Diasporumuzda post“pişik” dövrü
11 yanvar 2021 14:59 (UTC +04:00)

Diasporumuzda post“pişik” dövrü

 

“Torpağı soxulcandan qorumağın qısa yolu

soxulcanı neytrallaşdırmaqdır,

torpağı dəyişmək deyil” (Darvin)

20-ci ildən 21-ci ilə keçid ərəfəsi bəşəriyyət, əsasən də biz zəhmətkeş azərbaycanlılar üçün keçid dövrü oldu. Bəşəriyyət pandemiyadan postpandemiya dövrünə, Qarabağ işğaldan postişğal dövrünə keçdi. Diasporumuz isə “pişik” dövründən, nəhayət, post“pişik” dövrünə sevincli qədəmlərini qoydu. Sevincdən medallarımızın, lənət şeytana, göz yaşlarımızın həddi-hüdudu yoxdur. Təki qədəmləri mübarək olsun. Nə deyək. İllərin arzusudur fəal diaspor. Hərçənd bu dövrdə də bəzi problemlərin yeni mutasiyaları ilə rastlaşırıq, amma hələ mövzu bu deyil.

Bilənlər bilməyənlərə “pişik” dövrünün detalların danışar, indi qısaca bir qeyd verək. İllərdir Azərbaycan diasporu Vaqif Mustafayevin “Yoxlama” filmində deyildiyi kimi, ayrı-ayrılıqda başa düşülən olsa da bütövlükdə anlaşılan deyildi. Bütün ölkələr üzrə problem “pişik sindromu” adlanırdı. Yəni, sanki bir məcazi “pişik” haradansa diaspora dürtülmüşdü, çalxalandırırdı. Kimsə də irəli çıxıb, onun boğazına zınqırov asa bilmirdi. Xüsusilə Ukraynadakı diaspor hərəkatı, yenilənmək istəyənləri, hətta Azərbaycandan xoşuna gəlməyən jurnalistləri, ümumiyyətlə irəliləyişi qatıb-qarışdırıb iflic edirdi. Hamısı da o ölkələrdən Azərbaycana donoslar, məxfi məktublar, başqasının imzasıyla yazdırmalar, qızışdırmalar, coşdurmalar, çaşdırmalar və sair “pişik” üfunəti ilə pöhrələnirdi. O qədər fakt var ki...

İl sonu çıxışında Ukrayna prezidenti Zelenskiy də açıqladı ki, ölkədə son illər ən çox kağız, məktub sərfiyyatı edən azərbaycanlılar olub... Zarafat edirəm. Amma hər zarafatda da bir gerçək var...

Azərbaycan diasporunun əsas bir qanadı – Ukrayna Azərbaycanlılarının Birləşmiş Diaspor (UABD) təşkilatı, hətta onlara salam verənlər bu ölkədə adı bizdən olanlar tərəfindən linç edilirdi. Bu barədə bir qədər sonra.

