Meşəlidə əsir düşən azərbaycanlı: "Başımı kəsəcəkdilər" - YENİLƏNİB
17 oktyabr 2023 15:55 (UTC +04:00)

Meşəlidə əsir düşən azərbaycanlı: "Başımı kəsəcəkdilər" - YENİLƏNİB

Xocalı rayonu Meşəli kəndində soyqırım törədənlərdən biri olan Vaqif Xaçatryanın cinayət işi üzrə keçirilən məhkəmə prosesində bir neçə şahid danışıb.

Lent.az xəbər verir ki, prosesdə zərərçəkmiş Barak Novruzov ifadə verib.

O bildirib ki, onu girov götürüb Qürben deyilən qardaşlarının məzarının yanında başını kəsmək istəyiblər:

“Dekabrın 23-də müdafiə postunda idik. Milli qəhrəman Hidayət Rüstəmov da yanımızda idi. Biz 3-5 dəqiqə yatmışdıq ki, atəş səsləri gəldi. Bizə aman vermirdilər. Onlarla danışdıq ki, yol verin uşaqlar və qadınlar çıxsın, biz sizə təslim olaq. Bacım evdən çıxan kimi güllələdilər. Elmira adlı qadını da vurdular. O, ağır yaralanmışdı. Səsgücləndirici ilə qışqıra-qışqıra yaxınlaşırdılar. Bizə sağ çıxmağa imkan vermirdilər. Kəndin baş tərəfindən yol var idi, oranı tuta bilməmişdilər. Amma biz ora tərəf gedə bilmədik. Hidayət Rüstəmov yenə də danışmağa başladı. Bizi kəndin ortasına qədər apardılar. Balaca bacım məni qoyub getmək istəmirdi. Sonra atamı da vurdular. Atam mən öldüm deyib yerə yıxıldı. Atamın gözünü örtdüm. Hər tərəfdən bizə atəş açırdılar. Mən danışdım ki, yol verin uşaqlar, yaşlı insanlar çıxsın. Balaca bacımı sinəsindən vurdular. Mən cavab atəşi açırdım ki, insanlar xilas olsun. Evə qumbara atdılar. Artıq mənim patronlarım qurtarmışdı. Evi yandırdılar. Hidayət də vurulmuşdu. Atamın meyitini çıxarmaq istəyirdim. Bilirdim ki, atamın başını kəsəcəklər və aparacaqlar. Çünki onun başına pul qoymuşdular. Mən isə özümü müdafiə edirdim ki, bəlkə kömək gələcək. Evin yandığını görüb çölə çıxdım. Məni vurmaq istəyirdilər, evimizdə çörək yeyən Ərmayis dedi ki, onu vurmayın, bilirsiz o, kimin oğludur? Məni tutdular və dedilər ki, Qürbeni sən öldürmüsən? Dedim ki, mən öldürməmişəm. Dedilər ki, sən öldürməyibsən, atan öldürüb. Sonra məni də götürüb apardılar. Orada dedilər ki, bu lazımdır, Qürbenin məzarında başımı kəsəcəkdilər. Ayağımı kəndirlə bağlayacaqdılar. Əllərindən çıxdım və qayadan özümü atdım. Çayın kənarı ilə getdim ki, məni görməsinlər. Amma yolda məni görüb atəşə tutdular. Sonra məni tuta bildilər”.

Zərərçəkmiş qeyd edib ki, Vaqif Xaçatryan özünü müdafiə edir, insanlığa sığmayan cinayətlər törədiblər. Əlavə edib ki, onların ailəsindən 5 nəfər şəhid olub.

O həmçinin Vaqif Xaçatryanın soyqırım törətdiyi zaman əynində qara dəst paltar, qara saçı və saqqalı olduğunu deyib.

***
Saat: 11:38

Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmə davam edir.

Lent.az xəbər verir ki, prosesdə zərərçəkmiş İlham Kazımov ifadə verib.

O bildirib ki, şəxsən Vaqif Xaçatryanı tanımıram:

“1991-ci il 3 dekabr tarixində səhər saatlarında Meşəli kəndinə hücuma gəldilər. Döyüşdə iştirak elədiyimə görə, orada hücuma gələn əsgərləri tanıyırdım.

Bir gecənin işində 25 nəfər şəhid oldu. Vaqif Xaçatryan mənim atamı yaxşı tanıyar. Atam Xəlil Kazımov ovçu idi yaxşı güllə atırdı. Ona görə onu da şəhid elədilər. Həmin günə qədər bunu tanımırdım. Hadisədən sonra dedilər ki, bizi Vaqifin dəstəsi qırıb.

Bu deyir mən iştirak eləməmişəm. Amma Badaranın hamısı iştirak eləmişdi. Ömürlük həbs istəyirəm buna”.

