Ermənistanın eks-prezidenti Robert Koçaryan
11 iyun 2021 18:25 (UTC +04:00)

Ermənistanın eks-prezidenti Robert Koçaryan

Eks-prezident ölkəsini qana sürükləyir: Erməni cəmiyyəti heç kimə inanmır

“Ermənistandakı vəziyyət vətəndaş müharibəsinə çevrilmək təhlükəsindədir, ölkəni kədərli günlər gözləyir”. Bunu ölkənin sabiq prezidenti Levon Ter-Petrosyan deyib. Ter-Petrosyan onu da deyir ki, seçkilər ərəfəsində əsas rəqiblər, baş nazir vəzifələrini icra edən Nikol Paşinyanla sabiq prezident Robert Koçaryan arasında kəskin ziddiyyət mövcuddur. İndi bəlli olur ki, bu düşmənçiliyin qarşısı alınmasa, baş verəcəkləri təsəvvür etmək belə dəhşətlidir. “Hər iki tərəf ölüm-qalım məsələlərini həll edir”. 
Eks-prezident sözün həqiqi mənasında Ermənistandakı ictimai-siyasi vəziyyətə, necə deyərlər güzgü tutub. Ölkə sözün həqiqi mənasında vətəndaş müharibəsi ərəfəsindədi. Və məğlubiyyətə uğrayan Ermənistanda daxili düşmən axtarışına start verilib, tərəflər arasında amansız mübarizə gedir. 

Ermənistandakı seçkilərdə 23 partiya, 4 siyasi blok iştirak edir. Əsas mübarizənin Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası, eks-prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku, eks-prezident Serj Sarkisyanın dəstək verdiyi, Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın rəhbərlik etdiyi “Mənim şərəfim var” bloku, biznesmen Qaqik Saruskyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyası, habelə Edmon Marukyanın rəhbərlik etdiyi “İşıqlı Ermənistan” partiyası və eks-prezident Levon Ter-Petrosyanın lideri oldu “Erməni Milli Konqresi” partiyası arasında gedəcəyi barədə proqnozlar artıq özünü doğrultmağa başlayıb.

Bu məqamda Rusiya Beynəlxalq İşlər Şurasının baş direktoru, politoloq Andrey Kortunovun dediklərinə diqqət yetirək. Sitat: “Ermənistan üçün yeni səhifədən başlamaq daha çətindir. Çünki müharibəni uduzublar, revanşist əhval-ruhiyyədədirlər. Mənə elə gəlir ki, bu məqam həm də Ermənistan cəmiyyətinin daxili inkişafına mənfi təsir göstərir. Əgər cəmiyyətin daxili inkişafı ilə bağlı vəzifələrin öhdəsindən gələ bilməyəcəklərsə, bu vəzifələr öz həllini tapmayacaqsa, onda Ermənistanın gələcəyi sual altında olacaq”. 

Yeri gəlmişkən, bir neçə gün əvvəl keçirilən sosioloji sorğuda rəyi soruşulanların təqribən 32 faizi Ermənistanda təhlükəsizlik təminatının ən aktual məsələ olduğunu ifadə edib. Yalnız 13 faiz respondent iqtisadi stabilliyin əhəmiyyətini prioritet hesab etmişdir. 

Əli qanlı Xocalı qatili Robert Koçaryan müsahibələrinin birində yenidən hakimiyyətə can atdığını gizlətmir də. O, baş nazir Nikol Paşinyanı istefaya göndərdikdən bir il sonra seçkilər keçirmək niyyətində olduqlarını bildirməklə, əslində, hakimiyyəti ələ keçirmək istədiklərini ortaya qoyub. İndi erməni xalqı necə deyərlər, pislərin içərisində daha az pis olanı seçmək zərurəti qarşısındadır. 
Ekspertlərin fikrincə, nə Paşinyan, nə də bundan əvvəl ölkəni kriminal üsullarla idarə edən Koçaryan erməni xalqına nicat yolu vəd edə bilmir. Ermənilər də bunun fərqindədir. Ona görə də bütün sorğularda əhalinin böyük bir hissəsi heç bir siyasi qüvvəyə inanmadığını bildirir, ya da mövcud seçimlər qarşısında qərarsız olduğunu ifadə edir. Ölkəni düşdüyü vəziyyətdən çıxarmaq üçün heç kimə inam qalmayıb. Koçaryan isə yalnız qarşıdurmaya köklənib və ölkəsini qana sürükləyir.

# 2115
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar