Nensi Pelosi
03 avqust 2022 14:05 (UTC +04:00)

Nensi Pelosi

Azərbaycanda ağlayan bu qadına görə dünya gücləri KƏLLƏ-KƏLLƏYƏ GƏLDİ

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvan administrasiyasının rəhbəri Tsay İnq-ven ilə görüşüb. Onun Tayvana səfər edəcəyi xəbəri bir neçə gündür ki, dünya gündəmindədir. 82 yaşlı spikerin ötən gün Tayvana səfəri Çin hakimiyyətini qəzəbləndirib. Nəticədə ABŞ ilə gərginliyi artırıb. Səfərdən qəzəblənən Çinin Xarici İşlər Nazirliyi bəyanat yayaraq Tayvana olan səfəri Çinin suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulması kimi dəyərləndirib.

Maraqlıdır, bir anda dünya gündəminin ən çox danışılan insanına çevrilən Nensi Pelosi kimdir?

Lent.az Nensi Pelosi haqqında maraqlı məlumatları təqdim edir. 

O, 1940-cı il martın 26-da anadan olub. 2007-ci ilə qədər Nümayəndələr Palatasında azlıqda olan demokratların lideri olub. Pelosi Demokratik Partiyanın qalib gəlməsi nəticəsində Nümayəndələr Palatasında səs qazanaraq ABŞ tarixində bu vəzifəyə seçilən ilk qadın oldu. 

2007-ci il yanvarın 4-dən 2011-ci il yanvarın 5-dək Nümayəndələr Palatasının sədri vəzifəsini icra edən Pelosi ABŞ tarixində hökumətin ən yüksək səviyyəsinə çatan qadındır. O, həmçinin Nümayəndələr Palatasının sədri vəzifəsinə seçilən ilk Kaliforniyalı və ilk İtalyan-Amerikalı olmaq xüsusiyyətinə malikdir. 

Spiker Pelosi 35 ildir ki, Konqresdə Kaliforniyanın 12-ci dairəsi olan San-Fransiskonu təmsil edir. O, 19 il Nümayəndələr Palatasının Demokratlarına rəhbərlik edib.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov gündəmdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Azərbaycana səfəri ilə bağlı xatirələrindən yazıb.

Belə ki, xatirələrini bu gün feysbuk hesabında bölüşən sabiq nazir Pelosinin əsas məqsədini aradakı gərginliyi qaldırmaq olduğunu vurğulayıb:

“1998-ci ilin yayında ABŞ konqresmenləri Ermənistan və Azərbaycanda səfərdə olublar. Orada F.Pallone də daxil olmaqla, demək olar ki, bütün ermənipərəst lobbiçilər daxil idi. Onların hər birinin ən iyrənc bəyanatlar verdiyi Ermənistana səfər etdikdən sonra ABŞ səfirliyindən mənə bildirdilər ki, onlar qaçqınlarla görüşdən imtina ediblər.

Prezident Heydər Əliyevlə görüşdə qərara alındı ki, mən və Qaçqınların və Köçkünlərin İşləri üzrə Komitənin sədri Ə.Həsənov onları təyyarənin enişində qarşılayaq və onları qaçqınlar üçün çadır düşərgəsinə aparacaq helikopterə köçürməyi qətiyyətlə təklif edək.

İmtina edənləri isə jurnalistlərin “öhdəsinə” verməli idik.... Pelosi və bir neçə konqresmenlər helikopterlə uçdu. F.Palone və həyat yoldaşı isə bundan qətiyyətlə imtina etdilər. Sonra bütün mətbuat bu barədə həm burada, həm də xaricdə yazdı. Pelosi bədbəxt qaçqınların yaşayış şəraitini görəndə hətta göz yaşlarına boğuldu. Düzdür, o hələ də erməni seçicilərin səslərinə görə ermənipərəst lobbinin əsas fiqurlarından biri olmaqda davam edir”. 

T.Zülfüqarov hesab edir ki, Pelosi Baydenin səhvini düzəldəcək:

“Düşünürəm ki, Tayvana gəldikdən dərhal sonra o, Koreyada çıxış edərək “strateji qeyri-müəyyənlik” siyasətindən uzaqlaşma kimi qiymətləndirilən bəyanatla çıxış edən Baydenin səhvini düzəldəcək.

Buna görə də hesab edirəm ki, Pelosinin əsas məqsədi məhz Taypeydə ABŞ və Çin arasında gərginliyin səbəbini aradan qaldırmaqdır”.

Hadisələri müşahidə etsək, görərik ki, hələ Tramp ABŞ Prezidenti olduğu müddətdə Pelosi ilə arasında müxtəlif gərginliklər yaşanıb. Onlar ən çox “Meksika ilə sərhəd divarı” müzakirələrində qarşı-qarşıya gəlirdi. 

Bununla yanaşı, Pelosi ABŞ-da Donald Tramp tərəfdarlarının Konqresin binasına hücumu zamanında da gündəm olub. Konqresdə keçirilən reyd zamanı Pelosinin otağının qapısı sındırılıb və onun notbukunun oğurlandığı iddia edilib.

Pelosi son vaxtlar ABŞ Prezidenti Cozef Baydenin çıxışı zamanı onun arxasında dayanaraq sərgilədiyi hərəkətlərlə də sosial mediada gündəm olub.

Eyni zamanda, Nensi Pelosi terrorçuluğa qarşı mübarizə apardığını dəfələrlə bəyan edən ABŞ-ın həm hazırkı, həm də əvvəlki hökuməti zamanı Ermənistana, xüsusən erməni terrorçularına açıq dəstəyi ilə seçilib. Pelosinin açıq ermənipərəst mövqeyi təkcə Azərbaycanda deyil, ABŞ-da da narazılıqla qarşılanıb.

Qeyd edək ki, respublikaçı Nyut Qinqriç 1997-ci ildə Tayvana səfər edən Nümayəndələr Palatasının sonuncu sədri olub. Pelosi həmin ildən sonra Tayvana səfər edən ilk ABŞ rəsmisidir.

Əlavə edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri başa çatıb.

# 8592
avatar

Fidan İlqar

Oxşar yazılar