Papikyan “gözü çıxarılmış”  qardaşlarından ibrət götürəcəkmi?
16 noyabr 2021 11:35 (UTC +04:00)

Papikyan “gözü çıxarılmış” qardaşlarından ibrət götürəcəkmi?

0

Ermənistanın baş naziri Nikol Paşinyanın təqdimatına əsasən, bu ölkənin müdafiə naziri Arşak Karapetyan öz vəzifəsindən azad edilib. Onun yerinə Suren Papikyan təyin olunub. Ermənistan Müdafiə Nazirliyi rəhbərliyinin növbəti dəfə dəyişməsi sərhəddə vəziyyətin gərginləşməsi və ermənilərin Kəlbəcərlə sərhəddə bir neçə mövqeni və hərbi texnikanı itirməsilə eyni vaxta təsadüf edib. 

Azərbaycan Vətən müharibəsində Ermənistan ordusunu darmadağın etdikdən sonra İrəvanda dərinləşən ictimai-siyasi, iqtisadi, intellektual böhran idarəetməyə də sıçradı. Paşinyan hakimiyyətə gələndən bəri artıq dördüncü müdafiə nazirini təyin edir. Onlardan 3-ü kapitulyasiya aktından sonra təyin olunub. Sonuncu müdafiə naziri Arşak Karapetyanın son həftələr yalnız təxribatçı addımlar atmaqla məşğul olub. Azərbaycan ərazilərinə qanunsuz səfər, Qara Göl ətrafında təxribatı, mövqelərimizin atəşə tutulması  buna misaldı. 

Sonuncu dəfə isə Azərbaycan sərt xəbərdarlıq etdi: “Buna oxşar təxribatlar gələcəkdə təkrarlanarsa, görəcəyimiz tədbirlər daha sərt və təsirli olacaq”. 
Qeyd etmək lazımdır ki, Azərbaycan tərəfinin sərt və təsirli addımlarını hiss edən Ermənistan rəhbərliyi təxribatlara əl atan naziri dəyişmək məcburiyyətində qalıb. Bu onu sübut edir ki, Ermənistanda gündəmi əvvəlki tək Azərbaycan müəyyən edir. Müxalifyönlü "Hraparak” qəzeti isə yeni Müdafiə naziri Suren Papikyanın təyinatını "gülməli hadisə” adlandırıb. Qəzet yazır ki, Papikyan məhz öz zabit yoldaşını bıçaqladığı üçün həbs olunub: "2007-ci ildə Amnistiya Aktı ilə azadlığa çıxıb. Lakin həbsi haqqında özünün tərcümeyi-halında heç bir şey qeyd etməyib”. 

Erməni blogger Robert Hayrapetyan isə Suren Papaikyanın təyinatı ilə bağlı ələ salan statusla münasibət bildirib: "Təbrik edirik. Bizim bir müdafiə nazirimiz var ki, hərbi xidmətdə olarkən öz zabitini bıçaqlayıb. Dəlixanaya çevrilmiş Ermənistan”. 
Bu arda onu da qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında Arşak Karapetyanın vəzifəsindən azad olunmasına səbəb kimi ötən gün Azərbaycanla sərhəddə baş verən hadisələri göstərib.

Aydın görünür ki, Karapetyanın işdən çıxarılmasına Azərbaycan tərəfinin diktələri səbəb olub. 
İndi top Suren Papikyandadı. O, necə deyərlər, “gözü çıxarılmış qardaşlar”ından ibrət dərsi götürməlidi. Əks təqdirdə, İrəvanın gündəmini yenə Bakı müəyyən edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2160

Oxşar yazılar