin, qeyd olunurdu ki, "Troika Dialoq"un xidmətlərindən istifadə edən müştərilər Böyük Britaniya, İspaniya və Monteneqroda daşınmaz əmlak alışı, yaxtaların, bahalı incəsənət əsərlərinin əldə edilməsi və digər iri maliyyə əməliyyatlarını da həmin şəbəkə vasitəsilə həyata keçiriblər.

Ekspertlər bu mexanizmlərin yaratdığı təhlükələrə diqqət çəkirlər

Corc Meyson Universitetinin Terrorçuluq, Transmilli Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Mərkəzinin rəhbəri professor Luiza Şelli belə maliyyə mexanizmlərinin təhlükələri barədə dəfələrlə xəbərdarlıq edib.

Onun sözlərinə görə, saxta ticarət müqavilələri və çoxpilləli ofşor strukturları çirkli pulların yuyulmasının ən geniş yayılmış üsullarından biridir.

Şelli hesab edir ki, belə sistemlər dövlətlərin vergi gəlirlərini azaldır, korrupsiyanı gücləndirir, iqtisadi inkişafı zəiflədir və qeyri-qanuni maliyyə axınlarının gizlədilməsinə şərait yaradır. Ekspertin fikrincə, bu cür vəsaitlər sonradan müxtəlif siyasi təsir kampaniyalarının, dezinformasiya fəaliyyətinin və qeyri-qanuni investisiya layihələrinin maliyyələşdirilməsində də istifadə oluna bilər.

Azərbaycan üçün əsas məsələ maliyyə qalmaqalları deyil

Ruben Vardanyan dismisses lawyer amidst ongoing trial in Baku

Bütün bu beynəlxalq maliyyə araşdırmaları və məhkəmə çəkişmələri nə qədər diqqətçəkən olsa da, Ruben Vardanyanın Azərbaycan əsas mahiyyəti tamamilə fərqlidir.

Azərbaycan üçün Vardanyan ölkənin suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşuna qarşı cinayət törətmiş və buna görə ədalətli məhkəmədə layiqli cəzasını almış şəxsdir.

2022-ci ildə qeyri-qanuni Qarabağa gələrək qondarma separatçı rejimin rəhbərliyində təmsil olunması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində qanunsuz fəaliyyət göstərməsi və separatçı strukturların siyasi-maliyyə dayaqlarının möhkəmləndirilməsində iştirak etməsi onun barəsində irəli sürülən ittihamların əsasını təşkil edib.

Ruben Vardanyan terrorçuluğun maliyyələşdirilməsi, qanunsuz silahlı birləşmələrin yaradılması və fəaliyyətinin təmin edilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və konstitusiya quruluşu əleyhinə yönəlmiş əməllər də daxil olmaqla bir sıra ağır cinayətlərdə təqsirli bilinib və məhkəmənin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Maliyyə şəbəkələrindən geosiyasi təsir alətinə

Vardanyanın adı ətrafında formalaşmış beynəlxalq maliyyə araşdırmaları ilə Azərbaycanda ona qarşı irəli sürülmüş ittihamlar arasında müəyyən məntiqi paralellər də diqqət çəkir.

Müasir dünyada iri maliyyə resursları, qeyri-şəffaf iqtisadi mexanizmlər və geniş beynəlxalq əlaqələr təkcə biznes fəaliyyəti üçün deyil, həm də geosiyasi təsir imkanlarının formalaşdırılması üçün mühüm vasitələr hesab olunur.

Qarabağda baş verən proseslər də göstərdi ki, böyük maliyyə imkanları bəzi hallarda siyasi layihələrin, separatçı strukturların və qanunsuz fəaliyyətlərin dəstəklənməsi üçün istifadə oluna bilir.

Ruben Vardanyan ətrafında formalaşan mənzərəni yalnız bir istiqamətdən qiymətləndirmək mümkün deyil. Bir tərəfdə "Troika Laundromat", "Digimarket" və digər beynəlxalq araşdırmalarda hallanan ofşor maliyyə şəbəkələri, milyardlarla dollar dəyərində iddia olunan maliyyə əməliyyatları və davam edən məhkəmə çəkişmələri dayanır. Digər tərəfdə isə Azərbaycanın milli təhlükəsizliyi, suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətlə bağlı irəli sürülmüş və məhkəmədə təsdiqini tapmış ittihamlar...

Taleb və digərlərinin məhkəmələrlə təsdiqini tapmış bu qədər cinayət faktından sonra Vardanyanın müdafiəsinə qalxmaları başqa ehtimalları ortaya gətirir.

Dəqiq olan isə odur ki, Vardanyanla bağlı beynəlxalq maliyyə qalmaqalları hələ uzun müddət müzakirə və araşdırma mövzusu olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 306

Oxşar yazılar