Son zamanlar Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində Brüssel formatı çərçivəsində, Aİ Şurasının prezidenti Şarl Mişelin yaxından iştirakı və ciddi cəhdləri sayəsində önəmli addımlar atılıb.
Bununla yanaşı, bəzi ölkələr artıq gündəmdə olmayan məsələləri qabardır, ciddi cəhdlə danışıqlar prosesinə qoşulmağa, vasitəçilik missiyasını icra etməyə cəhd göstərirlər.
Məsələn, Fransa. Siyasi icmalçılar hesab edirlər ki, Fransa heç bir halda Azərbaycanla Ermənistan arasında vasitəçi ola bilməz. Qəti ermənipərəst siyasət yürüdən Fransa erməni lobbisinin güclü təsiri altındadır və Ermənistanın maraqlarını açıq şəkildə müdafiə edir.
30 illik vasitəçilik dövründə ATƏT Minsk Qrupunun həmsədri kimi Fransa Ermənistanın yanında olduğunu nümayiş etdirib və problemin Ermənistanın maraqları çərçivəsində həll edilməsi üçün əlindən gələni edib.
Son proseslər göstərir ki, Fransa Brüssel formatını mənimsəməyə və öz əlinə keçirməyə çalışır. Fransa Azərbaycana garşi konspirativ planlar gurur.
Buna görə də Azərbaycan xalqı Fransaya inanmır və inana da bilməz.
Azərbaycan ictimaiyyəti qəti şəkildə hakimiyyətin Fransanın iştirakı ilə keçirilən bütün görüşlərdən imtina etməyi tələb edir.
Fransanın sülhdən danışmağa belə haqqı yoxdu. İllərlə Asiya və Afrika ölkələri kolonialist siyasət yürüdən Fransanın riyakar siyasətinin daim şahidi və qurbanı olublar.
Əlcəzair xalqı Fransanın hakimiyyəti altında 132 ildə (1830-1962) müstəqillik uğrunda mübarizə aparmış və nəticədə fransızlar tərəfindən 1,5 milyon əlcəzairliyə qarşı soyqırımı həyata keçirmişdir. Bundan başqa Fransa Vyetnamda çox böyük soyqırımı həyata keçirmişdir. Fransanın soyqırımı keçmişi yalnız Əlcəzairlə və Vyetnamla məhdudlaşmır. Fransa üç qitədə olan müstəmləkələrində yerli əhaliyə qarşı soyqırımı törətmiş, əhalini ölkəni tərk etməyə məcbur etmiş, dinlərini dəyişdirmiş və onlara ən adi insani yaşamaq haqqı verməmişdir. XIX əsrin 60-cı illərində Fransa əsgəri birlikləri Cibutiyə daxil oldu. 1917-ci ildə Cibutidə başlanan azadlıq mübarizəsi qan gölündə boğuldu, 100 minlərlə insan öldürüldü. Bununla belə, Çad torpaqlarının fransızlar tərəfindən işğalı da bu ölkənin törətdiyi soyqırımlar silsiləsinin davamıdır. Ötən əsrin 50-ci illərinin sonlarına qədər fransızlar Çadda soyqırımına davam etmişlər. Hələ bu da son deyil. Fransa Qabon torpaqlarında da soyqırımı həyata keçirmiş, islam dinini qadağan etmiş, din xadimlərini öldürmüş, 10 minlərlə insanı yaşamaq hüququndan məhrum etmişdir. 1881-ci ildə isə Fransa Tunisi işğal etmişdir. Fransızlar burada müqavimət göstərənlərə qarşı amansız terror həyata keçirmişlər. Bu gün isə Kamerunun ingilisdilli və fransızdilli bölgələri arasındakı savaş Fransanın müstəmləkə dövrünün Afrika ölkələrinə qoyduğu acı mirasdır.
Yenidən mövzuya qayıdaq. Siyasi ekspert Vüsalə Hüseynli hesab edir ki, proseslərin müsbət tendensiyada inkişafı, bir sıra ölkələrin narahatlığı ilə müşahidə olunur:
“Fransanın Azərbaycana münasibəti, ümumilikdə Türkiyəyə, müsəlman ölkələrinə münasibəti hamıya bəllidir. Rəsmi Parisin ATƏT-in Minsk Qrupunun həmsədri kimi 30 il müddətində etdiyi vasitəçilik missiyasında heç bir fəaliyyətinin şahidi olmadıq. Əksinə, zaman-zaman Fransanın ermənipərəst mövqelərini və ermənilərin yanında dayandığını müşahidə edə bildik. Bundan əlavə, erməni şovinizminin yalan təbliğatından olan qondarma “soyqırımı” məsələsi və bir neçə il öncə Fransa Milli Assambleyasının qəbul etdiyi qərarını Azərbaycan ictimaiyyəti unutmayıb”.
Ekspertin fikrincə, Fransa istəyir ki, Brüssel formatını mənimsəyərək, yenidən prosessin aktiv iştirakçısı rolunda yenidən gündəmə gəlsin. Məhz bu səbəbdəndir ki, Azərbaycan ictimaiyyəti fəaliyyətsiz Minsk Qrupundan imtina etməklə bağlı hökumət qarşısında məsələ qaldırıb. “Bu həmin rəsmi Parisdir ki, rəsmi və ya qeyri-rəsmi şəkildə bölgədə Ermənistan və İrana dəstək verir. Beynəlxalq təşkilatlarda da bu siyasəti yürüdür. Qardaş Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsində daim əleyhinə səs verir. Səmərqənd görüşündə də biz Fransa prezidenti Makronun “özfəaliyyəti”nin şahidi olduq”.
V. Hüseynli vurğulayıb ki, rəsmi Paris bizə olan mövqeyini fürsət düşdükcə nümayiş etdirib. İndi isə cavab Azərbaycan ictimaiyyətinindir. Fransa ATƏT-dəki vasitəçiliyini təhvil verməlidir.