“Avropa Türkiyəyə qarşı oynadığı “erməni soyqırımı” oyununda məğlub olub” - MÜSAHİBƏ
25 aprel 2011 16:11 (UTC +04:00)

“Avropa Türkiyəyə qarşı oynadığı “erməni soyqırımı” oyununda məğlub olub” - MÜSAHİBƏ

Türk Tarix Qurumunun sabiq rəhbəri, MHP-dən millət vəkilliyinə namizəd, professor Yusuf Halacoğlunun APA-ya eksklüziv müsahibəsi


- Aktiv siyasətə gəlməyinizi təbrik edirik. MHP sıralarına qoşulmağınız və daha sonra məhz Kayseridən millət vəkili namizədi olmağınız bir az sürpriz oldu...
- Elm adamı əslində elmlə məşğul olmalıdır, lakin Türkiyənin bu gün üzləşdiyi mənzərə mənə Platonun biz sözünü xatırlatdı. Platon deyir ki, “bir ölkənin ziyalıları siyasətdə yer almazsa, bu ölkəni cahillər idarə edər”. 38 ildir elmlə məşğulam, mühüm bir təcrübə toplamışam. Bu təcrübədən bu dəfə siyasət müstəvisində istifadə etmək istədim. Bu səbəbdən MHP başqanı cənab Dövlət Bağçalının təklifini qəbul etdim və partiyadan millət vəkilliyinə namizəd oldum. Kayseridən namizəd olmaq istədim, çünki ora mənim ata yurdumdur. Mən avşaram, türklərin avşar qolundanam. Kayseridə çoxlu avşar yaşayır. Bu gün MHP partiya olaraq Kayseridə çox güclüdür, İnşallah, seçkilərdən sonra bütün ölkə, xüsusilə milliyətçi camiə çox sevinəcək, digərlərinin isə əhvalı pozulacaq.


- MHP sıralarına qoşulmaq öz təşəbbüsünüz idi, yoxsa təklif oldu?
- Təbii ki, MHP-yə üzv olmağım cənab Bağçalının təklifi ilə oldu, lakin mənim siyasi düşüncələrim əvvəldən də belə idi. Dövlət Bağçalı partiyaya gəlmək təklifini iki il əvvəl vermişdi, amma o zaman elmi araşdırmalarım davam edirdi. Anadoluda yaşayan aşirətlər, təklifə cavab olaraq türkmən və digər aşirətlərlə bağlı araşdırmalarımı tamamlamaq istədiyimi söylədim. Bu tədqiqatı 2009-cu ildə tamamladım və 2800 səhifəlik 6 cildlik kitab nəşr etdirdim. Sonra elmi araşdırmalarımı yenə davam etdirdim, 2010-cu ildə MHP başqanı yenidən partiyaya gəlmək təklifini irəli sürdü. Mən də öz təcrübəmi elmi araşdırmalar əvəzinə siyasət sahəsində, Məclisdə istifadə etmək istədim və təklifi qəbul etdim. Kayseridən millət vəkili olmaq istədiyimi söylədim və orada partiya siyahısından birinci namizəd oldum.


- MHP bu seçkilərdə tanınmış elm adamlarını, seçilə biləcəkləri yerlərdən namizəd göstərib. Siz, professor Ümit Özdağ, Sinan Oğan və s. MHP imic dəyişikliyi edir, yoxsa, gerçəkdən elm adamlarının partiyaya təbii bir axını var?
- Təbii ki, Türkiyədə baş verən bəzi hadisələr, xüsusilə PKK terror təşkilatının və onların tərəfdarlarının Türkiyədə davranışları və ölkəni parçalamaq istiqamətində fəaliyyəti, kürd dilinə rəsmi dil statusu verilməsi tələbi cəmiyyətdə böyük narazılıq yaradıb. Ziyalılar, elm adamları bu problemin həlli yerinin MHP olduğunu düşünür. Yəni dövlətə daha milli nöqteyi-nəzərdən yanaşa biləcək partiya MHP-dir. Buna görə də insanlar, elm adamları MHP-yə meylləndilər. Digər tərəfdən partiya rəhbərliyi də artıq ölkəni düşdüyü vəziyyətdən hər kəsə qucaq açmaqla qurtara biləcəyini gördü. Bu, həm də MHP-nin sadəcə bir millətçi qrupa deyil, vətənini, millətini sevən bütün insanlara qucaq açması anlamına gəlir. Bu da təbii ki, Türkiyənin gələcəyi baxımından son dərəcə önəmlidir.


- MHP-nin bütün təbəqələrə qucaq açmaq istədiyini söylədiniz. Seçkilərin ilk mərhələsində bunu bacardımı?
- İndiki mərhələdə MHP-nin bu siyasəti ən azı ictimaiyyət arasında böyük ölçüdə simpatiya toplayır. Amma seçkilərə hələ 48 gün var. Təbii ki, bu günlər ərzində göstərilən fəaliyyətlər cəmiyyətin MHP-yə baxışını çox fərqli olaraq dəyişə biləcək. Ali Seçki Şurası tərəfindən seçkilərə müstəqil qatılmış BDP-çilərin namizədliyinin ləğvindən sonra Türkiyənin hər tərəfində sanki üsyan kimi bir şeylər baş verdi. Bu hadisələr insanlarımızı qorxutdu və indiki iqtidara münasibətini daha da soyuqlaşdırdı. Çünki insanlar hesab edir ki, sabah eyni iğtişaşlar təkrarlanarsa, bu iqtidar yenə o qüvvələrin qarşısından qaçacaq.


- Müsahibəmiz 24 aprel tarixinə - qondarma “erməni soyqırımı”nın ildönümünə təsadüf edir. Ötən illər ərzində Türkiyəyə qarşı hər müstəvidə bir təzyiq vasitəsi olan bu iddiaları heçə çıxarmaq üçün görülən işləri məqbul sayırsınızmı?
- Biz 2000-ci ildən başlayaraq, özəlliklə Türk Tarix Qurumunda sanballı araşdırmalar apardıq. Bütün dünya arxivlərində işlədik və ortaya çıxardığımız nəticələrlə ermənilərin də diqqətini cəlb etdik. Çox böyük müvəffəqiyyət qazandığımızı düşünürəm. Çünki artıq ermənilər nə açıq müstəvidə qondarma soyqırımı iddiaları ilə bağlı bizimlə polemika apara bilir, nə də “birgə tarix komissiyası yaradaq” təklifimizi qəbul edirlər. Əvvəllər Türkiyənin bu müstəvidə vəziyyəti ağır idi, amma sonradan durum düzəldi, tarixçilərdən ibarət müştərək komissiyanın yaradılması təklifi dövlət siyasəti olaraq bütün dünyaya təqdim edildi.


Lakin sonradan Yaxın Şərqdə çox ciddi hadisələr baş verdi. Bu hadisələri bir az geniş analiz etmək lazımdır. Baş verənlər Çindəki iqtisadi yüksəlişlə bağlı idi. Çin iqtisadiyyatında müdhiş bir iqtisadi canlanma oldu, Avropa təsir dairələrini itirməyə başladı, əhalisi də azaldığına görə Avropada işçi qüvvəsi bahalaşmağa başladı. Eyni səbəbdən Avropanın fabrik və zavodlarını Çinin təsir dairəsinə keçdi. Çində işçi qüvvəsi çox ucuz, əhalisi isə çoxdur, hazırda 1,3 milyard əhalisi var. Bu amillər Çini birdən-birə parlayan bir dövlətə çevirdi. Son illər Çinin valyuta ehtiyatları 2 trilyon 800 milyard dollara çatıb. Bu vəsaitin 1,9 trilyon dolları Amerikanın qiymətli kağızlarına yatırılıb. Bununla da Çin Amerikanın yerli iqtisadiyyatının bir hissəsini öz nəzarətinə salıb. Buna cavab olaraq ABŞ Çinə qarşı hərbi əməliyyat apara bilməz, bu səbəbdən Birləşmiş Ştatların bir sıra siyasətlər gerçəkləşdirməsi lazım idi. ABŞ Yaxın Şərqdə yeni bir xəritə cızmağa başladı, Əfqanıstan savaşı, İraqda hərbi əməliyyatlar və s. Lakin bunlar da lazımi nəticələr vermədi, İran, Liviya kimi Çinə neft satan ölkələr yenə bu siyasətlərini davam etdirdilər. Məhz bu səbəbdən Yaxın Şərqdə dissident olaraq yetişdirilmiş ziyalıların təşəbbüsü ilə kütləvi aksiyalara başladı və bu bölgələrdə ABŞ-ın dəstəyi ilə böyük bir əməliyyata start verildi. Buna qarşı yalnız Liviya lideri Müəmmər Qəddafi müqavimət göstərə bildi. Hazırda bu proses bir az zəifləyib, əks təqdirdə qısa bir zamanda bütün Yaxın Şərq ölkələrində Amerikapərəst və Avropapərəst qüvvələr hakimiyyətə gələcəkdi. Bu iqtidarlar sayəsində Çinə neft nəqli Amerikanın nəzarəti altına keçəcək və ABŞ özünə qarşı hər hansı təzyiq müqabilində neft silahından istifadə etmək imkanı qazanacaqdı. Yaxın Şərqdə baş verən proseslərin mahiyyətində bu amil dayanır. Yoxsa Hüsnü Mübarək 42 ildir Misirdə hakimiyyətdə idi. Əgər xalqına zülm edirdisə, bunu Qərb niyə indi görürdü? Heç bir zaman Avropa öz insanlarından başqa dünyanın heç bir ölkəsindəki insan haqlarını vecinə almaz. İmperialist düşüncə budur.


İndi bu səbəbdən ABŞ Əfqanıstanda uğursuzluğa düçar olduqdan, İraqda məğlubiyyətlə üzləşdikdən sonra Qafqaz bölgəsinə əl atdı. Amerika Qafqazda nəzarət edə biləcəyi bir təsir dairəsi formalaşdırmaq istəyir. Lakin bilirsiniz ki, Gürcüstanla yaxşı münasibətlər qurmasına rəğmən Ermənistan hələ də Rusiyanın nəzarəti altındadır. Buna görə də Amerika Türkiyə vasitəsilə Ermənistanı öz təsir dairəsinə salmaq, yeni yaranacaq blokda təmsilçiliyini təmin etmək istədi. Türkiyəni “erməni açılımı”na məcbur etdi, lakin burada bir şeyi nəzərə almadı. Türkiyə Ermənistanı ilk tanıyan dövlətlərdən biri idi. Lakin Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal etdiyi üçün Türkiyə bu ölkə ilə sərhədləri bağlamışdı. İndi sərhədləri hansı səbəbdən bağladığınızı unudub, Ermənistana qarşı “açılım siyasəti” həyata keçirirsinizsə, bəzi yanlış siyasətlər həyata keçirmiş olacaqsınız.


- “Erməni açılımı” Türkiyə-Azərbaycan münasibətlərində də xeyli gərginlik yaratdı...
- Amma bu mütləqdir ki, Azərbaycan Türkiyə və türk xalqı üçün son dərəcə qiymətlidir. Hökumət məhz türk xalqının təzyiqi ilə “erməni açılımı” məsələsində geri addım atmağa məcbur qaldı, Ermənistanla sərhədlərin açılması gündəmdən qalxdı. Bu məsələ tamamilə bitib. Amma ABŞ-ın yürütdüyü siyasətdə önəmli olan bu idi – Amerika Qafqaz bölgəsində Azərbaycan, Gürcüstan, Türkiyə və Ermənistanın daxil olacağı bir pakt formalaşdıra bilsəydi, bu zaman həm İranı, həm Orta Asiyanı, həm Türkiyəni, həm Azərbaycanı nəzarətində saxlaya bilərdi. Hətta bir təhlükə də vardı, Türkiyə ilə Azərbaycanın münasibətləri pozulacağı halda bundan ən çox Rusiya istifadə edəcəkdi. Çünki hamımız bilirik ki, Dağlıq Qarabağı işğal edən və öz əllində saxlayan Ermənistan deyil, Rusiyadır. Dağlıq Qarabağ Azərbaycan torpağıdır, buna heç kim şübhə edə bilməz.


Diqqət edin, Qərb dünyası insan haqlarından bol-bol danışır, amma bu zaman bir milyon azərbaycanlının məcburi köçkün vəziyyətinə salınmasını görməməzliyə vurur. Qərb bu məcburi köçkünlərin vəziyyətini, onların nə üçün öz yurd-yuvalarını tərk etdiyini unudur. Amma öz işlərinə yarayanda insan haqlarını hər yerdə əllərində bayraq edirlər. Başqa soyqırımlarını bir kənara qoyaq, Qərb insan haqları deyə bağırmasına rəğmən gözləri ilə gördükləri, lentə alınmış Xocalı soyqırımını görməməzliyə vurur. Amma 1915-ci ildə, 1918-ci ildə döyüşlərdə ölən ermənilərin ölümünü soyqırımı kimi dəyərləndirirlər. Halbuki həmin illərdə ermənilər tərəfindən öldürülən Osmanlı türklərinin, Azərbaycan türklərinin sayı qat-qat çox idi. Fikir verin, həm Azərbaycanda, həm Türkiyədə ermənilərin törətdiyi soyqırımlarının qurbanı olan insanların basdırıldığı kütləvi məzarlıqlar var, amma nə Azərbaycanda, nə Türkiyədə ermənilərə aid bir kütləvi məzarlıq belə aşkarlanmayıb. Dolayısı ilə Avropa qondarma “erməni soyqırımı” ilə bağlı tamamilə siyasi bir oyun oynayırdı, amma sonda bu oyunda məğlub oldular. Bu söylədiklərimə rəğmən düşünürəm ki, Türkiyə və Azərbaycan həmişə birlik içərisində olmalıdır.


- Seçkilərdə sonra “erməni açılımı” istiqamətində proseslər hansı istiqamətdə davam edə bilər?
- AKP xalqın istəmədiyi bir işi görmək iqtidarında olmadığını anlayıb. Diqqət edirsinizsə, bu siyasət həm də AKP-nin seçkilərdə səs itirməsinə səbəb olur. Qarsda hamımızın “Barış anıtı” olaraq bildiyimiz heykəl əslində türk-erməni dostluğunun simvolu kimi hazırlanmışdı. O vaxt mən Türk Tarix Qurumunun rəhbəri idim və bu abidənin ucaldılmasına qarşı çıxmışdım. Çünki ermənilər təkcə Qarsda 20 min türkü qətlə yetiriblər. Bu cür qardaşlıq ola bilərmi? Qarsın bir çox yerlərində kütləvi məzarlıqlar aşkarlanıb. Təkcə şəhərin mərkəzində 20 min nəfəri qətlə yetiriblər. Mən belə bir abidənin ucaldılmasının mümkün olmadığını söylədim. AKP Qarsda getdikcə səs itirməyə başlayırdı və baş nazir Qarsda öz iqtidarı dövründə tikilən bu abidəyə “eybəcər” dedi. Həm özləri tikiblər, həm də “eybəcər” deyirlər. Bu onu o bölgədə yaşayan insanların iqtidara qarşı ciddi bir etirazının olduğunu göstərir. O bölgələrdə yaşayan bir neçə adamın “Ermənistanla sərhədlər açılsın” deməsinə baxmayın. O adamlardan bəzilərinin Ermənistanla yaxın münasibətləri var, bəzilərinin qohumluq əlaqələri var. Demək istədiyim budur – AKP Ermənistan məsələsini gündəmdən çıxartdı, çünki ABŞ Yaxın Şərqdə yeni bir siyasət yürütməyə başlayıb. Əlcəzair, Tunis, Misir, Suriya, Liviyada baş verənləri xatırlayın. Bu dövlətlərdə xalq üsyanları baş verdi. Bununla ABŞ Yaxın Şərqdə yeni bir xəritə cızmaq fikrindədir. Qorxuram ki, bu zaman Türkiyədə də bəzi dəyişikliklər baş verə bilər. Bundan sonra hakimiyyətə gələcək hökumət - əgər biz də o hökumətdə təmsil olunsaq - buna qarşı çox ciddi tədbirlər görəcəyik. Türkiyənin parçalanmasına, terrorun meydan sulamasına icazə verməyimiz mümkün deyil. Lakin proseslər belə davam edərsə, AKP təkrar təkbaşına iqtidara gələrsə, Türkiyə çox çətin günlər yaşayacaq. Ehtimal edirəm ki, daha sonra Yaxın Şərqdə yaradılacaq yeni bir kürt dövləti ABŞ-ın əsas istinad nöqtəsi olacaq. ABŞ bütün Yaxın Şərqi idarə edə biləcəyi bir dövlət yaratmağa çalışır. İsrail çox kiçikdir və kənardadır. İraqın şimalından, Türkiyədən qoparılmış parçalarla yaradılacaq bir kürt dövləti Qafqaz da, bütün türk dünyası da daxil olmaqla, İranı, Türkiyəni, bütün yaxın Şərqi idarə edə biləcək bir bölgə durumuna gələcək. Bu, sadəcə Türkiyə üçün deyil, bütün bölgə xalqları, dövlətləri üçün də təhlükədir. Hamının bu məsələdə həssas olması və yeni strategiyalar yürütməsi lazımdır.


- Qəribə bir situasiya yaranıb. AKP-də “erməni açılımı”nın tərəfdarı olan millət vəkillərinin əksəriyyətinin namizədliyi bu dəfə irəli sürülmədi, əvəzində hökumətin “erməni açılımı” siyasətini tənqid edən CHP bu açılımın tərəfdarlarını millət vəkilliyinə namizəd irəli sürür. Məsələn, bu partiya Ermənistanla sərhəd olan və bu prosesdə önəmli rola sahib olan Qarsdan “erməni açılımı”nın ideoloqlarından sabiq bələdiyyə başqanı Naif Əlibəyoğlunun namizədliyini ilk sıradan irəli sürüb. Bu paradoksu necə izah edərdiniz?
- Ehtimal ki, seçkilərdə sonra AKP təkbaşına iqtidar olmayacaq. Dünyadakı bəzi qüvvələr bu səbəbdən AKP-CHP koalisiyası ssenarisi üzərində çalışırlar. CHP-nin hazırkı durumu da koalisiya yaratmağa imkan verir. Təbii ki, Türkiyədə TÜSİAD da bu ssenarini dəstəkləyənlər sırasındadır. Super güclər Türkiyədə AKP təkbaşına iqtidar olmasa, CHP ilə ortaq koalisiya qurulmasını, ən azından prosesləri bu yolla idarə edə biləcəklərini düşünürlər. Dediyiniz amilə də bu kontekstdə baxmaq lazımdır.


- Qondarma “erməni soyqırımı” məsələsinin artıq əvvəlki tək gündəmdə olmadığı görünməkdədir. Bunun səbəbi nədir?
- Bu gün Türkiyə ABŞ-ın istəyi ilə Nümayəndələr Palatasında qondarma “erməni soyqırımı”nın tanınmaması şərti ilə Ermənistana qarşı “açılım” siyasəti yürütməyə məcbur qalıb. Amma nə Ermənistan, nə Türkiyə bununla bağlı bir şey edə bilməz. Çünki Ermənistan Rusiyanın razılığı olmadan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün addım ata bilməz. ABŞ-ın Ermənistana təzyiq etməsi ilə də nəyəsə nail olmaq mümkün deyil. Fikrimcə, ABŞ bunu anlayıb – təzyiq edərsə, Türkiyə ilə Azərbaycanın münasibətləri korlanarsa, bu dəfə Rusiya Ermənistanla Azərbaycanı bir masa arxasına gətirib Dağlıq Qarabağ münaqişəsini öz istəyinə uyğun həll edə bilər. Bu Cənubi Qafqazın ABŞ-ın təsir dairəsindən çıxması deməkdir. Məncə, bu səbəbdən ABŞ bir az geri çəkilməyə başladı və Yaxın Şərqdə xalq üsyanlarına yönəlik bir prosesə start verdi.

Belə görürəm ki, artıq dünya ölkələri ermənilərin iddialarını artıq ciddi qəbul etməməyə başlayıblar. Bildiyiniz kimi, qəbul olunan parlament qərarlarının hüquqi qüvvəsi yoxdur, digər tərəfdən Türkiyə və Azərbaycan diasporları birgə fəaliyyətə başlayıblar. Birgə hərəkət edincə, siyasətdə getdikcə daha güclənəcəkləri şübhə doğurmur. Çünki nə olursa-olsun, Türkiyə Orta Asiyaya bir körpüdür, Azərbaycan isə parlayan bir ulduzdur, getdikcə güclənir. Orta Asiya respublikalarında böyük miqdarda neft qaz ehtiyatları var. Bu ehtiyatlar dünya bazarına yalnız Türkiyədən keçməklə çıxarıla bilər. Avropa da Rusiyanın enerji asılılığından qurtarmaq üçün Türkiyə ilə razılığa gəlməyə məcburdur. Türkiyə ilə razılığa gəlmədən Avropanın Orta Asiyanın neft və qaz ehtiyatlarını alması mümkün deyil. İşin rəngi bir az dəyişib, Fransa Senatının qərarından xəbəriniz var, Macarıstan parlamentində Xocalı soyqırımının tanınması ilə bağlı təşəbbüs səslənib.