Vaqif Xaçatryan zərərçəkmişin suallarına cavab verməkdən imtina edib. 

O bildirib ki, ifadə verənin atasını tanıyır.

Zərərçəkmiş Vaqifin özünü artistliyə qoyduğunu deyib:

“Bu özünü qoyub artistliyə. Nə tələbim olacaq ondan. Ömürlük cəza verilməlidir ona”.

***

Məhkəmə iclası zamanı Xaçatryanın iki azərbaycanlı əsirə verdiyi tükürpədən işgəncələri açıqlanıb.

Lent.az-ın məlumata görə, elan olunan ittiham aktında göstərilib ki, Vaqif Xaçatryan 1988-ci ilin noyabr ayının sonlarında sürücülük məktəbini bitirmələri ilə əlaqədar imtahan vermək məqsədi ilə Xankəndi şəhərinə gələn azərbaycanlılara tükürpədən işgəncə verib.

Belə ki, Xaçatryan Xankəndi şəhər polis (keçmiş milis) idarəsinə salınaraq orada saxlanılan Xocalı rayonunun Meşəli kənd sakinləri Məmməd Kazımov və Zakir Novruzov saxlanıldıqları otağa qanunsuz silahlı hərbi birləşmələrin istintaqa məlum olmayan digər 5 üzvü ilə birlikdə daxil olub. Burada onları erməni dilində nalayiq sözlərlə təhqir edərək azərbaycanlıların kökünü kəsmək lazım olduğunu deyib. O, bu məqsədlə həmin şəxslərə yumruq və təpiklə üz, baş və bədənin nahiyələrinə çoxsaylı zərbələr vurub.

Daha sonra Qarabağın kimə məxsus olduğunu soruşub. Buna cavab almadığına görə, onları döyməyə davam edib və üzərində olan bıçağı göstərərək, "sizin hər birinizin orasını kəsmək lazımdır ki, artıb törəyə bilməyəsiniz" deyib.

Məmməd Kazımovun xaya nahiyəsinə bıçaqla bir zərbə vurub. Məmməd Kazımov ermeni dilində Vaqif Xaçatryanın ünvanına nalayiq sözlər işlətdiyinə görə, o, əlindəki bıçaqla hər iki ayağının üzərində kəsiklər etməklə, "qoy it kimi canın çıxanadək qanın axsın" sözlərini işlədib. 

Elan olunan ittihamlarda Vaqif Xaçatryan özünü təqsirli bilməyib.

İttiham aktından sonra Vaqif Xaçatryan ifadə verib:

“Mən döyüşlərin heç birində iştirak etməmişəm. Təşkilatçılıqda olmamışam. Bu ittihamların heç birini qəbul etmirəm. Son sözüm budur ki, bir daha deyirəm mənim günahım yoxdur. İştirak etməmişəm. İttihamda deyilib ki, qruplar təşkil olunub, atışmalar olub. Amma mən olmamışam. 

Orada yaşayan azərbaycanlıların hamısı mənə yaxın adam olub. Mən həmin döyüşlər zamanı heç bir hadisələrdə iştirak etməmişəm”.

Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.

***
Saat: 10:30

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə bu gün məhkəmənin növbəti iclası keçirilib.

Lent.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edir.

Prosesdə Xaçatryan- Vaqif Çerkezoviçin vəkili Natiq Bəybalayev məhkəməyə ərizə verib.

O bildirib ki, şəkər xəstəsi olduğu və gözlərində problem yarandığı üçün müalicə səbəbi ilə xaricə gedəcək.

Hakim Xaçatryan Vaqif Çerkezoviçi müdafiə edəcək yeni vəkili elan edib. 

Bundan sonra, onun hüquqlarını Radmila Abdulova müdafiə edəcək.

Vaqif Xaçatryan buna etiraz etməyib və Natiq Bəybalayevdən imtina edib. Bununla da, vəkilin fəaliyyətinə xitam verilib.

Prosesdə məhkəmə istintaqı açıq elan olunub və prokuror ittiham aktını elan edib.

Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.

Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.

***
Saat: 10:17

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası başlayıb.

Lent.az xəbər verir ki, iclasa Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edir.

Cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur.

Proses Yasamal rayon Məhkəməsinin inzibati binasında keçirilir.

***
Saat: 08:50

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası keçiriləcək.

Lent.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edəcək.

Qeyd edək ki, cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur.

Cinayət işinə Yasamal Rayon Məhkəməsinin inzibati binasında baxılacaq.

Bu gün prosesdə məhkəmə istintaqın açıq elan olunacağı və prokurorun ittiham aktının elan edəcəyi gözlənilir.

Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.

Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12489
avatar

Fidan İlqar

Oxşar yazılar