Postmüharibə dövrü Azərbaycanı:  Hər yerdə quruculuq işləri
23 iyul 2021 15:30 (UTC +04:00)

Postmüharibə dövrü Azərbaycanı: Hər yerdə quruculuq işləri

Azərbaycan Prezident İlham Əliyev qərb rayonlarına səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində həmişəki kimi vacib və maraqlı məqmlara toxunub. 
Dövlətimizin başçısı yenə də bir sıra obyektlərin açılışında iştirak etdi. Məlum oldu ki, postmüharibə dövründə Naftalan şəhərində, Goranboy, Daşkəsən rayonlarında bir sıra layihələr icra edilib. Yollar, içməli su xətləri çəkilib, xəstəxanalar, sosial obyektlər tikilib, iş yerləri yaradılıb.
Heç kimə sirr deyil ki, son 6 ayın iqtisadi göstəricilərinə nəzər salsaq artım tempinin 2% olması dünyada bir sıra ölkələrlə müqayisədə müsbət haldır. Qeyri–neft sektorunda 5%, kənd təsərrüfatında 5,6 faiz artım, habelə valyuta ehtiyatları xarici dövlət borcundan təxminən 6 dəfə çox olması, əslində dünyada çox nadir halda rast gəlinən məsələdir.
Cənab Prezidentin Azərbaycan Dövlət Televiziyasına verdiyi son müsahibədə toxunduğu bütün məqamlar, göstərdiyi bütün hədəflər bir daha sübut edir ki, yürüdülən siyasətdə sistemlilik, uzaqgörənlik və məqsədyönlülük hər zaman olduğu kimi yenə ön plandadır və qələbələrimiz, uğurlarımız bundan sonra da davamlı olacaq.
Milli Məclisin deputatı Elşən Musayev deyir ki, hazırda bir tək işğaldan azad olunan torpaqlarımızda deyil, Azərbaycanın bütün regionlarında quruculuq işləri aparılır, əhalinin sosial müdafiəsi gücləndirilir, xüsusən də həssas qruplar böyük qayğı ilə əhatə olunur. "Cənab Prezidentin Daşkəsən, Goranboy və Naftalana səfəri zamanı müşahidə olunan müsbət və qürurverici məqamlar, bu şəhərlərdə görülən böyük işlər də dediyimin sübutudur".
“Pandemiya dövründə də iqtisadiyyatımızda, inkişafda ləngimə, axsama olmadı, sosial layihələrin heç biri təxirə salınmadı, iqtisadi, siyasi uğurlarımız davam etdi, bütün göstəricilər müsbət dinamika üzərindən artdı. Bundan sonra da belə olacaq. Azərbaycan daxili siyasətdə də, xarici siyasətdə də yalnız xoş müjdələrlə, xəbərlərlə əhatə olunacaq”.

Bu gün qeyri–neft sektoru haqqında təhlillər aparılarkən kənd təsərrüfatı ilə yanaşı dağ–mədən sektorunun inkişaf etdirilməsidən də danışılır. Bununla bağlı danışan Prezident İlham Əliyev qeyd etdi ki, “Daşkəsənin ənənəvi sahəsi olan dəmir filizi yataqlarının işlənilməsi ilə bağlı konkret planlar var. Bu sahə çox böyük gəlir gətirən sahə olacaq. Eyni zamanda, minlərlə iş yeri yaradılacaq və idxaldan asılılıq azalacaq. Çünki son beş il ərzində, - verilən təqdimatda da bu, göstərilir, - təkcə dəmir məmulatlarının idxalına ölkədən 1,7 milyard manat vəsait gedibdir. Bu sahənin inkişafı imkan verəcək ki, idxaldan asılılıq kəskin şəkildə azalacaq”.
Yanvar-may aylarında qeyri-neft-qaz məhsullarının ixracı 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə faktiki qiymətlərlə 25,8 faiz, real ifadədə 11,9 faiz artaraq 907,6 milyon dollara bərabər olub. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (30,8 faiz), Türkiyəyə (28,1 faiz), İsveçrəyə (10 faiz), Gürcüstana (7,6 faiz), ABŞ-a (3,2 faiz), Çinə (1,9 faiz), Ukraynaya (1,6 faiz), Türkmənistana (1,6 faiz), Qazaxıstana (1,2 faiz), Özbəkistana (1,2 faiz), Birləşmiş Krallığa (1 faiz), Belçikaya (1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
Prezident müsahibəsində bir vacib məqama da toxunub. Heç kimə sirr deyil ki,  az qala 30 il ərzində Şərqi Zəngəzurun müxtəlif rayonlarında Azərbaycanın təbii sərvətlərini talan edən Ermənistan və bir sıra xarici kompaniyalar sözsüz ki, bu qanunsuz əməllərinə görə cavab verəcəklər. Bu məsələyə toxunan dövlət başçısı bir daha xarici şirkətlərə xəbərdarlıq edərək aşağıdakıları qeyd edib: “Bildiyiniz kimi, uzun illər xarici şirkətlər qanunsuz olaraq bizim qızıl və digər mədənlərimizi istismar edirdilər. Bu, cinayətdir və mən bu haqda artıq öz sözümü demişəm, bir daha demək istəyirəm, bu şirkətlərin iki yolu var: ya bizə təzminat ödəyəcəklər, bizim şərtlərimizi qəbul edəcəklər, ya da ki, onların başqa alternativi hüquqi müstəvidə bu məsələnin həll olunmasıdır. Onu da deməliyəm ki, bütün hazırlıq işləri artıq tamamlanmaq üzrədir. Bizim həm Zəngilan, həm də Kəlbəcər rayonlarında xarici şirkətlər tərəfindən qanunsuz istismar edilən qızıl yataqlarımızın bütün təhlili aparılıbdır. Beynəlxalq məsləhətçilər dəvət olunubdur. Bir daha demək istəyirəm ki, onlar vurulmuş ziyanın təzminatını öz xoşu ilə həll etsinlər, Azərbaycan dövlətinə vurulmuş ziyanı ödəsinlər və ondan sonra, ancaq ondan sonra onlar rahat yaşaya bilərlər. Yoxsa ki, bu şirkətlərin başqa yerlərdə də əməliyyatları var və onların iş reputasiyasına çox böyük ziyan dəyəcək. Hər halda biz artıq öz mövqeyimizi açıq şəkildə ifadə etmişik”.
Bu gün Azərbaycan üçün doğrudan da prioritet budur: işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri ilə yanaşı, digər şəhər və rayonların dövlət başçısının diqqət mərkəzində olması, onların inkişafı, sakinlərin həyat səviyyəsinin yüksəldilməsi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2100
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar