Ermənilər Heydər Əliyevə qarşı necə təxribat törətmişdi? – Deputat xatirələrini DANIŞIR
17 aprel 2023 18:59 (UTC +04:00)

Ermənilər Heydər Əliyevə qarşı necə təxribat törətmişdi? – Deputat xatirələrini DANIŞIR

Lent.az-ın müsahibi millət vəkili Vahid Əhmədovla Heydər Əliyev şəxsiyyəti barədə danışırıq.


- Vahid müəllim, Heydər Əliyevlə tanışlığınız necə başlayıb?

- Rəhmətlik Heydər Əliyevlə mənim tanışlığım 1983-cü ildə başlayıb. Bakı Dəzgahqayırma İstehsalat Birliyində baş mühəndis işləyirdim. Aktiv idim, plenumlarda iştirak edirdim. Bir müddət sonra “Bakı fəhləsi” zavoduna rəhbərlik etdi. Bu zavodun əvvəlki direktoru həbs olunmuşdu. Gecə-gündüz dincəlmədən işləyib onun etimadını doğrultmağa çalışdım. Az sonra Heydər Əliyev Moskvaya vəzifəyə getdi. 1986-cı ildə H.Əliyev SSRİ Ali Sovetinin deputatlığına namizədliyini irəli sürmüşdü. Özü də namizədliyini "Bakı fəhləsi" zavodundan vermişdi. Həmin vaxtlarda zavodda xeyli sayda erməni var idi. Seçki zamanı təxribat etdilər. Zavodda boya sexini yandırdılar, qaynaq zamanı qığılcım boya çənlərinə düşmüş, partlayış olmuşdu. Bunu Heydər Əliyevə məruzə eləmişdilər. Özü gəldi, baxdı. Həmin anların lent yazısı da var. 3 saat birlikdə olduq. Gəzdi, hər şeylə maraqlanırdı, dəqiqliyi ilə bilirdi. Axırda dedi ki, kişinin başına iş gələr. Gedəndə belə bir tapşırıq verdi ki, Vahiddən muğayat olun, o, bizə lazımdır. Ümumiyyətlə, Heydər Əliyevin mənə münasibəti həmişə yaxşı olub.

SSRİ-də hakimiyyətə Qorbaçov gələndən sonra Heydər Əliyevə münasibəti yaxşı olmadı. Bilirdi ki, Heydər Əliyev güclü rəqibdir. Bir ara Heydər Əliyevin SSRİ rəhbəri seçilməsi məsələsi də yaranmışdı. Bir şeyi əminliklə deyə bilərəm, əgər SSRİ-nin rəhbərliyinə Qorbaçov deyil, Heydər Əliyev gəlsəydi, SSRİ dağılmayacaqdı. O buna imkan verməzdi. Müxtəlif islahatlar keçirərək, Çin kimi yeni bir format tapardı, amma dövləti dağılmağa qoymazdı. Qorbaçov Heydər Əliyevi vurmaq üçün daim bəhanə axtarırdı. Gözü götürmürdü. Biz də onu qorumaq üçün əlimizdən gələni etməyə çalışırdıq.

Bir hadisəni yada salmaq istəyirəm. Qorbaçov Tümenə səfər eləmişdi. O zaman neft-mədən avadanlığının 75 faizini “Bakı fəhləsi” zavodu istehsal edirdi. Mancanaq adlı dəzgah vardı ki, onu Azərbaycan istehsal edirdi. Qorbaçov orda soruşub ki, neft istehsalı niyə azalıb? Ona cavab vermişdilər ki, Azərbaycandan gələn mancanaqların reduktorları xarabdır, məhsulları zaydır. Qorbaçova da Heydər Əliyevlə bağlı bəhanə lazım idi. O zaman II katib olan Vasili Konovalovla məni Moskvaya çağırdılar və mən orada deyilənlərin doğru olmadığını, yanlış məlumat verildiyini söylədim. Bir az hay-küy saldılar. Bu hadisədən sonra məni "Keşlə" maşınqayırma zavoduna keçirdilər, bu zavod yalnız reduktorlar istehsal edirdi. Heydər Əliyevin adına görə orada gecə-gündüz işləməyə başladıq. Bu oyun Heydər Əliyevin əleyhinə qurulmuşdu. Sonda məhsullarımızı rus hərbçiləri qəbul etdi. Keyfiyyətindən əmin oldular. Həmin məhsulları bir Bakı istehsal edirdi, bir də Rumıniya ilə ABŞ. Bu rəqabətin öhdəsindən gəlirdik. Biz Heydər Əliyevi bacardığımız qədər qorumağa çalışırdıq, o da bizi...

- Onun Azərbaycana qayıdışı ölkəmizin ən ağır günlərinə təsadüf etdi. SSRİ-nin rəhbər şəxslərindən biri olmuş adam ölkənin müstəqil olacağına inanırdı?