Mətləbə qayıdaq.  Açıq deyək, son illər, xüsusilə 2020-ci ilin koronavirusla və erməni işğalçıları ilə döyüşlərində diasporda da gözümüz fərqlilik gördü. Qısası, xəyal etmədiklərimizi bizə göstərən 2020-ci il diasporda da indiyə qədər görmədiklərimizi yaşatdı. Ümumiyyətlə, diaspor işi, adı üstündə, könülülük prinsipinə əsaslanır. Vətənpərvər olmaq bəs edir. Yetər ki, onu hansısa məmur və ya onun şirbalası şəxsi qərəzi ilə linç etməsin. Bir nəfərin sözü olmasın, məsələn, götürək elə Ukraynanı. Qarabağlılar demişkən, başımız üstdə Allah var, haqqı danışaq ki, ağzımız sonra bir də əyilməsin. Pandemiyanın ilk günündən bu ölkədə, hətta deyərdik ki, bütün dünyada ən fəal mərkəz oldu xaricdə qalıb təxliyəsini gözləyən azərbaycanlılar üçün yuxarda linç edilməsini qeyd etdiyimiz Ukrayna Azərbaycanlıları Birləşmiş Diaspor (UABD) təşkilatı. İnternet resurslarda bununla bağlı təqdim olunanları qoyuram bir kənara. Xeyirxahlığa şahid olub susmaq - oğurluq kimi bir şeydir. Pandemiyanın ilk günündən bu ölkədə, hətta Ukraynaya qonşu ölkədə qalan yüzlərlə azərbaycanlıları, xüsusilə gəncləri UABD, şəxsən sədri Hikmət Cavadov toplayıb, yedizdirib, doyuzdurub Vətənə qayıtmalarına necə yardımçı oldu. Təşkilatın qərargahı Operativ Qərargaha çevrildi. Nə qədər tələbələr tanıyırdım, bundan yararlandılar. Bir azərbaycanlı Ukraynada küçədə qalmadı. Ən əsası, uzun fasilədən sonra ilk dəfə idi ki, bu ölkədə Azərbaycan səfirliyi ilə diaspor təşkilatı koordinasiyalı, birgə fəaliyyətə keçdilər. Açıq desək, ilk dəfə səfirlik diaspordan bu qədər faydalandı. Vətən müharibəsi dövründə Ukrayna Türkiyədən sonra yeganə ölkə oldu ki, rəsmiyyəti, ictimai rəyi, mediası ilə birgə sırf Azərbaycanın yanında oldu. Hüquq elmləri doktoru H.Cavadov Ukrayna mediasında debatlarda erməni tərəfin beynəlxalq hüquqa təcavüzünü ifşa etdi və sair. Yeri gəlmişkən, buna görə Ermənistan dözməyib Ukraynaya nota da verdi. Hər həftə bir deputat, bir yerli KİV Kiyevdə UABD qərargahının ziyarətçisidir. Eyni missiyanı öz imkanları çərçivəsində qərbi Ukraynada Mətləb Nəcəfov yerinə yetirdi. Ermənilər məəttəl qalıb. Bu, tək Ukraynada yox, Niderlandda, Kanadada, Türkiyədə, Almaniyada, Fransada, İsveçdə və daha bir neçə ölkədə də özünü doğrultdu.

Baxmayaraq ki, firavan vaxtda Azərbaycanın ümummilli atributlarının adına təşkilatlar yaradıb yarışlar keçirib pul yığan, sosial şəbəkələrdə bayraqla çəkdirdikləri fotoların sayını sayğaca vurub Diaspor Komitəsindən pul-para qoparmaq istəyənlər koronavirusun ilk günündə belə aradan çıxdılar. Azərbaycan dövləti dünyada yeganə dövlətdir ki, xaricdə diaspora bu qədər dəstək verir, amma, bundan istifadə edən şirbalalar da var...

“Sveji” bir sual ortaya çıxır: bəs əvvəl bu fəallara əvvəl nə mane olurdu, əgər hər şey vətənpərvərlikdən doğursa? Cavabı da “svejidir”. Bəzi məmurların, onların şirbalalarının hikkəsi və badalağı. Azərbaycanda növbəti islahat dalğası artıq bu problemi də həll edib, o məmurlar, maneələr artıq yoxdur. Yanaşma dəyişib. Təkcə maneənin olmamağı bu qədər irəliləyişə səbəb oldu. Görün vaxtında nələr ola bilərmiş, badalaqlar olmasaydı... Xaricdə Azərbaycan adına hansı yeniliklər olardı, kif iyi verənlərin ucbatından beşikdəcə boğuldu. “Pişik”lərin quyruq bulaya bilmədiyi bu qısa dövrdə görün nələrə nail olundu.

Çox tərifləyəndə güzgü çat verər. Çat verməmiş nöqsanları da deyək ki, ilin günün bu vaxtı güzgümüz sınmasın. Çox yaxşı olardı ki, yuxarıda qeyd edib, amma qabartmadığımız bəzi mutasiyalar, bəzən köhnənin təkrarçılığı bu ildən tamam yox olsun. Azərbaycan dövləti, onun başçısı qədər xaricdə təbliğata önəm verən ikinci biri yoxdur. Prezident daim xaricdə informasiya işinin gücləndirməsinin zəruriliyini qeyd edir. Amma hələ də xaricdə sovet şinelindən çıxmayan müxbir postlarımızdan tutmuş, xarici media ilə əməkdaşlığa qədər illərdir yaranmış buzu sındırmağın vaxtı çoxdan çatıb. Bunun üçün inanın ki, potensialımız da var, yetər ki, onu görə biləsiz. Nə qədər gec deyil. O ki qaldı indiyə qədər yaxşı hər şeyi vurub dağıdan, buna rəğmən hələ də miyoldayan “pişik”lərə, qozbeli ancaq qəbir düzəldər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2913
avatar

Mübariz Aslanov

Oxşar yazılar