Son günlər bütün dünya Azərbaycanın öz suverenliliyini bərpa etmək istiqamətindəki qələbəsindən danışır. Məşhur şərhçilər, ekspertlər bunu uzun müddət hazırlanmış planın məhsulu kimi qələmə verir.
Maraqlıdır, bu qələbə ilə yekunlaşan siyasətin planı nə zamandan qurulub?
Lent.az məsələ ilə bağlı Qarabağ probleminin ən qaynar vaxtlarında Azərbaycanın xarici işlər naziri olmuş Tofiq Zülfüqarova müraciət edib.
O bildirib ki, Avropa hadisələrlə bağlı Azərbaycanı tənqid edərsə, 1990-cı illərə nəzər salmalıdır:
“Avropanın bu məsələlərə münasibəti müxtəlif subyektiv səbəblərdən asılıdır. Amma məntiqlə bu münasibəti təhlil edə bilərik. Avropada kimsə axırıncı hadisələrə görə bizi tənqid etmək istəyirsə, onda 1990-cı illərdə baş verən prosesləri də tənqid etməlidir.
Çünki bunlara ayrı şəkildə baxmaq mümkün deyil. Ona görə ki, bunların hər biri münaqişənin tərkib hissəsidir. Bu məntiqə əsasən deyə bilərəm ki, onların tənqid imkanları məhduddur. Birtərəfli qərar qəbul etsələr də, Azərbaycan ictimaiyyəti bununla razılaşmayacaq. Bundan sonra, Azərbaycanla münasibətini düzəltmək üçün onlara uzun illər vaxt lazımdır. Amma yenə də deyirəm, əgər hadisələrə balanslı baxmaq istəsələr, onda ermənilərin Qarabağdan getməyinin 1990-cı illərdən fərqli şəraitdə olduğunu görəcəklər. Azərbaycanlılar qat-qat pis şəraitdə öz doğma yurdlarından köçkün düşüb. Bunlara da qiymət verməlidirlər. Bir-biri ilə bağlı olan məsələlərdir”.
Sabiq xarici işlər nazirinin sözlərinə görə, bugünkü siyasətin təməli Heydər Əliyevin vaxtında qoyulub:
“Heydər Əliyevin siyasəti tam şəkildə Konstitusiyaya əsaslanırdı. Həmişə bizim üçün bir dövlət olaraq Qarabağ məsələsi əsas məqsəd olub. Təbii ki, 30 il ərzində baş verən bütün proseslər vəziyyəti dəyişdi. Və bu vəziyyətə uyğun olaraq prezident İlham Əliyevin siyasəti nəticəsində uğurlu nəticəyə nail olundu. Amma bu siyasətin təməli təbii ki, Heydər Əliyevin vaxtında qoyulub”.