Mustafa Kamal Atatürk
19 may 2021 17:47 (UTC +04:00)

Mustafa Kamal Atatürk

19 Maydan başlayan yol

Osmanlı 200 ildir keçirdiyi tənəzzülün qürubunu yaşayırdı. Bir zamanlar dünyaya ağalıq edən imperiya var olma mücadiləsi verirdi. Elm-texnologiya və ordu quruculuğundan da müasir dövlətlərdən çox geri qalırdı. Bu tənəzzül Birinci Dünya Müharibəsi ilə daha qabarıq özünü göstərdi və Osmanlının əvvəlki qüdrətini bərpa etmək üçün qatıldığı savaş sonun başlanğıcı oldu. Birinci Dünya müharibəsində Osmanlı məğlub oldu. Mütəffiqləri Almaniya, Avstriya-Macarıstan imperiyası və Bolqarıstan, döyüş cəbhələrində ağır məğlubiyyətlərə uğrayaraq böyük torpaqlar itirdilər. Bolqarıstan Antanta dövlətləri ilə 29 sentyabrda barışıq imzaladı. Bundan sonra isə Osmanlının müttəfiqləri Almaniya və Avstriya-Macarasıstanla əlaqəsi kəsildi. Avstriya-Macarıstan imperiyası oktyabrın 5-də, Almaniya isə noyabrın 11-də barışığa imza atdı. Osmanlını idarə edən “İttihad və Tərəqqi” də iflas olmuşdu. Sultan Vəlihədin hərb naziri Əhməd İzzət paşaya yeni hökumət qurulmasını  tapşırdı. “İttihad və  Tərəqqi” də  artıq hökumətdən getmişdi. 30 oktyabrda Osmanlı I Dünya Müharibəsində məğlubiyyətini etiraf edən Mudros sülhünü imzaladı. Osmanlı Azərbaycandan da çıxdı.

Osmanlıda hökumət böhranı adi hal almışdı, Əhmət paşanın yenini Tofiq paşa tutdu. “İttihaq və Tərəqqi” üzvləri Tələt paşa, Camal paşa, Ənvər paşa ölkədən çıxdı. Bunlar turançı, türkçü təfəkkür daşıyıcıları idilər. Ənvər paşa "I Dünya Savaşında qalib gəlsəydik, Sultanlıq süqut etmiş, Böyük Turan qurulmuş olacaqdı. Nə edək ki, tale üzümüzə gülmədi. Buna müvəffəq olmadıq. Viran olduq" demişdi. Ənvər paşa ruslara qarşı döyüşdə 1922-ci ildə  Orta Asiyada ölür.

Antanta İttifaqı isə Mudros sülhü ilə də sakitləşmədi. Osmanlını bölüşdürməyə qərar verdilər. İstanbul, İzmir işğal edildi. Süleyman Nazif "Qara gün" başlıqlı yazısında türk millətinin tarixən belə işğal yaşamadığını və bunu həzm etməyəcəyini bildirmişdi. Millət Məclisi bağlandı, millətçi vəkillər sürgün edildi. Sultan ingilislərin əlində oyuncaq idi. Sevr müqaviləsi ilə Türkiyə Antanta arasında bölüşdürülür. Trakyanın əksəriyyəti Yunanıstana verilir, İzmirin taleyinə  5 ildən sonra aydınlıq gələcək, Ceyhan, Antep, Urfa ,Mardin Türkiyədən alınır. Trabzon, Bitlis, Van, Ərzurum bölgəsində  erməni dövləti yaradılır.  Hər bənd, hər maddə türklərin şərəfinə  toxunurdu. Ümumiyyətlə, I Dünya Müharibəsindən sonra Osmanlının faktiki işğalını türklər həzm edə bilmirdi. Antantaya qarşı xeyli üsyanlar qaldırılırdı. Osmanlı hər mənada fəlakət  yaşayırdı...

Bir daha gəl, gəl Samsundan.....

İngilislər 21 aprel 1919-cu ildə Osmanlı hökumətinə Anadolunun silahsızlaşdırılmasının zəif getdiyini bildirib. Şərqi Anadoludan əsgər toplanması xəbərlərinin gəldiyini qeyd edib, bunun qarşısının alınması barədə nota verir. Sədrəzm Damat Fərit hökumətin xalqı tez zamanda silahsızlaşdıracağı və Mustafa Kamal Paşanın asayişi təmin etmək, üsyanları yatırmaq üçün “ümumi müfəttiş” təyin edildiyini bildirir. Əslində Sultan Vəlihəddin Mustafa Kamal Paşanı ingilislərin istəyini yerinə yetirmək, Anadoluda Atlanta əleyhinə başlanmış üsyanların qarşısını almaq üçün Samsuna göndərir. Eyni zamanda hökumət Anadoluda işğallara qarşı dirənilməməsini məsləhət verir. Sultan Valihəddin 1923-cü ildə Məkkədə yayımladığı Bəyannaməsində “Mustafa Kamalı Anadoluya göndərək” deyən hökumətə uyduğunu bildirir. Sonralar isə Mustafa Kamalın guya Vəlihəddin tərəfindən Samsuna ordu toplaması üçün göndərilməsi ilə bağlı iddialar ortaya atılır. Mustafa Kamal bunu “Nutuk” kitabında da inkar edir. Bu iddianı isə Vəlihəddin öldükdən sonra Rıfat Mevlanzadə ortaya atır.

