Ərdəbildə toqquşmalar: yaralanan və həbs olunanlar var
13 sentyabr 2011 00:52 (UTC +04:00)

Ərdəbildə toqquşmalar: yaralanan və həbs olunanlar var

Xəbər verdiyimiz kimi, sentyabrın 12-də Urmiya gölü ilə bağlı etiraz aksiyasının Güney Azərbaycanın Ərdəbil şəhərində də keçirilməsi nəzərdə tutulmuşdu.

Bu aksiyanın qarşısını almaq məqsədi ilə İran hakimiyyəti tanınmış dissident Abbas Lisanini həbs edib. Tutulduğu gündən haqlarının pozulmasına etiraz olaraq, o, aclıq aksiyasına başlayıb.

Bundan başqa yerli ictimai fəal insanları ETTELAAT-ın yerli idarəsinə çağırıb, hədələyib və qorxudublar. Təhlükəsizlik idarəsinin məmurları əsasən siyasi fəal gəncləri SMS, telefon əlaqəsi ilə sorğu-suala tutub, hədələyib, onları etiraz aksiyasında iştirakdan çəkinməyə çağırıblar. Belə durum üç gündən artıq davam edib.

Ancaq aksiyanın qarşısını almaq mümkün olmayıb. Urmiya gölünün qurumasına hakimiyyətin laqeyd yanaşmasına öz etirazını bildirmək üçün Ərdəbil ictimaiyyəti sentyabrın 12-də yerli vaxtla saat 18-də öncədən nəzərdə tutulan yerə, şəhərin Şəriəti meydanına toplaşıb. Onlar «Yaşasın Azərbaycan!», «Urmu gölü can verir, Məclis onun qətlinə fərman verir!» kimi şüarlar söyləyiblər. Bu meydana yaxın küçələrdə hakimiyyət qüvvələri ilə dinc etirazçılar arasında toqquşma baş verib.

Yerli müşahidəçilərin sözlərinə görə, Şəriəti meydanı və ona yaxın əsas küçələrdə bəsic, İnqilab Keşikçiləri Qvardiyasının hərbçiləri, çevik polis alayının əsgərləri ilə dolu olub. Odur ki, hakimiyyət qüvvələrinin çoxluğu səbəbindən aksiya mitinq şəklində keçirilməyib. Yerli vaxtla 19.40-da bir qrup gənc meydana çıxaraq, Urmiya gölünə hakimiyyətin münasibəti ilə bağlı etiraz şüarı söyləməyə başlayıb.

Toqquşmalar zamanı tutulanlar və yaralananlar var. Hələlik etirazçılardan müəllim Nəsrulla Vəlizadə və tibb fakültəsinin tələbəsi Mehdi Üsulinin həbs olunduğuna dair məlumat yayılıb. Onların da aparıldığı yer məlum deyil.

Meydanın arıdınca Ərdəbilin «Bazar ağzı», «Dörd yol», «Səreyn stasionu» (Səreyn dayanacağı), «Daneş üçyolu», Əliabad məhəlləsi, «Meşkin darvazası»nda hakimiyyət qüvvələri ilə dinc etirazçılar arasında toqquşma daha kəskin olub. Orada yüzlərlə etirazçının həbs edildiyi haqda məlumatlar yayılıb.

Müşahidəçilərin ehtimalına görə, Ərdəbilə 20 min nəfərdən çox xüsusi təyinatlı yerləşdirilib. Şəhərdə internet və cib telefon əlaqəsi yox səviyyəsindədir.

Yerli vaxtla saat 20.30-da Ərdəbili bütövlükdə hərbiçilər işğal etsə də, saat 21-də toqquşmalar yenidən başlayıb.

Bəzi xəbərlərə görə, sentyabrın 14-də İran prezidenti Mahmud Əhmədinejadın Ərdəbilə gələcəyi gözlənilir. Elə ona görə də qvardiya, hətta ərteş də (şahdan qalma ordu belə adlanır) yürüşlərin, etiraz çıxışlarının yatırılmasına qatılıb.

Sentyabrın 23-də İranda yeni tədris ili başlayacaq. Belə ehtimal olunur ki, etiraz aksiyaları həmin günədək davam edə bilər.

Hakimiyyət Azərbaycanın başqa şəhərlərində də Urmiya gölünün qurumasına qarşı keçiriləcək aksiyanın qarşısını almaq üçün ictimai fəal insanları tutur.

ETTELAAT-ın yerli məmurları Güney Azərbaycanın Muğan mahalında (adı dəyişdirilib, Parsabad adlanır) mühəndis Ramin Cabbari və 3 qardaşının, şair Nadir Əzizi, Məhnaz Kərimi, sənətçi Zərğam və Siyamək Mirzayi qardaşlarının evinə hücum edərək, onlara məxsus kompüter, kitablar və əlyazmaları aparıb, özlərini tutublar.

Sentyabrın 12-də Meşkin şəhərindəki «İslami pasaj»ın (Ticarət mərkəzinin) qarşısında da çevik polis alayı ilə yerli əhali arasında toqquşma baş verib. Adları hələ açıqlanmayan 4 qadın və 3 kişi həbs edilib.

Urmiya gölünün qurumasına hakimiyyətin seyrçi mövqeyinə qarşı sentyabrın 13-də Güney Azərbaycanın Şərq bölgələri - Ərdəbil (yenidən), Astara, Muğan, Xalxal, Meşkinşəhr, Nəmin, Səreyn və başqa şəhərlərin ictimaiyyəti də etiraz aksiyası keçirməyə hazırlaşır.

Güney Azərbaycan İnsan Hüquqları Mərkəzinin təmsilçiləri isə BMT-nin İran üzrə məruzəçisi Əhməd Şahidlə görüşüb. Bir müddət öncə onu Güney Azərbaycanın ictimai fəalları Urmiya gölündəki vəziyyəti yerində görmək üçün Urmiyaya dəvət etmişdi.

Xatırladaq ki, bu ilin iyununda BMT-nin İnsan Haqları üzrə Şurası Maldivin keçmiş xarici işlər naziri Əhməd Şahidi İranda insan haqlarının vəziyyəti ilə bağlı xüsusi məruzəçisi təyin edib. Ancaq Tehran hakimiyyəti onu ölkəyə buraxmaqdan imtina edib.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 426

Oxşar yazılar