ABŞ da yavaş-yavaş bu siyasətdən imtina edəcək. Çünki artıq Avropa Birliyinin getdikcə çökməsinin şahidi oluruq. Dünən Türkiyənin Avropa Birliyinə qəbul edilməməsi üçün istifadə olunan soyqırımı iddiaları artıq əhəmiyyətini itirib, çünki Türkiyə də artıq Avropa Birliyinə daxil olmaq üçün o qədər də iştahalı deyil. ABŞ-a gəldikdə isə, Amerika Yaxın Şərqdə yürütdüyü siyasətdə artıq Türkiyəyə möhtacdır. Çünki ABŞ yaxın Şərqdə nüfuzunu itirib. Bu simpatiyanı yaşada biləcək ölkə olan Türkiyənin kənara atılması mümkün deyil. Proses bu nöqtədədir. Amma Türkiyədə mənim Türk Tarix Qurumuna yerləşdirdiyimiz dostlarım tərəfindən bir sıra araşdırmalar davam etsə də, açığını desəm, artıq bu tip araşdırmalar ictimaiyyətdə o qədər də maraq doğurmur. Çünki verdiyimiz açıqlamalar xalq tərəfindən qənaətbəxş sayıldı. Zatən “erməni açılımı”nın hökumət tərəfindən davam etdirilə bilməməsinin ən önəmli səbəblərindən biri də ictimaiyyətin etirazı idi. Çünki xalq bu məsələdə çox məlumatlıdır.


- Belə çıxır ki, qondarma “erməni soyqırımı” ilə bağlı aparılan araşdırmaların artıq kifayət etdiyini düşünürsünüz...
- Artıq bu məsələni bitmiş saya bilərik. Çünki BMT sənədlərində 1915-ci ildə ermənilərin soyqırımı nəticəsində ölmədiklərini isbat etdik. Kütləvi məzar göstərin dedik, göstərə bilmədilər. Artıq beynəlxalq hüququn bu hadisələri soyqırımı kimi dəyərləndirməsi mümkün deyil. Erməniləri artıq “soyqırımı olub ya olmayıb” sualından çox təzminat almaq maraqlandırır. Onlar sığorta şirkətlərinə qarşı iddia qaldırmağa başlayıblar. Yəni bu məsələnin artıq həllini tapmaması mümkün deyil. Yəni biz iqtidara gəlsək, bir mərhələdə erməni diasporu ilə bir araya gəlib bu məsələni həll edə bilərik. Tutaq ki, avropalılar ermənilərə qarşı bir soyqırımı törədildiyini iddia edirlər, amma əllərində sübut yoxdur. Bu, tam bir siyasi iddiadır. Amma əksinə ermənilərin türklərə qarşı soyqırımı həyata keçirdiklərinə dair təkzibedilməz sübutlar var. Həm 1915-18-ci illərə dair sənədlər var, bir də ortada çox yaxın tarixdə törədilmiş, hər kəsin soyqırımı olaraq qəbul etdiyi Xocalı soyqırımı var. Yəni, “bu soyqırımı indi həyata keçirənlər deməli o zaman da keçirə bilərdilər məntiqi” var. Bu kimi məsələləri dünya ictimaiyyətinə daha peşəkar şəkildə çatdıran zaman başqa hökumətlər də “erməni soyqırımı” iddialarına ciddi yanaşmayacaqlar.


- AKP-nin “erməni açılımı”nı elan etdiyi dövrdə atdığı ilk addımlardan biri sizin Türk Tarix Qurumunun rəhbəri vəzifəsindən uzaqlaşdırılmağınız oldu. Bunun səbəblərini bir də öz dilinizdən eşidək.
- Mənim Türk Tarix Qurumunun rəhbəri vəzifəsindən uzaqlaşdırılmağımın səbəblərindən biri Ermənistan və ABŞ-ın təzyiqi idi. Bu addım Ermənistan, Türkiyə və ABŞ arasında danışıqlardan sonra atıldı. Məni “erməni açılımı” qarşısında bir əngəl kimi görürdülər və gerçəkdən bu prosesdə bir maneə idim. Bununla bağlı çox şey söyləyə bilərəm, amma çox qısa danışacağam. Çox dərinə getməyə ehtiyac yoxdur. “Erməni açılımı”ndan əvvəl İsveçrədə bizim Xarici İşlər Nazirliyinin diplomatları ilə Ermənistan və ABŞ diplomatları arasında danışıqlar aparılırdı. Bu danışıqlar çərçivəsində ABŞ və Ermənistanın tələbi ilə tutduğum vəzifədən uzaqlaşdırıldım. İsveçrə qəzetləri bunu yazdılar. Ermənilər niyə narahat idi, ABŞ niyə narahat idi? Təbii bunun səbəbləri var. Çünki son anda erməni diasporu ilə qurduğumuz dialoq vardı. Erməni diasporuna Boston arxivlərinin açılması müqabilində 20 milyon dollar verə biləcəyimi söylədim. Təbii ki, bu təklifi duyan kimi erməni diasporu mənimlə görüşmək istədiyini açıqladı. Diaspor nümayəndələri Türkiyəyə gəldi, bir dəyirmi masa keçirdik. Hətta onların qəzetlərinin yazı işləri müdiri Xaçik Muradyan məndən müsahibə almaq üçün vaxt da təyin elədi. Təbii ki, bu, 20 milyon dollarla həll oluna biləcək bir iş idi. Boston arxivləri açıldıqdan sonra hər hansı problem qalmayacaqdı. Əvəzində isə Amerikanın Türkiyəyə qarşı ən böyük təzyiq silahlarından biri aradan qalxmış olacaqdı. Ermənistanın da məni necə “sevdiyini” bilirsiniz. Ona görə də ABŞ və Ermənistan mənim bu vəzifədən uzaqlaşdırılmağımı istədi.