- 1991-ci il martın 7-si idi. SSRİ-nin saxlanılması ilə əlaqədar referendum keçirilirdi. Ali Sovetdə müzakirə edilməliydi. O zaman Demokratik Blok var idi, müstəqillik əldə edilməsini tələb edirdi, biz də onları dəstəkləyirdik. Mən o zaman zavod direktoru, büro üzvü idim. Tərəddüd edirdim ki, birdən SSRİ dağılmaz. Bütün nəslimizi məhv edərdilər. Amma SSRİ-nin dağılmasının lehinə səs verən 43 deputatdan biri də mən oldum. Heydər Əliyev ürəkləndirdi. Mənə dedi ki, narahat olma, daha SSRİ yoxdur.

- Heydər Əliyev Naxçıvanda olanda münasibətləriniz nə səviyyədə idi?

- Çox çətin, ağır və gərgin dövr idi. Dövlətin xəzinəsi boş idi, ölkədə taxıl problemi vardı. O zaman biz Türkiyə və Rusiyadan vəsait almaqla bu problemi həll edə bilərdik. Elçibəy, mən, Pənah Hüseynov Türkiyəyə getdik. Süleyman Dəmirəl 250 milyon kredit ayırdı. Batumidən keçməklə ölkəyə taxıl gətizdirdik. Amma Batumidən taxılın hamısı Azərbaycana gəlib çatmırdı. O zaman Heydər Əliyev Naxçıvanda idi və xahiş etdim ki, taxılı əvvəl onlar götürsün, çünki bölgə blokada şəraitində idi. İran vasitəsilə Naxçıvana yanacaq daşınması üçün 70-ə qədər maşın ayırmışdım. Bunları Əbülfəz Elçibəy də bilirdi.  Biz onunla tez - tez zəngləşirdim, müzakirələr aparırdıq. Mən Baş nazirin müavini olanda Heydər Əliyev artıq Bakıdaydı, Prezident səlahiyyətlərini yerinə yetirirdi.

- Onun yaddaşına bənzər yaddaş bildiyimə görə, yalnız İngiltərənin Baş naziri Çörçildə olub. Hər kəslə etdiyi söhbəti ən xırda detalına qədər xatırlayırmış.

- Bəli, Heydər Əliyev də elə idi. Unutmurdu. Ən xoşuma gələn cəhəti kadr siyasəti idi. Kadr siyasətində çox ciddi idi. Sadə insanların arasından, zavoddan, fabrikdən, kənd təsərrüfatından hörməti olan adamları seçirdi. Müsbət keyfiyyətləri kifayət qədər çox idi. Yadıma gəlir, bir dəfə söhbət zamanı mənə demişdi ki, bir sənədin 5 il sonrakı perspektivini görməsəm, ona heç bir zaman qol çəkmərəm. İclaslara heç zaman hazırlıqsız gəlməzdi. Mövzu ilə bağlı hərtərəfli məlumat toplayırdı. Mən baxıram, İlham Əliyev də elədir. Qara bir kitabçası var idi. İstənilən suala orda hazır cavab olardı.

Hər şeydən xəbəri olurdu. Ola bilməzdi ki, hansısa rayonda nəsə olaydı, onun xəbəri olmayaydı. Məlumatlı insan idi. Dostla dost idi, düşmənlə düşmən. Gənc kadrlara yer və dəstək verirdi. İnanmıram ki, bundan sonrakı 100 ildə Heydər Əliyev kimi şəxsiyyət yetişsin. Prezident seçiləndən sonra ən böyük addım olaraq torpaq islahatını həyata keçirdi. Bazar iqtisadiyyatının rıçaqlarını çox gözəl bilirdi. O dəhlizdən keçəndə arxasından pıçıldaşırdılar, kişi gəldi, kişi getdi deyirdilər. Zəhmi vardı. İndi elə kişilər az qalıb.

Heydər Əliyev soyuqqanlı siyasətçi idi. Özü demiş, 5 il sonranı görürdü. Heydər Əliyev hakimiyyətə silahsız gəlib. Halbuki öncə Heydər Əliyevi Bakıya buraxmaq istəmirdilər, hətta qardaşı öləndə dəfninə buraxmamışdılar. O zamankı hakimiyyətin səhvi o olmuşdu ki, bu adamdan istifadə etməyi bacarmadı. Dəvət eləsələr, kömək edəcəkdi. O Heydər Əliyev idi. Belə insanlar hər gün yetişmir.

- Heydər Əliyevlə işləmək çətin idi, ya asan?

- Dinləməyi bacarırdı, nə danışdığını gözəl bilirdi. Bir dəfə taxılla bağlı problemimiz var idi. Dedi Moskvaya gedib həll etmək lazımdır. Getdik, həll etdik, gəldik. Mən dedim bəlkə Prezident Yeltsinə zəng vurub təşəkkür edək? Dedi “yox”. Çox prinsipial adam idi. Nəhəng siyasətçi idi. Böyük dövlətçilik təcrübəsi vardı. Bölgə dünya dövlətləri üçün çox maraqlıdır. Hamı Azərbaycandan yararlanmağa çalışırdı. Ona görə də heç də asan deyildi.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12264
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar