Turac Soloki: “İranda “günahımız” azərbaycanlı olmaq idi” - FOTO
22 sentyabr 2011 10:45 (UTC +04:00)

Turac Soloki: “İranda “günahımız” azərbaycanlı olmaq idi” - FOTO

Hər şey təsadüf nəticəsində, hətta çox qəribə bir formada baş verdi.

Bu yaxınlarda bir qrup jurnalist həmkarımla birgə Qəbələdə keçirilən üç günlük ekologiya ilə bağlı bir beynəlxalq forumdaydım. Təxminən 40-a qədər ölkədən dövlət rəsmiləri, alimlər, ekspertlər və sair qonaqlar bura yığışmışdı.


Proqrama uyğun peşəsindən asılı olmayaraq, forumun bütün iştirakçıları otelin yalnız bir restoranında nahar etsə də, hər dəfə hərə özünə yaxın həmkarları ilə bir masaya çəkilirdi. Nədənsə forumun ikinci gününün axşamı həmkarım Murad Əliyev ilə şam yeməyinə bir balaca gecikdiyimiz üçün öz kollektivimiz olan masada əyləşməyə yer olmadı və istər-istəməz yaxınlıqdakı iki əcnəbi qonağın olduğu masaya yaxınlaşdıq.
Bizimlə üzbəüz oturan bu iki əcnəbini forum başladığı gündən üzdən də olsa tanıyırdıq. Onların hərəsi bir ölkədən və bir-birinə yad idi. Bu, həm sinələrinə sancdıqları kimliklərini bildirən kartdan, həm də aralarında ünsiyyətin olmamasından hiss olunurdu. Biri ABŞ-dan, o biri də Hollandiyadan gəlmişdi.


Zal boyu masalardan gələn çəngəl-bıçaq cingiltisi, insanların öz aralarında xısın-xısın danışıq səsləri və zalın yuxarı başındakı canlı musiqi həmkarımla yemək arxasında sərbəst “dərdləşməyə” xüsusi bir həvəs verirdi.


Ümumiyyətlə son vaxtlar nədənsə peşəsindən asılı olmayaraq, xaricdən gələn əksəriyyət əcnəbilərə qarşı məndə mənfi münasibət yaranmışdı. Məsələn, uzaq-uzaq olsun, Azərbaycan Somalinin vəziyyətində olsaydı, inanmıram bu qonaqlar Vətənimizə indiki axınla və həvəslə gələrdilər.


Elə masa arxasında da həmkarımla aramızda bu mövzuda söhbət düşmüşdü. Qarşımızdakıların bizim dilimizi bilmədiklərindən arxayın olub, tam arxayın “ürəyimizi boşaldırdıq”. Özlərinin də xəbəri olmadan onlar barədə “məhkəmə” qurmuşduq.

Əcnəbilər bizi hiss etmirmişlər kimi sakitcə başlarını aşağı salıb ancaq yeyirdilər...

Biz isə qızışmışdıq.... Və birdən qarşımızdakı əcnəbilərdən biri başını qaldırmadan, çox sakit formada, Azərbaycan dilində nisbətən çətinliklə səsləndi:

- Düz demirsiniz siz.... Bura hamı qonaq kimi gəlib, amma hamı qonaq deyil...

Bu amerikalının qəfil müdaxiləsindən çox, gözlənilmədən Azərbaycanca danışması, özü də bayaqdan bizi dinləməsi ikimizi də şaşırtdı.
Təqribən 30 saniyəlik sükutdan sonra yenə sinəsindəki kartda ABŞ-dan olan ekspert Turadj Soloki kimi təqdim olunan həmin əcnəbi azərbaycanca davam etdi:


- Bilmirəm Azərbaycan necə ölkədir, görməmişəm heç vaxt. Amma şəxsən mən öz vətənimə gəlmişəm...mən azərbaycanlıyam.

“İranda “günahımız” azərbaycanlı olmaq idi”

Həmin axşam masa arxasında yalnız onu deyə bildi ki, əslən Gəncədəndir. Kommunistlər Azərbaycana gələn zaman babası ölkəni tərk edib: “100 ilə yaxındır ki, qürbətdən müxtəlif yollarla Azərbaycanda - Vətəndə özümüzə aid nəsə axtarıb tapmağa çalışırıq...”
Diqqətlə ona baxdıqca, sözlərindən, görkəmindən əməlli-başlı həsrət yağırdı. Hansı ki, onu ancaq görmək lazım idi, deməklə təsəvvür etmək olmayacaq.
Ertəsi gün naharı gözləmədən elə forumarası tənəffüsdə axtarıb onu tapdım. Onunla belə ciddi-cəhdlə maraqlanmağıma rəğmən məndən getdikcə ehtiyatlanırdı. Buna baxmayaraq, birtəhər onu danışdırmağa razı sala bildim.


Turac Xosrov oğlu Solokinin anası Tuba Əli əslən Gəncədəndir və burada da doğulub. Şəhərin Şah Abbas məscidi yaxınlığındandır. Ana babası Hacı Abbas Ənvər Əli (Əliyev) o dövrdə Gəncədə iri çay fabrikinin sahibi olub. Kommunistlərin Azərbaycana gəlişindən sonra 1924-cü ildə iri sahibkar olan babası yeganə övladı olan qızını (Turacın anasını, o zaman dörd yaşı varmış) da götürüb Arazın o tayına - İran Azərbaycanına keçir. Babasının digər sahibkar qardaşları, yaxın qohumları isə Türkiyəyə və Avropanın müxtəlif ölkələrinə gedir.


Təbrizdə yerləşən Hacı Abbas ömrünün sonuna kimi də orada yaşayır. Təbriz Universitetinə daxil olan anası sonralar Təbrizdəki liseylərdən birinin rəhbəri olur və əslən cənubi azərbaycanlı Xosrov Soloki ilə ailə qurur. Turac Solokinin deməsinə görə, Xosrovun təmiz azərbaycanlı olmasına baxmayaraq, soy adı yunan mənşəlidir. Xosrov da həyat yoldaşı kimi Təbrizin seçilən ziyalılarından olub və şəhər universitetinin fakültələrindən birinin dekanı olub. Turac Soloki 1964-cü ildə Təbrizdə doğulub. Orta təhsilini Təbrizdə alan Turac ali təhsil almaq üçün ABŞ-a üz tutur və Texas Universitetinin ekologiya fakültəsinə daxil olur. Təhsilini başa vurandan sonra da İranda azərbaycanlılara qarşı münasibətlə barışmayaraq, Amerikada qalıb yaşamağa qərar verir: “İranda “günahımız” azərbaycanlı olmaq idi və buna görə də oxumaq, işlə təmin olunmaq bizim üçün problemə çevrilmişdi. Anamın və atamın illərlə çəkdiyi əzabı yenidən mən çəkmək istəmədim”.


Hazırda ABŞ-ın Men ştatında yaşayan Turac elə yerli universitetdə də müəllim işləyir, ekologiya üzrə professordur.

Onun ailə qurması da çox maraqlı, sadə və özü demişkən arzuladığı xəyalların gerçəyə çevrilməsi kimi olub.

Sovet İttifaqı dağıldıqdan sonra azərbaycanlı gənclər oxumaq üçün digər iri ölkələr ilə yanaşı ABŞ-a da üz tuturlar. Turacın evləndiyi xanım da 1994-cü ildə onun işlədiyi universitetə oxumağa gələn azərbaycanlılardandır. Daha dəqiq desək, tələbələrindəndir.


“Sovet agentləri Texasda izimə düşməyə başlamışdılar”

Deyir ki, hələ Sovet İttifaqı zamanından anası Gəncədəki qohumlarını axtarmağa çalışıb: “Bir neçə dəfə cəhd etdikdən sonra atamın köməkliyi ilə Gəncədəki bir xalası ilə hansısa yolla əlaqə də yarada bilib. Bu, təxminən İkinci Dünya Müharibəsi ərəfəsində baş tutub. Çünki o vaxt İrandakı azərbaycanlı inqilabçılardan bu tərəfə keçənlər çox olurdu. Anam o vaxt sadəcə onu öyrənə bilib ki, bolşeviklər var-dövlətlərini əllərindən alsalar da, xalası və digər qohumları sağ-salamatdırlar. Ondan sonra heç bir əlaqəsi olmayıb. Baxmayaraq ki, Azərbaycana qayıtmaq, heç olmasa, buradakı qohumlarını tapmaq onun yeganə arzusudur”.
Yeri gəlmişkən Turacın anası hələ yaşayır.
Həmsöhbətimin bildirməsinə görə, ABŞ-a köçdükdən sonra anasının arzusuna uyğun olaraq o, da Azərbaycanla əlaqə yaratmağa çalışır: “Sovetlər dönəmində bunun müşkül məsələ olmasına baxmayaraq, bir neçə dəfə cəhd elədim. Çox çalışdım, amma alınmadı. Yəni nə bura xəbər göndərə bilirdim, nə də buradan xəbər ala bilirdim. Təbii ki, yenə cəhdimə davam edərdim... Həmin ərəfədə hiss elədim ki, həm oxuduğum universitetdə, həm də yaşadığım ərazidə izlənirəm. Artıq getdikcə, lap yaxından izləndikdə bərk narahat oldum və bir amerikalı tanışımın köməkliyi ilə vəziyyəti yaşadığım yerli dairənin aidiyyatı qurumlarına bildirdim. Onlar mənimlə bir neçə gün məşğul olduqdan sonra dedilər ki, bir neçə dəfə SSRİ səfirliyindən mənimlə maraqlanıblar. Dərhal onlara Sovet Azərbaycanındakı qohumlarımı tapmağa cəhd eləməyimi bildirdim. Onlar vəziyyəti tam öyrəndikdən sonra mənə məsləhət gördülər ki, bu istəyimdən heç olmasa, müvəqqəti də olsa əl çəkim. “Həyatınız təhlükəyə düşə bilər, kommunistlər belə şeyə qısqanclıqla yanaşırlar. Hələ əslən Cənubi Azərbaycandan olmanızı demirəm...”- deyə, yerli polis inspektoru ciddi-cəhdlə məni başa saldı. Ondan sonra anladım ki, Gəncədəki qohumlarımla bu dərəcədə sərbəst maraqlanmağım kimləri isə bərk narahat edib... Bir sözlə buna görə sovet agentləri Texasda izimə düşməyə başlayıblar”.