- Aşirətlərlə bağlı araşdırmalarınız, xüsusilə əksər kürd aşirətlərinin türk əsilli olduğuna dair iddialarınız cəmiyyətdə böyük səs-küy doğurdu. AKP millət vəkili Dengir Mir Mehmet Fıratın əslində kürd deyil, türk olduğunu isbatlaya biləcəyinizi söyləmişdiniz və bu aranızda uzun sürən bir dialoqa səbəb olmuşdu. Bu iddialarınız hansı elmi mənbələrə əsaslanır?
- Osmanlı dövləti hər beş ildə bir dəfə bütün bölgələrdə “Təhrir” adlandırdığımız siyahıyaalma həyata keçirib. Təhrir (vergi) dəftərlərində hər bir şəxsin yaşadığı məhəllə, kənd, qışlaq, yaylaq, mənsub olduğu aşirət, tayfa – hamısı dəqiqliklə qeyd olunub. Mənim araşdırmam 252 təhrir dəftərinə əsaslanır. Bu dəftərləri olduğu kimi, şərh vermədən dərc etdirdim. Aşirətlərə bağlı iddialarımı hansı dəftərə, hansı səhifəyə istinad etdiyimi göstərərək irəli sürdüm, buna görə də heç kim bu iddialara etiraz edə bilməz. Dengir Mir Mehmet Fıratla polemikanı izləmisiniz, son nəticədə o da türk aşirətindən olduğunu rədd etmədi, “insan olmaq önəmlidir” deyərək söhbətə son qoydu. Etiraz etmək də mümkün deyil, çünki ortada başqa mənbə yoxdur. Bir mənbə var – Osmanlı təhrir dəftərləri. Bu kimi araşdırmalar Türkiyədəki sosial sistemi ortaya çıxarır. Əslində biz çox yaxşı bilirik ki, Türkiyədə yaşayan insanlarla Azərbaycanda yaşayan insanlar eyni kökə bağlıdır. Bakıdakı Türk Şəhidliyində dəfn olunan şəhidlərin doğum yerinə baxın, hamısı Anadolunun fərqli yerlərindən olan insanlardır. Qafqaz İslam Ordusu adı altında bura gələn o insanlar həm Bakını erməni-rus işğalından azad etdilər, həm də Azərbaycan uğrunda şəhid oldular. O şəhidliyə təkcə Türk Şəhidliyi deyilməsi düzgün deyil. O Azərbaycanın da şəhidliyidir, onlar Azərbaycanın da şəhidləridir. Hörmətli prezident Əliyev də eyni sözü söyləyir – “biz bir millət, iki dövlətik”. Əslində iki dövlət də deyilik. Öz bayraqlarımız olsa da, həm Türkiyədəki insanlar, həm Azərbaycandakı insanlar hər iki ölkənin bayrağını öz bayraqları sayır. Görüntüdə əlbəttə ki, iki dövlətik, amma ruhda və könüldə tək dövlətik.