Bəs IX Ordu müfəttişi Mustafa Kamala hansı görəv verilmişdi?

Onun əsas vəzifəsi bölgədə asayişi təmin etmək, həmçinin üsyanların səbəbini araşdırmaq idi. Eyni zamanda müfəttiş bölgədəki silah anbarlarını nəzarət altına almalı, pul və əsgər toplayan şuraları bağlamalı idi.
Müfəttiş Sinop, Samsun, Ordu, Giresun, Trabzon, Rize, Artvin, Amasya, Tokat, Sivas, Erzincan, Gümüşhane, Bayburt, Erzurum, Van, Ankara, Diyarbakır, Bitlis, Elazığ ve Kastamonu əsas söz sahibi idi.

Daha sonralar  Mustafa Kamal özünün də  səlahiyyətlərini artırdığını bildirmişdi. O, “Nutuk”da yazır: “Səlahiyyətlərimlə bağlı əmri özüm yazırdım, hətta hərb naziri bu səlahiyyətlərimi görəndə imzalayıb möhürləməyə çəkinmişdi”.

Mustafa Kamal özünə hərbi və  mülki səlahiyyət verilməsini belə izah edir ki, şuraları bağlamaq əmrini yerinə yetirmək üçün mülki yetki lazım idi.

Mustafa Kamal özünün Anadoluya göndərilməsini İstanbuldan uzaq tutulması ilə izah edir. O, Falih Rıfkıya 1926-cı ildə bildirir ki, Vəlihəddin ona “İndiyə qədər çox xidmət etdin, əsl xidmət bundan sonra başlıyır. Paşa, dövləti qurtara bilərsən” deyib. Vəlihəddinin “dövləti qurtarmaq” dediyi isə daha çox “ingilislərin dediyini yerinə yetirmək”dir.

Mustafa Kamal yazır: “Vəlihəddin dedi ki, heç bir gücümüz yoxdu, tək çarəmiz işğalçıların siyasətinə uymaqdır, mənim işim onların şikayətçi olduğu məsələləri həll etməkdir”. Atatürk qeyd edir ki, Vəlihəddinin dediyini edib, anadolunu silahsızlaşdırsa, işğala etiraz edən türkləri tutsaydı, onun arzularını yerinə yetirmiş olacaqdı.

1919-cu ilin bu günü - yəni mayın 19-da Mustafa Kamal Bandırma vapurunda Qaradənizlə Samsuna çıxdı...

Mustafa Kamal Samsunda çoxlu görüşlər keçirdi, amma ona tapşırılanın əksini etdi. Xalqı işğala qarşı müharibəyə səslədi, silahlandırdı. İngilislər bundan narahat olaraq onun geri çağırılmasını istədilər. Atatürkün Samsuna getməsinin 1 ayı tamam olmamış- 1919-cu ilin 8 iyununda ingilislərin tələbi ilə hökumət onu geri çağırır. 8 iyulda isə Atatürk ordu komandanı vəzifəsindən  azad edilir. 01 aprel 1920-ci ildə Mustafa Kamal və  silahdaşlarının qətli barədə fətva verilir, 11 may 1920-ci ildə  Mustafa Kamal edama məhkum edilir. 24 may 1920-ci ildə isə  Sultan Vəlihəddin Atatürkün edamını təsdiq edir.

Əsgərdən, Ordu müfəttişliyindən Atatürklüyə...

Mustafa Kamal xalqa, ordu generallarına və  silahdaşlarına İstanbul hökumətinə, həmçinin işğala qarşı birləşmə və vətəni xilas etmə üçün müharibə zərurətini qeyd edirdi.
İstaqlal savaşının ilk işartısı Amasyada yayımlandı.

Amasya Bəyannaməsində Vətənin təhlükədə olduğu, Osmanlı hökumətinin idarəetməni itirdiyi, işğalın Anadolunun içinə  qədər daraldığı, milli heyətin qurulması üçün ölkənin müxtəlif bölgələrindən olan nümayəndələrin Sivasda toplaşacağı qeyd olundu. Sentyabrda keçirilən Sivas konqresi yeni türk dövlətinin təməlinin qoyulmasının ilk işartısı, eyni zamanda CHP-nin ilk qurultayı idi. Bundan başqa , Misakı-Milli qəbul edildi.
1922-ci ilin 26 avqustunda Mustafa Kamal Atatürk işğala qarşı böyük hücuma başladı. Sevr müqaviləsi ləğv edildi, Lozanna müqaviləsi imzalandı.

Mustafa Kamal xidmətini edib Atatürk oldu!

19 Mayıs Atatürkü anma günü qutlu olsun!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4425
avatar

Şamil Paşayev

Oxşar yazılar