Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) 29-31 may tarixləri üçün Azərbaycana səfəri başlayıb.
Lent.az xəbər verir ki, təqribən 40 nəfərlik nümayəndə heyətin tərkibinə Aİ üzv dövlətlərin Brüsseldə akkreditə olunmuş diplomatik nümayəndəliklərində region üzrə məsul diplomatları, həmçinin Aİ Şurası, Avropa Komissiyası və Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmiləri daxildir.
29 may tarixində COEST Qrupu ilk olaraq Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edib. Səfər zamanı nümayəndə heyətinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, eləcə də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və ANAMA-nın rəhbər vəzifəli şəxsləri ilə görüşləri keçirilib.
COEST nümayəndə heyətinə Ermənistan Respublikası tərəfindən 30 illik işğal dövründə törədilmiş vandalizm aktları, dağıntılar, ümumlikdə işğalın ağır nəticələri, həmçinin Vətən müharibəsindən sonra həyata keçirilən tikinti-quruculuq layihələri və keçmiş məcburi köçkünlərin Böyük Qayıdış proqramı çərçivəsində Zəngilanın Ağalı, Tərtərin Talış kəndinə və Laçın şəhərinə qayıdışı barədə təqdimatlar keçirilib. Həmçinin, Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslər, onların meyit qalıqlarının aşkar edilməsi istiqamətində işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən qazıntı və eksqumasiya prosesi barədə ətraflı məlumat verilib.
Nümayəndə heyəti Ermənistan tərəfindən dağıdılmış Füzulinin Mərdinli kəndindəki məscidin qalıqları, həmçinin Qaraxanbəyli kəndindəki məzarlıqla tanış olublar. Bildirilib ki, işğalçılar Azərbaycanın inkişaf etmiş şəhərlərindən olan Füzulidə salamat bina qoymayıblar. Şəhərdəki bütün yaşayış binaları və fərdi evlər, eyni zamanda şəhər mərkəzində fəaliyyət göstərən redaksiya, teatr binası və digər tikililər yerlə yeksan edilib.
Nümayəndə heyəti daha sonra işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib. Səfər iştirakçıları “Qafqazın Xirosiması” kimi tanınan Ağdam şəhərinin dağıntıları ilə tanış olub, Dram teatrının salamat qalan divarına baxıblar. Qeyd olunub ki, törədilmiş vandalizm aktlarına ərazilərdəki tarixi, mədəniyyət və memarlıq nümunələri, mağara və kurqan, türbə və qəbirüstü abidələr də daxildir.
Nümayəndə heyəti həmçinin Ağdamda minatəmizləmə fəaliyyəti ilə məşğul olan ANAMA əməkdaşları ilə görüşüb, ərazidən tapılan mina və partlamamış silah-sursatların bir qisminin zərərsizləşdirilməsində iştirak ediblər.
Aİ nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində bir sıra dövlət qurumlarının yüksək vəzifəli rəsmi şəxsləri ilə də görüşləri nəzərdə tutulur.