- Osmanlı arxivlərində türklərin Ermənistandan Anadoluya köçünə dair sənədlərə rast gəlmisinizmi? Bununla bağlı hansı araşdırmalar aparılıb?
- Bu gün Ermənistan deyilən yer Azərbaycan xanlıqlarının torpaqlarıdır. Rusiya ilə İran arasında imzalanmış Türkmənçay müqaviləsindən sonra ermənilər Şərqi Anadoludan, Anadolunun fərqli yerlərindən gətirilib bu ərazilərdə məskunlaşdırıldı. Bu məskunlaşma siyasətinə rəğmən 1914-cü ildə Ermənistan deyilən ərazidə böyük bir türk topluluğu var idi. 1914-cü ildə Türkiyənin Anadolu hissəsinə sürgün edilən türklərin sayı 1,1 milyon nəfərə çatırdı ki, bunların da yalnız 702 min nəfəri Türkiyəyə gələ bildi. Ermənistandan köçə məcbur edilən 400 minə yaxın insan yollarda aclıqdan, xəstəlikdən, soyuqdan öldü və ya hücuma məruz qalaraq öldürüldü. 702 min insan isə 1914-cü ildə Anadolunun müxtəlif bölgələrinə yerləşdirildi. Qarsda yaşayan Azərbaycan türkləri də oğuzdur, Anadoludakı oğuzlarla eyni kökdən olan insanlardır. Amma 1878-ci ildə Osmanlı-Rusiya müharibəsi dövründə Qars, Ərdəhan və Batumun Rusiyanın əlinə keçdiyi dövrdə o bölgələrdən Anadoluya çox sayda insan köç edib. Nədim İpək bununla bağlı “Kafkasyadan köçlər var” adlı kitab da yazıb. İnsanların bu kitabları oxuması lazımdır, hər iki ölkənin telekanallarında bununla bağlı proqramlar hazırlanması lazımdır. Türkiyə və Azərbaycanın bu məsələləri birlikdə həyata keçirməsi vacibdir. Birgə komissiya yaratsaq, araşdırma aparmaq imkanlarımız olacaq. Azərbaycanın çox dəyərli ziyalıları var. Onlar məsələn rus arxivlərində araşdırmalar apara bilərlər. Mən Sankt-Peterburqda Rusiya Elmlər Akademiyasının arxivində çox önəmli sənədlər olduğunu bilirəm. O arxivlərdə bütün türk dünyasındakı etnik xəritəni ortaya qoyan hesabatlar var. O sənədləri araşdırmaq lazımdır, bunu azərbaycanlı qardaşlarımız edə bilər, çünki rus dilini çox mükəmməl səviyyədə bilirlər. Birlikdə araşdırma apararaq, metodologiya müəyyənləşdirərək çox ciddi nəticələr əldə edə bilərik.


- Zaman-zaman ən müxtəlif səviyyələrdə ortaq türk tarixinin yazılması ilə bağlı təkliflər səslənsə də, bu təklif hələ də gerçəkləşməmiş qalıb...
- Ortaq türk tarixinin yazılmasına hələ mən Türk Tarixi Qurumunun başqanı olan zaman təşəbbüs etdik. Amma yaza bilmədik. Ona görə ki, türk cümhuriyyətləri müstəqilliklərini yeni qazanmışdı, keçmiş sovet ideologiyasına əsaslanan elmi metodologiya hakim idi. Yəni o zaman ortaq türk tarixini yazmağa hazır deyildi. İndi isə artıq 20 il keçib, bundan sonra ortaq türk tarixini yaza biləcəyimizi düşünürəm. Tarix yazan zaman metodologiya çox önəmlidir, məsələn Mustafa Kamal Atatürk deyir ki, “Tarix yazmaq tarixi yaratmaq qədər mühümdür, yazan yaradana sadiq olmasa, dəyişməyən həqiqət insanlığı çaşdıracaq mahiyyət alır”. Yəni tarix yazırıqsa, obyektiv yazmağa məcburuq. Çünki, həqiqəti yazmasanız, sabah səhv yazan insanların sözləri ictimaiyyət tərəfindən ciddi qəbul edilməz. Tarix əslində öyünmək üçün yazılan bir şey deyil. Səhvləri də ortaya qoyacaqsınız ki, qazandığınız təcrübələrdən istifadə edə biləsiniz. Tarix toplumun o dövlətin tarixi təcrübədən istifadə etməsi üçün də yazılır. Bu baxımdan tarix – gələcəkdir.


- Obyektiv tarix yazmaq mümkündürmü?
- Heç kim yüz faiz obyektiv yaza bilməz. Çünki tarix yazan şəxs istər-istəməz yaşadığı toplumun dəyərlərinə sadiq qalmağa məcburdur. Amma tarix yazarkən bacardığın qədər, mümkün olan qədər obyektiv yazmaqda fayda var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 621

Oxşar yazılar