Aprelin 1-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, nazir Azərbaycan Ordusunun uğurlu əməliyyatlarını həzm edə bilməyənlər tərəfindən səsləndirilən fikirləri şərh edib. O, heç kəsin bizimlə təhdid dilində danışa bilməyəcəyini vurğulayaraq terrorizmi və işğalçılıq siyasətini dəstəkləyən bəzi ölkələrin hərbiçilərinin şər-böhtan xarakterli ittihamlarının qəbuledilməz və cəfəngiyyat olduğunu bildirib.
Azərbaycan-Ermənistan şərti dövlət sərhədində və Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraitini təhlil edən müdafiə naziri ehtimal olunan təxribatların qarşısının bundan sonra da qətiyyətlə alınması barədə müvafiq göstərişlər verib.
Müdafiə naziri qeyd edib ki, qarşı tərəfin, o cümlədən qeyri-qanuni erməni silahlı birləşmələrinin bütün qanunsuz fəaliyyətləri bundan sonra da fasiləsiz nəzarətdə saxlanılmalı və Azərbaycan ərazilərində gələcəkdə bu kimi addımların atılmasına imkan verilməməlidir.