Təfsilatını izah etməsə də, Turac deyir ki, ondan sonra Gəncə ilə bağlı xəyallarını ört-basdır edib ürəyində saxlayır və ABŞ-dakı dostlarının köməkliyi ilə kommunistlərin “qəzəbindən” qurtara bilir.


“Mən və anam hər an Gəncədən doğma səs gözləyirik”

- SSRİ dağıldıqdan sonra biz nə qədər çalışsaq da, nəinki qohumlarımızdan, hətta anamı, babamı tanıyacaq kimsəni tapa bilmədik. Hətta günlərlə anamın çəkdiyi həsrətə dözə bilməyib bir-neçə il əvvəl adi qonaq kimi anamı da götürüb Azərbaycana-Gəncəyə gəldik. Düz bir həftə oteldə qalıb şəhəri istər rəsmi, istərsə də qeyri-rəsmi ələk-vələk etdik, amma bizim nəslə aid bir iz tapa bilmədim. Amma bu səfərim anamı çox sevindirdi, hətta deyərdim doğma yurduna - Gəncəyə 80 illik ayrılıqdan sonra qayıtmağı ona yeni həyat verdi. Gəncədəki o axtarışım zamanı öyrəndim ki, təxminən babamgilin yaşadıqları ərazini sonradan Sovet Hökuməti yenidən tikib və ərazidə daha çox ermənilər məskunlaşıb. Yəni, baba yurdum ermənilərin evinə çevrilib. Amma, oradakı azərbaycanlılar sonradan hara köçüb, necə olub... təəssüf ki, cavab tapa bilmədim. Aydın oldu ki, Gəncədə bizdən heç kim qalmayıb, sülaləmiz silinib. Kor-peşman qayıdıb Azərbaycandan gedəsi olduq.



Turac deyir ki, bu səfərində də Gəncəyə baş çəkməyi planlaşdırıb. Deyir, heç bir səbəb olmasa da, ürəyində inanır ki, doğma yurdu olan Gəncədə onlara aid nəsə var: “Axı bura Vətənimizdir. Xüsusilə anamın nəsli burada iri bir şəcərə olub - Ənvərilər şəcərəsi o vaxt bütün Gəncə zonasında tanınan nəsil olub. Ona görə də inanmıram, Vətəndən bu qədər silinib atılaq. Mən və anam hər an Gəncədən doğma səs gözləyirik”.


Turac özünə məxsus Vətən sevgisi ilə bağlı çox danışdı, çox şey dedi. Baxmayaraq ki, o hələ də məndən çəkinirdi. Heç onu qınamıram da, çünki söhbətlərindən də hiss olunur ki, qürbətdə Vətən istəyinə görə başı az bəla çəkməyib, loru dildə desək, “gözünü qırıblar”.


Onun ürək dolusu dediklərini uzun-uzadı bura köçürüb kimisə yormaq istəmirəm, baxmayaraq ki, bu, mənə çox təsir etdi. Amma ondan ayrılıb qaldığımız otelə gəldiyimiz 30 kilometrlik yol boyu Allahdan yeganə bir şey dilədim: “Məni heç vaxt yurdumdan ayırma...”


Axşam nömrəmizdə sakitləşməyim üçün onunla söhbətimi, qürbətdə qohumsuz-filansız tək-tənha qalmasını və onun öz qohumlarını 80 ildən sonra belə ciddi cəhdlə axtarmasını həmkarım Murad Əliyevə danışdım. Lakin qəfil yadıma düşdü ki, Murad da əslən Gəncədəndir. Turacın babasının da soyadının Əliyev olmasını ona bildirib, arxasınca nəsə demək istəyirdim ki, nə deyəcəyimi o özü məndən əvvəl dedi....

P.S. Turac hansısa problem olmasını istəmədiyini xatırladaraq, anasının və babasının şəklini ABŞ-dan göndərəcəyini demişdi. Amma söz verdiyi vaxtdan 10 gün keçməsinə baxmayaraq, heç nə göndərmədi. Amma mən onu anlayıram, çünki bu barədə o mənə çox şey dedi...

Touradk Soloki, işlədiyi yer Men Universiteti.
Tel: 044695706207
044695811172

Mübariz Aslanov
[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582

Oxşar yazılar